Nəğmə yazan ləçəklərin
simfoniyası
Əslində
bu simfoniya Ramiz Rövşənin nə vaxtsa
yaşadığı və ya yaşayacağı
misraların qeybdən gələn xitabət nidalarından
qeyri bir şey deyil. Bu xitabət sözün nəfəsdə,
nəfəsin misralardakı cihad eşqiylə rükuda
dayanmış Kərbəla aşiqlərinə bənzəyir.
Məhz bu təsnifat mündəricəsindəki aşiqlik
Ramiz Rövşən poeziyasının başlıca leytmotivi
olmaqla, tənhalığın lirik psixologizm qəlibindəki
zamanın fövqündə aşiyan qurmuş və
yalnız ilahi nemətlərlə ruzilənə bilən
rasihlər (hər şeyi məntiqlə düşünən
elm və fəzilətdə qüdrət sahibi olanlar -
Ş.B.) əxlaqının xütbə
çağrışı olmaqla, yalnız qəlbin
gözü ilə baxılırkən "gözə
görünən" övliyadan qeyri bir şey deyil:
Aradan
nə qədər il keçib görən -
Tanıya
bilmədim, məni bağışla.
Mən
elə bilirdim sənsiz ölərəm,
Mən
sənsiz ölmədim, məni bağışla.
Yer kürəsinin tarixində ilk dəfə şeir yazanın kim olduğunu yəqin ki bilmirik. Ramiz Rövşənin şeirlərindəki fərqli poetik düşüncə tərzinin fərqinə varılırkən həmin şeirin (ilk dəfə yazılan şeirin) hökmən tənhalığın, təkliyin və o təklikdəki idraki poetizmi çözmək, eləcə də duyğuda təlatüm, duyğuda həlim xassə mündəricəsi və eyni zamanda həmin zaman və duyğunun fövqində dayana bilmək qələmin deyil, halallıqdan "su içmiş" qəlbin möcüzəsidir. Bu möcüzənin eşq adlı körpüsündən keçənlərin "qəlb aynası"nda hər iki sahilin çiçəkləri olan "reyhaniyyə"nin (ətri yalnız behiştdə duyulası bir güldür - Ş.B.) ilahi vədlərinə qailliydəki tənhalığın təklikdə deyil, təkliyin tənhalıqdakı ətriylə duyulmaq ecazında öz təzahürləri ilə şairin qələmi və qəlb evi arasında olan həmin reyhaniyyələrin bitdiyi behişt küçələri özünün ilahi eşq nəğmələrini qayibanə avazla bu qəlbə layiq olan qələm əhlinin ruhundakı meraca əmanət edər.
Misralarındakı ümumi planda özünü tez - tez nümayiş etdirən çiçəklərə olan könül simsarlığının babətindən mətnaltı anlamlarına rəğmən irfanın təsəvvüf əxlaqındakı "reyhaniyyə" ezoterikasına sənin misralarınla "ayaq verməyi" zəruri bildim:
Saçına güllər taxırsan,
Ovcuna xına yaxırsan,
Sən orda göyə baxırsan,
Burda məni
yer aparır.
Əksər şeirlərində bəlli bilinən üslubi uyarlığın əhatəli səciyyəsində Ramiz Rövşən şeirinin "qan qrupu" dərhal özünü büruzə verə bilməsi ilə diqqəti cəlb edə bilir.
Mən onu tanıdığım ilk çağlar "Qırmızı imperiya"nın qıpqırmızı yalanlar şüarının və bayraqlarının bərq vuraraq dalğalandığı dəmlər idi.
Daha çox Vaqif Bayatlının (o çağlarda Vaqif Cəbrayılzadə) poeziyasının "propoqandası" ilə ilgilənmək babətindən barəmizdə "Vaqifin komandası" frazemi bizi çoxlarından ayırırdı.
Çoxlarından fərqlənmənin daha intensiv "vaksin"ləri isə Ramiz Rövşənin mütəmadi olmasa da park, bulvar və bu sıradan əsasən "məkan" adlandırılan çayxana "mühazirə"ləri özünün vüsətli intellektual təsirini göstəməkdə davalı ardıcıllığı baxımından böyük təsirə malik idi.
