Parlamentin poetikası:
gülüş məqamı
1918-20-ci illərdə mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin milli parlamentində gülüş ovqat dəyişdirən xüsusi intonasiya forması, bütün fraksiyalardan olan deputatları birləşdirən "oyun"un adı olur. Parlament yumoru "özünün axır sözünü səsləndirməsə də, hansısa həqiqəti simvolizə edir" (Z.Freyd).
Gülüş janrları və formaları (lətifə, paradoya, atmaca, zarafat) parlament üzvlərinin başqa nitq janrlarında (informativ, ekspressiv, performativ) "yuva salır", yəni "mətn içində mətn" kimi çıxış edir. Bunu parlamentin stenoqramlarından, iclas protokollarından aydın görmək olur.
Milli qanunvericilik orqanının ciddi, bəlağətli ritorikası gülüşün kontekstini, yaxud gülüşə münasibəti dəyişdirir. Parlamentdə gülüş dialoq mahiyyətlidir. Gülüş formaları və janrları deputatlar arasında qarşılıqlı əlaqənin formalaşmasını, qaynayıb-qarışmasını şərtləndirir, rəsmiyyət və ciddiyyət havasını azaldırdı. Gülüş janrları bir semiotik məkanda müxtəlif elementləri (sözü və jesti - mimikanı, səs-küyü) birləşdirir. Böyük rus dilçisi A.Reformatski təxminən yarım əsr bundan qabaq qeyd edirdi ki, şifahi kommunikativ aktda bir neçə işarə sistemi rahatca və sıx şəkildə qarşılıqlı əlaqəyə girir, Alqış və gülüş səsləri lətifələri və pritçaları müsayiət edir, parlamenti semiotik məkan kimi formalaşdırır. (məsələn: "Mənim əqidəmə görə böyləliklə Azərbaycanın işini düzəldə bilmərik. Yoldaş yoldaşa tən gərək, tən olmasa, mənim əqidəmcə lap gen gərək (səslər: "Doğrudur… doğrudur… Gen olsun: Gülüş, alqış)", yaxud Rəhim Vəkilovun çıxışından: "Doğrudur, bir narazılığı rədd edə bilmərik. Bəlkə bu tənqidlər Hökumət gedəndə gələn nazirlər üçün nəsihət olsun. Yainki heç bir şeyə dəyməz. Məsəl var ki, deyirlər ölənə ya rəhmət oxuyarlar, ya da heç nə deməzlər (ümumi gülüş və soldan alqış)"). Misalların sayını xeyli artırmaq da olar.
Azərbaycan Xalq
Cümhuriyyətinin parlamenti elə bir məkandır ki, orada müəyyən mətnlər vasitəsi
də auditoriyaya təsir edilir.
Aristotel ritorikanı başqa
elmlər arasında yerini müəyyənləşdirərkən
məhz inandırmaq üsullarına görə xüsusi fərqləndirirdi. Lətifə ritorik janr kimi
müəyyən gerçəklik faktına bağlanaraq,
mütləq nədəsə inandırmalıdır. Lətifənin
bir janr kimi ritorikliyi ondadır ki, başqasının diqqətini hansısa məsələyə,
hadisəyə yönəldir. Deputat
Əsədulla Əhmədzadənin
çıxışına diqqət yetirək: "Cənub
məbuslar! Siz yorulmayasınız deyə
mən ancaq ikicə kəlmə başa düşdüyüm
şeylərdən danışacam. Bir gün Molla Nəsrəddin
oğlunu göndərdi ki,
bir kəllə alsın. Oğlu
kəlləni alıb yolda dilini,
beynini, gözünü
və ətini yedi. Ondan
sonra üstünü
örtüb, atasının
qabağına qoydu. Atası açıb
gördü ki, quru sümükdən başqa
bir şey yoxdur. Dedi ki, bunun dili nə
oldu? Dedi ki, lal idi.
Dedi - beyni nə oldu? Dedi
ki, beyni olsa idi, əqli
olardı. Dedi - gözləri nə oldu? Cavab verdi ki, kor idi. Amma gör
nə cür inci kimi dişləri
var. İndi bizim sol arkadaşlarımız da deyirlər ki, qəzetə çıxaranlar
gərək uşaq olsun, savadsız olsun, professor olsun (ümumi gülüş)".
