Salyanda Xalq
Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş
tədbir keçirildi
Mayın
25-də Əli bəy Hüseynzadə adına Salyan Rayon
Tarix-Diyarşünaslıq Muzeyində “İstiqlal aşiqi”
adlı dəyirmi masa keçirildi. Tədbir Xalq Cümhuriyyətinin
100 illik yubileyi çərçivəsində Azərbaycan ədəbi,
ictimai fikrinin görkəmli nümayəndəsi Əli bəy
Hüseynzadəyə (1864-1940) həsr olunmuşdu.
Mərasim
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi
haqqında” Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına
əsasən Mədəniyyət Nazirliyi, Azərbaycan Milli
Kitabxanası və Salyan Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə gerçəkləşdi.
Tədbir
iştirakçıları Əli bəy Hüseynzadənin
abidəsini ziyarət etdikdən sonra böyük
türkçü və Cümhuriyyətin qurucuları
haqqında kitablardan ibarət sərgi ilə tanış
oldular. Sərgidə Əli bəy Hüseynzadənin
Türkiyədən gətirilərək Azərbaycan
İstiqlal Muzeyinə hədiyyə olunmuş şəxsi əşyalarının
fotoları da nümayiş etdirilirdi.
Tarix-diyarşünaslıq muzeyində başlayan tədbirdə əvvəlcə dövlət himnimiz səsləndirildi. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov giriş sözündə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə önəmli mövqeyindən danışdı. Vurğuladı ki, ölkəmiz XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın müasir bir dövlət kimi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Milli Kitabxananın direktoru Kərim Tahirov Cümhuriyyətin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətini qeyd etdi. Bildirdi ki, Xalq Cümhuriyyəti gələcək müstəqil Azərbaycanın qurulması üçün bünövrə rolunu oynayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda keçilən çətin və şərəfli yoldan danışdı. Bildirdi ki, Azərbaycan tarixinin parlaq səhifələrindən olan Xalq Cümhuriyyəti qısa müddət yaşamasına baxmayaraq, böyük uğurlara imza atıb. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan olunub, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib.
Nazir qeyd
etdi ki, Prezident İlham Əliyevin
Cümhuriyyətin 100 illik yubileyi
haqqında sərəncamına əsasən ölkəmizdə
və onun hüdudlarından kənarda
müxtəlif tədbirlər keçirilir.
Bu məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən də silsilə tədbirlər
təşkil olunur.
Əbülfəs
Qarayev vurğuladı ki, 1920-ci ildə ölkəmiz
işğal olunduğu üçün Azərbaycan Xalq
Cümhuriyyəti qarşıya qoyduğu məqsədlərə
tam müvəffəq ola bilməyib. Bununla belə,
xalqımız müstəqillik ruhunu yaşadaraq 1991-ci ildə
öz istiqlalına yenidən qovuşub. Müstəqil Azərbaycan
Cümhuriyyətin varisi kimi öz inkişaf yolunu seçib.
Ümummilli lider Heydər Əliyevin respublikada uğurla
gerçəkləşdirdiyi siyasət xalqımızın
tarixi-mədəni yaddaşını özünə
qaytararaq milli mənlik şüurunu inkişaf etdirib.
Nazir
böyük türkçü Əli bəy Hüseynzadənin
ölkəmizin fikir tarixində önəmli şəxsiyyətlərdən
olduğunu vurğuladı. Qeyd etdi ki, Əli bəyə məxsus
əşyalar, sənədlər ötən il ədibin
qızı Feyzavər Alpsar tərəfindən ölkəmizə
hədiyyə edilib. Prezident İlham Əliyevin sərəncamı
ilə Feyzavər xanım “Dostluq” ordeni ilə təltif olunub.
Əbülfəs
Qarayev daha sonra Əli bəy Hüseynzadənin müəllifi
olduğu rəsm əsərini rayon Tarix-diyarşünaslıq
muzeyinə verilməsi üçün Salyan Rayon İcra
Hakimiyyətinin başçısı Sevindik Hətəmova təqdim
etdi.
Milli
Məclisin deputatı, akademik Nizami Cəfərov
çıxışında Şərqin böyük elm
xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından Əli
bəy Hüseynzadənin türkləşmək,
islamlaşmaq, müasirləşmək ideoloji
triadasının müəllifi olduğunu vurğuladı.
Qeyd etdi ki, Əli bəy Azərbaycanda və bütün
Türk dünyasında geniş tanındığından
onun irsi türkdilli ölkələrdə həvəslə
öyrənilir.
Milli
Məclisin deputatları Fəzail Ağamalı, Əliağa
Hüseynov, Təfəkkür Universitetinin rektoru Rahim
Hüseynov çıxışlarında Cümhuriyyətin
23 aylıq fəaliyyəti dövründə
xalqımızın milli mənlik şüurunu özünə
qaytardığını, onun öz müqəddəratını
təyin etməyə qadir olduğunu əyani şəkildə
nümayiş etdirdiyini vurğuladılar. Qeyd olundu ki,
Cümhuriyyətin irsinin öyrənilməsi,
araşdırılması və gələcək nəsillərə
çatdırılması təqdirəlayiqdir.
“Ədəbiyyat
qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə
doktoru Azər Turan Əli bəy Hüseynzadənin həyat və
yaradıcılığından, mübarizə yolundan
geniş danışdı. Qeyd etdi ki, Əli bəy türk
millətinə milli kimliyini aşılayan ilk böyük
şəxsiyyətlərdəndir. O, “Türklər kimdir və
kimlərdən ibarətdir?” məqaləsi ilə türk
xalqlarının etnoqrafik xəritəsini cızıb. Gənc
yaşlarından bədii yaradıcılıqla məşğul
olub, Əhməd bəy Ağaoğlu ilə birlikdə
görkəmli xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin maliyyə dəstəyi sayəsində “Həyat”
qəzetini, “Füyuzat” jurnalını nəşr etdirib.
Sonda
Əli bəy Hüseynzadəyə məxsus əşyaların
və sənədlərin Türkiyədən ölkəmizə
gətirilərək İstiqlal Muzeyinə verilməsində
xüsusi xidmətlərinə görə mədəniyyət
naziri Əbülfəs Qarayevə, görkəmli ədibin
irsinin öyrənilməsinə və əsərlərinin nəşrinə
verdiyi dəstəyə görə Təfəkkür
Universitetinin rektoru Rahim Hüseynova “Əli bəy Hüseynzadə”
mükafatları təqdim olundu.
Ədəbiyyat
qəzeti.- 2018.- 26 may.- S.10.