İstiqlal İstiqbal şeirləri

 

Süleyman RÜSTƏM

 

 

Təbrizim

 

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

Qoymaram yadları girsin qoynuna,

İzin ver qolumu salım boynuna!

Sənin bayramına, sənin toyuna

Dili bir, qanı bir qardaşın gəlib,

Dərdinə aşina sirdaşın gəlib.

 

Sən çıxdın qarşıma duzla, çörəklə,

Bağından dərdiyin güllə, çiçəklə,

İkiyə bölünməz saf bir ürəklə,

Təbrizim, Təbrizim, aman Təbrizim,

Yox olsun başından duman, Təbrizim!

 

Qədrini ayrılıq çəkənlər bilər,

Hicranda göz yaşı tökənlər bilər,

Ömrünə qaranlıq çökənlər bilər,

Bağından gül-çiçək dərdim, Təbrizim,

Yenə təzələndi dərdim, Təbrizim!

 

Ağlasan ağlaram, gülsən gülərəm,

Yaşasan yaşaram, ölsən ölərəm,

Varımı səninlə yarı bölərəm,

Gəl bir üzündən öpüm, Təbrizim!

Başına gül-çiçək səpim, Təbrizim!

 

Nədir o, mənalı, dərin baxışlar?

Nədir gözlərindən yağan yağışlar?

Nədir qəlbindəki payızlar, qışlar?

Yetimtək boynunu burma, Təbrizim!

Məlul-məlul baxıb durma, Təbrizim!

 

Sənin çiçəyinə, gülünə qurban!

Mənə qardaş deyən dilinə qurban!

Vətəninə qurban, elinə qurban!

Baxdıqca hüsnünə doymayır gözüm,

Təbrizim, Təbrizim, gözəl Təbrizim!

 

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.16.