Bayraq

 

Dalğalan! Şanlı zəfər nitqi kimi ərşə yayıl!

Oyan, ey dünya, oyan! Onu gör, sən ayıl!

Şəhid olsam, yemə qəm, gəl məzarım üstə qoyul!

Sənin uğrunda ölərsəm, mənə xoşdur, mənə xoş,

Kükrə ümman kimi, nəhr ol ləpələn, daima coş.

 

Türkün qanı hopmuşdur onun rənginə, dur bir bax,

Sellər kimi daş, göy kimi coş, şimşək kimi çax,

Uca ol, enmə yerindən, düşmənin bağrını yax!

Yolumu gözləyir amma hələ bir şanlı savaş,

Hələ uğrunda gedəcəkdir neçə can, gör neçə baş.

 

Min illik bir yolu vardır bu Vətən torpağının,

Ümmanı, bozqırı vardır bu Vətən torpağının.

Hürrü var, özgürü vardır bu Vətən torpağının!

Adı Türk, ünvanı İslam, başı üstündə sancaq,

Südünü Qurddan əmən Hürr olacaqdır ancaq!

 

Önündə diz çökənin, baş əyənin var olsun,

Səni sevməz biri varsa, bu cahan dar olsun,

Duamı sonda deyimRəbbim sənə yar olsun!

Rənginin hər çaları, hər üzü göydən gəlmiş

Daha enməz ucalıqdan, çün bir kərə yüksəlmiş!

 

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti. -2018.- 26 may.- S.21.