Məzar daşları keçmiş deyil,
gələcəkdir
Ölümündən sonra
"Karacahamet" məzarlığında dəfn edilən
böyük turançı Əli bəy Hüseynzadənin məzarı
onun missiyasını ifadə etmirdi. Tarixi izlərimizi qorumaq,
onları indi yüksək dəyərləndirərək gələcəyə
miras buraxmaq missiyasını yerinə yetirən
İstanbuldakı Baş konsulluğumuz bu dəfə də
Cümhuriyyətin izlərinin bərpası istiqamətində
böyük işlərdən birini görmüşdür. Məhz
Baş konsul Məsim Hacıyevin təşəbbüsü nəticəsində
Əli bəy Hüseynzadənin məzarı
abadlaşdırılmış və başdaşı üzərində
"Azerbaycan Büyük Müteffekiri Hüseyinzade Ali bey
üçrenkli bayrağımızın renklerini
Türkleşme (Mavi), Çağdaşlaşma
(Kırmızı), İslamlaşmak (Yeşil) olarak
sembolleştirmiştir" yazısı həkk olunmuşdur.
Ziyad Quluzadə
Getmək,
öz vətənini, sevdiyin küçəni, əziz səsləri
tərk etmək və uzaqların qəribçiliyində bir
nisgillə yaşamaq əzabıdır. Bir də qəfil xəbər
gətirəcək olanların, gözləmədiyin bir anda
bir səs, bir ün eşitdiyin (bəzən dörd gözlə
gözlədiyin) o doğma yerlərin barəsində bir
müjdə insanı necə xoşbəxt edə bilər.
İstanbul küçələrini gəzərkən, burada
Bolşevik işğalında olan vətəni
üçün bir iş görə bilmək adına Azərbaycan
Demokratik Cümhuriyyəti ideyasının və 23 aylıq
ömrü olan bir müstəqilliyin mövcudluğunu 23 əsrə
uzada bilmək uğrunda mübarizə aparmaq… Sonra isə
zamanın amansız ömür adlı küləyinə
qoşulub dünyadan köçmək…
Onlar qəribçilik,
vətən həsrəti, vətənin bir ovuc
torpağının, bir xarı bülbülünün,
bir Qasımuşağı
xalçasının, bir butalı şəkərburasının
həsrətilə yaşamışdılar. Qəlblərində
bir görünməz işartı, düşüncələrində
irəlisi və gerisi olmayan yol… Ancaq yolun kənarında
dayanmaq, uzaqdan baxmaq çarəsizliyi… Di gəl ki, onlar bu
çıxılmazlığa, bu qaranlıq girdaba Promotey atəşini
tutdular. O çarəsizliyin və bəxtsizliyin
yarımçıq yolunda özlərinə yeni bir yol
açdılar. Cümhuriyyətin süqutundan sonra
Bolşevik Rusiyasının təsiri nəticəsində əllərində
xatirələri və qəlblərində bir gün mütləq
geri dönəcəklərinə dair dərin inamla səfərə
çıxdılar…
İstanbul
- bu qədim şəhər, nisgillilərin, ümidlə gələnlərin,
pənah gətirənlərin, üzərinə sərt
küləyini vurur, dənizin soyuq və duzlu suyunu çilər.
Balıqlar isə "xəyalları reallaşdıran balıq" olmaq missiyasını
yerinə yetirməz… Ancaq pənah gətirənlərin geridə
buraxdıqları vətən onların qəlbində əbədi
məskən salar, bəzən xoş xəbəri sevindirər,
bəzən isə həsrəti qəlblərdə dərin
bir yara açar. Elə bir həsrət yarası ki, sadəcə
gələnləri yandırmaz, gələnlərin,
oğlunu, qızını, körpə nəvəsini də
incidər. Onlar da "aiddiyyət" duyğusu ilə, gah
yaşadıqları ölkəyə, gah da gəldikləri
ölkəyə məxsus olduqlarının düalizmi
içərisində yaşayarlar. Cümhuriyyətçilər
kimi… Onlar da vətənlə qəribçilik arasında
qaldıqları illərdə də həm
yaşadıqları ölkənin mədəni həyatında
fəal rol göstərmiş, həm də Azərbaycanımızın
düşüncə tarixinin formalaşmasında, milli və
müstəqil bir dövlət kimi var olması uğrunda
mübarizə aparmışlar.
Bu gün
Cümhuriyyətimizi quran dövlət adamlarımızın
məzarlarını Feriköy məzarlığında gəzən
təsadüfi bir insan qüdrətli Azərbaycan
üçün aparılmış mübarizənin əsl
şahidi ola bilər. Burada Əhməd bəy Ağaoğlu,
Fətəli Xan Xoyskinin qardaşı Hüseynqulu Xoyski,
Nağı Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov
kimi insanlar uyuyur. Bəlkə on il bundan öncə
xatırlanmayan, yanından ötüb keçilən bu məzarlar
yaxınını ziyarətə gəlmiş birisi
üçün digər məzarlardan fərqlənmirdi. Ancaq
bu gün Feriköy məzarlığının artıq
tariximizin bir nişanəsini daşıdığını,
oradakı məzarların kimliyimiz və dövlətçiliyimiz
üçün nə qədər əhəmiyyətli
olduğunu daha rahat anlamaq olur. Cümhuriyyətin 100 illik
yubileyinin keçirilməsinə dair cənab Prezidentimiz
İlham Əliyevin imzaladığı fərman da bu izləri
qorumaq və əbədiləşdirmək üçün ən
böyük stimul rolunu oynadı. Azərbaycanın
İstanbuldakı Baş konsulu Məsim Hacıyevin bəlkə
gələcəkdə daha da yaxşı anlaşılacaq bu
təşəbbüsü nəticəsində Feriköy məzarlığının
girişində xüsusi xatirə lövhəsinin
vurulması, o mutəfəkkir, mübariz
insanlarımızın məzarlarının bərpası
önəmli bir addımdır.
