Sənə məktublar
1
Əbədi sevgi anatomiyası
Əgər
mənim əlimin uzandığı qədər yaxın
deyilsənsə, əgər gözlərimi
uzatdığım yerlərdə səni tapa bilmirəmsə
- o zaman, mütləq, düşüncələrimin uzandığı yerlərdəsən. Çünki
düşüncə baxışları çox uzun olur.
Günəş işığına bənzəyir. O, mən
öləndən sonra da qalacaq
və çox güman ki, sən
də həmişəlik onun içində yaşayacaqsan.
Görünür, əbədi sevgi məhz belə olur - hər ikimizi yer üzündə yox, düşüncələrin içində bağlayıram və
o, bizsiz əsrlərin üzərindən uçub gedir.
2
Sevgi riyaziyyatı
Sevgi
riyaziyyatı qeyri-dəqiqdir. Məktəb binasının divarına yazılan sadə "bu
+ o = sevgi" formulunun, zaman, bəzən üzvünü, bəzən
da cavabını dəyişir. Buna görə də heç kəs, hələlik,
sevgi dərsliyini yaza bilməyib. Əgər yazıbsa da, ikinci
ili artıq yararsızdır. Yaxud da qəhrəmanları
Romeo və Cülyetta ilə həmyaşıd olduqları
zaman öldürüb və bununla, az da olsa sinik formada bizlərə demək istəyib ki,
sevgi, o zaman əbədiləşir ki, o zirvədə
olduğu zaman, onu ölüm yaxalayır. Hə, 30
yaşında Romeo, çox güman ki, Hamletə bənzəyərdi.
Buna
görə də formulları pozmalıyıq. Daha dəqiq
desəm, yalnız mən və sən qalmalıyıq, həm
də, yalnız üstəgəl işarəsilə. Bizim nəyə
bərabər oluğumuz barədə qoy zaman baş
sındırsın - sabah, birisigün və sonrakı günlər...
3
Sevginin sükutla izahı və ya
sükutun sevgi ilə
Sözləri
yonub çardağa yığıram. Qış
üçün tədarük görürəm. Hələ
ki, yenə də bahardır - sükut da bəs edir.
Oturmuşuq, biri-birimizə yox, uzaqlara baxırıq və o
uzaqlarda daha aydın görürük bir-birimizi - yəqin
sevgi də elə budur. Belə
sükutla və çox sadə açırıq bir-birimizin
- hisslərimizin üstündən
bağları, düşüncələrimizin üstündən
sehri - sonunda isə sevgimizi.
Kölgələrimizlə biri-birimizə söykənib bu
böyük sükutu dinləyirik, öyrənirik ki, sonra haradasa bir-birimizə əzbər
deyə bilək. Sonra...
qış üçün, sözləri yonub
çardağa yığıram. Çardaqda saxlayıram.
4
Elçilik. İlin fəsilləri
Sənin
gözlərinin baharına gecikmişəm, onlar
yaşıllaşdığında başqa küləklər
əsdirirdilər. Mən bir az gec gəldim, amma başqasının
izi ilə yox, tamamilə başqa yollarla gəlmişəm və
istəyirəm, bir az tez, gələcək üçün
düşündüyüm qərarı sənə təkrarlayım:
Sənin yaşıl gözlərinin
payızı olmaq istəyirəm- istəyirəm,
qışda birlikdə ölək.
5
Sevginin başqa dərsi
Müəllim,
sinifdən çıxanda dərsi
köçürürük. Sən mənim ürəyimin
döyüntüsünü oxuyursan və nəfəsinlə
mənə danışırsan. Mən sənin nəfəsini
əzbərləyirəm - sənə geri qaytarıram - bu o
deməkdir ki, eyni cür və həyəcanla nəfəs
alırıq. Bu o deməkdir ki, - sevgi dərslərində
çətinlik çəkmirik, çünki hissləri elə
dəqiq köçürmüşük ki, bəlkə kiməsə
nümunə kimi lazım olar...
6
Sevgi təlimatları
1.
İnanma ki, sənin üçün gecələr yuxu gəlmir
gözümə.
2.
İnanma ki, həmişə
buludlarda yaşayacağıq.
3.
İnanma ki, sevgim göylərə çatır.
4.
İnanma ki, məndən getsən
intihar edərəm.
İnanma,
çünki sevirəm.
