Nasirlər necə yazıb?
Yaxud fiziki əzab
yazıçını
daha yaxşı
yazmağa vadar edir
Həmişə ürəyimizdən keçən kitabları oxuyarkən, pərdəarxası səhnələri də düşünürük. Xüsusən də yazıçının əzablı gecələrini, hər sətir üzərində necə çalışdığını, qələmi dişləri arasında sıxıb dəqiqələrlə gözlərini bir nöqtəyə dikməsini. Görəsən, böyük əsərlər necə yaranıb? Görəsən, Nabokov "Lolita"nı necə yazıb? Aqata Kristi hansı masada əyləşib belə detektiv macəralar düşünüb? Heminquey iş rejimini necə təşkil edib? Bəzilərini bu çətinlikdən muzalar xilas edib. Amma muzalar da etibarsızdır, həmişə gəlmir. Bəzilərini isə situasiya qurtarıb. Həyatında hansısa kədərli, yaxud sevincli hadisə. Məşhur nasirlər yazmaq üçün elə üsullardan istifadə ediblər ki... Bəziləri yazmazdan əvvəl xeyli göz yaşı töküb...bəziləri isə kilometrlərlə piyada gəzib, mayallaq aşıb. Nəzərə alsaq ki, bütün bunlar əsərin yaxşı alınması üçün olub, onda bağışlamağa dəyər.
1. Aqata Kristi. Onlarla kitabın müəllifi. O,
anketdəki "məşğuliyyətiniz" sualına
"evdar qadın" yazıb. Ayrıca yazı kabineti və
masası olmayıb. Bəzən yataq otağında, bəzən
əl-üz yuyulan çanağın üstündə də
yazıb. Evdəkilər naharını bitirən kimi tez həmin
masanın arxasına keçib. Böyük detektiv romanlar
ustası xatirələrində yazırdı: "Ev işləri
o qədər çox olurdu ki. Bircə arzulayırdım ki, həmin
işləri qurtarım və rahat yazım". Aqata Kristinin
heç vaxt yazmaq üçün asudə vaxtı
olmayıb. Yəni, əksər yazıçılar kimi
yazı kabinetinin qapısını bağlayıb, bir stəkan
pürrəngi çay, yaxud qəhvə buğu altında yazmaq
imkanını heç vaxt qazanmayıb. Buna imkanı
olmayıb. Amma buna baxmayaraq, onlarla əsər yazıb ki, hələ
də milyon nüsxələrlə dərc edilir. Deməli, məntiqlə
belə çıxır ki, əsas istək yazmaqdır. Məqbul
şərait olmasa da olar.
2. Frensis Skott Fitserald. O, ilk romanını
kağız istehsalı üzrə müəssisənin ərazisində
yazıb. Təlimlərə dair ciddi rejimi pozaraq bir kölgəlik
axtarıb tapar və düşündüklərini qələmə
alarmış. Nahara qədər yatar, hərdən işləyər,
axşamlar isə barlarda avaralanarmış. Ancaq yazmaq mərhələsində
aktivlik başlayanda, bir dəfəyə 8000 söz
yazarmış. Bu uzun hekayə üçün yetərlidir.
Fitserald "İncə gecə" əsərini yazarkən
cəmi-cümlətanı 3-4 saat özünü ayıq vəziyyətdə
saxlayıb. Nəşriyyatın direktoruna bildirib ki,
"alkoqollu içkiləri qəbul etmək qədər yaradıcılığa
heç nə pis təsir etmir".
3. Qustav Flober "Xanım Bovari" əsərini
5 ilə yazıb. İş o qədər ağır
gedirmiş ki, Flober bütün günü deyinirmiş:
"Bovari" ağır yazılır. Bir həftəyə
iki səhifə. Özümü yumruqla vurmağa səbəbim
var". Flober səhər 10-da oyanar, məktubları və qəzetləri
oxuyar, siqaret çəkər, anası ilə söhbət edərmiş.
Sonra hamama girib saatlarla çimər, səhər və nahar
yeməyini eyni vaxtda yeyər, gəzintiyə
çıxarmış. Gəzinti bitən kimi kresloda oturub
axşam 7-ə qədər kitab oxuyarmış. Şam yeməyindən
sonra yenidən anası ilə ordan-burdan
danışarmış. Nəhayət, gecələr
"Xanım Bovari" əsərini yazarmış. Neçə
il sonra Flober yazacaqdı: "Xanım Bovari"ni yazan zaman
anladım ki, həyatda iradə böyük qüvvədir".
