Abzasların zamanı...
Avdı Qoşqarın 60
yaşına
Avdı
Qoşqar barmaqla sayılacaq beş-altı dostumdan biridir. Bu
yerdə barmaqlarımı daha çox sevməyə
başladım...
"Şər
çiçəkləri"nin (Şarl Bodler) bol-bol
intişar etdiyi, mərhəmətin azaldığı, bəni-insanın
tədricən azğınlaşıb qəddarlaşdığı
dünyada Avdı kimi hər şeyə tezcənə inanan,
uşaq kimi pak, təmiz birisinin hələ də "ayaq
üstə" - qələminin və balalarının
başı üstündə durduğunu görərkən
heyrətlənir və üzümü uca göylərə
tutub pıçıldayıram: Şükür sənə,
İlahi!
Avdı,
necə deyərlər, "canlı-canlı"
gördüyüm ilk şair və ya şair obrazıdır.
Tələbəliyimiz bir yerdə keçib. O, yaxşı
şeir yazmamışdan öncə şairliyi
"imitasiya" eləyirdi. Səməd Vurğunun təbirincə
desək, "şairlər oylağı" gözəl
Qazaxdan olmasından dolayı özünə nəsə təlqin
edir, öz-özü ilə hey danışır, cəzm edib
"havalandırırdı" özünü. Elə bil
dünyanın ən qədim mistik rituallarını yerinə
yetirirdi. Həm də bu "ayinlər"də qəribə
bir taktiki gediş, "biclik" vardı - sanki
gözümüzün odunu almağa hesablanmışdı. Və
o, "istəyinə" çatdı - hələ şəhər
mühitinə tam alışmamış "zəif"
çiyinlərimiz bu ədəbi "basqı"ya tab gətirə
bilmədi. ("Biz" deyəndə Adil, Hüseyn, Şakir,
Hacı, Fərzuq, Murad, Əsgər və Şahidi nəzərdə
tuturam) "Qələbəsi"ndən ruhlanıb bir az da
"irəli" getdi, başladı səsinə xüsusi
bir pafos qatmağa! Şeirləri o pafosun boyuna
çatmazdı, amma ciddi-cəhdlə
"çatdırardı". Elə o pafos da bizim
"axırımıza" çıxdı - birinci mərhələdə
onun yanında öz şeirlərimizi oxumaqdan vaz keçdik,
sonra iş o yerə çatdı ki, daha üzə
çıxarmadıq onları...
O, lapdan -
ilin, ayın, günün istənilən anında,
saatında, dəqiqəsində Yesenin kimi ilk baxışdan
vurulduğu hər hansı bir qadına qoşulub Amerikaya da
gedə bilərdi. Çatmır mənə, öldürsəniz
də çatmayacaq: Onun sevimli qadını ipə-sapa yatmayan
bu dəli-dolu, ərköyün adamı necə ram edə
bilib? Ram olubmu? İnanmıram! Dəqiq cavabım belədir:
Əlli əlliyədir! Xanımına sonsuz təşəkkürlər...
Gəlin, Avdının da etirafını eşidək:
Bezikmiş
gözündə qalaqlı nifrət,
"Bu
necə məhəbbət, necə ailə?..."
Bəri
bax, yolunda çıxıb bu qismət,
Gərək
barışasan öz taleyinlə -
Bilirəm,
mən səni yarıdammıram.
Onun
şeirləri ideoloji rakursa "arxa" çevirib.
Yaxşı olar ki, heç "baxmayasınız". O
yalnız özünü yazır. Özü isə
bitib-tükənən deyildir:
Dayan, qəhr
olası amansız tale,
Mənə
aşinadır ayrılıq, kədər,
Elə
gümanım yox, vüsala yetim -
Başqası
əyəni yenə birtəhər...
Özün
əydiyini düzəltmək çətin...
Avdı
Qoşqar mənim nəsildaşımdır. Onlar
"itirilmiş" və ya "bəxti gətirməmiş"
nəsil kimi də səciyyələndirilir. Guya parlaq istedadları
80-90-cı illərə - "bulanıq" dövrə təsadüf
etdiyindən belədir. Heç cür qəbul edə bilmirəm!
Elə bil kimsə özünə və əsrdaşlarına
bəraət qazandırmaq üçün əcaib zaman kəsimləri,
saxta ədəbi-bədii bölgülər uydurub. Buna
inandınmı, işin bitdi. Səni vurub ədəbi
savaşlar kanatından çölə atacaqlar. Dilindən
yalan da deyəcəklər: "Könüllü" getdi!
Ədəbiyyatın əraziləri çox böyük
olduğundan orada "itmək" ehtimalı sıfra bərabərdir.
Və ya bəxtləri gətirsəydi, nə olasıydı
ki?! "İncəsənət, həyat gözəl
olmadığı üçün mövcuddur". (Tarkovski)
Azərbaycan
poeziyasında Avdı Qoşqarın "yeri"ni bilirəm.
