Poeziyamızın Rəsulu
Biri-birilərinə danışdığı yalanlar
azmış kimi, insanlar bir "Yalanlar günü" də
uydurdular. Həmin günü, yəni aprelin 1-də
bütün yalan danışanlara bəraət verilir. Bu
uydurulmuş günün bir qəhərli xəbəri də
oldu: 1981-ci il aprelin 1-də
poeziyamızın Rəsulu dünyasını dəyişdi.
Mən hər zaman dediyim sözün məsuliyyətini
dərk etmişəm, bu və ya digər kəlməni dilimə
gətirməzdən əvvəl onu dəfələrlə
götür-qoy etmişəm. Azərbaycan
poeziyasının nəhənglərindən olan xalq şairi,
Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzaya
"Poeziyamızın Rəsulu" ifadəmə görə
kimlərsə məni ittiham da edə bilər. Amma, bir Allahım bilir nə bu böyük şəxsiyyətin
dəyərli övladı Anar müəllimdən keçəcək
bir işim var, nə də Rəsul Rzaya doğma olan başqa
birisindən. Üstəlik də, kimlərə
cavab qaytardığımdan çox adamın xəbəri
var.
Rəsul Rza sözün həqiqi mənasında həm
şair, həm də şəxsiyyət kimi son dərəcə
unikal insandı. Bu gün artıq yaşları
"altmış"ı keçmiş, 60-cı illərin
şairləri deyilən istedadlı qələm sahiblərinin
əksəriyyəti ədəbiyyata məhz Rəsul
Rzanın xeyir-duasıyla gəlmişdi. Adətən
deyirlər ki, müəyyən mənada "əlinin
duzu" yoxmuş. İfadəmə görə
çox-çox üzr istəyirəm; gədə-güdə
bir yana qalsın, Rəsul Rzanın
çörək verdiyi adamlardan bəziləri onun
ünvanına mırıldayanda içim çevrilir! Rəsul Rza çörəkli, öz xalqına gərəkli
bir şəxsiyyət idi. Və bu gün bazar münasibətlərinə
qurban verilən mədəniyyətimizin bütün sahələrinin
Rəsul Rza şəxsiyyətinə, onun zəhmli görkəminə,
qeyri-adi səmimiyyətə malik kövrək təbəssümünə,
cəsarətli sözünə, sanballı
davranışına son dərəcə böyük ehtiyac
var.
Mənim
tanıdığım, duyduğum, şəxsiyyətinə
vurulduğum və ən nəhayət, həyatda
qazandığım bütün uğurların qaynar
çeşməsi olan Rəsul Rzanı xatırlayaraq deyirəm;
Tanışlıq
Rəsul
Rzanın 1968-ci il mart ayının 16-da
"Ədəbiyyat və incəsənət" qəzetində
mənim barəmdə yazdığı məqalənin
adı eyniylə beləydi: "Tanışlıq". Bu məqalə indinin özündə belə məni
öz səmimiyyəti, istiqanlılığı, əzəməti
ilə kövrəldir və heyrətə gətirir.
İlahi, insanın nə qədər böyük ürəyi
olarmış! İnsan nə qədər böyük bir
psixoloq olarmış! Tanımadan, üzünü belə
görmədən, cəmisi bir neçə şeirindən nəticə
çıxardıb mühəndislik institutunda oxuyan 23
yaşlı bir gəncin iç dünyasını necə
görmək olarmış?! Özü də elə görmək
ki, sonralar illərin dostluğu, bu yüksək uzaqgörənliyə
zərrə qədər də olsun peşmançılıq
gətirməyə!
Yatsaydım yuxuma belə girməzdi ki, mən məktəb
illərimdən, dərsliklərdə çap olunmuş bir
neçə şeirindən tanıdığım Rəsul
Rzaynan haçansa görüşə bilərəm. Bu
görüşə görə xalq şairimiz, böyük
ürəkli Fikrət Qocaya minnətdaram.
Keçmiş Azərbaycan Politexnik İnstitutunda oxuyanda
şeirlər yazmağa başladım. O vaxtlar artıq tanınan
indiki məşhur şairlərlə tanış
oldum. Və bir gün yazdıqlarımı
yığıb getdim "Azərbaycan gəncləri" qəzetinin
redaktoru, rəhmətlik Cəmil Əlibəyovun yanına.
