Xəlil Rza ULUTÜRK:
XX əsrdə
türk xalqları üçün türkçülük
ideologiyasından
böyük amal olmayıb
Cümhuriyyət
və hürriyyət sevdalısı Xəlil Rza Ulutürk bu
məktubu mənə yazanda mənim indiki
yaşımdaydı. Mən isə 21 yaşında, Uzaq Sibirdə
əsgəri xidmətdəydim. Sovet imperiyasının da
dünyaya meydan oxuduğu zaman idi. Elə bir zaman ki, kimsə
kiməsə belə bir məktub yazmağa cəsarət etməzdi.
Xəlil bəy isə mənə bir-birinin ardıyca 22 belə
məktub yazdı. Əslində bu məktublar mənə
deyil, bütöv Azərbaycan gəncliyinə, türk birliyinin
gələcəyinə ünvanlanmışdı.
Azər TURAN
Günaydın, qardaşım, sirdaşım Azər!
Bu səhər ayaqüstü oxuduğum məktubunu axşam evə qayıdarkən yenidən oxuyuram. "Oxuyuram!" demək azdır, şərbət kimi içirəm. Əslində, məktubunu yenidən oxumaq və nuş etmək üçün evə bunca tez qayıtmışam.
Özündən xəbərin yoxdur, Azərim!!! Sən qüdrət qaynağısan, fışqıran, fəvvarələnən eşq bulağısan, "XXI əsrə böyük, məğrur, cəsur və dəli bir Azərbaycan gəlir!" Məgər həmin Azərbaycan elə bizim Xəlil ilə məktublaşan Azər kimi oğullar deyilmi? Xəsislik etmə, sən mənə öz hərbi xidmətini təfsilatı ilə yaz. Yaz görüm necə silahlanmısınız. Hərbi məşqləri nasıl keçirsiniz? Necə dizin-dizin, dirsək-dirsək sürünürsünüz? İrkutsk qalasının təsvirini ver, arkadaşlarının zahiri və mənəvi portretini çək. Bəlkə qələmimə ilişdi. Bəlkə "Döyüşçü məktubları" qonusunda bir dastança uydura bildim. Nəzərə al ki, orada bizimkilərin hərbi xidmətilə bağlı hər şey məni ilgiləndirir.
Belə
bir rəvayəti yada salıram. Qədim Turan orduları yurdun
bağımsızlığı (istiqlalı) uğrunda
döyüşlərə atılarkən elatda dəliqanlılardan
çoxunun cəbhəyə könüllü getdiyini görən
bir gənc döyüş məntəqəsinə gəlir.
Ağsaçlı sərkərdəyə üz tutur,
döyüşçülüyünə izn verilməsini
diləyir. Gənci sorğu-suala tutan, bu sorğularsız da
onun kim olduğunu yaxşı bilən sərkərdə:
- Yox! -
deyir - Oğul, sən yeddi bacının bircə
qardaşısan, səni əsgər götürə bilmərik!
Bu
açıqlama dəliqanlını təmin etmir:
- Yox, ulu
Sərkərdə! Mən döyüşçülükdən
geri dönə bilmərəm. Tanrı məni yaradıb ki, 7
bacımın namusu keşiyində dayanım!
Bəli,
arkadaşım Azər! Yaraq dostlarına bildir ki, Vətənin
namusunu qorumaq üçün
döyüşçülüyü bacarmalıyıq.
Əlimiz də silahlanmalıdır, beynimiz də…
…Necə
zavallı, necə miskin imiş "Ocaq" yazarı Zori
Balayan. Bəşəriyyətə sazı və Misri
qılıncı, muğamatı və xalça gülzarını,
Naxçıvan və Səmərqənd
memarlığını, Nəsimi və Füzuli xəzinələrini,
Nəvai və Tofiq Fikrət dühasını, qonaqsevərlik
və eşq məktəbini, Fərabi, Bəhmənyar, Nəsirəddin
Tuslu, Ələkbər Sabir, Müşfiq möcüzələrini,
Məhdimqulu, Vaqif, Musa Cəlil dürdanələrini bəxş
etmiş bir milləti, yaxud millətlər
qovşağını dönə-dönə, utanmadan, həyasızlıqla
"vəhşi", "barbar", "mədəniyyətsiz
köçəri", "başkəsən"
adlandıran, bu cür başından yekə
danışmağa ağız bəhəm edən
zatıqırıq nə qədər dargöz və cahil
imiş! Ədəbi xuliqan, yaxud ədəbsiz dələduz
Zori özünü zora salaraq Oljas Süleymenovun böyük
alim-şair qələmindən çıxmış "Az
i YA" kitabını ləkələmək
üçün necə də dəridən-qabıqdan
çıxır. Türk kainatı ilə rus arasında
ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri
qızışdırmaq, alovlandırmaq qəsdilə
sonuncunun ardından girib ağzından çıxır və
əksinə.
