Şahsuvar bəy Kələntərov
(Hüseynov)
Şahsuvar bəyin portreti
qalmayıb. Yeganə bir fotosu
varmış ki, oğlu Mustafada imiş. Mustafa sevimli
atasının şəklini ürəyinin üstündə,
döş cibində gəzdirirmiş. Bir gün Kəlbəcərdə
necə olursa özü də hiss etmədən şəkil cibindən
yerə düşür. Əhvalat camaatın
gur yerində olur. Bir də baxır adamlar
yığışıb yerdə bir şəkli diqqətlə
nəzərdən keçirir, şəkildəki paqonlu
adamın kimliyini xoflu-xoflu müzakirə edirlər.
Cümhuriyyət dövrü paqonlusunun övladı olmaq o
qorxulu illərdə hakimiyyət dairələri
üçün yetərli idi ki, beləsini ciddi təqibə,
həbsə, hətta Sibirə sürgünə məruz
qoysunlar. Bütün bunları göz önünə gətirən
Mustafa qorxudan deyə də bilmir ki, şəkil onun cibindən
düşüb, bir-iki dəqiqə atasının fotosuna
baxa-baxa qalır, sonra da ürəyi qan ağlaya-ağalaya
oradan uzaqlaşır...
Nəriman Qasımoğlu
Azərbaycan Cümhuriyyətinin 100 illiyi ərəfəsində
bir əsr öncə milli dövlətimizi qurmuş
böyük şəxsiyyətlərimizin ruhlarını minnətdarlıqla
anırıq.
Bir əsr öncə dövlət müstəqilliyimizin
möhkəmlənməsində, torpaqlarımızın
düşmənlərdən qorunmasında ulu babam Şahsuvar
bəy Kələntərovun (Hüseynov) da xidmətləri
olub.
Şahsuvar
bəy Şuşa qəzasının Xocamsaxlı kəndində
(indiki Qubadlı ərazisinə aid) Həzrətqulu bəyin ailəsində
dünyaya gəlmişdir. Babası Hüseyn bəydir.
XIX əsrin əvvəllərində Qafqazda əhalinin
siyahıya alınması üzrə rus imperiyasının
arxiv sənədlərində (Tiflis arxivi) gedən məlumata
görə, Hüseyn bəy Qarabağ bəylərbəyliyində
ordu sərkərdələrindən olubmuş.
İbtidai
təhsilini mədrəsədə alan
Şahsuvar bəy sonradan Yelizavetpol (Gəncə) klassik
gimnaziyasında oxumuş, 1906-cı ildə isə Kiyev Müqəddəs
Vladimir Universitetinin hüquq fakültəsini bitirmişdir. Çar hökuməti 1911-ci ildə Şahsuvar bəyi
Zəngəzurun Dondarlı bölgəsinin pristavı təyin
etmişdi.
Azərbaycan Cümhuriyyəti dövründə
Şahsuvar bəy Zəngəzur qəza rəisinin (Həbib bəy
Şəkinski) 1-ci müavini vəzifəsində
çalışmışdır.
Azərbaycanda bolşevik hakimiyyəti qurulandan sonra
Şahsuvar bəy, ailəsi təqiblərə məruz
qalmışdır. Özü bir müddət ev
dustağı qismində nəzarətdə saxlanmış,
sonra sərbəst buraxılmışdır. 1934-cü
ildə 54 yaşında ürək xəstəliyindən vəfat
etmişdir.
Şahsuvar bəy Kələntərov fəaliyyəti
müddətində Zəngəzurda erməni
terrorçularının qənimi kimi məşhurlaşmış,
həm də bölgənin xalq qəhrəmanlarından birinə
çevrilmişdi. Onun Sultan bəy və Xosrov bəy Sultanov
qardaşları ilə birgə keçirdiyi əməliyyatlar,
eləcə də Nuru paşanın ordusunda iştirakı və
onunla əlaqəsi barədə maraqlı məlumatlar var.
Deyilənə görə, Şahsuvar bəyi bəzən Nuru
paşanın kələntəri adlandırırmışlar.
Bu yaxınlarda Şahsuvar bəyin oxşar qəbildən
fəaliyyətinin XX əsrin əvvəllərinə gedib
çıxdığına dair tarixi bir qeydlə də
rastlaşdım.