Və əlbəttə ki, gənclik yaşımızın qaynar çağlarını yaşayan tələbəlik illərimiz həqiqətlərin işıq və zülmət tandemindəki sonuclama məntiqinə daha çox maraqlı idi. İnsafən bunu da qeyd etmək lazımdır ki, istər Uilyam Folkner, Qabriel Qarsia Markes, Mixail Bulqakov, B.Pasternak, Yasunari Kavabata və bu sıradan hüdudları yapon, ispan və eləcə də, cənubi Amerikanın sovetlər məkanında çox az tanınan yazıçıları bu "auditoriyada" kifayət qədər özünün mütaliə arealını təmin edə bilmişdir.
Heç şübhəsiz, Ramiz Rövşən intellekti onun şeir yaradıcılığında özünün bir sıra sənətkarlıq nüansları baxımından müəyyən təsir gücünə malik olsa da, əslində, özünün sözlə, sözünsə şair əxlaqındakı ezoterik qlafdakı şüuraltı müəyyənliyin qeyri - müəyyənliyindəki hüdudlar ənginliyini yetərincə assosiativliyi baxımından təmin edilməsi ilə daha çox yadda qala bilməsinə rəğmən səciyyəvidir:
Bir səhər görsəm ölümü,
Əlimdən salsam qələmi,
Yarpaq kimi qoyun məni
Varaqların arasına.
Misralardakı poetik vüsət özlüyündə və daha çox, sanki bir nəsr dilinin təhkiyə mündəricəsini nəzmləşdirmə cəhdi ilə obrazlı lirizmi bilərəkdən deformativ planlama müstəvisində təqdimatla zəminyaratma nüansı ilə üslubi - ezoterizmi ikinci planda saxlaya bilir. Və divarı görünməyən aşiyanda tağlı bir aynanın önündəki qapıdan baxırmış kimi yavaş - yavaş örtülməkdə olan həmin qapıya tərəf duaların pıçıltısı ilə - "Rəbbənatina fiddünya həsənətə və fil axirəti həsənətəh" salamlarıyla ruhun ecazında sanki Kərbəlanın Nəhri-Əlqəməsində bu "tağlı ayna önündəki" bu kimsənə behişt çiçəklərinin "anası" sayılan "Reyhaniyyə"dən hörülmüş dəmətlərlə şəhadəti ana qucağı kimi qəbul edir. Ramiz Rövşən misralarında bu hikmətin - ölüm və yaxud həyat adlı aşiyanda yeri olmayanların obrazlı təqdimatla kifayət qədər orijinal portretlərini müşahidə etmək elə də çətin deyil:
Bir adayam qərib ada,
Doğmalarım döndü yada,
Daha mənə bu dünyada
Nə qaldı ölümdən əziz?!.
Əslində, böyük poeziya anlayışının müəyyən resepturası olmaması böyük bir xoşbəxtlikdir. Və bu mənada həmin anlayış və həm də qeyd etdiyimiz "resepturasızlıq" mərifəti yazıçının uğur qazana biləcəyi yolun ən ideal "nəqliyyat" vasitəsidir desək yəqin ki səhv etmərik. Elə bu kontekstdən baxılırkən Ramiz Rövşənin yazıçılıq "laboratoriya"sı məhz bu ülgülərlə öz bəlirində qənaətlər məntiqi baxımından obrazlar zənginliyinə görə daha çox diqqəti cəlb edə bilir:
Doğradım - çapdım özümü,
Yoğurdum - yapdım özümü,
Nə yaxşı tapdım özümü,
Böyrümdən keçib getmədim.
Tərzi - üslub gəlişmələri baxımından Ramiz Rövşən şeiriyyatının dərhal diqqəti cəlb edən əyar səciyyəsi əlahiddəlik pafosunu arxa planda saxlamaqla çox sadə və aydın və hətta, elat tərzi - üslubi deyimləri ilə də poetik plandakı obraz bəlirinin görüntüsünü tamamlaya bilir.
Özünü tapa bilməyin aşiqlik yollarındakı eşqə tab edənlər müjdəsi yəqin ki Allahın ən böyük lütfi - inayətlərindən olmaqla, bu eşqi duyuban yaşayanlara Hikmət ecazından verilən elə bir nemətdir ki, bunu yalnız dadanlar bilər. Hikmətlər ecazından barat bağlayıb özündən sözünə, sözündən qeyb çağırışlarına və həmin çağırışın əziz-girami ana laylalarını xatırladan və həmin laylaların süd qoxusu ilə yellənən nənnidəki ən hikmətli kəlamlar qədər qiymətsiz olan sözün qanadlarında sözün öz ruhundakı Meraclar yolun mübarək, Ramiz.
Şöhrət Bədəlov
filologiya üzrə fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2018.-
19 may.- S.19.