Həm də o yerin bineyi-qədimdən heç mövcud
olmadığını da "bilirəm". Sadəcə,
özümüzü aldadırıq. Biryolluq bilməliyik:
Yoxdu o yer! Amma sosrealizmdən qalma şakərimizdən də əl
çəkmirik. Çünki o şakər
qanımızdakı şəkərə qarışıb:
Kimisə nəyinsə banisi etmək! Ədəbiyyat tariximiz
"banilər"lə doludur. Ədəbiyyat qədim Roma
teatrının lojası deyildir ki, hər kəsin yeri cəmiyyətdəki
statusuna görə əvvəlcədən məlum ola! Hər
kəs özünü ifadə edib gedir. Özünəməxsus
halətdə! Buna "üslub" deyirlər. Məhz ifadə
forması sənə məxsus olmalıdır. Yoxsa, bu
köhnə dünyada heç nə yeni deyildir. Nə
yazdıqların, nə də ədəbi
"oyunbazlıq"ların. Hər şey deyilib! (Elə
indi yazdıqlarım da!) Bircə dəfə bütün
ruhunla Nizamiyə boylansan, (Burada fiziksəl oxu-boylanış
rol oynamır, boylan bütün kökün, rişənlə
- gövdəni bu dünyadan qoparıb boylan!)
özünün zavallı, miskin halını görüb deyəcəksən:
Ay dadi-bidad, gör öz ömrümü necə fənaya
vermişəm?!
Şairlik
düşündüyümüz dar anlamda (Olsun geniş
anlamda!) nə zamandan "sənət" olub? Aristotelin
"Poetika"sı səni aldatmasın! Poetika o dahi
üçün bir düzən, nizam, harmoniya sənətidir!
Yəni, dünyanı dərk etməyin bir yolu! Məgər
dünyanı yalnız şeirlə dərk etmək olar?
Absurddur! Nizamimiz də Aristotelin yolu ilə getdi. O gəldi ki,
bizə Tanrı nizamını göstərsin, həm də
Yerdə nəyisə nizama salıb getsin! O, bütün
varlığı ilə inanırdı ki, nəyəsə
nail olacaq? Hətta bu ehtiraslı canatımını təxəllüsündə
də maddiləşdirdi. Nizama sala bildimi?! Yer
üzünün bütün şairləri o nizama can
atır. Elə dostumuz da:
İlahi,
bu nədir içimə çökən,
İlahi,
bu nədir duyğumda bitib?!
Şeir
isitmirsə, deməli, mənlə -
Dünya
arasında nə isə itib.
Əziz
dost, "itən", söhbət
açdığımız həmin nizamdır...
Sözün
insanı, insanlığı xilas edəcəyinə
inanmır Avdı! Düz də eləyir! Söz heç kəsi
xilas etməyəcək. Heç Markes kimi bir dahi də belə
uşaq söhbətlərinə inanmırdı. Yadımda
belə bir fikri qalıb: "Bir polis dəyənəyinin cəmiyyətdə
gördüyü iş ədəbiyyatın
gördüyü işdən çox-çox
üstündür". Avdının baxışı bir az fərqlidir:
"Ədəbiyyatla cəmiyyətin tərbiyə
olunmasına ümidim çox azdır. Ancaq onunla yanaşı
sözün, bədii mətnin islah edən tərəfini daha
çox sevirəm. Ömrüm
boyu bir şeyə özümü inandırmağa
çalışmışam ki, nə vaxtsa insan cəmiyyətinin
çox vaxt özündən qaçdığı ruhi məqama,
özündə gizlənən idrak işığına
dönüşü başlanacaq.
Belə olmasaydı minillik söz ağacının
kökü də, budaqları da çoxdan quruyub,
çürüyüb gedərdi". ("Canımın
içi. Borçalıya Rafiq Hümmətə açıq
məktub"undan)
"Dağ
boyda" Avdını bircə sözlə də mum etmək
olar. Amma o söz ürəkdən gəlməlidir! Ürək,
Avdının sığındığı yeganə və
sonuncu məkandır. Onun son illər bir-birinin ardınca
şairlərə ünvanladığı "Açıq
məktub"ları və ədəbi-bədii təhlilləri
dediyimizi sübutlayır. Bu, hansı daxili-mənəvi
ehtiyacdan doğur? Cavabını hörmətli akademikimiz
Nizami Cəfərovdan eşidək: "Avdının
şair-mütəfəkkir istedadının mühüm əlamətidir
ki, özgənin ağıllı, müdrik sözünə
öz sözü qədər həssas yanaşır, dəyər
(və şərh) verir, özgənin sözünü öz
sözünə çevirir... Və bütün
varlığı ilə dərk edir (və dərk etdirir) ki,
bu dünyada "mənim-sənin" yoxdur, dünyanın
sözü dünyada qalacaq".
Avdı
dost yolunda "taran"a da gedə bilər. Özü də
heç nəyi təftiş eləmədən.
