Zamanı kim oxşaya bilər ki -

 

Axşamdan qar həzin-həzin yağıb kəsmişdi. Azacıq qar yığını qalaqlanıb buz bağlamışdı. Maşının termometri -10 dərəcəni göstərirdi. Cəlilkəndin küçələrində gəzdikcə düşünürdüm: Mirzə Cəlil yaşarkən görəsən necəydi bura? Öz oğluna pul göndərməyib şagirdlərinə kitab, dəftər, qələm, ayaqqabı almaq necə bir hiss idi? Bunu nə qədər adam edərdi? Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəb ev muzeyidir indi. Mirzənin ev muzeyindən çıxa bilmirəm. Buranın da, Nehrəmdəki muzeyin də sehrli, ovsunlu cazibəsi var. Yazıçının yaşadığı evin həyətində uca çinar ağacının zirvəsinə dikirəm gözlərimi. Muzeyə gəldiyim ilk günə qayıdıram. 2013-cü ilin 9 yanvarına. "Hürriyət"də belə bir manşet getmişdi: "Ağır roman" ölüme atladı". Servantesin qardaşı oğlu intihar etmişdi. Bu xəbər məni sarsıtmışdı. Mətin Kaçan Boğaz körpüsündən keçərkən taksi sürücüsünə, - Saxla, şəkil çəkəcəm, deyir. Telefon və portmanatın maşında qoyub düşür. Yazıçı obyektivi tuşlanır dənizə. Bəlkə də həyata. Bu son baxış idi. Qəfildən sıçrayıb bir göz qırpımında ölümlə yaşam arasındakı sərhədi aşır. Özünü buraxır dənizin qoynuna.

Mətin Kaçan türk ədəbiyyatında yeni və fərqli poetik dil yaradıb. O, 1961-ci il 15 noyabr tarixində İncəsu əyalətində doğulub. "Ağır roman", "Fındıq səkkiz", "Xırman pələng" və "Adalara gəmi" romanlarının müəllifidir. Kaçan "Ağır roman"la türk romanının "Don Kixot"unu yazır. Hətta buna görə "Servantesin qardaşı oğlu" adlandırılır. İstanbulda Kolera adlı bir məhəllədə baş verən hadisələr əslində, Türkiyənin kiçik bir modelini ifadə edir. 1980-ci illərdə Türkiyədə baş verən ictimai-siyasi, sosial-mədəni hadisələr fonunda yazılan roman qısa müddətdə müəllifə böyük şöhrət gətirir. Roman haqqında müzakirələr iki qütb formalaşdırır. Sənətin azadlığı və yazıçının sərbəstliyini müdafiə edən tənqidçilər "Ağır roman"dakı açıq-saçıq səhnələri, qeyri-etik ifadələr və ziddiyyətli xarakterləri normal qarşılayır. Digər tənqidçilər isə sənətin əsas vəzifəsinin tərbiyə vermək və öyrətmək olduğunu irəli sürür və Mətin Kaçanı sərt tənqid edirlər. Kaçan isə estetik bir təqdimat edir. İstanbulda bir məhəllə qoçusunun faciəsini postmodern bir üslubda əks etdirir. Kolera məhəlləsinin qoçusu Qili-qili Saleh və atası bərbər Əli haqsızlıq və özbaşınalığa qarşı mübarizə aparır. Ata və oğul öz dövrünün Don Kixotudur. Ancaq dekonstruksiya və intertekstuallıq zəmanənin Don Kixotuna yeni bir estetik imic qazandırır. Saleh və atası Don Kixotdan fərqli olaraq hər şeyi dərk edir.