Bəşəriyyətin
tarixi yalnız müharibələr tarixi deyil, həm də və
ən başlıcası, millətlərin bir-birilə əməkdaşlıq,
gör-götür, öyrənmə,
qaynayıb-qarışma, alver, ticarət tarixidir. Ruslar
türklərə qız vermiş, qız almışlar ki,
qohumlaşsınlar. İki bacının birini türk, birini
rus alırsa qohumluq yaranır. Bu halda rus Türkü bacanaq
(peçeneq) adlandırır. Məşhur "peçeneqlər"
ifadəsi buradan törəyib. İndi rus etnogenezinə daxil
olan və öz Şoloxovu ilə fəxr edən kazaklar, əslində,
dünənki türklərdir. "Belaya qus" denilən
"Ağ qaz"ı özünə totem seçənlərin
inamı, etiqadı verib onlara bu adı. Qədim slavyan, o
sırada rus mədəniyyətinin dərin qatlarında
aydın və möhtəşəm bir türk layı var.
Oljas Süleymen öz kitabında bu günəş kimi həqiqətlərin
yalnız bir qığılcımını deyir və bu həqiqət
qığılcımı Zori Balayanı cin atına mindirir.
"Az i Ya" kitabını "Aziyasentrizm"də - Asiya
mərkəzçiliyində, panislamçılıqda,
türkçülükdə ittiham etmək üçün
dəridən-qabıqdan çıxan zavallı türk
respublikalarında əhalinin say artımından, aman Tanrı,
necə qorxur və yeganə nicatını "sovetskiy
narod", "edinıy splav" gerçəkliyində
arayır. Kimisə qızışdırmağa
çalışır ki, bu artan ulusları ümumsovet dəyirmanında
üyüdüb "vahid ərintiyə" çevirsin. Sən
bu döyüşlərin ön atəş xəttindəsən,
Azərim! Silahdan bərk yapış!
… Sənə
iki mətləbi açmaq istəyirəm. İnanıram ki,
gələcəkdə bunları qələmə ala bilərsən.
Birinci mətləb budur ki, antitürk, antiislam mövqeyi
tutduqları halda biz bir çox yazıçı, şair və
filosoflarımızı böyük yurdsevər kimi qələmə
vermişik, çarın əleyhdarı kimi tərifləmişik.
Əslində, bunlar nəinki çarlığa qarşı
çıxmayıblar, əksinə, çar əskəri
olublar:
Yapalaq
osmanlı, buna bax kişi,
İstəyir
yerisin tərlan yerişi! -
deyən
şairi nəinki tərifləmək olmaz, bəlkə bu
gün həmin misraların aid olduğu ideologiyanı mənəvi
edam kürsüsünə qaldırmalıyıq. Rüsvay
etməliyik! Azərbaycanın mənəviyyat tarixini
saxtalıqlardan, yalandan çirkabdan təmizləməliyik.
Bunsuz irəli bircə addım da atmaq olmaz. İşə bax
ki, muğamat və Füzuli səviyyəsində mədəni
keçmişi olmayan qazax türkləri bu gün bizdən irəlidədirlər.
Qırğızlar da eləcə. Bu ulusların
böyüklüyü bundadır ki, hazırda müstəqillik
amalına layiq oğullar yetirə bilirlər. Oljas
Süleymanın, Çingiz Aytmatovun səsi yalnız
qırğızların, yalnız qazaxların deyil, ümumən,
bütün sovet türklərinin səsi kimi yüksəlir.
Bizdə bu cür şəffaf və qüdrətli səs,
deyəsən, yox kimidir. Nədir bunun səbəbi?
Görünür, biz etnik qeyrətimizi itirmişik, yaxud itirmək
təhlükəsi qarşısındayıq. Bu faciənin
çoxlu səbəblərindən biri… ovlanmışlara,
tovlanmışlara həddindən artıq güzəştə
getməyimizdir, az qala, pərəstiş etməyimizdir.
