İstiqlal və İstiqbal
şeirləri
Balaş AZƏROĞLU
Elə oğul istəyir vətən
Gecədən xeyli keçmiş
Hələ qurtarmamış mübahisəmiz.
Filosof dostumla biz
Neçə bağlı papiros
çəkmişik,
Bir samovarı
boşaltmışıq.
Qanun və hisslərlə dolu
Mübahisəni
Gecə yarısınadək uzatmışıq.
Fəqət Çin hasarı
kimi
Nə axırı görünür,
nə nəticəsi,
Nə qədər uzun olsa da
Payız
gecəsi, -
Məğlub ordunun əsgəri
tək
Ulduzlu paqonları çıxarıb
Bir-bir
Atır
yeni doğan şəhərin ayağına,
Gecə əriyir.
Ay bir qılınc kimi girir qınına...
Dostum tarlaşmış eynəyini
Hovxurur,
Silir,
Yenidən taxır...
Sonra eynəyin üstündən
mənə baxır:
-Bəli,-deyir-
Şair
olsan da
Yəqin
bilirsən
"İks"i kökdən çıxarmağı!
Cəmiyyət də belədir.
Öz qanunu var...
O qanunla getməsən
Nə xalq azad olar,
Nə də "iks" kökdən çıxar...
Qulaq asıram
Filosof hey qanundan
danışır.
Daha səbr
kasası daşır.
Düzü əhvalım da qarışır.
Bir söz demək istəyirəm
Bu formullar mücəssəməsinə,
Ancaq dilimin ucundan qaytarıram yenə.
Lənət sənə, kor
şeytan...
-Qardaş, saxla bu mühazirəni!
Vaxt gələr
oxuyarsan tələbələrinə.
İndi
qulaq as mənə:
Feysəlin sinəsi qurğuşunla
ovulanda,
Xalq taxtından salanda istibdadı,
De görüm formullar pozuldumu?,
Ya
pozulmadı?!
İndi
elə bir zamandır ki,
Sədlər dayana bilmir
Ümmanların dalğasına.
Ağalar
özləri səs verir
Müstəmləkə dünyasının dağılmasına.
Azad olur
Ağlar, qaralar.
Fəqət bizim Azərbaycanda
Orta əsrin
bidətlər var.
Düşünürsən,
Fikirlər qızarmış dəmir
tək
Beynini yandırır,
Əlini
yandırır,
Dilinə
alırsan
Nəfəsin od tutur,
Dilini yandırır...
İyirminci əsr ayaq tutduğu gündən
Üç dəfə şahla
üz-üzə duran,
Üç dəfə hökumət
quran,
Öldürən, ölən,
Döyüşdə üzü dönməyən,
Azadlıq üçün torpağa
düşən,
Fəqət ayaqlarda sürünməyən
Bir xalqın
Haqqını qəsb etmiş ağalar.
Nə ana dilində məktəbi
var.
Nə də əlifbası.
Budur Tehranın qisası...
"Milləti-qəyyur..." deyə
Kürəyinə əl vurub
Dilini kəsirlər
bir millətin.
Görək kim qanıyla bahasını verəcək
Bu cinayətin!
Şərq xitabət kürsüsünə
qalxdığı,
Qaralar ağların hakimiyyətini
yıxdığı
Bir zamanda
Ana dili qadağan
olmuş Azərbaycanda.
Bir həddinə baxın zülmün...
Səfəvilərin qanun yazdığı dilə
Kilid vurmuş
cəlladın birisi.
Baxırsan,
Nə dili söz tutur,
Nə də
Beş qara pula dəyər
Dərisi...
İndi
dilimiz "məhəlli"
Nəğməmiz "məhəlli",
Özümüz "məhəlli" olmuşuq.
Nizamisi dünyaya sığmayan
Bir xalq,
Bir məhəlləyə dolmuşuq!
...Filosof dostum!
İndi
elə oğul istəyir vətən
Düşmənlərin başına
Alov töksün
dilindən.
Qalxıb
Savalan dağına
Bir millətin dərdini
Bütün Şərqə bağırsın.
Qoy qoca Şərq eşitsin
Dili bağlı,
Qolu bağlı,
Sinəsi
çarpaz dağlıların
Səsini...
Qoy bilsin
Azərin
taleyilə oynayan ağalar;
Kül sovuşmamış!
Köz sönməmiş!
Odla oynayanın
Ya əli,
Ya da saqqalı yanar...
İndi
elə oğul istəyir vətən
O, Səttərxan ürəkli,
Xiyabani nəfəsli,
Möcüz niyyətli olsun.
Qılıncının odundan,
Sözünün qüdrətindən,
Şeirinin siqlətindən
Düşmən el-el qovulsun!
Ey filosof dostum!
İndi
elə oğul istəyir vətən
Füzulinin "nəzmi-nazik"
Yazdığı dildə
Yadlara meydan oxuya bilsin.
Xətai
qılıncıyla
Neçə top zəncirini qıra
bilsin
On nəfərlə
Min nəfərə qarşı
Dura bilsin...
...İndi zamandır.
Elə oğul istəyir vətən
Dişilə zənciri qıra
bilsin,
Süngü qabağında
Sinəsilə dura bilsin.
Ağır tankları əritsin nəfəsi.
Top gülləsindən uzaq getsin
Haqq deyən səsi...
Bir əli İsfahanda olsun,
Biri Mahabadda.
Neçə görkəmdə,
Neçə adda
Milləti toplaya bilsin
Bir bayraq altına.
Qoy İran yenidən qalxsın
İnqilab altına.
Bir yumruq kimi birləşsin
Sözün,
Qılıncın,
Şeirin qüdrəti.
Azadlıq təşnəsi milləti
Apara bilsin ardınca...
Razısan deyəsən!
Düşünəndə bir az,
Axı başqa yolu yoxdur
Bəşəriyyətin!
Nə qədər gücsüz olsa da
Səsini
boğub,
Radikalını almaq olmaz
Bir millətin!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.17.