Cəmil müəllimlə Kəlbəcərdə İstisu
sanatoriyasından tanış olmuşdum. O
vaxtlar 10-cu sinifdə oxuyurdum. Çox səmimi
qarşıladı. Qəzetin şöbə
müdiri Fikrət Qocanı çağırdı. Fikrət
müəllim dedi ki, sabah gəlim. Ertəsi günü məni çox isti
qarşılayan Fikrət Qoca soruşdu ki, bu şeirləri
bir yerə təqdim eləmisənmi? Dedim ki,
"Politexnik" qəzetində çap etdirmişəm, bir
də ki, filankəsə göstərmişəm. Sualına cavab verdim ki, filankəs bildirdi ki, "sərbəst"
şeirlərdən xoşu gəlmir. Fikrət Qoca
çiynini çəkdi ki: "Bunların nəyi sərbəstdi?!". Dedi: Bilirsən niyə o adam
"Uğurlu yol" yazmaq istəməyib? Ona görə ki,
sən onu artıq keçmisən! Yox, bu
sözlərdə Fikrət Qocanın nə ironiyası, nə
də kiməsə qarşı qərəzi duyulurdu. O,
çox səmimi idi. Və Fikrət Qocanın nə qədər
böyük bir ziyalı olduğunu onda gördüm ki, "Siz
özünüz yazın" - deyəndə Fikrət müəllim
cavab verdi: "Yox, mən də yazmayacam. Mən
yazsam düz çıxmaz. Mən bu şeirləri Rəsul
Rzaya göstərəcəm" - dedi.
Əslində, mən Rəsul Rza ilə ilk dəfə
"Tanışlıq" məqaləsi "Ədəbiyyat
və incəsənət" qəzetində çap
olunduqdan sonra görüşdüm. Səhv etmirəmsə,
İraqdan yenicə qayıtmışdı. Və ona çox yaraşan qapqara bir saqqal da
buraxmışdı. Bir neçə
gündən sonra saqqalı qırxdırdı. Beləliklə, Rəsul müəllim məni
olduğum kimi görüb, göründüyüm kimi
olduğuma inanıb ən böyük arxam və
dayağım oldu.
Doqquzuncu sinifdə oxuyanda atamı itirmişdim. Rəsul Rza mənə ata əvəzi
oldu! Sonralar taleyin hökmüylə
ağlıma belə gətirə bilməyəcəyim
yüksək pillələrlə qalxdım. Bütün bunların səbəbkarı Rəsul
Rza oldu. Əslində, onun
üçün mən heç kəs idim. Nə qohumu, nə tanışı, nə həmyerlisi.
Mən Rəsul Rzanın parlaq, ləkəsiz vicdanının
qəbul etdiyi yaxşı ailə tərbiyəsi
görmüş kimsəsiz bir tələbəydim, bir də
ki, Rəsul Rzanın "Tanışlıq" məqaləsində
yazdığı kimi: "Qibtə oyada biləcək qədər
poetik şeirlərin" müəllifi.
İlk "ensiklopedik"qonorarım
Bəzən Rəsul Rzanın mənə qarşı
olan səmimiyyətindən, diqqətindən və
qayğısından danışanda onu tanıyanların
çoxusu buna inana bilmirdi. Rəsul Rza sərt,
ciddi, yerini bilməyənlərlə kobud davranmağı
bacaran, tərifi sevməyən, yaltaqlığı və
riyakarlığı qəbul etməyən, əliəyri
insanlara nifrət edən bir şəxsiyyət idi.
Tutduğu vəzifəsindən asılı olmayaraq, Rəsul
Rza ona sayğısızlıq göstərən hər bir kəsi
yerində oturtmağı bacaran bir kişiydi! Bir
hadisənin şahidi olan keçmiş bir vəzifəli
şəxs danışır ki, Sabir poeziya günlərinin
keçirildiyi Şamaxı rayonunun partiya rəhbəri bir qədər
sayğısızlıq göstərərək Rəsul
müəllimi qəbul otağında xeyli vaxt
saxlatdırıb. O vaxt Nazirlər Sovetinin sədrinin
müavini, rəhmətlik Kamran Hüseynov Rəsul müəllimi
qəbul otağında gözləyən görüb rayon rəhbərini
danlayır. Məsələni həll etdikdən
sonra raykomun birinci katibi yaranmış narazılığı
aradan qaldırmaq üçün Rəsul müəllimi də
dəvət edir ki, birlikdə nahar etsinlər. Rəsul
müəllim deyir ki: "Mən sənin kimi adamın nəinki
çörəyini yemək, heç suyunu da içmərəm!".