Çarlığın qazanında bişirilmiş bu
ideologiyaya təslim olmaq ucbatındandır ki, şərqdən
gələn hər nə varsa, pisləmişik. İslam pis,
sufilik pis, əxilik pis, vəhdəti-vücud fəlsəfəsi,
panteizm pis, hürufilik yarı pis, yarı yaxşı.
Ziyalılarımızın çoxu unudublar ki, bu pis qiymət,
əslində, çarın verdiyi qiymətdir, yəni sənin
qanını soran qüvvə həm də beyninin şirəsini
sormaq uğrunda düşünüb, nəqşə qurub. Sən
tora düşdüyün halda Çukot ("çox ot"
anlayışındandır) yarımadasından Şərur
mahalınadək qanad gərən əzəmətli
hörümçəyi görməmisən.
XX əsrdə
türk xalqları üçün türkçülük
ideologiyasından böyük amal olmayıb. İşə bax
ki, çarlıq mövqeyində duranlar, onların yerli
nökərləri bu böyük amalı da ləkələməyə
çalışıblar. Məsələn, bizim Ə. M. kimi
alimciklər Əli bəy Hüseynzadəni türk casusu kimi
qələmə verib, peyğəmbər səviyyəli bir
ulu kişinin üzünə tüpürməkdən
utanmayıb. Özü casus ola-ola layiq olduğu epiteti verib
dahiyə! Halbuki, biz redaktoru Əli bəy Hüseynzadə olan
"Füyuzat"ın hər nömrəsini qızıla
tutub qorumalıyıq, faksimelisini çıxarıb yenidən
nəşr etməliyik. "Əkinçi"nin, "Molla Nəsrəddin"in
daha yüksək mərhələsi
(aşaması) kimi dəyərləndirməliyik.
Çünki "Füyuzat" yalnız çar
istibdadına qarşı deyil, həm də eyni qətiyyətlə
Sultan Türkiyəsi istibdadına qarşı
çarpışmışdır. V.İ.Leninin dəqiq bir
müşahidəsi var ki, burjuaziya gəncliyində mütərəqqi
rola malikdir, onun feodalizmə və xarici
işğalçılara qarşı mübarizəsi tarixən
ədalətlidir, alqışa layiqdir. Bu düstur nə
üçün Azərbaycan burjuaziyasının meyillərindən
kənarda qalmayan "Füyuzat"a aid edilməsin?
Görünür, yaltaqlıq və ikiüzlülük elə
bir səviyyəyə gəlib çatıb ki, bu ictimai
yaltaqlar çarlığın mədəsində qurd
olmaqları ilə də fəxr edirlər, muğamatdan
tutmuş qoşmaya, qəzələ, bozbaşa qədər
bütün maddi və mənəvi nemətləri
tapdayanları da görmüşük…
Yazılmağa
layiq ikinci mətləb də elə, əslində, birinci mətləbin
davamıdır. Bizim hətta Mirzə Cəlil kimi dahilərimiz
belə türkçülüyün nə boyda böyük
ideologiya olduğunu gərəyincə dəyərləndirə
bilməyiblər. "Böyük şərə
qarşı böyük xeyiri qoymaq gərək!"
düsturu çoxlarına çatmayıb. "Parçala,
hökm sür!" siyasətini əldə tutalğaya
çevirmiş çarlıq elan edib ki, yaqut xalqı, sən
qəhrəmansan! Türkmən xalqı, sən igidsən!
Qırğız xalqı, sən bahadırsan! Hərəsinə
bir əlifba veriblər, hərəsinin fərdi cəhətlərini
şişirdib göylərə qaldırıblar. Nəsimini,
az qala, türkmənlərin əlindən alıblar. Yaxud
"Qisseyi-Yusif" yaradıcısı Əli yalnız tatar
sərvəti elan olunur ki, Azərbaycan türkləri bu
qaynağa əl atanda tatar ilə toqquşsun və qardaş
türk ulusları arasında ixtilaf qızışsın.