AMEA Tarix
İnstitutunun əməkdaşı Nazim Mustafa 1905-1906-cı
illərdə Zəngəzur qəzasında törədilən
qırğınlar haqqında yazdığı məqalədə əsl adı Hovannes Ter-Martirosyan
olan, əsərlərini A-do imzası ilə çap etdirən
bir erməni müəllifinə, onun "Qafqazda erməni-türk
toqquşmaları: sənədli, statistik, topoqrafik
izahlarla" (İrəvan, 1907, ermənicə) əsərinə
istinad edərək yazır: "Ermənilərin Sisyan,
Ağudi, Dərəbas və digər kəndlərdə
törətdikləri vəhşiliklər öz növbəsində
azərbaycanlıları da qisas almağa vadar edirdi. Azərbaycanlılar xəbər almışdılar
ki, məşhur quldurbaşı Keri Əngələkət
(Angeğakot) kəndindədir və onun başçılığı
ilə türk kəndlərinə yeni hücum
hazırlanır. 1906-cı il
yanvarın 6-da Ağudu, Vağudi, Urud, Şəki və digər
kəndlərdən yığışmış türklərin
böyük bir dəstəsi Əngələkət kəndinə
hücum edir. Dəstəyə Şahsuvar bəy
başçılıq edirdi"...(A-do,
s.286-287).
Başqa
bir epizod haqqında isə çoxları bilir, bu barədə
az yazılmayıb. Yeri
düşür, bir daha xatırladım. Əhvalat
yenə də həmin bölgədə baş verir. Andronikin dəstəsində məşhur Stepan
varmış, olduqca əzazil birisi imiş. Şahsuvar bəyə xəbər
çatdırırlar ki, Stepan qonşu kəndlərin birində
növbəti vəhşiliklərini törədib,
silahsız insanları qətlə yetirib, məscidə
toplaşan camaatı işgəncələrə məruz
qoyub.
Heç kimə bir söz demədən
beşatılanı götürüb atına minir və hadisə
baş verən kəndə doğru çapır. Tabeliyindəkilər
də Şahsuvar bəyi at belində, əlində
beşatılan görüb niyyətini anlayır, atlanıb
arxasınca çapırlar. Stepanın dəstəsi
ilə qarşılaşanda atışma baş verir.
Şahsuvar bəyin gülləsi Stepanı yerə sərir… Dəstəbaşının xurcunundan
yarımçıq araq şüşəsi
çıxır. Hadisənin təfərrüatı
əhali arasında sürətlə yayılır. Camaat Şahsuvar bəyi böyük təntənə
ilə qarşılayır, başları üstünə
qaldırıb gəzdirir, şənlik edirlər. Əhvalat
şeir misralarına çevrilərək aşıqların
dilində Zəngəzur və Qarabağı
başdan-başa dolaşır:
Şahsuvar
bəy beşatılan bağladı,
Ermənilər zarı-zarı ağladı.
Hayın
getdi, vayın qaldı, İstepan,
Bodulqada payın qaldı, İstepan.
"Bodulqa" dedikləri Stepanın xurcunundakı araq
şüşəsi "butulka"ya işarədir. Bu misralar sovet
dövründə də unudulmur. "Qaçaq
Nəbi" filminin quruluşçu rejissoru Əbdül
Mahmudov erməni quldurlarından da bir epizod çəkmək
üçün Qubadlı əhalisi arasında filmə
uyğun gələ biləcək səciyyəvi əhvalatları
soraqlayarkən ona Stepan yüzbaşı adlı bir quldurdan,
onun camaata qan uddurmasından danışıblar. Filmdə bu qəbildən epizodların
canlandırılmasına o zaman Moskvanın törətdiyi
maneələrdən danışan rejissor modern.az saytına
verdiyi bir müsahibədə əhvalatı təfərrüatlandırmasa
da, yuxarıdakı son iki sətri "Hayın getdi, vayın
qaldı Stepan/ Rumkada payın qaldı Stepan" kimi ifadə
edərək bunları ərazinin folklor deyimi kimi qeyd edir.
Şahsuvar
bəyin qızı Arəstə xanımın dilindən
aşıqların bəyi vəsf edən başqa ifadəsini
də eşitmişəm: "Atlananda at bağrı
çatladardı, düşəndə düşmən
bağrı..."