4. Ernest Heminquey ömrü boyu tez oyanıb. Hətta
gecə 3-ə qədər içib sərxoş halda
çarpayısına uzansa da, səhər 6-dan gec
oyanmazmış. Heminquey günortaya qədər
yazarmış. Çox sadə taxta masada. Karandaşlarla
kiçik qeydlər apararmış ki, bu gün neçə
səhifə yazdı, sabah üçün plan nədir.
Heminquey yazırdı: "Hər bir əsəri qurtarandan
sonra sanki boşalırsan. Yeni həvəsi doldurmaq həvəsi
gəlir".
5. Ceyms Coys özü barədə yazıb ki,
onun həyatı heç bir qrafikə sığmır. Səhər
12-ə qədər yatar, çarpayısında qəhvə
içərmiş. İngilis dilini tədris etməklə və
piano çalmaqla pul qazanarmış. "Uliss"
kitabını 7 il ərzində fasilələrlə
yazıb. Bu müddət ərzində 8 dəfə xəstələnib,
üstəlik, İsveçrə, İtaliya və Fransanı
gəzib. Deyib ki, səyahət etməsəydim,
"Uliss"i qurtarmağa səbrim çatmayacaqdı.
6. Haruki Murakami. Digər
yazıçılardan fərqli olaraq, səhər 4-də
oyanır. Və 6 saat dayanmadan yazır. Yazı prosesi bitəndən
sonra qaçır, üzür, mütaliə edir, musiqiyə
qulaq asır. Axşam 9-da isə yatır. Murakami hesab edir ki,
yaradıcı şəxs tez yatmalıdır. Halbuki, o, vaxtilə
oturaq həyat tərzi keçirər, gündə 3 qutu
siqaret çəkərmiş. Şəhər həyatını
kənd həyatına dəyişəndən sonra balıq və
tərəvəzlə qidalanıb, siqareti tərgidib, 25 ildir
ki, qaçışla məşğuldur. Yeganə
çatışmayan cəhəti ictimai mühitdə
özünü tənha hiss etməsidir. Buna görə də
bütün dəvətləridən imtina edir, dostlar da
inciyir. O, yazır: "Oxucular üçün maraqlı
deyil, mənim sutkalıq rejim qaydalarım necədir. Gözləyir
ki, yeni kitabım əvvəlkindən daha sanballı
çıxsın".
7. Vladimir Nabokov. Çox qəribə yazı tərzi
varmış. Məsələn, "Lolita" əsərini
avtomobilin arxa oturacağında yazarmış. Deyərmiş
ki, bura səs-küylü deyil, həm də beynimə
yaxşı fikirlər gəlir. Nabokov heç vaxt nahar yeməyindən
sonra əsər yazmayıb. Çünki yuxusu gələrmiş.
Günortadan sonra futbol oyunlarını izləyər, şərab
içər və kəpənəklərin ardınca
qaçarmış. Hətta bir dəfə kəpənəyin
ardınca düz 25 kilometr qaçıb.
8. Ceyn Ostin. "Emma", "Hiss və
hissiyat" kimi məşhur romanların müəllifi. Ceyn
anası, bacısı və 3 qulluqçu ilə
yaşayıb. O, qonaq otağında əsər
yazarmış. Qonaqlar gələndə ordan
çıxarmış. Yazıçı Ostinin də qəribə
məziyyətləri varmış.
Əsəri
xırda hərflərlə kiçik kağız
parçalarında yazarmış. Otağın
qapısının cırıltısı eşidilən kimi
tez səbətlərdən birinə atarmış ki, kimsə
nə yazdığını görməsin. Ceyn yazıb:
"Bəzən yazmağım yemək qoxularının əhatəsində
baş tutardı. Heç vaxt yazı üçün
sakitliyim olmayıb".
9. Marsel Prust. "İtirilmiş zamanın
axtarışında" romanının müəllifi. Marsel
əsər yazarkən adamlardan gizlənərmiş. Ona elə
gələrmiş ki, adamlar onun nə düşünməsindən
xəbər tutub oğurlayar. Həm də adamların fikirləri
ilə yüklənər, əsər üçün öz
düşüncələri kənarda qalar. Əsasən, gecələr
yazarmış. Günorta saat 3-4-ə qədər
yatarmış. Yuxudan oyananda yalnız südlü qəhvə
və kruasanla qəhvəaltı edərmiş. Dəftəri
dizinin üstünə qoyaraq yazarmış. Yuxuya getməmək
üçün balıncı hündür edər, kofein tərkibli
həblər udarmış. Belə hesab edib ki, fiziki əzab
yazıçını daha yaxşı yazmağa vadar edir.
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2018.- 19
may.- S.28.