Açığın deyim ki, həm mənə
qarşı olan səmimiyyətindən, həm də ki,
qarşıma çıxan problemlərin səbəbindən
Rəsul müəllimin yanına tez-tez gəlirdim. İndi hərdən
bunları xatırlayanda daxili bir əzab çəkirəm.
Hələ tələbəydim, 3-cü kursda
oxuyurdum. Rəsul müəllim biləndə ki, institutun
rus dilli bölməsində oxuyuram və orta təhsilimi də
bu dildə almışam, mənə baş redaktoru olduğu
"Azərbaycan Sovet Ensiklopediyasının" redaksiyasında
"çörəkpulu" pəncərəsi
açdı. ASE-nin bir sıra cildlərində
çap olunmuş elektrotexnikaya aid məqalələrin rus
dilindən tərcümə olunmasını mənə
tapşırırdılar. İki-üç
aydan bir ASE-nin Baş redaksiyasından o vaxtın pulu ilə
150-200 manat qonorar alırdım. Sonralar mən Bakı
şəhər partiya komitəsinin təlimatçısı
işləyəndə aylıq əmək haqqım cəmisi
140 manat idi!
İnstitutun
sonuncu kursunda oxuyanda Rəsul müəllimə dedim ki, istəyirəm
qiyabi təhsilə keçib bir yerdə işləyəm. Rəsul
müəllim fikrimi müsbət qarşıladı və
başladı mənə iş axtarmağa. Fikir
verin, o boyda işin qabağında Rəsul Rza mənim məsələmi
də özünə bir problemə çevirdi. Rəsul
Rzanın ən böyük insani keyfiyyəti ondaydı ki, Rəsul
Rza üçün özgə taleyi yox idi! O, əxlaqına
inandığı hər bir kəsi öz doğma
övladı kimi qəbul edirdi. Sən dərdini
ona danışıb gedə bilərdin. Sən
dərdini Rəsul Rzaya danışıb yüngülləşərdin.
Onun daşıyıcısı artıq Rəsul Rza olurdu! Rəsul
Rza mənim böyük insanlıq və insanpərvərlik dərsləri
aldığım mənəviyyat akademiyası oldu!
Rəsul müəllim Azərbaycan Komsomolu Mərkəzi
Komitəsindən tutmuş o vaxtkı AzTV-yə qədər məni
işə düzəltmək üçün təşəbbüs
göstərdi. Heç harda işə götürmək
istəmədilər. Bir gün Rəsul müəllim məndən
soruşdu: "Əziz, sən bu adamlarnan nə cür
danışırsan ki, hər yerdən üstümə
üzüqara qız kimi qayıdırsan? Mən boyda Rəsul
Rza sənə bir iş düzəldə bilmirəm!". Dedim, "Rəsul müəllim, bildirirəm
ki, rus dilini, erməni dilini mükəmməl bilirəm,
çalışıram vətənpərvərliyimi,
az-çox savadımı görsünlər. Belə
də". Rəsul Rza cavabında nə
desə yaxşıdı?! Belə
cavabı yalnız həyatın məşəqqətlərindən
keçən və öz yüksək insani keyfiyyətlərinə
görə hər zaman müqavimətlərə tuş gələn
şəxs deyə bilərdi. Rəsul Rza dedi:
"Əziz, sən bu adamlarla danışanda özünü
küt göstər, gic göstər. Çalış
ki, sənin əsl mahiyyətini görə bilməsinlər.
