Ən doğma adamlar quş olub uçar,
Dönər yuvasına səssiz ah kimi…
...Gələn dəfə mən doğulmayım,
Müqəddəs Ata...
Gizlənib qalım
Heç
kimin görmədiyi yerdə,
gözlərdən uzaq
Adamlardan
uzaq
Çiçəklərə yaxın
Bir də göyə...
Bir gün xoşbəxt olacağam deyə-deyə
Öldüm...
Yüz dəfə...
Bu,
Bir ömür üçün
çoxdur...
Ədalətin yoxdur-demək istəyirəm
bəzən
Tanrıya
Demək
istəyirəm, susuram
Sonra nəfəsimi
Xəyallarımı
Ümidimi zəhərlənmiş
çörək kimi
qusuram...
Belə
olmalıydısa, oldu,
Oldusa, deməli, sondur... Müqəddəs Ata...
Gedim mən...
***
Heç
kim görməz
qanadını
bu qaranlıq şəhərin
Amma.. o uçub gedir...
Üstünə kölgə enir
evlərin, küçələrin
Suları
daşa dəyir
Arzuları torpağa
Adamı...
keçib gedir...
Heç
nə edir ən dərin sualının cavabı
İkini
birə vurur, candan doqquzu çıxır
Qanadı
ağır-ağır toxunur
əllərimə
Yerdə
qalan nədirsə,
səssiz-səmirsiz yuxu...
Göyündən bir səs enir iyinin yaxasına
Biri ağ
Biri qara... köynək...
nə köynək
olur?
Cingildəyib tökülür hardasa
güzgülərin daş
dəyən sinəsində
Dualar...
Göynək olur...
Mən bu uçan şəhərin qərib
sahibəsiyəm,
Nə o
tanıyır məni
Nə mən onu... qoy olsun
Kim kimin ürəyində daha çox uçacaqsa
Gecənin köynəyini qoy
elə o soyunsun...
***
Bir ovuc ot yaşılına bükdüm
səhərin alaqaranlıq
açılışını
Bir ovuc bənövşəyi
atdım
üfüqün üstünə
qürub vaxtı
Günəşin ardıyca yollananda
gözlərimi yumdum...
Müqəddəs Ata,
Sən heç bilirsənmi, mən yaşamaqdan
nə zaman yoruldum?
Zamanın yoxa çıxdığını
anlayanda...
Anlayanda
heç nəyin var olmadığını...
Quşların
Ölmədən əvvəl bircə
dəfə də
yıxılmadığını...
Biləndə...
Səbrinə
Başımı qoyub uyumuşdum,
Uşaq
olmuşdum yuxumda,
Göm-göy çiçəklərin arasında yüyürmüşdüm
Sulara doğru...
Sən oyatdın məni,
Müqəddəs
Ata, sən oyatdın
Bu sabah
Mas-mavi dərinliyə baxmışam,
başımın
üstündə öyüm
olduğunu xatırladıb
-
Necə
getməyəsən,
Çətindir...
Elə bilirsən,
Sənindir
Bütün acıların açılıb-tökülüb,
ətrafa səpələndiyi
yeganə yer...
Xeyr...
Deyir, sən eşitməsən
də
dodaqların deyir -
Get!
İndi,
nə edirsənsə
et,
Amma sonra
Məni
qınama, Müqəddəs
Ata,
Sonra məni üzmə...
Demişdim axı...
Qanadlarıma toxunuldumu,
Heç
nə görünmür
gözümə...
***
Bir qəfəsin
Həm
o üzündən, həm
bu üzündən
Günəşə
uzanır əllərim
Gözlərimi yumub işığı
gözləyirəm
Bir nəğmə səslənir
divarın
çölə doğru
uzanan tərəfində
Kimsə
Astadan dua pıçıldayır...
Xırçıldayır,
Qum-qum
Daş-daş,
Dartınır ayağımın altındakı
yol
Dartınır ünvansızlığa, bilinməzliyə
Səsimi
Canımın köynəyindən keçirib
sonra buraxıram göyə doğru.
Uç...
Uç...
Uç...
Soruş,
Soruş
niyə belə oldu...
Dop-dolu ağ dumandan
Ağ-ağ çiçəklər hörülür saçlarımın
üstündə
Şeh damlası kimi bir hənir duyuram
çiyinlərimdə
Öpülmək istəyir torpağın
soyuq,
qap-qara köksü
Bir ağac kök salır bətnimdə...
İbadətində gözlə bir azca - mən
özüm
Göyərə-göyərə,
Dartına-dartına
Uça-uça.
Ağaca
çevriləcəyəm, sevgilim,
Doğduğum ağaca...
***
Köynək yaxasında,
Qol düyməsində
Qalar ayna yeri, qalar
göz yeri
Dünyanın ən uzaq küncündən gəlib
Çıxar qabağına, olmaz
öz yeri...
Çırpınar
Dərəyə, dağa çırpınar
Çırpınar, nəfəsi dayananadək
Çırpar qapıları, səssiz
bir külək
Çırpar,
Sınanadək,
Qanayanadək...
