Körpü

 

Yekaterinburqda yaşayan, Rusiya Yazıçılar Birliyinin əlaqələndirici katibi olan Aleksandr Kerdanın şeirlərini 2017-ci ildə Yekaterinburqda nəşr olunmuş "Obereq" ("Ümid mələyi") kitabında oxuyandan sonra Məmməd Orucun tərcüməsində gözdən keçirdim. Bəri başdan qeyd edim ki, istəkli həmkarım bu tərcümələrdə tam sərbəstdi - onun başlıca məqsədi müəllifin fikrini-amalını, məramını çatdırmaqdı. Bu, bir qədər mübahisəli yanaşma olsa da, düşünürəm ki, Məmməd Oruc da sıradan bir qələm sahibi deyil, elədiyini yaxşı bilir. Hər halda, uğurlar arzulayıram: rus mənəviyyatını, çağdaş rus dünyagörüşünü öz şeirlərində yaşadan A.Kerdana da, o şeirlərin tərcüməkarı M.Oruca da; hər şeydən öncə ona görə ki, Rusiya ilə geniş əlaqələrin (bütün sferalarda) xatirəyə çevrildiyi bir zamanda "Ümid mələyi" kitabı ilə yeni bir körpü atılıb.

Ümidvaram ki, Azərbaycan oxucusu bu körpüdən həvəslə keçəcək, çağdaş rus poeziyası ilə bağlı onlarca suala cavab  tapacaq Sovet dönəmindən sonra yenidən inşa olunan Rusiyanın, xüsusən, Şərqi Rusiyanın - Orta Uralın, Sibirin mənzərələrini (bir çox anlamlarda) gözləri önündə canlandıracaq

A.Kerdanın qələm təcrübələrində A.S.Puşkinlə, M.Y.Lermontovla bağlı şeirlər diqqət çəkir şəksiz bunun bir səbəbi şairin yaxın keçmişi ilə bağlıdır; axı o da şair sələfləri kimi zabit olub. Bu gün isə istefada olan polkovnik iftixarla yazır: "Xidmət etdim, öldürdüm, öldüm..." - Bəli, o özünün "əfqan" keçmişini-Əfqanıstanda keçən əsgər həyatını bu sayaq xatırlayır. Amma bununla belə Leonardo da Vinçinin məktublarına istinad edərək yazır ki:

 

"Düşmənin nifrəti bülöv daşıdır, 

Dostluğu - eşq kimi gözünü tutar.

 

A.Kerdan elə həmin şeirdə Şərq poeziyasına xas ənənə ilə oxucusuna daha bir mətləbi xatırladır.

 

Dostlarla əylənmək, gülmək çox xoşdu,

Dostsuz da ötüşür, amma ağıllı...

 

M.Oruc son onbeş ildə Şərqi Rusiya yazıçı şairlərindən Dmitri Mizqulinin, Yeremey Aypinin, Sergey Kozlovun, Aleksandr Tarxanovun, Andrey Titovun, Andrey Rostorquyevin, İrina Ryabinin, Pavel Çerkaşinin, Vyaçeslav ar-Serginin, İvan Şelokovun, Ruslan Martaqovun digərlərinin şeirlərini, hekayələrini ana dilimizə çevirib "Azərbaycan", "Ulduz" jurnallarında, "525-ci qəzet"də, "Ədəbiyyat qəzeti"ndə, həmçinin, ayrıca kitablar halında çap etdirmişdir.

Yeri gəlmişkən, M.Orucun ədəbi əlaqələr sahəsindəki bu xidmətləri dəfələrlə Rusiya mətbuatında dəyərləndirilib, 2014-cü ildə o, Beynəlxalq Yuqra ödülünə layiq görülüb. Son illər rus ədəbi mühitində yeni ədəbi mükafatlar təsis olunmaqdadır. Bu isə o deməkdir ki, rus ədəbi həyatı yeni üfüqlərə can atır. Yeni üfüqlərə isə yeni körpülərlə qovuşmaq olar. M.Orucun (K.Qoçaqla birgə) tərcümə etdiyi "Ümid mələyi" bu körpülərdən biridir...

 

Səyavuş Məmmədzadə

 

Ədəbiyyat qəzeti.- 2018.- 19 may.- S.5.