"Geriyə baxma, qoca"nın
hürriyyət sevdası
"Biz təzə
paltarlarımızı çıxarıb köhnə
paltarlarımızı geyinirdik ki, kənd əhlindən
seçilməyək. Anam nimdaş kəndli paltarında mənə
çox qəribə görünürdü. Atam da
gümüşü papağını saçaqlı kəndli
papağı ilə əvəz eləmişdi. Bahalı
şibilit çəkmələrini çıxarıb ucuz
çust və köhnə kəndli arxalığı
geymişdi… Bizə xəbər çatdı ki, Bayram babamgil
də keçib Arazın o tayına. Bizim kəndin
yoxsulları dəstə-dəstə orada-burada
toplaşıb, nə haqdasa hərarətlə
danışırdılar. Anam onlara
acıqlı-ıcıqlı baxıb dedi:
-
"Yoldaşlar"ı gözləyirlər.
Nəhayət,
bir gün kimsə şəhərdən xəbər gətirdi
ki, "yoldaşlar" gəlirlər… Qoluna
qırmızı parça bağlamış Cavad bərkdən
qışqırdı: "Yaşasın Şura hökuməti!"
Unudulmaz
İlyas Əfəndiyev "Bu, mənim həyatda hiss elədiyim
birinci böyük ziddiyyət idi" - deyə
xatırladığı dövrün mənzərəsi beləydi.
Tariximizin parlaq səhifəsi, milli sərvətimiz olan Azərbaycan
Demokratik Cümhuriyyətinin 23 aylıq fəaliyyətdən
sonra süquta uğradığı, qırmızı
bolşevizmin ölkəmizə işğal basqısının
ilk dəqiqətlərinin bədii təsviri bu
ağrılı sətirlərdə birər-birər
yansıyır. Eyni zamanda bizə anladır, xatırladır;
hər bir xalqın taleyində ağrı-acı, təəssüflə
dolu "elə məqamlar, sıxıntılar olub ki,
yaşatdığı acılara baxmayaraq bu yaşantılar
daha çox həmin xalqın azadlıq, müstəqillik
yolunda hürriyyət əzmini, mənəvi
potensialını ehtiva etdiyindən sonralar qürur mənbəyinə
çevrilir".
Sonralar, yəni
sovetlərin hökmranlığı dönəmində
pünhan, o dönəmin çöküşüylə
aşkar qürur yerimizə dönən Cümhuriyyətin məğlubiyyət
acısı İlyas Əfəndiyevin yaddaşında belə
yaşayır, ustad sənətkarın "Geriyə baxma,
qoca" əsərində belə tarixləşir:
"Qaçaq Bahadurla üç yoldaşı qabaqda, biz də
onun ardınca hər yerdə şosse yoldan kənar,
çölləmə gedərək axşamçağı
çatdıq Güney Güzdəyə. Qubad əmim:
- Hə,
deyəsən, "yoldaşlar"dan ürküb
yayınırsınız, - deyə zarafat elədi.
Mən
onda qəribə bir ruh yüksəkliyi hiss elədim.
Anam
istehzalı təbəssümlə dedi:
- Deyəsən
"yoldaşlar"ın gəlməyinə sevinirsən?
Qubad əmim
dedi:
- Niyə
sevinməyim, "yoldaşlar" mənim kimi ayağı
çılpaqların hökuməti deyil?
Anam ona
kinli bir nəzər salıb dedi:
- Yoxsa elə
bilirsən onların vaxtında əfsər çəkməsi
geyəcəksən?
Və bu
dünyagörmüş anamın bütün hirsi-hikkəsi
bir azdan "qırmızı parçadan beşguşəli
ulduz kəs, tik papağımın qabağına" deyən
balaca oğlunun üstünə töküləcəkdi; belə,
bu cür: "İtil o yana!"
Bu, ilk
növbədə Azərbaycan qadınının, Azərbaycan
insanının Cümhuriyyət ağrısından, nisgilindən
qaynaqlanan və bolşevizmə olan hədsiz nifrətin
püskürməsidi. O gözəl ana qəti şəkildə
inanırdı ki, bolşeviklər gəldikləri kimi də
rədd olub gedəcəklər. Ancaq bilməmiş də
deyildi ki, bu xəmir hələ çox su aparacaq, ümidlər
puç ediləcək, evlər, talelər yağmalanacaq.
Ağına-bozuna baxmadan soyacaqlar bu milləti: "Anam
boyunbağılarını, iki-üç
üzüyünü, qızıl qol saatını, balaca bir
medalyonunu, bir neçə xırda-xuruş arvad zinətini gətirib
tökdü çeka işçisinin qabağına…
- Olan
budur, inanmırsınız axtarın.
Bizim yerli
adamlardan olan Dəllək Əmrah "yoldaş Cəmilov, -
dedi, - bu arvad yalan deyir, icazə verin evi axtaraq".