Azərbaycan Cümhuriyyəti devriləndən sonra Şahsuvar
bəy Kələntərovun acı günləri
başlayır. Ancaq o da təsəllisini camaatın şəxsinə
olan ehtiramında tapır.
Şahsuvar
bəyi həbs etmək üçün göstərilən
birinci cəhd uğursuz nəticələnir: onu məhbəsə
aparmaq üçün ardınca gələn bolşevik dəstə
kütlənin müqaviməti ilə üzləşir. Bolşeviklərin sosial baza hesab etdikləri kəndli
kütləsi axışaraq onun evinin qarşısında
canlı çəpər qurur, həbsinə imkan vermir.
İkinci həbs cəhdi də uğursuz olur. Bu dəfə Şahsuvar bəyin,
necə deyərlər, xarizmasını sındırmaq
üçün "rəiyyət" komissarları onu həbs
edərək qollarını bir atın quyruğuna
bağlayıb kənd-kənd gəzdirmək istəyirlər
ki, camaatın gözləri önündə bu məşhur bəyi
hörmətdən salıb alçaltsınlar. Şahsuvar bəyin qohumu Xansuvar bəy məsələdən
xəbər tutan kimi əlində tüfəng
özünü dərhal hadisə yerinə
çatdırır, həmin atı tüfənglə vurub gəbərdir.
Şura hökumətinin nümayəndələrinə də
səslənərək deyir: "Kim Şahsuvar bəyə
qarşı bu hərəkəti etməyə cəhd edərsə,
onu da bu at kimi gəbərdəcəm". Məcbur
qalıb geri çəkilirlər. Bu əhvalatdan
sonra Şahsuvar bəy qızı Arəstəni qohumu, təəssübkeşi
Xansuvar bəyə ərə verir.
Üçüncü
cəhd Şahsuvar bəyin ev
dustaqlığı ilə nəticələnir. Yerli hakimiyyət
"qoçaqları" yenə də onu hörmətsiz etmək
ümidi ilə camaata müraciət edirlər ki, bəs bu
adam sizə hər zaman zülmlər verib, onu həbs
etmişik, yeni qurulan hökumət sizin, zəhmətkeşlərin
hökumətidir, onun hökuməti isə xanların, bəylərin
hökuməti olub, indi qoy biriniz irəli durub onun evinin
qarşısında keşik çəksin, bəy
qaçıb canını qurtara bilməsin. Şahsuvar bəyin
nüfuzu qarşısında kim buna
razı olardı ki... Amma yenə də bir nəfər
nankor tapılır. Həmin rəiyyət fəalı
Şahsuvar bəyin ev
dustaqlığına nəzarət işinə boyun olur. Camaat bunu namussuzluq kimi qəbul edir və o nankorun
layiqli cəzasını verir.
Azərbaycanda sovet hökumətində vəzifə
sahiblərindən olan, Şahsuvar bəyin erməni
quldurlarına qarşı mübarizədə göstərdiyi
xidmətləri yaxşı bilən Nəzər Heydərovun
zəmanəti ilə Şahsuvar bəyə sərbəstlik
verilir. Buna baxmayaraq, özü də yaxşı bilir ki,
şura hökumətinə bel bağlamaq olmaz.
Övladlarının gözlənilən təqiblərdən
yaxa qurtarması üçün onlara doğma yurdlarından
uzaqlaşmalarını tapşırır...
Təəssüf ki, zəngin həyat yolu
keçmiş Şahsuvar bəy haqqında məlumat olduqca
azdır. Və bir də ona təəssüf edirəm ki,
qızı Arəstə xanımın
danışdıqları var idi və həmin xatirələri
vaxtilə yazıya almadığımıza görə
çox şey unudulub. Qohumlarımızın
bildiyi bir epizodu da qeyd edim.