Məhəmməd Əmin Rəsulzadənin lətifəsi (öz təbiri ilə desək, "anektod"u)
sərrast və ciddidir. - "…Burada Ağamalı oğlu bir nəzirə yaparaq bir anektod
hazırladım. Bir
də bir hekayə söyləyəlim:
"Köylünün birisi
kənddən şəhərə
ərbaba pay gətirmiş
idi. O pay içərisində
bir toyuq da var idi.
Ərbab
toyuğu almayıb deyib ki, apar
sal qazana, tüklərini üt, təmizlə ver uşaqlar yesin. Kəndli təzim ilə dedi ki,
Allah xana ömür versin, yoxsa
tüklü-tüklü yeyəcək
idik". Allah sosialistlərə ömür
versin ki, hökumət haqqında müxtəlif nəzəriyyələr
mövcud olduğunu bizə anlatdılar.
Allah onlara həqiqətən
ömür versin, yoxsa ki, biz bunu
bilməyəcəkdik".
Lətifənin sonu iki funksiyanı yerinə yetirir: ya gülüş
doğurur, ya da pritça kimi mətləbi anladır.
Bəzi deputatların fəaliyyəti,
siyasi əxlaqı və davranışı donkixotluq kimi səciyyələndirilir. Məlumdur ki,
M.Servantesin məşhur
romanının qəhrəmanı
-kasıb idalqo Alonso Kixano özünü nəcabətli cəngavər
kimi təsəvvür
edir, "süni"
şəkildə sosial
statusunu yüksəltməyə
cəhd edir ki, bu da
onu gülməli durumlara salır.
İndentifikasiya proseduru deputat obrazını "Don Kixot"
davranış stereotipinə
yaxınlaşdırır. M.Ə.Rəsulzadə
metafora üsulundan istifadə etməklə
Don Kixota işarə edir: "Onlar tənqid etdilər, fəqət bir çarə demədilər.
Çarələri yalnız pul
vermiriz, məvacibləri
artırmayız oldu.
Ağa Eminov müxtəsər nitqində nə kimi əsaslı tədbirlər görülməsi
lüzumunu göstərdi.
Tənqid dövlət nöqteyi-nəzərindən
olmalıdır. Yoxsa
əlinə bir nizə alıb, bir arıq ata
minib hər qaraltıya hücum etmək məbus işi deyildir…"
M.Ə.Rəsulzadə bir çıxışında isə
başqa fraksiyalardan olan iki deputatı
donkixotluqda suçlayır:
"Erməni fraksiyası
namin söz söyləyən zat kəndisinə sosialist adı verildiyi halda buraya bütün
erməni firqələrinin
nümayəndəsi şəklində
çıxdı. Çıxdı da bizim sosialist
ittihadçıların birləşməsindən
təəccüb etdi
və böylə bir hal Don Kixotluq
saydı.
Əcəba, müxalifət yapmaq
erməni burjua və kadetlər ilə birləşən sosialist daşnaksütyunun
məmləkətlərinin işlərini hüznü
idarə üçün
böylə müşkül
bir zamanda birləşməsi lazım
görən və digər milli firqələrlə birləşdirən
sosialistlərin hərəkatına
Don Kixot adı vermək kəndi ən böyük donkixotluq deyilmi?".
Aslan Səfikürdskinin
onu donkixotluqda ittiham edənlərə cavabı gülüşlə
qarşılanır. "…And olsun
Allaha, qəribə şeydir. Ələlxüsus
da məndən əvvəlki Don Kixot gördü ki, Rusiya dirilmədi, Denikinin işi xarabdır… Bir də Malxazyan
deyir ki, mən guya denikinçiyəm.
Buyursun, ikimiz də yeriyək, görək hansımız Don Kixot ilə (ümumi gülüş)".