Dövrün,
zamanın ovqatı beləydi. Və bu ovqatın acısı,
nisgili bütün ömrü boyu İlyas müəllimin
iç dünyasında qövr etdi. Və elə qövr
etdiyindən, acı-acı közərdiyindən də
görkəmli xalq yazıçı hələ sovet hökumətinin
qılıncının dalının-qabağının kəsdiyi
bir dönəmdə - ötən əsrin səksəninci illərində
bu xatirələrini yazıb, bolşevik əlalatılarının
üzünə çırpmaqdan, gözünün içinə
deməkdən çəkinmədi. Bu cəsarəti ona uzun
illər boyunca azadlıq, özgürlük gününün
yetişəcəyini ən pünhan söhbətləri ilə
anladan valideynləri, şanlı Cümhuriyyət
qurucularının nigaran və hər vaxt oyaq ruhu verirdi.
Böyük Füzulidən əxz etdiyi mətləblər
anladırdı:
Zillət
ilə ləzzəti olmaz həyatın,
dustlar,
Nəğd-can
səf eyləyib,
dünyadan kam almaq gərək!
Fəxr
eləyirdi ki, yüzillər boyunca bu atəşin
çağırış millətinin mənəvi və
cismani köləliyə qarşı üsyanının, məslək
və etiqad uğrunda mübarizəsinin təməlində
durur. Və İlyas Əfəndiyev hər vəchlə
"Geriyə baxma, qoca" əsərinin hər sətrində
(elə o biri əsərlərində də) xalqının qəlbində
bəslənən azadlıq atəşinə sönməz
bir çınqı, qığılcım əlavə
edirdi, milləti "vətən eşqi məktəbində
can verməyə" hazırlayırdı. Eyni zamanda öz
unudulmaz doğmalarının dililə qırmızı
bolşevizmin iç üzünü, mahiyyətini elə o
sistemin öz hökmranlığı dövründə
açıb-göstərir, ifşa edirdi: "Mən anama
dedim: - Yəqin ki, burada da fəhlə-kəndli hökuməti
qurulsa, tay bəy oğlanları heylə lovğalanmazlar.
Atam təəccüblə
mənə baxdı:
- Bu
uşaq ya gicdi, ya əllamə!
Anam dedi:
-
Uşağa ad qoyma, gic niyə olur?!
-
Görmürsən, yaşından böyük elə
danışır ki, elə bil anadangəlmə bolşevikdi.
Tay xəbəri yoxdur ki, burada şura hökuməti qurulsa
bunun atasını, babasını güllələyərlər.
Mən də
gözlənilməyən bir ötkəmliklə dedim:
- Sizi nə
üçün güllələyirlər? Siz bəy-xan nəslindən
döyülsünüz ki?
Atam yenə
də təəccüblə baxdı, anam bərkdən
güldü. Atam bu dəfə, nə üçünsə həmişə
olduğu kimi acıqlanmayaraq, mülayim səslə izah elədi:
-
Bolşeviklər təkcə bəyləri, xanları deyil,
bütün varlıların düşmənidir. Deyirlər
heç kəs dövlətli olmasın! Hamı Fətiş
kimi lüt olsun".
"Geriyə
baxma, qoca" 1980-ci ildə tamamlanıb (və uzun illər
boyu İlyas müəllimin yaddaşında yol gəlib). Həmin
o 1980-ci ildə Sovet İttifaqının siyasi mövqeyini
göz önünə gətirsək, bilməliyik ki,
yuxarıda istinad etdiyimiz sətirlər İlyas Əfəndiyevin
simasında, əslində, bütün Azərbaycan
ziyalılarının, dövlət rəsmilərinin,
ümumən, millətimizin sovetlərə olan
üsyanını, dönməz iradəsini, mövqeyini ifadə
edirdi.
Və
bütövlükdə İlyas Əfəndiyevin
yaradıcılığı milli müstəqilliyimizin bərpasına,
ölkəmizdə totalitar sistemin çöküşünə
aparan mübarizə yolunda fədakar "Əməl... Əməl!..Əməl!.."
çağırışı kimi dəyərlidi.
"Geriyə
baxma, qoca"nın sevimli nağılçısı,
söyləyicisi Murad təbii ki, "ədibin özü
deyil, İlyas Əfəndiyevin özündən çox
İlyas Əfəndyievin İlyas Əfəndiyev haqqında təsəvvürüdür.
Bir obraz kimi o, həyatdan çox, yaddaşdan
süzülüb gəlib və ədibin
uşaqlığı ilə ağsaqqallığı
arasındakı vəhdətdən doğulub"
(Elçin).
Lakin
Cümhuriyyət dönəminə olan sonsuz sevgisi (eyni zamanda
nisgili), bolşevizmə bəslədiyi kini, azadlıq
düşüncəsinin sonsuzluğu ilə Murad həm də
İlyas Əfəndiyevin özüdü, bütün
halıyla ustad sənətkarın böyük həyat istəklərini
ifadə edir.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 26
may.- S.15.