ƏDƏBİYYAT
ÜZRƏ 1975-Cİ İLİN NOBEL MÜKAFATÇISI: Eucenio MONTALE İtaliya
1986-cı ildə
Genuyada, kommersant ailəsində anadan olub. Gəncliyində
nəğmə dərslərinə
gedib, opera müğənnisi
olmaq istəyib. Birinci Dünya müharibəsində
iştirak edib. 1920-ci ildə Florensiyada
nəşriyyatda, kitabxanada
işləyib. 1938-ci ildə faşist partiyasına üzv olmaqdan imtina etdiyi üçün işdən qovulub. 1943-cü ildə şeirləri gizli yolla xaricə aparılıb və İsveçrədə çap
olunub. Müharibədən
sonra Milana gələrək ədəbiyyat
və musiqi tənqidçisi kimi
"Korrere della
Sera" qəzeti ilə
əməkdaşlıq edib.
İtalyan mədəniyyəti
qarşısındakı xidmətlərinə
görə 1967-ci ildə
ömürlük senator rütbəsi
alıb. 1975-ci
ildə ona ədəbiyyat üzrə
növbəti Nobel mükafatı
təqdim olunub. Mükafat Eucenio Montaleyə "poeziyaya bəxş etdiyi böyük töhfələrə, gerçək,
illüziyasız həyat
mənzərələri yaratdığına
görə" verilib.
Bir sıra görkəmli bəstəkarlar onun şeirlərinə musiqi bəstələyib. Məşhur italyan şairi və mütəfəkkiri
Eucenio Montale 1981-ci ildə
Milanda vəfat edib.
Konsert
Hekayə
Gəlib-gedən maşınları və insan axınını görüb fikrindən daşınmaq istəsə
də, dəqiq bilirdi ki, girişi
səhv salmayıb, çünki səhv sala bilməzdi. Buna baxmayaraq haradasa səhv buraxmışdı,
yoxsa, indi qaranlıq və rütubətli mağara ilə getməzdi, atdığı hər addım onu pavilyonları və kölgəlikləri ilə
göz oxşayan parkdan uzaqlaşdırmazdı.
O, bütün bunlardan
məhrum olduğunu illər sonra bildi. S.yə qayıtmışdı, uşaqlıqdan tərk etdiyi yerlərə və bu illər
ərzində dünyada
çoxlu dəhşətli
hadisələr baş
vermişdi. Baş verənlər
hər kəsin içində olan ən vacib şeyi
- həyat eşqini və sabaha olan inamı almışdı onların
əlindən. Amma ona dedilər ki, S. hələ də rahatlıq və azad fikir oazisi
olaraq qalır və afişadan oxunan Yanus Obreqon
adı bunun doğrudan da belə olduğunu düşünməyə imkan
verirdi.
Yanusla məktəbdə
bir yerdə oxumuşdu, sonra kənardan seyr etmişdi onun şöhrət zirvəsinə
yüksəlişini və
S.-yə gəldiyi üçün bu axşam məktəb yoldaşını qucaqlamaq
imkanı əldə etmişdi, həm də inanırdı ki, bugünkü çıxışı da
dostunun həyatında
mühüm rol oynayacaq. Musiqidən başı çıxmırdı,
amma həqiqətin bir adı var,
Oberqonun sənəti bütün şərti maneələri aşır,
dahiliyin bütün çalarları ilə dil açıb danışırdı və
hər kəs buna əmin idi. Qeyd etmək lazımdır
ki, səyyahımız
məşhur adamdır.
Tale özü onu bura göndərmişdi
və bayrama şərəf verəcəyindən
əmin idi.
Amma teatrın girişində adam necə
aza bilər? Açıq səma altında olan teatrda, əgər belə demək mümkünsə, amfiteatrda,
ya da teatra
çevrilmiş ingilis
çəmənliyi meydançasında
(o, buraların əvvəlki
halını dumanlı
da olsa xatırlayırdı),
qeyri-adi teatr, mübahisə edən yoxdur, amma buna
baxmayaraq, əsl teatr, hansı ki, burada azmaq
mümkün deyil, buranın biletsatanları,
biletyoxlayanları var,
teatrda necə olursa elə, burada azmaq olmaz,
amma o azmışdı;
dəqiqələr ötüb
keçirdi, gecə ümidsizliyə yuvarlanmışdı,
səyyah kiminləsə
qarşılacağına ümid
edirdi, kiminsə onu bu iyrənc
zirzəmidən çəkib
çıxaracağına, şəhər küçələrindən
birinə ötürəcəyinə
ümid edirdi; oradan mehmanxananı tapmaq çətin olmazdı.