Stenoqramları oxuyanda bəzən adama elə gəlir ki, Səmədağa Ağamalıoğlu
parlamentdə sanki trikster funksiyasını yetinə yetirir. Trikster (Trikster
almanca - "zarafatçıl,
təlxək" deməkdir)
ciddi mif qəhrəmanının komik
oxşarıdır. Əgər
belə müqayisə
mümkünsə, Əhməd
Cövdət Pepinov, Həsənbəy Ağayev,
Məhəmməd Əmin
Rəsulzadə ciddi mif qəhrəmanlarıdırsa,
S.Ağamalıoğlu sanki
onların komik oxşarıdır. Bütün müzakirələrdə
fəal iştirak edən S.Ağamalıoğlu
hardasa bir kəndçi sadəlövhlüyü
və səmimiyyətilə
(və müdrikliyi ilə!) məsələlərə
münasibətini bildirir.
Onun zoometaforaları (hüriyyət
yumurtaları, hürriyyət
cücələri) gülüş
effekti yaradır:
"O zaman biz Tiflisdə
Seymdə idik. O zaman məndən soruşdular ki, inqilabın axırı necə olacaq? Dedim ki, doğrudur,
cavab vermək çətindir, amma yenə bir zənn
etdim,
dedim bax şimdi qaz yumurtalarını toyuğun
altına qoyublar, gələcəkdə o yumurtalar
çatlayıb, içindən
hürriyyət cücələri
çıxaracaqdır (Ümumi
gülüş). İndi biz də
bu hürriyyət yumurtalarını burjuaziyanın
altına qoyuruq, bunlar çıxıb qır-qır qırıldayacaq
və ördək olacaqlar. Biçarə toyuq hər
nə qədər qırt-qırt ilə qanat çalacaqsa və çapalayarsa da balaları böyüdükcə suya
tərəf qacacaqlar
(Ümumi alqış)".
Onun koloritli
danışıq obrazı
başqa deputatların
dilində də "zərbü məsələ"
dönür. Məsələn, deputat Abbasqulu
Kazımzadə, Ağamalı
oğlunun nitqini yamsılayır. Onun
nitq obrazı (nitq forması) orijinalın kopiyası olur: "Cənab təbib - ibn Məzahir, yəni Ağamalıoğlunun bir
misalı var. Deyir ki, mən bu
işə mat qalıram…"
…Parlament kimi ciddi bir məkanda
gülüş yaratmağın
bir üsulu da evfemizmlərdir. Yenə də S.Ağamalı oğlunun canlı, sadə nitqini dinləyək: "Hesab oradadır ki, Bakı kimi varlı, pullu şəhərə Azərbaycanın
üç dəfə
pulu getməlidir, ya getməli deyil? Mən deyərdim ki,
nəinki Bakıya, hətta qeyri şəhərləri də
nahaq yerə buraxmışıq. Zəmanə dolaşıq olduğuna görə biz də bu işi buraxdıq.
Elə zənn etdik ki, bir dəfə
aldı, daha əlini uzatmayacaq. Amma sən deməynən bu dövlətlilərimizin
də yaman bir xasiyyətləri varmış ki, bir yerə əl
tapanda daha əl çəkməzlərmiş"
(üzvlər və camaat tərəfindən alqış!).
Deputatın nitqində atalar sözündə və məsəldə bircə sözün dəyişməsi kifayət edir ki, komik mahiyyət qazansın. Bu zaman atalar sözü və məsəl öz ilkin tematik qrupundan uzaq düşür: "Mən özüm bu yaxında kənddə idim. Deyir 5 ildir arabası qoşun üçün havayı işləyir. Çünki kənd xəzinəsində pul yoxdur. Deyir get elə, işlə. Belə olan surətdə gərək kasıblara da borc verək. Onların da xəzinədə pulları vardır. Amma verilmir. Tovariş Əbilov demişkən, bilmirik Dumada oturanlar nə quşun yuvasıdır ki, pul verək. (Ümumi gülüş!).
Səslər - (Ordubad quşunun yuvasıdır)".
Parlament gülüşü XX əsr gülüş mədəniyyətimizin maraqlı hadisələrindən biridir.
Təəssüf ki, bu gülüş 23 ay sonra qırmızı İblisin qəhqəhələri altında boğuldu və Azərbaycan cəmiyyəti başqa bir gülüşün içinə girdi...
Rüstəm
KAMAL
Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.19.