Ədaləti bərpa etmək romantikası və gənclik ehtirası Salehə real şərait və mühiti dəyərləndirməyi unutdurur. Salehin atası bir müddət məhəllə insanlarına göz verib işıq verməyən Rəislə sağlam və mərdcəsinə rəqabət aparır. Ancaq xəbəri yoxdur ki, ədalət və qanun keşikçiləri belə Rəislə birgə işləyirlər. Onlar ciblərini doldurmaqla məşğuldurlar. Ədalət haqqında ən son düşündükləri gərəksiz bir nəsnədir. Saleh məhəllənin ondan əvvəlki qoçusu Ərəb Sadonun ölümündən sonra əzilən və haqqı tapdanan insanları qorumaq qərarına gəlir. Don Kixot kimi dünya səyahətinə çıxmağına gərək qalmır. Salehin mübarizəsi də Alonso Kixanonun oxuduğu kitabların təsirindən havalanıb səyahətə çıxması kimi nəticəsiz qalır. Bərbər Əli övladlarna qarşı amansız bir insandır. Bircə dəfə olsun ailəsinə qayğı və sevgi göstərmir. Hər gecə evdə dava düşür. Salehin qardaşı komunistdir. Səksəninci illərin gənclərində olan ən ciddi problemlərdən biri də müxtəlif siyasi və dini qruplara bölünməsi deyil. Ondan da betəri qarşı tərəfə düşmən olmalarıdır. Nəhayətdə Salehin qardaşı evdən çıxıb gedir. Komunistlərə qoşulur. Bərbər Əli isə yaşının ahıl vaxtında həyat yoldaşına xəyanət edir. Məhəllə və orda yaşayan ailələr xaos içindədir. Kolera insanları həyatın dibini təmsil edirlər. Hər şey qaranlıq və əxlaq xaricindədir. Salehin ədaləti bərqərar etmək çabası da qanunsuz bir yolladır. Qoçuluq və dəliqanlı hərəkətlər başqa bir qanunsuz addıma rəvac verir.

Romanın girişindən etibarən yazıçı oxucunun adət etmədiyi bir üslubdan istifadə edir. Müəllifin təhkiyəsində nitqin qeyri-mədəni formasının bütün çalarları öz əksini tapır. "Kolera Sokağı'nın en kral kevaşesi Eda, yatıştan sonra apış arasını yıkadığı suyu, hurdaya çıkmış metal artıklarından yapılma kerhanenin pencere iskeletinden şık bir figürle boşluğa saldı. Sahte ipek gömleklerini rüzgarın asaletine satmış olan pezolar, yuttukları hapların patlamasını beklerken, Eda'nın vizite suyuyla ıslanan Gıli Gıli Salih'e "Ulan artık hayatın boyunca karı derdin olmaz, bütün mitralar ayaklarına kapanıp tapacaklar sana," diyerek balinalar gibi gülüştüler. Bu esnada bir konsomatris yıldız güpegündüz mahalleyi yalayarak geçti." Bu ilk paraqraf romanın necə bir mövzu estetikasını ifadə edir. Müəllif fahişə Edanın xarakterini açmaq üçün "kevaşe" sözündən istifadə edir. Bu da naz-qəmzəli, gözəl qadın mənasını ifadə edir. Əxlaqsız bir ifadə qadın barədə psixoloji bir diksinmə, neqativ bir fikir yarada bilər. Belə olan halda, roman başlayar-başlamaz oxucuda heç bir maraq oyatmadan bitərdi. Saxta ipək köynək geyinən və narkotik istifadə edən məhəllənin avara gəncləri Salehin başına tökülən çirkli suya balina kimi gülürlər. Yazıçının təxəyyül gücü və təsvir, ifadə vasitələrindən istifadə məharəti maraq doğurur. Ardınca "konsomatris" ifadəsi olan bir cümlə keçir. Konsomatris barlarda, əyləncə məkanlarında xidmət edən qadınlara deyilir. Bu sözün sonrasına əlavə edilən ulduz ifadəsi zahiri planda kosmik məna ifadə edir. Sanki Kolera məhəlləsindən bir göy cismi keçib gedir. Ancaq məhəllənin yalayaraq keçən ulduz əyləncə məkanlarında işləyən gənc bir qızdır. Yalayaraq keçmək bütün məhəllənin diqqətini özünə cəlb etmək mənasında semantik çalar qazanır. "Hayatını bu bin tılsımlı anın çarşafından geçirecek olan Gıli Gıli Salih, havada gezinen kılları takip ederek babasının berber dükkanına doğru ikiledi". Salehin gələcək həyatı konkretləşir. Yunan əsilli Tina adlı xanımın məhəlləyə köçməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Tina fahişədir. Ancaq Saleh bu qadının gözəlliyinə heyran olur. Özündən yaşca böyük Tina ilə eşq macərası yaşayır. Rəis məhəllədəki bütün insanları incidir.