Cümhuriyyət dövründə Bakıda hökumət
üzvlərinin iştirakı ilə keçən hansısa
tədbirdən sonra Hacı Zeynalabdin Tağıyevin düzənlədiyi
bir ziyafətdə Şahsuvar bəy də varmış. Birdən
gözü qonaqlara xidmət edənlərin arasında uzaq bir
qohumuna sataşır. Onu səsləyib
yanına çağırtdırır, "sənin burada nə
işin?" deyə tənbeh edir. Yəni
özü məşhur bir bəy, qohumu nökər, bəs
camaat nə deyər. Bu qohumu iş tapa bilmədiyinə
görə xidmətçiliyə məcbur olduğunu bildirəndə
Şahsuvar bəy cibindən bir dəst pul çıxarıb
ona uzadır. Söhbətin şahidləri digər
qonaqlar da səxavətlə iri məbləğdə
pulları Şahsuvar bəyin qohumuna verirlər ki,
götürsün, gedib özünə güzəran-filan
qursun. Bir neçə dəqiqə ərzində baş
verən bu ekspromt xeyriyyə aktından Şahsuvar bəyin
qohumunun əldə etdiyi məbləğ bəs edir ki, yurd
saldığı Yevlaxın Malbinəsi kəndində bir ev tikdirsin.
Bəyin övladlarının taleyi də elə gətirir
ki, sovet hökumətinin diqqətindən yayınmaq
üçün bir neçə dəfə
yaşayış yerlərini dəyişə-dəyişə,
nəhayətdə gəlib çıxırlar həmin kəndə
və ilk sığınacaqlarını da elə həmin evdə
tapırlar.
Qohumları olan, Şahsuvar bəyin
yaxşılığını unutmayan ev
yiyəsi Arəstə xanımla Xansuvar bəyin əsl
kimliyini camaatdan da, yerli hökumətdən də gizlədir.
Bu gənc cütlük öncə onun evində, sonra da, necə
deyərlər, iz azdırmaq üçün, yerli camaatın
nəzərində kasıblıq ucbatından dağlıq ərazilərdən
aran yerinə pənah gətirmiş rəiyyət qismində görünməkdən
ötrü bir müddət çadırda yaşamağa
başlayır.
Arəstə xanım həyat yoldaşının
tövsiyəsi ilə kolxozda işə düzəlir. Fərasətli
gənc xanım olduqca qısa zamanda özünü necə
göstərirsə, onu ferma müdiri təyin edirlər.
Və bir-iki ildən sonra olur kolxoz sədri,
bunun da ardınca hakim partiya sıralarına daxil olur. Bir gün də Azərbaycan Kommunist
Partiyasının növbəti qurultayına nümayəndə
seçilir. Qurultayda öz təşəbbüsü
ilə çıxış üçün söz istəyir,
təsərrüfat məsələlərindən nitq edir.
Mərkəzi Komitə üzvlüyünə
seçilmiş şəxslərin əvvəlcədən
hazırlanmış siyahısı oxunanda Mir Cəfər
Bağırov daha bir namizədi də özünün irəli
sürmək istədiyini deyərək Arəstə
Hüseynovanın adını çəkir: nitqi xoşuna gəlibmiş.
Beləliklə, Arəstə xanım Azərbaycan
KP MK-nın üzvü seçilir. Ertəsi gün
Bağırova onun kimliyi haqqında geniş bir arayış təqdim
edən Xalq Daxili İşlər Komissarlığının
sədri bildirir ki, ölkə rəhbərinin namizədi Azərbaycan
Cümhuriyyətində Zəngəzur qəza rəisinin
müavini işləmiş məşhur Şahsuvar bəyin
qızıdır. Bağırov da qəzəblə
göstəriş verir yoxlasınlar bəy qızı Arəstə
xanım bu qurultaya necə gəlib düşüb. Araşdırırlar və öyrənirlər ki,
xanımı qurultaya nümayəndə kimi o zaman məsul vəzifədə
çalışan yazıçı Əli Vəliyevin
tövsiyəsilə göndəriblərmiş. Əli Vəliyevi sorğuya çəkirlər, o da
izahatında bildirir Şahsuvar bəy sovet hökumətinə
müqavimət göstərməyib, öz əcəli ilə
rəhmətə gedib, qızı da sovet hökuməti
üçün təsərrüfat işlərində fəallıq
göstərir və s. Əli Vəliyevdən əl çəkirlər.
Arəstə xanım isə MK-nın rəsmən
üzvü qalsa da, onu MK-nın qurultayarası dövrlərdə
keçirilən plenum yığıncaqlarının
heç birinə dəvət etmirlər. Sinfi
mənşəyinə görə bir müddət bu
etimadsızlıq mühitində çalışmalı
olur.