Yoxsa səni döyə-döyə,
sıxa-sıxa öz səviyyələrinə salmağa
çalışacaqlar. Elə ki, gördülər
artıq buna nail olublar üzünə bütün qapıları
açacaqlar…"
Bir daha
deyirəm, qəribədir, Rəsul Rza hələ məni
görmədən, tanımadan iç dünyamı
oxumuşdu və buna görə də
"Tanışlıq" məqaləsində
yazmışdı: "…lakin mən istəmirəm, heç
istəmirəm ki, bu cavan da bizim keçdiyimiz məşəqqətli
yollardan keçib şeirə, sənətə sərf edəcəyi
ürək döyüntülərini,
axtarışlarını, icad, tapıntı zəhmətinin
nadir saatlarını, günlərini ədalətsiz, nadan,
küt vurumlu qırmaclardan qorunmağa, onlarla mübarizəyə
sərf etsin". Qəbriniz nurla dolsun, Rəsul
müəllim, mən də onlardan qoruna bilmədim. Bəlkə də ona görə məni çox istəyirdiniz
ki, xarakterimizdə xeyli oxşarlıqlar vardı. Və sonralar mənə xeyli problemlər yaradan bəzi
cəhətləri mən sizdən mənimsədim. Ola bilsin ki, Anar müəllim məndən bu deyəcəyim
sözlərə görə inciyər, amma, deməliyəm.
Bir dəfə Anar müəllimlə aramızda
yaranmış bir ciddi narazlılıqla bağlı ona dedim
ki: "Anar müəllim, Rəsul Rza mənim xətrimi sizdən
az istəmirdi! Anar müəllim cavabında çox gözəl
və mənim qürur duyacağım bir cavabı verdi: "Düz deyirsən, çünki
ikinizin də xarakteriniz eyniydi, ikinizdə də eyni dönməzlik
vardı!" Mən bununla qürur duydum. Kimlərdənsə yaltaqlıq, yalaqlıq öyrənmədim.
Rəsul Rzadan kişi dönməzliyi
öyrəndim!
Beləliklə,
Rəsul Rza mənə iş düzəldə bilmədi. ASE-nin qonorarı əlimdən tuturdu. Ali məktəbi
bitirər-bitirməz, artıq 5-ci kursda Rəsul müəllim
məni "Xəbərlər Mətbuat Agentliyi"nin Azərbaycan SSR üzrə xüsusi
müxbiri vəzifəsinə təyin etdirdi. (O, həmin
Agentliyin Azərbaycan şöbəsinin fəxri sədri idi).
Siz bu insandakı gücə, çəkiyə, istər Azərbaycan
partiya rəhbərliyinin, istərsə də "XMA"nın Moskvadakı rəhbərliyinin
yanındakı nüfuzuna fikir verin. Hələ ali təhsil diplomu almayan, mətbuatda bircə dənə
olsun belə, informasiyası çap olunmayan adamı belə
bir məsul vəzifəyə təyin etdirə biləsən!
Mən də kişi kimi Rəsul müəllimin
etimadını doğrulda bildim. Doğrultmasaydım
"XMA"-da altı il işlədikdən
sonra məni Bakı Şəhər Partiya Komitəsinə,
sonra isə Azərbaycan KP MK-ya yüksək vəzifələrə
irəli çəkməzdilər (Bu məqamda bir fakt da
yadıma düşdü. Mənim də işə
götürülmək barədə əmrim Moskvada 1971-ci il aprelin 1-də verilib).
Son dərəcə ciddi və
zarafatcıl
Rəsul Rzayla bağlı xatirələrimi bütün
çalarları ilə yazmaq üçün bir-iki qəzet
səhifəsi deyil, ən azı iki yüz səhifəlik bir
kitab olmalıdır. Ömür vəfa etsə yazacam, söz
verirəm.
Rəsul Rzanın təşəbbüsü ilə hər il mayın 30-da Şamaxıda keçirilən Sabir poeziya bayramından qabaq, 1960-cı ilin mayında ilk dəfə AzTV-nin efirində şeirlər oxudum. Rəsul müəllim dedi ki, Şamaxıya mənimlə gedəcəksən. Sürücüsü Fikrətə tapşırdı ki, çamadanımı da maşına qoysun. ASE-nin binasının qabağından yola düşdük. Rəsul müəllim həmişə maşının qabaq oturacağında oturardı. Poeziya bayramından sonra bizi yeməyə apardılar. Yay tətili başlamışdı. Ordan da evə, Tərtərə getməliydim. Bir qohumuma rast gəldim. Dedim ki, Rəsul müəllim, icazə versəydiniz elə qohumla da gedərdim Tərtərə. Rəsul müəllim təbəssümlə məni süzərək dedi: "Əziz, qohumdu, yoxsa qohumədi?!"