Səksəninci illər İstanbulunda hər məhəllə və ərazinin öz qoçusu olurdu. Ərəb Sado Rəis və dəstəsini Kolera məhəlləsinə buraxmır. Ancaq Rəis gizli cinayətlər törədir. Ərəb Sadonu namərdcə gülələyir. Daha sonra məhəllə sakini Tıbının atının ölümünə səbəb olur. Tıbı atı Şərmindən başqa heç kimlə ünsiyyətə girmir. Çünki çox dərin bir məhəbbətlə sevdiyi arvadı ona xəyanət edəndən sonra Şərmin adlı atından başqa heç kəsə inamı qalmır. At onun sirdaşına çevrilir. Rəis Tıbının gözü qarşısında atı Şərminə işgəncə verir. Buna tab gətitməyən Tıbı bərbər Əlidən kömək istəyir. Tıbının cəsarəti ona baha başa gəlir. Romanın struktur estetikası süjetin və xarakterlərin qeyri-adiliyində deyil, dilindədir. Dilin çevikliyi və poetikliyi bir-birinin ardınca dinamik və daha obrazlı gələn sözləri formalaşdırır. Leksik-semantik ölçü genişlənir.

Kolera əhalisi ağ qara baxıb qara günlərini düşünürlər. Əhalinin azalma səbəbi içki və narkotikdir. Belə bir məhəllədə Rəis kimi dələduz insanların olması təbii haldır. Yazıçı təhkiyədə zamanın dinamikasını verir. Rəis və Tıbı kimi adamların arasında dramatizm yaradılır. Təhkiyə o qədər dinamikdir ki, təsvir və dialoqları eyni anda təqdim edilir. "Berber dükkanına gelen Tıbı, "Ali Abi, yaşamak haram oldu be abi, Şermin'i de deştiler, ben ne yapayım böyle dünyayı be abi? Ulan bana güçleri yetmedi, zavallı kızımı vurdu pezevenkler" diye dert yanmaya başladı. Tıbı'nın sözleriyle Ali'nin gözlerindeki kırmızı damarlar karardı. Usturasını iş gömleğinin zulasına koyan Ali, Tıbı'yı da yanına alarak yengeç heriflerin mekanını basmaya gitti. Ali, Kolera'nın sokaklarından o kadar sinirli ve ateşli geçiyordu ki, önüne çıkan karlar korkudan donarak ölüyordu". Bərbər Əlinin qəzəblənib Kolera küçələrində iti addımlarla yeriməsi yağan qarları da qorxudur. Donub ölürlər. Əli Rəis və adamalrına göz dağı verir.Ancaq bir müddət sonra Rəis yenidən məhəlləni zəbt edir. Bu dəfə Bərbər Əlinin oğlu Saleh onlara qarşı mübarizə aparır.

Əsərin maraqlı məqamlarından biri də Atatürklə bağlıdır. Yazıçının və eləcə də türk xalqının Atatürkə olan sevgi və hörməti diqqət cəlb edir. Mətin Kaçan demək istəyir ki, türk xalqı dib və zirvələrdə yaşayan insanları ilə Atatürkü sevir. Vətənin öndərinə bağlıdır. Özü də bu hörmət Rəislə bərbər Əlinin dava səhnəsində baş verir. Küçə davasında belə Atatürkün kimliyi unudulmur. Çünki o, türk dövlətinə azadlıq, maarif və sekularlıq bəxş edən şəxsiyyətdir. "Reis ve Berber Ali dahil tüm insanlar, saat dokuzu beş geçe çalan siren seslerine, bir dakika esas duruşta bekleyerek Atatürk'e saygılarını beirttiler. Sesler kesilince, bütün insanlar bedenlerini bir dakika geriye ışınlayıp hayata kaldıkları yerden tekrar gaz verdiler". Rəis kimi bir insan belə Mustafa Kamal Atatürk şəxsiyyətinin ucalığı qarşısında baş əyir. Bu səhnənin semantikası çoxsəslidir. Türk milləti və ziyalısının öndəri olan şəxslə Kolera məhəlləsinin avara, səfil insanları arasında bir əlaqə yaranır. Kaçan Atatürkə layiq olan bir cəmiyyət arzulayır. Səksəninci illərdə ölkədə baş verən mənəvi-psixoloji və ictimai-siyasi böhrandan xilas olmağın yolları axtarılır. Bunun üçün ən uyğun şəxsiyyət meyarı Atatürk və onun kimi türk ziyalılarıdır. Maarif və təhsildir. Mətin Kaçan təhsildən yayınan və əxlaqi dəyərlərini itirən bir cəmiyyətin mənəvi deqradasiyasını təsvir edir. Xarakterlərin davranışları ilə təhkiyənin dinamizmi ortaq nöqtədə kəsişir.