Şahsuvar bəyin adı övladlarını yenə də
bir müddət təqib qorxusu altında saxlayır. 1951-ci ildə
nəvəsi Qasım Qasımzadəni babasına, sinfi mənşəyinə
görə aspiranturadan çıxarmış, sonradan Ali
Sovetin Rəyasət Heyətinin sədri Nəzər Heydərovun
müdaxiləsi ilə aspiranturaya bərpa etmişdilər.
Şahsuvar bəyin portreti qalmayıb. Yeganə bir
fotosu varmış ki, oğlu Mustafada imiş. Mustafa sevimli atasının şəklini ürəyinin
üstündə, döş cibində gəzdirirmiş.
Bir gün Kəlbəcərdə necə olursa özü də
hiss etmədən şəkil cibindən yerə
düşür. Əhvalat camaatın gur yerində
olur. Bir də baxır adamlar
yığışıb yerdə bir şəkli diqqətlə
nəzərdən keçirir, şəkildəki paqonlu
adamın kimliyini xoflu-xoflu müzakirə edirlər. Cümhuriyyət dövrü paqonlusunun övladı
olmaq o qorxulu illərdə hakimiyyət dairələri
üçün yetərli idi ki, beləsini ciddi təqibə,
həbsə, hətta Sibirə sürgünə məruz
qoysunlar. Bütün bunları göz önünə gətirən
Mustafa qorxudan deyə də bilmir ki, şəkil onun cibindən
düşüb, bir-iki dəqiqə atasının fotosuna
baxa-baxa qalır, sonra da ürəyi qan ağlaya-ağalaya
oradan uzaqlaşır...
Şahsuvar bəyin şəxsiyyəti haqqında müəyyən
təsəvvürümüz daha çox yuxarıda
sadaladığım epizodların təsiri ilə gəlişmişdi. Arəstə
xanım atasının əsasən mərdliyindən, at
belində bəy vüqarlı duruşundan, göstərdiyi
xidmətlərdən, əhali ilə xoş rəftarından,
tabeliyindəkilərlə doğmaları kimi münasibətindən
danışmağı xoşlardı. Onun
şəxsiyyətinə işıq tutan başqa bir
maraqlı məqam isə çox sonralar, ötən əsrin
60-cı illərinin ortalarında bizdən ötrü yenilik
oldu.
Bir
gün Qasım Qasımzadəyə xəbər
çatdırırlar ki, Gürcüstanın Tsxinvali rayonu
Qromi kəndinin sakini, milliyyətcə osetin olan Mixail Qiqolayev
adlı birisi Azərbaycanın hökumət orqanlarına
müraciətlər edərək Şahsuvar bəy Kələntərovu,
övladlarını axtarır. Demə bu ahıl kişi xeyli müddət imiş bu işlə
məşğul olurmuş. M.Qiqolayev Şahsuvar
bəyin tabeliyində xidmət keçibmiş. Rəhbərindən hədsiz yaxşılıqlar
görən gənc Mixail sovet hakimiyyəti illərində
bunu unutmur. Xruşşovun gətirdiyi
ilıq siyasi ab-havada fürsət qazanır ki,
yaddaşına xeyirxahlıq simvolu kimi ömürlük həkk
etdiyi Şahsuvar bəyin sağ qalıb-qalmamasını,
qohumlarından kimlərin qaldığını
araşdırsın və ixtiyar çağında Azərbaycana
məktublar yazır. Məktubların
birini Q.Qasımzadəyə çatdırırlar. Beləcə, M.Qiqolayevin Q.Qasımzadə və onun
dayısı Şahsuvar bəyin oğlu Yusif Hüseynovla əlaqəsi
yaranır. Q.Qasımzadənin arxivində
bu əlaqəni sənədləşdirən on dörd məktubdan
on biri M.Qiqolayevin yazdıqlarıdır. Arxivdəki
ilk məktub 1965-ci ildə avqustun 20-sində yazıb göndərdiyidir.
Ruscası qrammatik yanlışlıqlarla yüklüdür
deyə sadəcə tərcüməsini təqdim edirəm:
"Salam, bizim keçmiş rəisimiz Şahsuvar bəy Kələntərov.
Xatırlayırsınızsa, mən sizin
yanınızda 1916-1917-ci illərdə xidmət etmişəm.
Xahiş edirəm mənə yazasınız.