Olmaz yad evlərin pəncərəsində
Nə özgə
həniri, nə özgə əksi.
Sıxar
əllərini köksünün
üstə
Kəsilər bətnində körpə
nəfəsi...
Gedər
Baxışları gecəyə doğru,
Gedər
qaranlığın içinə
dalar
Sonra həsrət enər,
Enər
vəhy kimi
Ən doğma adamlar quş olub uçar
Dönər yuvasına, səssiz
ah kimi...
Hamının gedəni çay
yatağında
Hopar, itər-batar,
izi də qalmaz.
Ölüm, su damcısı
düşəntək düşər,
Torpağın yaxını-uzağı olmaz.
***
Bu yol bizi aparmaz
uzaq qaranlıqlara
Uzaq dərinliklərin yaralı
sinəsində
Bir ağ işıq
döyünür...
Görünür sularında çağırış
göy dənizin
Çırpınır qayalara
Çırpınır aldadılmış,
yaralanmış, yox olmuş
Qadın
kimi,
Getmə
sən...
Bilirsən,
Ey müqəddəs
Səssiz
adam, bilirsən,
mən nə pıçıldayıram...
Bir ağ çiçək
qoyuram və bir ağ quş
qanadı
Gecənin əllərinə...
Çəkilib çöllərinə
Tanrı
baxır, baxır
hey...
Göylərin sinəsindən bir
təzə
söz axır
hey...
Bir köhnə söz axır hey
Deyir sevirəm səni...
Aç
ovcunu, aç ona...
Qaç,
Sona yetişməyə gücün
çatmasa da qaç...
Qaç,
hardasa yazılır taleyinə bir ağrı
Sərxoş hıçqırtıların
Göy üzündə dolaşan
duası, bədduası
Səni
bir gün tutacaq....
Açılacaq o zaman olmayan qapıların
bilinməyən yollara
Günəş şüası boyda
su səsi
- Ey...
Hardasan...
Axtarılan adamlar quş olub uça bilməz,
ot olub bitə
bilməz...
Göyərməz...
Bunu anla...
***
Günəş doğdu bu gecənin
qaranlığının
içindən, Müqəddəs
Ata...
Qaranlıq, ağ işıq doğdu
Nə göylərin sinəsində,
nə torpağın yaxasında
Görünməyən heç nə qalmadı
Sehrli dualardan sonra, Müqəddəs Ata...
Sevgi
Sevgi, sənin
əllərinə toxundumu?
Toxundumu
ən müqəddəs
duaların kəlmələrinə,
Hopdumu?
Necə
qaytardın göylərin
səsini
pıçıltıya çevirib,
Necə
bacardın bunu?..
Bəs sən
Heç
sevgidən sərxoş
oldunmu?..
Olmadınsa, etiraflarımı özümə
qaytar...
Qurtar, qurtar qəlbimi qarşında
diz çökməyimi
gözləmədən...
Tanrı,
Sənəmi daha yaxındır,
mənəmi,
etiraflaramı, Müqəddəs
Ata,
- Rəbbim!
Günahlarımı bağışla
- deyib
Əllərimi sinəmə sıxıram,
sinəm çalxalanır...
Baxıram,
Baxıram gözlərimi qaldırıb
başının üstündən
uzaqlara
Orda
Yalnız
və yalnız
Göylərin sinəsində mas-mavi
dənizin suları dalğalanır...
***
Adam yaşamaq istəyir,
Sevdiyim,
Adam yaşamaq istəyir göy üzünün
mavisi kimi dəp-dərin.
Çöl çiçəklərinin göylüyü
kimi tüm-tünd.
Adam yaşamaq istəyir şeh damlası,
payız dumanı kimi
Bir də əllərini uzadanda
gün işığı
axtarır...
Qaranlığın
İçindəki nəfəsi duymağa sevgi deyilir,
sevdiyim,
Bir də yaralı adamları atıb getməməyə...
Yaşatmaq istəyidir sevgi
İşığa doğru, sarıya doğru, ağa doğru...
Adam yaşamaq istəyir...
Kim bilir harda
Kim bilir hansı kəpənəyin qanadında
zərdir yaşam
Ən doğma adamların ölümü,
ən yad adamların acısı
Ən uzaq səslərin həsrəti,
Ən dərin kədərdir yaşam
Qarışıb qanımıza
qəlbimizin içində
döyünür...
Görünür, sevdiyim,
İnsanın ən ölümcül
istəyi
yaşamaq istəməsidir.
Adam yaşamaq istəyir
ən ağır zərbələrdən sonra
da
Çarəsiz qalıb sinəsini
yumruqlayarkən də,
Ən dərin uçurumların
dibinə
endiyini bilərkən
də,
Qəzəbliykən də,
Təkkən də
Göz yaşı tökərkən
də...
Adam
yaşamaq istəyir, sevdiyim,
Neyləyəsən,
Adam yaşamaq istəyir...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2018.- 19
may.- S.10.