Azərbaycan və Türkiyədə bir çox ədəbiyyat adamına görə bir əsər postmoderndirsə, onun bədii dəyəri şübhə altındadır. Radikal bir fikirdir. Mətin Kaçan modernizm və postmodernizm cərəyanın poetik imkanlarından istifadə edərək qalıcı, həqiqi sənət nümunəsi yaratmağın mümkünlüyünü də sübut edir. "Ağır roman" ölkədəki təhsil sitemi və demokratiyanın da bədii təhlilini verir. Kaçan siyasi və publisistik şərh və analizsiz Kolera həyatını bədii obrazını yaradır. Məhəllədəki insanların əqidəsi və dünyagörüşü məlumat, xarakteristika səciyyəsi daşımır. Birbaşa xarakterin portreti, hadisələrin dramatizmi bədii düşüncənin predmetinə çəkilir. Məktəbdə baş verən bir hadisənin təsviri mühit haqqında çox şey deyir. "Kolera'nın çocukları, kara tahtadaki "Bağımsızlık" kelimesini cümle içinde kullanarak derslerine başladılar. "Ben bağımsız adamı havaalanında gördüm. Bizim mahallede bağımsız bir köpek var. Bizim evin arkasında iki tane bağımsız adam oturuyor. Babam dün üç bağımsızla konuştu." Çocuklar defterlerini bu cümlelerin en hasolarıyla doldururken, sınıfa bakanlığın eli sopalı müfettişi girdi". Təhsil nazirliyindən gələn komissiya üzvü uşaqlara klassik, mənasız sullar verir. Uşaqların zəki, çevik beyinləri ilə uyuşmayan suallar onlarda gülüş oyadır. Bu səhnənin ifadə etdiyi mənanın miqyası genişdir. Demokratiyanın bünövrəsi təhsil və maarifdə qoyulur. Şagirdlərə monoton, heç biri nəzəri və praktiki əhəmiyyəti olmayan bilik öyrədilirsə demokratiyanın da bünövrəsi laxlayır. Demokratiya və azadlığın nə olduğu haqda ən kiçik təsəvvür yaradılmırsa, o millətin gələcəyi sual altındadır. Romanın sonunda Tina Salehə xəyanət edir. Saleh intihar edir. Roman əsasında eyniadlı film də var. Filmdə Müjdə Ar və Okan Bayülgen baş rolları ifa edir. Sənət dəyəri yüksək olan kinodur. Romanda bərbər Əlinin, filmdə Salehin obrazı qabarıqdır. Hələ də Kaçanın ölümü barədə düşünürəm. Deyəsən, cavab romandadır.

Mətin Kaçan belə bir romandan sonra özündə yaşamaq üçün gücü tapmır. O da qəhrəmanı Salehin taleyini yaşayır. Ancaq sənəti böyük bir təcrübə və dəyərə çevrilir. Ədəbiyyatda var olur. "Ağır roman"ı hansısa bir dilə istənilən estetik səviyyədə tərcümə etmək mümkün deyil. Sabir kimi. "Neyliyim, Allah! Bu urusbaşdılar Bilməyirəm hardan aşıb-daşdılar?! Qoymayın, ay köhnələr, ay yaşdılar! Heyvərələr hər yerə dırmaşdılar".

Bu misraları hansısa bir dilə tərcüməsi qəliz işdir. Sabir də, Mətin Kaçan da yaratdıqları dil və üsluba görə qeyri-adi və böyükdür. Belə bir dil yaratmaq zamanı oxşamağa bənzəyir. "Ağır roman"ın əvvəlində isə deyilir. "Zamanı kim oxşaya bilər ki". Sözü gözəllik duyumuna çevirənlər. "Qışın ən uzun gecəsi Koleraya vaxtında gəldi". Mətin Kaçan da soyuq bir qış sabahı zamanı oxşayaraq köçdü həyatdan.

 

Ülvi BABASOY

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.18-19.