Əmim İbrahim Qurbanov Cəlilabad rayonunda birinci katib işləyirdi, Azərbaycan yazıçılarının böyük bir nümayəndə heyətini Cəlilabada görüşə dəvət etdi. Təbii ki, mən də getdim. Yenə də Rəsul müəllimin maşınında. Bənzərsiz nurlu şairəmiz Nigar xanım da getdi bu tədbirə. Rəsul müəllim dedi ki, Əziz, sən arxada Nigar bacınla otur, mən də qabaqda oturacam. Bu, ata-oğul münasibəti deyil, nəydi?!
Bu cür addımı yalnız əsl şəxsiyyət ata bilərdi?
Mən artıq XMA-nın Azərbaycan SSR üzrə xüsusi müxbiriydim.
1971-ci ilin iyununda Qorki şəhərində keçirilən Ümumittifaq poeziya festivalına göndərildim. Rəhmətlik İsa İsmayılzadə ilə birlikdə. Mənim getməyimi Rəsul müəllim təkidlə istəmişdi.
İmkan tapan kimi Rəsul müəllim məni yanına çağırıb yeni şeirlərimi eşitmək istəyirdi. Heç yadımdan çıxmaz, səhv etmirəmsə, 1974-cü il "Azərbaycan" jurnalının aprel sayında mənim bir neçə şeirim çap olundu. Rəsul müəllim dəvət etdi, gəldim ASE-yə. Rəsul müəllim dedi ki, "Əziz, səni təbrik edirəm. Oxudum şeirlərini. Amma, bilirsənmi ki, sənin "Uşaq rəsmləri" adlı şeirinə görə mən "Azərbaycan" jurnalının may sayından eyniadlı şeirimi çıxartdırdım". Sözüm boğazımda kal armud kimi ilişib qaldı, udqundum. Rəsul Rza özümü itirdiyimi duyub dedi: "Əziz, sənin şeirin əsl uşaq rəsmləri idi, ona görə çıxartdım".
Çox şairlər gördüm həyatımda; yaşlı, titullu, ordenli-medallı… Hələ ilk addımlarıma paxıllıqla yanaşanlar da oldu, hansısa bir tədbirdə adını çəkmədiyimdən incidiyini üzümə çırpan da. Amma, Rəsul Rza yeganə nəhəngdi, yuxarıda dediyimi etirafı etdi. Bunu kim edə bilərdi? Yalnız əsl şəxsiyyət, öz qüdrətinə arxalanan şair!
Rəsul müəllim sözün gerçək mənasında mənə Azərbaycan dilinin incəliklərini başa salırdı. Etiraf edim ki, həm orta, həm də ali məktəbdə rus dili bölməsində oxuduğum üçün indi də bəzən çətinliklərlə qarşılaşıram. Bir dəfə bir şeir oxuyurdum. Belə misraları vardı: "Nə sən qayıtmadın səhər mehiylə, nə şəbnəm yerini xəbər vermədi". Rəsul müəllim hər iki qulağımdan ən böyük karatlı qaşı olan bu "sırğanı" asdı: "Əziz, əgər "nə" deyirsənsə, ikinci dəfə inkar olmaz.
Yaz ki, "Nə sən qayıtmısan səhər mehiylə, nə şəbnəm yerini bildirə bildi". Təəssüflə deməliyəm ki, bəzən efirdə titullu alimlərimizdə belə mənim "ruskoyazıçnı" nöqsanlarıma rast gəlirəm.