İrəlidən səs gəldi,
arx daha da genişlənmiş, açıq səma altında gözəl bir mənzərə yaratmışdı: səmada
ulduzlar sayrışırdı.
Amma aşağıda qaranlıq
idi və səyyah burundan bir addım o yanda heç nə görmürdü.
Qaranlıqda ayağı daşa
toxundu, bir qədər oturdu - sakitləşmək üçün.
Pıqqıltı səsi qəflətən
artdı. Şəlalə səsiydi, qayalara çırpılırdı - xoşbəxtlikdən
çox da yaxın deyildi. Səyyah qorxdu, yoluna eyni istiqamətdə davam etmək mənasız idi. Təəssüf ki, papiros çəkmirdi, yoluna işıq salmaq üçün üstündə
kibrit yox idi. Fikirləşdi ki, yaxşı olar çevrilib gəldiyi istiqamətə
geri qayıtsın, amma zamanı qarışıq salmışdı:
onun səmt seçmək bacarığı
ilə bir yerə çıxmaq (bəlkə də artıq, ağlında olan səmtdən çox uzaqlaşmışdı)
mümkün deyildi.
C. kimi sivilizasiyalı
bir yerdə şəhərə gələnləri
bu cür riskə atmaq olmazdı!
Özündə deyildi. Sağ tərəfdən gələn çəkic səslərini eşidəndə qətiyyətsiz şəkildə qalxdı: elə bil yeşik mismarlayırdılar. Sonra siqnal səsi eşidildi, maşın uğultusu yayıldı, zəif maşın işıqları bərq vurdu. Demək, bura yoldur və mağarının çıxışı var. Gözəyarı irəlilədi, tələsirdi, ona elə gəlirdi ki, yük maşınına tərəf gedir, amma bir an sonra qarşısına maneə çıxdı. Ayaq saxladı. Bu dəfə əvvəlkindən bir qədər uca səslə çəkiclər guppuldadı, çəkic səsləri bir qədər azalandan sonra kişi səsi eşidildi, nəsə oxuyurdu, qarışıq sözlər və rəqəmlər, vağzal elanına oxşar bir şey. Səyyah elə bildi ağlını itirir, amma özünü ələ almağa çalışdı, nə olursa-olsun burada tək deyil, əgər suya düşməsə, ya da maşın altında qalmasa gec-tez buradan bir yerə çıxacaq, özü kimi bir avara ilə qarşılaşacaq və düşdüyü vəziyyəti ona izah edə biləcək. Üstünə şığıyan yük maşını görüb divara sıxıldı. Ən pis halda səhərin açılmağını gözləmək olardı. Özünü niyə çətinə salırdı?
Taqqıltıdan, gurultudan, nə bilim, fitdən bir neçə dəqiqə sonra qəflətən özündən bir-iki addım aralıda, işıq şüasının altında qarapaltarlı bir gənc dəydi gözünə, elə onun gözü qarşısında tüfəngi alnına dirəyib dalbadal iki atəş açdı və yıxıldı, ölümqabağı qıcolma ilə yerində qıvrılmağa başladı.
- Kömək edin! Kömək edin! - səyyah çaşqınlıq içində çığırdı, amma heyrətə gəlmiş adamların xoru onun çığırtısını boğdu:
- Cəhənnəm ol! Rədd edin onu, qoy mane olmasın!
Rədd ol teatrdan!
Bir neçə
əl ondan yapışıb yan çıxışa doğru
sürüdü. Bir qədər də
keçdi və o, artıq, çəmənlikdə
idi. Üzünə fənər işığı
düşdü. Polis səyyahın adını
soruşdu, sənədlərinə
baxandan sonra dedi ki, maestronun
köməkçisinin sözlərinə
görə onun çığırtısı partiturada yoxdur, bu səbəbdən böyük miqdarda cərimə olunur, çünki yersiz müdaxiləsi ilə Yanus Obreqonun Beşinci simfoniyasının
ilk ifasını korlayıb.
Az sonra mehmanxanada onunla görüşən jurnalist
C.-də məşhur
olan festivalla bağlı səyyahdan müsahibə aldı. Ertəsi gün qonağa maraqlı bir məqalə həsr edib, adını "Aydan enən adam"
qoydu. Məqalə Obreqonmu, maestromu, hər nə isə, bax, onun diqqətini qətiyyən çəkmədi
və təəssüf
ki, məktəb yoldaşının adı
ona öz keçmişini xatırlatmadı.
Tərcümə edən: Əyyub
QİYAS
Ədəbiyyat qazeti.- 2018.- 19 may.- S.30.