İstiqlal və İstiqbal
şeirləri
Məmməd ARAZ
Ayağa qalx, Azərbaycan!
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa
qalx, Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bu, Şəhriyar harayıdı,
Bu, Bəxtiyar harayıdı!
Hanı
sənin tufan yıxan,
Gurşad
boğan yurda oğul
oğulların!
Qara Çoban, Dəli Domrul oğulların.
Çək sinənə-qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda
bayraq elə,
Enməzliyə qalxmış olan
bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan bayrağını!
Ayağa
qalx, Azərbaycan!
Bunu bizə zaman deyir,
Məzarından baş qaldıran
baban deyir!
Nər oğlu nər, səninləyəm!
Səninləyəm, silah tutan,
Külüng tutan, yaba tutan,
Kösöy tutan, nişanlı
ər, səninləyəm!
Səninləyəm, qız atası,
Hanı
nərən, hanı səsin!
Hanı
andın!
Yoxsa sən də yatmışlara, batmışlara,
Qeyrətini satmışlara xırdalandın!!!
Gözünü sil, Vətən
oğlu,
ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhədinə bir yaxşı bax.
Sərhədinin kəməndinə bir
yaxşı bax!
Qalx, içindən qorxunu boğ,
Ölümünlə, qalımını ayırd
elə.
Qalx, içindən qorxağı
qov,
Qalx, özünü Bozqurd elə!
Bir səsindən min səs dinər,
Neçə-neçə daşa dönmüş dinməz
dinər!
Oddan bitər, qandan bitər əyilməzlər!
Mərd
oğullar-mərdliyilə öyünməzlər!
Torpaq altda ölümlüyə gömülməzlər.
Varım,
yoxum, səninləyəm,
Azım,
çoxum, səninləyəm,
Şirin yuxum, səninləyəm.
Yıxın məni söz atından,
Atın məni tank altına.
Əzin
məni xıncım-xıncım,
Kəsmir
əgər söz qılıncım,
Didin məni didim-didim,
Atın məni tank altına.
Qundaqdakı bir körpəni xilas edim.
Neçə "səni", neçə
"məni" xilas
edim.
Səninləyəm,
Sözü qəmli, özü
dəmli
rəhbər adam!
1918-də
vuruşurdu,
Danışmırdı rəncbər atan,
rəncbər atam!
Səninləyəm, haqq-ədalət,
səninləyəm,
Milli qürur, milli qeyrət, səninləyəm!
Səpil
quma, göyər yerdə, bit qayada,
Gizli nifrət, açıq nifrət, səninləyəm,
Oyat bizi, ey Yaradan,
səninləyəm!
Ya bilmərrə yatırt bizi,
Ya bilmərrə oyat bizi,
Ya yenidən yarat bizi,
Ey Yaradan, səninləyəm,
Səninləyəm, yatmış vulkan,
Səninləyəm!
Ayağa
qalx, Azərbaycan,
Səninləyəm!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.16.