Rəsul Rzanın ASE-nin baş redaktoru vəzifəsindən çıxarıldığı xəbəri məni sarsıtdı. Gəldim yanına. Xeyli dərdləşdik. O vaxtlar müttəfiq respublikalarının ensiklopediyaları Moskvanın "Bolşaya Sovetskaya Ensiklopediyası"nın baş redaksiyasına tabe idilər. Ordakı baş redaksiyanın baş redaktorunun müavini daşnakbaşı Stepan Şaumyanın oğlu Levon Şaumyan idi. Rəsul Rza ASE-ni onun diktəsilə deyil, ürəyinin, xalqına olan sevgisinin diktəsi ilə yaradırdı. Şükür ki, Rəsul müəllimin öz imzasıyla ASE-nin birinci cildi işıq üzü gördü. Rəsul müəllim ilk nüsxələrdən birini mənə hədiyyə etdi. Yaşıl cildli nəhəng bir kitab idi. Təəssüflər olsun ki, sonralar ASE-nin Rəsul Rzasız çıxan cildlərində daşnak törəməsinin istədikləri öz əksini tapdı!
Mənim tanıdığım Rəsul Rza, mənim Rəsul Rzam, Azərbaycan poeziyasının Rəsulu, Allah sizə qəni-qəni rəhmət eləsin. Rəsul Rza varlığı ilə dünya poeziyasına öz rənglərini gətirdi, öz boyalarını çilədi, heç bir kəsin görə bilmədiyi rəng çalarları ilə bəşəriyyətin söz xəzinəsini zənginləşdirdi.
Bəzən Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı və digər Sovet dövrü şairlərimizi Leninin, Stalinin, Sovet rejiminin təbliğində ittiham edirlər. Əvvəla, bu insanlar o dövrün tərbiyəsini alıb, onun tədris ocaqlarında oxuyub, çörəyini yediyi şəxslər idilər. Əqidələri və məsləkləri bütün bunlara xəyanət etməyə imkan vermirdi. İkincisi, baxır necə yazıblar. Rəsul Rzanın "Lenin" poeması böyük rus-sovet şairi Vladimir Mayakovskinin eyniadlı poemasından qat-qat güclü əsərdir! Mən bunu hər iki dili mükəmməl bilən bir adam kimi deyirəm. İkincisi və ən cavib məqam və bu yerdə mən dünyasını dəyişmiş nəhənglərimizə qara yaxmaqla məşğul olan qəlbi qara adamlara bir gerçəkliyi başa salmaq istəyirəm:
Həm Səməd Vurğun, həm Süleyman Rüstəm, həm də Rəsul Rza sovetlər rejiminə və onların yaradıcılığına həsr etdikləri gözəl əsərlərlə Azərbaycan xalqını Mikoyan kimi milli düşmənimizin caynaqlarından xilas etmişlər. Stalinin gözündə millətimizin ucalmağına nail olmuşdular…
Rəsul Rza öz "Soruş" adlı şeirində deyir:
Baş
nə çəkdi - dildən soruş,
od nə çəkdi - küldən soruş.
Məndən sonra hansı sözüm,
hansı şeirim yaşayacaq?
mən bilmərəm, eldən soruş...
Rəsul müəllim, mən də bu elin övladıyam, siz qədər olmasa da, az-çox onun informasiyasının daşıyıcısıyam. Siz eldə əbədi yaşayacaqsınız. Onu görə ki, siz hər bir insanın müasirisiniz. Dünyaya gələn hər yeni insan sizi özüylə yaşadıb, özüylə gələcəyə aparacaq. Ona görə ki, mən sizin qədər bu millətin təəssübünü çəkən şair görmədim. Siz, özünüz də bilmədən "Lenin" adlı poemanızda özünüzdən yazmısınız.
Mən Vahid Əziz, hansı bir şairə bənzədim poeziyamızın Rəsulunu ki, öz xalqına bu qədər yanan, onun uğurlarına uşaq kimi sevinən, tarix boyu ürəyinin genişliyindən, əxlaqının təmizliyindən, vicdanının aliliyindən yol vermiş olduğu bağışlanmaz tarixi səhvlərinə müdrikcəsinə ağlayan olsun?..
P.S. Bu yazımı görən ev adamlarından biri dedi:
"Axır ki, Rəsul Rzaya borcunu qaytardın". Yox, bu borc deyil, sadəcə olaraq o böyük insanla bağlı xatirələrimin qələmə alına bilən bir parçasıdır. Elə yaxşılıqlar var ki, onların borcundan çıxmaq qeyri-mümkündür. Mənim Rəsul Rzaya olan borcum bu cür borclardandı...
15.05.2018
Vahid Əziz
Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.4-5.