1. Sevgi
yuxuya bənzəməlidir, yatıb oyanmayasan. Həm də yol azuqəsi üçün
yuxuları birgə yonmalıyıq. Buna görə də, sənin üçün gecələr yuxusuz qalmıram.
2. Sevgi,
torpaq üstünə atılmalıdır, torpaqla nəfəs
almalıdır, yoxsa bir gün yanımızdan keçib,
artıq bizi tanımayacaq, ətrimizi ala bilməyəcək -
bizi - torpaqdan yoğrulmuş varlıqları. Bu səbəbdən
də, həmişə
buludlarda yaşamayacağıq.
3. Sevgini,
necə ölçə bilərsən?
Addımlarla
hesabladığın zaman.
Addımlarla
hesablayırsan və çatana qədər dizin qatlanır.
Buna
görə də, onun
uzunluğunu heç kim bilmir.
Buna
görə də inanma ki, sevgi onuncu göylərə
çatır.
4.Hərdən
sevgi elə ucada olur ki -
intihar etmək
də istəmirsən;
bədəni
tərk edən ruh da çata bilməz o ucalara.
Buna
görə də öz içində oturursan.
Kefsiz,
silahsız.
Buna
görə də sənin üçün intihar etmərəm. Çünki
sevirəm.
7
Sevgi gizlənpaçı
Bəzən,
sən yumursan, mən çıxıram, bəzən isə,
sən məni axtarırsan. Bəzən isə mən... və
təkrar. Çünki bilirik, istədiyimiz an ikimiz də
bir-birimizi taparıq, lap baxışlarımızı
içimizə çevirsək və gündüz gecə ilə
əvəzlənsə belə. Başqa cür sevgi yaşaya
bilməz - hərdən bir-birimizi itirməliyik və
axtarmamalıyıq. Hərdən biri-birimizi arxada
buraxmalıyıq və baxmamalıyıq. "Qalib olan
hardasan, qalib olan çıx!" - sevgini səsləməyə
ehtiyac yoxdur, nə də sevgidə
qalib olmur. Buna görə də hərdən sən yumursan, mən
çıxıram, amma axtarmırsan. Hərdən isə mən...
və təkrar.
8
Sevgi coğrafiyası
Bəzən
elə yaxınsan ki, mənim
ürək döyüntüm, artıq sənin ürək
döyüntünün əks-sədasıdır.
Bəzən
elə uzaq olursan ki, mənim ürək döyüntüm
ümumiyyətlə kəsilir. Mənim üçün kəsilir.
Bəzən
elə yaxın olursan ki, bir kölgə iki bədənə bəs
edir.
Bəzən
elə uzaq olursan ki, mənim baxışlarımın kölgəsi
də sənə gəlib çata bilmir.
Buna
görə də sərhədlər çəkmirik, vizalar
götürmürük, biletlər də almırıq -
Sevgi həmişə
yaxın - uzaqdır. Belə də olmalıdır. Belə
daha da sevgidir.
9
Sevgi yaşsızlığı
Sonra, illər
keçdikdən sonra - kiməsə elə gələ bilər
ki, ayağımız qırışlara ilişə və ya
ağarmış saçlarımızın girovunda
ayağımız sürüşə bilər, buna görə
də, bizə öyrətdilər ki, sevginin yaşı olmur.
Sevgi qocalmır. Sevgi daim 16 yaşındadır və bənzər
hadisələr... yaxud da, deyirlər ki, sevgi köhnəlməlidir,
qocalıb ağıllanmalıdır. Mən isə
düşünürəm ki, sevgi üçün təqvimdə
yalnız bir vərəq var, o vərəq ki,
başqalarının arasından öz başımızı
qoparırıq və həmin vərəqi külək
aparır... Yadımda deyil, həmin vərəqin
üstündə hansı tarix, hansı il
yazılmışdı. Xatırlamıram və ya
xatırlamaq istəmirəm. Mənim üçün bir, digəri
üçün tamam başqa. Həmin gün olduğu kimi
qalır. O, sevgi yaşıdır. Sevgi birgünlükdür,
amma həmişə həmin gün olur. Durur və ya yellənir.
Haradasa küləkdə... Təqvimsiz... Başqa vərəqlər
olmadan...
Georgi Kekelidze
Gürcüstan Milli Parlament
Kitabxansının
direktoru, tanınmış
gürcü şairi
Gürcücə çevirəni:
Neli MƏMMƏDOVA
Ədəbiyyat qəzeti.- 2018.- 19
may.- S.13.