Əslində, biz ümumi qaynaqlarımız, ümumi abidələrimiz
ilə daha çox fəxr etməliyik. Orxon-Yenisey
yadigarlıqları, Balasaqunlu Yusif qələmindən
çıxmış "Qutadqu Bilik", Əli
ilhamının vergisi "Qisseyi-Yusif",
"Koroğlu", "Dədə Qorqud",
"Alpamış", Yunis Əmrə, əslində, birləşdirici
sərvətdir, parçalanmış türk mədəniyyətlərini
birləşdirməyə çağıran qüvvənin
özəyidir. Mən fəxr edirəm ki, Xəzər dənizinin
bu tayında Vaqif, o tayında eyni qüvvəli, bəlkə
filosofluqda daha yüksək mərtəbəli Məhdimqulu
yetişmişdir. Mən fəxr edirəm ki, eyni dil həm Nəvaini
yetirib, həm Füzulini! Heykəli qızıldan qoyulmağa
layiq Əli bəy Hüseynzadə bu amal yolunda
sümüyünü də qurban verdi, şöhrətini də.
Ucuz şöhrətə çatmağa nə var ki? Halal və
böyük şöhrət yiyəsi olmaqdır kişilik
çaları!
… Nizami
adına Ədəbiyyat İnstitunun buraxacağı
altıcildlik "Ədəbiyyat tarixi"nin layihəsi məni
dəli, divanə edib. Bu plan Azərbaycana xəyanətdir!
Birinci cild bütün Azərbaycan
uyğarlığının (mədəniyyətinin)
özülü olmalıdır. Birinci cildi başdan-başa
"Dədə Qorqudun kitabı"na və bu əvəzsiz
abidəni yetirən qaynaqlara, Alp Ər Tonqaya, Orxon-Yenisey yadigarlıqlarına,
dahi Balasaqunlu Yusif qələmindən çıxmış
"Qutadqu-bilik" xəzinəsinə verməliyik.
Türkdilli ədəbiyyatın böyük
yaradıcısı Əlinin yaratdığı
"Qisseyi-Yusif" burada Nizami "Xəmsə"si ilə
yanaşı yer tutmalıdır. Ən nəhayət, birinci
cildi misilsiz folklor sərvətlərimizə, bu sərvətlərin
şərhinə həsr etməliyik. Halbuki bu cildin nəqşəsini
tutanlar ərəbdilli, farsdilli şairləri ön plana
çəkmiş, pəhləvanı cırtdanın
ayağına bağlamışlar…
… Nə qədər
ki, türk ulusları yaşayır və boy atır, yüksəlir,
keyfiyyət və kəmiyyətcə artır
türkçülük ideologiyasını məhv etmək
mümkün olmayacaqdır. Əksinə, bu ideologiyanın
daha da qüvvətlənməsi, gerçək bir qüdrətə
çevrilməsi təbiidir. Məncə, işə buradan
başlamalıyıq ki, türk dillərini yabançı,
tüfeyli sözlərdən təmizləyək. Qazax dili
türk dilləri içərisində ən saf,
güclü, zəngin bir dildir, misilsiz xəzinədir. Biz
tatarcanı, türkməncəni, qazaxcanı, özbəkcəni
yabancı kəlmələrdən təmizləyə bilsək,
bu dillər getdikcə bir-birinə yaxınlaşar. Bizim
ümumi ünsiyyət vasitəmiz isə Türkiyə
türkcəsi olmalıdır.
Əlbəttə,
türkçülüyü yalnız ideologiyaya deyil, həm
də maddi qüvvəyə çevirməyin yollarını
tapmaq sənin və sənin yaşıdlarının boynuna
düşür. Hər halda burası aydındır ki, birinci
dərəcəli, təxirəsalınmaz iş - türk dillərindən
hər birini arıtmaq, təmizləmək, zənginləşdirmək
və dövlət dili səviyəsinə qaldırmaqdır.
Bundan vacib işləri də siz özünüz kəşf
etməlisiniz: siyasi hakimiyyəti ələ almaq,
ehkamçılardan təmizləmək bu vəzifələr
sırasındadır.
… Sənin
qarşında çox çətin vəzifələr
dayanır, Azər bəy. Azərbaycan mənəviyyatını
xıltdan təmizləmək asan iş deyil. Ən
güclü ziyalılarımız, ən yaxşı
şairlərimiz belə haradasa yaralı, haradasa şikəst,
haradasa ləkəlidirlər. Bu qədər yaranı nasıl
sağaldalım? Bu qədər şikəstləri nə
cür ayaq üstə qoyalım?
Dostun Xəlil
Rza
XX əsr,
Türkan.
(19 iyun
1985)
Xəlil Rza ULUTÜRK
Ədəbiyyat qəzeti.- 2018.- 26
may.- S.14-15.