Sağdırsa yazsın. Sağ deyilsə,
atasının əvəzinə övladları yazsınlar
bizə". Məktubun sonunda da ünvanı qeyd
edir. Q.Qasımzadə bu məktubu
belə cavablayır: "Çox hörmətli Mixail
Maksimoviç! Gec cavab verdiyimə görə
çox xahiş edirəm məni məzur tutasınız.
Biz - Şahsuvar bəyin törəmələri məktubunuzdan
xeyli mütəəssir olduq. Sizə minnətdarıq
ki, yarım əsr müddətində sevimlimiz Şahsuvar bəyi
unutmamısınız. Çox təəssüf
ki, Şahsuvar bəy indi həyatda yoxdur, 1929-cu ildə vəfat
edib. Hazırda Şahsuvar bəyin törəmələrindən
üç qızı, iki oğlu var. Mən onun nəvəsiyəm,
böyük qızı Arəstənin oğlu. İndi Şahsuvar bəyin nəvələri arasında
müəllimlər, aspirantlar, tələbələr,
hüquqşünaslar, partiya-hökumət orqanlarının əməkdaşları
var. Özüm yazıçıyam, elmlər namizədiyəm.
Sizinlə görüşmək bizə maraqlı olardı,
babamız haqqında təəssüratlarınızı
eşidər, Sizinlə, ailənizlə tanış
olardıq. Çətin deyilsə, yazın
Sizinlə harada, nə zaman və hansı şəraitdə
görüşmək mümkündür. Sizi öz evimizdə də qəbul etməyə
çox şad olardıq. Hələlik.
Sizdən cavab gözləyirik". Nədənsə
Q.Qasımzadə babasının, başqa müəlliflərin
yazdığı kimi 1934-cü ildə deyil, 1929-cu ildə rəhmətə
getdiyini düşünürdü...
Növbəti
məktublarda M.Qiqolayev Şahsuvar bəy haqqında olduqca səmimi
duyğularını ifadə edir, başqa millətdən
olmasına baxmayaraq, Şahsuvar bəyin onu "oğlum"
çağırmağından, ona həqiqi mənada himayədarlıq
və atalıq etməyindən, bəydən
gördüyü yaxşılıqları ölənə qədər
unutmayacağından yazır. Bir məktubunda da
xidmətinin başa çatdığı zaman Şahsuvar bəyin
onu şəxsən özü müşayiət edərək
Yevlax stansiyasınadək ötürdüyünü,
ayrılanda hər ikisinin ağladığını
duyğusallıqla qeyd edir.
Bir-iki il davam edən məktublaşmadan sonra
Q.Qasımzadə öz ailəsi və dayısı Yusiflə
1968-ci ildə M.Qiqolayevi ziyarət edir. Mixail kişi
üçün bu, hadisəyə çevrilir. Həm də
ona görə ki, gəlişimiz onun üçün gözlənilməz
olur: sürpriz olsun deyə ziyarət planımız barədə
onu sadəcə xəbərdar etməmişdik. Avtomobili sürmüşdük Tiflisə. Nəzərdə tutmuşduq ki, oradan birbaşa
yollanarıq Qoriyə, sonra da Mixail kişinin
yaşadığı kəndə. Elə
olur ki, Gürcüstanın Yazıçılar
İttifaqına baş çəkən Q.Qasımzadə Azərbaycanda
öz tərcüməsində poetik toplusunu ("Qonaq gəlin
Gürcüstana") çap etdirdiyi İosif Noneşvili ilə
qarşılaşır. Nə illah edir,
İ.Noneşvili ondan əl çəkmir ki, "sizi buraxan
deyiləm, qonağımızsınız" və s.