Götür-qoy eləmək onluq deyil. Dostdur, vəssalam! Zəng
eləyib desən ki, dur, gəl Astaraya, sual verib "niyə"sini
soruşmadan iş-gücünü buraxıb gələr! Mətnlərində
də belədir - laməkandır. Onu monoton bir hiss, duyğu məkanında
"haqlamaq" olmur. Daima öz yerini dəyişir. O yerlər
"şair xalq" tərəfindən tamam tutulanda arxetipləri
dağıdıb özünə yol açır. Onun belə
bir şeiri vardır: "Məni qorxudurdu onun
sağlığı". Anası haqqındadır.
Şüuraltımızda oturuşan çox mübhəm bir
"sirrin" üstündən pərdəni qəddarcasına
çəkir - haradasa analarımızın (Şair anasının!)
sağlığı azadlıq və sərbəstliyimizə
"mane olur". Dünyaya sığmayan şair sanki
anasının ölümü ilə "rahatlıq"
tapır. Lənətə gəlmiş bu "raharlıq
növü" ruhumuzu alt-üst edir:
"İndi
daha elə bir yananım yox,
Nə də
insanlara elə inanım...
...nə
vaxtsa qorxduğum bir qarı vardı,
torpaq əllərimdən
alıb apardı...
məni
qorxudurdu onun sağlığı...
Amansız
həqiqətdir!
Avdı öz
ömürlüyünün fəlsəfəsini yaradır.
Onun bütün həyatı "Ya olduğun kimi
görün, ya da göründüyün kimi ol"un
(Mövlanə) üzərində dayanıb. "Avdı
Qoşqar mənim sevdiyim şairdir. Yazıları, həyatı,
dünyanı dərk üstündə köklənib. Fəlsəfi
fikirlərlə zəngindir. Bəziləri kimi fəlsəfəçilik
eləmir. Həyata, dünyaya fəlsəfi baxış
Avdı şeirlərinin ruhundadır". (Asif Ata)
Avdı nəinki
özünü, heç ləhcəsini də dəyişmədi.
Başkəndin buna gücü çatmadı!
İntonasiyanın bütün komponentləri onun dilində
qalıb. Bax, möcüzə budur! O yerlərin, konkret olaraq,
Qazax camaatı dilinin bütün şəhdi-şirəsi, əsrarəngizliyi
ürəyindən boğazına, boğazından dilinə,
dilindən isə dünyamıza axır və
dünyamızı daha rəngli, şirin və şux edir.
Avdı olan məclislərimiz niyə bu qədər təbii,
şən və bir sözlə, gözəl keçir?! Bu
sualın cavabını indi-indi anlayıram...
Şeiri
"ənənəvi"yə (klassik) və "modern"ə
bölmək, oturuşmuş ədəbi gələnəkləri
inkar etmək dəb halını alıb. Hətta bəziləri
bir az da "irəli" gedib ənənəvi
şeirə qarşı üsyan edirlər. Absurd bir nəsnədir!
Onları başa düşmək olar: Görünür, ədəbiyyat
tarixində o yalançı, anlamsız, illüzyor
"üsyanlar"la qalmaq istəyirlər. Ədəbiyyatda
(yaddaşda!) qalmağın bir yolu vardır: Özünü,
öz ürəyini özünəməxsus formada və
"format"da ifadə etməklə! Hətta bütün "izm"lər
də o "öz"ün, özəyin - ürəyin ətrafında
fırlanırlar. İstəyirsən, əruzda, hecada, ya da sərbəstdə
yaz, fərqi yoxdur, özün öz şeirində yoxsansa,
heç zad! Avdı taleyini yazır, nədən yazırsa,
özüdür! O, gərəkən məqamda kənara
çəkilməyi, lap ölməyi də göz altına
ala bilən nadir bir şəxsiyyətdir:
Kənara
çəkilmək - ölüm deməkdir?!
Lap
ölüm sayılsın, - düşün, ölmüşəm...
"Ölü"yə
"diri"nin yazığı gəlir...
Bu misralar
"Yarış" şeirindəndir. Mənə
yazılıb. Görünür, ədəbi
polemikalarımızın birində özüm də bilmədən
onun ürəyinə dəymişəm. Qınamışam
ki, bu istedadınla kənara çəkilmə! Şeir mənə
ibrətamiz bir dərs verdi. İlk dəfə "Azərbaycan"
jurnalından oxuyanda öz "payımı"
götürdüm. Həqiqətən, ədəbiyyat
yarış meydanı ola bilməz! "Kənara çəkilən"
meydanda olandan daha fəal ola bilər. İnsanın intibahı
- mənəvi boyartımı yalnız daxilindəki çəkilmə
və qabarmaların hesabına başagələndir. Avdı
bu adi həqiqətə fəlsəfi bir yön verir,
misraların ucluqlarını sonda gətirib olum və
ölümlə düyünləyir:
Düşün
ki, nə Avdı Qoşqar var idi, -
Nə də
beş-on misra cızma-qarası...
"Var", zənnimcə,
yerüstü keçiddir, "yox" - yeraltı...
Avdının narahatlıqla dilə gətirdiyi həmin
"beş-on..." misra öz
yaşarılığını və ya "təhlükəsizliyini"
çoxdan təmin edib! Bizə sevinmək qalır...
Mehman Qaraxanoğlu
Ədəbiyyat qazeti.- 2018.- 19 may.- S.29.