"Pərdə
arxasındakı adam" deyirdilər ona… Salyanda
doğulmuşdu ancaq taleyin həlim mehi (bəzən şaxtalı
qış küləyi) onun qəlbində
"Turançılıq",
"Türkçülük" toxumlarını səpdi və
bu mübarizədə ona əzmkarlıq, mübarizlik
yoldaş oldu. Ancaq onun vətən uğrundakı mübarizəsində
yolunu kəsənlərə qarşı duyduğu çarəsizlik
hissi də elə bu misralarında daha aydın görünürdü.
Ucundadır
dilimin,
Həqiqətin
böyüyü.
Nə
qoydular deyəyim,
Nə kəsdilər
dilimi.
Bilirmisən
cühəla
Nə
etdilər vatana?
Nə
qoydular uyuya,
Nə
qoydular oyana.
Ancaq
öz məqalələri, mübarizəsi və
düşüncəsi ilə o, əslində, dilinin
ucundakı həqiqəti tarixin üzünə elə
möhkəm bağırdı ki, bu hayqırtı uzun illər
böyüdü və bugünkü Azərbaycanımız
üçün ideoloji arxetip oldu.
"Pərdə
arxasındakı adam"ın ömrünün son günlərini
Cümhuriyyət dönəmimizin dəyərli tətqiqatçılarından
Azər Turan özünün "Əli bəy Hüseynzadə"
əsərində belə qeyd edir. "Ömrünün
sonlarında Əli bəy Hüseynzadə İstanbulda
Üsküdarın Ehsaniyyə məhəlləsində
yaşayır. Və 1940-cı il mart ayının 17-də
bazar günü buradakı evində dünyasını dəyişir.
Ev Əli bəyin deyildi. Türkçülüyün dahi
qurucularından biri olan Əli bəyin Türkiyədə
öz evi, mülkü olmayıb. Onun övladları
Çağaloğlunda dünyaya gəlib, sonra Süleymaniyyə
və Üsküdarda kirəkeş yaşayıb.
Keçindiyi ev də bacanağı Kamal Muxtara məxsus
olub…"
Türkçülüyün
ideoloji bazasını yaradan Əli bəy Hüseynzadə barəsində
yenə Azər Turan qeyd edir ki, "o, ilk Turani idi. Təriqət
səviyyəsində bir ideologiya, ideologiya səviyyəsində
bir təriqət qurmuşdu." Səməd bəy
Ağaoğlu böyük mütəffəkkirin
düşüncəsinin köklərinə dair çox dəqiq
bir məqama toxunur və qeyd edirdi. "Osmanlı imperatorluğunun
ümmət politikası ilə ayaqda dura bilməyəcəyi
anlaşılınca vicdanlarda bir vətən olaraq, Turan yolunu
Əli bəy Hüseynzadə göstərdi."
Ölümündən
sonra "Karacahamet" məzarlığında dəfn edilən
böyük turançı Əli bəy Hüseynzadənin məzarı
onun missiyasını ifadə etmirdi. Tarixi izlərimizi qorumaq,
onları indi yüksək dəyərləndirərək gələcəyə
miras buraxmaq missiyasını yerinə yetirən
İstanbuldakı Baş konsulluğumuz bu dəfə də
Cümhuriyyətin izlərinin bərpası istiqamətində
böyük işlərdən birini görmüşdür. Məhz
Baş konsul Məsim Hacıyevin təşəbbüsü nəticəsində
Əli bəy Hüseynzadənin məzarı
abadlaşdırılmış və başdaşı üzərində
"Azerbaycan Büyük Müteffekiri Hüseyinzade Ali bey
üçrenkli bayrağımızın renklerini
Türkleşme (Mavi), Çağdaşlaşma
(Kırmızı), İslamlaşmak (Yeşil) olarak
sembolleştirmiştir" yazısı həkk olunmuşdur.
Cümhuriyyət tariximizin 100 ilində onun məzarı üzərindəki
şam ağaclarının budaqlarında dalğalanan
üçrəngli bayrağımız ölkəmizin tarixi
izlərini qorumaq yönündə atılmış ciddi
adımdır. Çünki bir dövlət öz dəyərlərinə,
keçmişinə sahib çıxdığı müddətdə
böyükdür, güclüdür.
…tarix yalnız qalın cildli arxiv materialı deyil, tarix, sadəcə, olub ötmüş bir keçmiş də deyil. Tarix dünənlə sabah arasında uzanan bir körpüdür. Qaracəhməd məzarlığının yanından ötən bir yolçu, vətənindən uzaq diyarlara elm üçün gəlmiş bir tələbə, qəlbində türkçülük və vətənpərvərlik həyəcanı daşıyan bir insan bəlkə də elə izləri daha da dərinləşmiş keçmişinin addımlarında yeriyəcək. Onların böyük missiyasını gördüyü an Azərbaycan xalqının dərin və əzmkarlıqla dolu mübarizə yolunun hər dolanbacına şahid olacaq.
…keçmişi unudulmağa, unutdurulmağa icazə verməyək, əks təqdirdə gələcək üzərimizə üzü kədərli, sönük günəş kimi göy qübbəsində asılacaq və ətrafa istilik, işıq əvəzinə qaranlıq bir örtük sərəcək.
Ziyad QULUZADƏ
Ədəbiyyat qəzeti.- 2018.- 26
may.- S.9.