Qasım müəllim xeyli dil-ağız edib yol üstə
olduğumuzu ona anladandan sonra gürcü dostunu onunla yalnız
nahar etməyə razı sala bilir. Noneşvili
dostunun şərəfinə tələm-tələsik təşkil
etdiyi nahara başqa yazıçıları da dəvət
edir. Onların yeyib-içmək məclisi
gürcü adətincə bir xeyli çəkir. Yanımıza qayıdanda gülə-gülə
"əllərindən güc-bəla ilə xilas oldum"
deyib nahar məclisinin necə təntənəli keçdiyindən
danışır və məsləhət edir ki, Tiflisin bir
mehmanxanasında qalıb gecələyək, səhər tezdən
yolumuza davam edərik. Ertəsi gün Qoridən
keçərək gəlib çıxırıq M.Qiqolayevin
kəndinə. Camaatdan onu soraqlaya-soraqlaya
evini tapırıq. Bu
görüşün hər anı xatirimdədir. Qapını döyürük. Qasım
müəllim özünü və bizi təqdim edəndə
ziyarətçilərin, bu qəfil qonaqların Şahsuvar bəyin
törəmələri olduğu Mixail kişiyə o qədər
inanılmaz gəlir ki, çaşdığındanmı, həyəcandanmı
deyir "xahiş edirəm pasportlarınızı göstərəsiniz
ki, sizə inanım". Qasım müəllim
dayısından pasportu alıb Hüseynov Yusif Şahsuvar
oğlu yazılan səhifəsini ona göstərir və
oxuyur. O gün Mixail
kişinin sevinci yerə-göyə sığmır.
Q.Qasımzadənin arxivində bir məktub da M.Qiqolayevin
oğlunun yazdığıdır, atasının həyatında
onunla görüşümüzün hansı dərin və
xoşbəxt iz buraxdığından yazır, buna görə
təşəkkürünü bildirir. Yaşı
80-ni ötmüş M.Qiqolayev isə Şahsuvar bəyə
sevgisini yazdıqlarında ifadə etməklə yetinmir, bir
neçə dəfə də ünvanımıza öz
bağının meyvə məhsullarından ibarət
bağlamalar göndərir. Qasım müəllim
bu bağlamalara işarə ilə bizə təbəssümlə
"babanızın sizə göndərdiyi sovqatdır" -
deyir. Üzünü görmədiyimiz ulu
babamız bizim üçün beləcə
nağıllaşır.
Şahsuvar
bəy haqqında xalq dilində səslənən və bir
növ artıq folklor nümunəsinə çevrilmiş
poetik misraların təsiri altında ilk gəncliyimdə bir
şeir yazmışdım: "Şahsuvar bəy və onun nəticəsi".
Şeirdə yuxarıda qeyd etdiyim misraları da xatırladaraq
yazımı belə bitirmişdim:
Ondan
neçə il sonra
şeir
yazıram
çapı müşkül,
dərd
çəkirəm
tabı
müşkül.
Dərdimin nə gündüzü var, nə gecəsi.
Beləcə acizdi Şahsuvar bəyin nəticəsi.
Şeirlərimin
çapı sovet dövründə həqiqətən
müşkül idi, amma bunu "dərd" eləməklə
öz aləmimdə yazılarımın anti-sovet məzmununa
işarə vururdum...
İndi Azərbaycan Cümhuriyyətinin yüz illiyini
bayram etdiyimiz günlərdə üçrəngli
bayrağımızı 88-ci ildə ilk dəfə bir Azərbaycan
gəncinin əlində görən Qasım Qasımzadənin
necə duyğulandığını xatırlayıram.
Sahil bağından çıxıb evimizə tərəf
getmək istəyirdik ki, M.F.Axundov Kitabxanasının
yanından ötən nümayişçiləri
gördük.
Etirazçılar torpaqlarımıza ermənilərin
ərazi iddiaları əleyhinə kütləvi tədbir
keçirirdilər. Gənclərin biri
bayrağımızı yelləndirirdi. Qasım
müəllimin gözü yaşardı. Məndən
aralanıb həmin gəncə yaxınlaşdı. Bayrağı öpdü, sonra bayraqla göz
yaşlarını qurutdu. Gəncə
xeyir-dua verib alqış oxudu. Simasına
bir hüzur çökmüşdü. Mənzilimizə
bayram ovqatında gəlib çatdıq. İndi mənə
elə gəlir bu günümüzün Cümhuriyyət
bayramını Q.Qasımzadə düz otuz il
əvvəl, məhz bayrağımızla vüsala
qovuşduğu həmin o gün yaşayıb. Və təkcə
qanı qanından olan Şahsuvar bəy Kələntərovun
nəvəsi kimi deyil, həm də ideallarına səcdə
etdiyi qurucu babalarımız M.Ə.Rəsulzadə, Ə.Topçubaşov,
F.Xoyski, H.Ağayev, N.Usubbəyov, S.Mehmandarov və b.-nın mənəvi
varislərindən biri kimi...
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 26
may.- S.6-7.