İstiqlal İstiqbal şeirləri

 

Mədinə GÜLGİN

 

Azərbaycan

 

Qızıl günəş göy üzündə güləndə,

Nəğməsini, quşlar bağ-bağ böləndə,

Mən göz açıb bu dünyaya gələndə

Bəxt ulduzum burda yanan olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

 

Tappur-tappur addım atıb gəzmişəm,

Gülə batıb, şehə batıb gəzmişəm.

Əllərimdən anam tutub gəzmişəm,

Sevincimiz coşğun ümman olubdur.

İlk beşiyim Azərbaycan olubdur.

 

Yollar açıb qucağını gəl deyib,

Səninlədir oba deyib, el deyib.

Ürəyimin sözləridir, dil deyib,

Könlüm sözlə dolu cahan olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

 

Bəzən yolum yoxuş olub, qalxmışam,

Haray salıb şimşək kimi çaxmışam.

Nəğmə olub ürəklərə axmışam,

El sevgisi mənə bəyan olubdur.

İlk beşiyim Azərbaycan olubdur.

 

Sevincimə gözdolusu gülənim,

Nisgilimi, istəyimi bilənim,

Dar ayaqda harayıma gələnim,

Havadarım hər bir zaman olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

 

Çağlamağı bulaqlardan almışam,

Boy atmağı qovaqlardan almışam.

Əzəməti bu dağlardan almışam,

Gül-çiçəyi dərdə dərman olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

 

Laylalarım qüvvət verib canıma,

Laylayımçun qurban olum anama.

Bu analı, bu laylalı dünyama

Doğma torpaq mehriban olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

 

Yuvası var körpəcə bir quşun da,

Mənası var qayanın da, daşın da.

yaxşı ki, könlüm coşub-daşanda

Nəğməm burda havalanan olubdur,

İlk beşiyim Azərbaycan olubdur.

 

 

Hazırladı: Dilsuz

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.17.