Professor N.Paşayeva: "Oksford
Universitetində
keçirilən
imzalanma mərasimini elm,
təhsil və mədəniyyət
sahəsində Azərbaycanda
əsrin kontraktı
adlandırmaq olar"
May ayının 23-də İngiltərə və Azərbaycan arasında elmi, mədəni və hümanitar sahədə mühüm tarixi hadisə baş vermişdir. 2013-cü ildən Oksford Universitetində fəaliyyətə başlamış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Universitetin tərkibində daimi movcüdluğu haqqında kontrakt imzalanmışdır. İmzalanma mərasimi universitetin protokoluna əsasən XV əsrdə yaradılmış Universitetin Klarendon Kollecində keçirildi. Kontraktı Oksford Universiteti tərəfindən universitetin vitse-kansleri, Amerika İncəsənət və Elmlər Akademiyasının, Amerika Filosoflar Cəmiyyətinin və Britaniya Akademiyasının üzvü, İrlandiya Kral Akademiyasının fəxri üzvü və Edinburq Kral Cəmiyyətinin üzvü, professor Luiz Riçardson, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzi tərəfindən Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar Şurasının sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva imzalamışlar. İmzalanmış müqaviləyə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində yüksək statuslu elmi-akademik mərkəz olaraq, universitetin ayrılmaz bir hissəsi kimi, daimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Oksford Universitetinin vitse-kansleri,
professor Luiz Riçardson 7 il ərzində Şotlandiyanın
Sent Andryus Universitetinin rektoru vəzifəsində
çalışmışdır. 2016-cı il yanvarın 1-də Oksford Universitetinin
vitse-kansleri vəzifəsini tutur. İxtisasca alim-politoloq olan
professor Riçardson İrlandiyanın Dublin şəhərindəki
Triniti Kollecinin tarix üzrə bakalavr pilləsini bitirib,
Kaliforniya ştatının Los Anjeles Universitetində siyasi
elmlər üzrə magistr dərəcəsini alıb, sonra
isə Harvard Universitetində magistr və doktorluq dərəcəsi
alıb. Professor Riçardsonun tədqiqat işlərində
terror təhlükələrinə qarşı xüsusi diqqətin
yetirilməsi və beynəlxalq təhlükəsizlik məsələləri
araşdırılır. Professor Riçardsonun tədrisə
və müəllimlik peşəsinə
bağlılığı Harvard Universitetində işlədiyi
müddətdə ona Levenson mükafatı və Abramson
mükafatlarını qazanmağa imkan verdi. Onun tədqiqat
işləri elmi dairələrdə geniş şəkildə
tanınıb və professor Riçardson müharibələrin
qarşısının alınması və bütün
dünyada sülhün bərqərar olunması sahəsindəki
xidmətlərinə görə Samner mükafatına, eləcə
də, Harvard Universitetinin İncəsənət və Elmlər
Ali Məktəbinin 100-illik medalına layiq görülüb.
Professor Riçardson Şotlandiyanın Aberdin və Sent-Andryus
universitetlərinin, Dublindəki Triniti Kollecinin və
İrlandiyanın Belfast Kral Universitetinin; Rusiyanın Moskva
Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və
Qərbi-Hindistan universitetlərinin fəxri doktorudur.
Professor Nərgiz
Paşayevanın və Oksford Universitetinin vitse-kansleri Luiz
Riçardsonun imzaladıqları müqavilə Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
Oksford Universitetində yüksək statuslu elmi-akademik Mərkəz
olaraq, universitetin ayrılmaz bir hissəsi kimi, bu qədim və
dünyada tanınmış təhsil ocağında daimi fəaliyyət
göstərməsinin rəsmiləşdirilməsi mərkəzin
universitetindəki akademik uğurundan irəli gəlir. Nəticə
olaraq 2013-cü ildən həyata keçirilməyə
başlanan, Azərbaycanın və Qafqazın dil, mədəniyyət
və tarixini öyrənmək üçün nəzərdə
tutulan beşillik elmi-tədris və tədqiqat proqramına əsaslanır.
Artıq Mərkəz Oksford Universitetinin daimi bir hissəsi kimi
beynəlxalq elmi çevrələr, müəssisələr
və intelektual informasiya daşıyıcıları tərəfindən
şərtsiz qəbul olunur.
İmzalanmış
müqavilənin bəndlərindən birində Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun
kitabxanasına dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adının verilməsi qeydə alınıb. Onu da xatırladaq
ki, bir qədər əvvəl, aprel ayının 23-də
akademik Nərgiz Paşayevanın Oksford Universitetinin Bodleyn
Kitabxanasının direktoru, Amerika filosoflar Cəmiyyətinin
üzvü, Londonun antik kitab və nadir əşyaların
qorunması Cəmiyyətinin üzvü Riçard Ovendenlə
keçirilən görüşü zamanı bu təklif
qarşı tərəfdən olduqca müsbət
qarşılanmışdı.
İmzalanan
sənəd, həmçinin, Bodleyn Kitabxanalarında Yaxın
Şərq və İslam Koleksiyaları
bölümünün kitabxanaçısına dəstək
verəcək və bu vəzifəni icra edən şəxsə
Azərbaycan dilini öz fəaliyyət sahəsinə əlavə
etmək imkanı yaradacaq. Oksord Universitetinin Nizami Gəncəvi
Mərkəzinin dəstəyi ilə mərkəzin fəlsəfə
doktoru proqramı üzrə hazırlıq keçən tədqiqatçıları,
tələbələr və kənardan dəvət olunan
araşdırmaçılar üçün xüsusi bir oxu
zalı da yaradılacaq. Bundan əlavə, Britaniya fondunun dəstəyi
Bodleyn Kitabxanalarına Azərbaycandan və Qafqazdan olan nadir və
əhəmiyyətli materiallarla öz kitab fondlarını
artırmağa imkan verəcəkdir. Şərqşünaslıq
institutu çərçivəsində fondun dəstəyi
sayəsində üç fəlsəfə doktoru (DPhil) təqaüdünün
ayrılması imkanı yaranacaq, eləcə də tədqiqatçı-alimlərə,
müxtəlif tədbirlərin proqramlarına, həmçinin
idarəetmə məsələlərinə dəstək verəcəkdir
və Oksford Universitetinin Türk Dilləri bölümündə
Azərbaycanın rəsmi dili olan Azərbaycan dili ilə
tanış olmaq və dili öyrənmək istəyən tələbələr
üçün təlimatçı vəzifəsinin
yaradılmasına imkan verəcək.
Beləliklə,
imzalanan bu mühüm müqavilə Azərbaycan və
Böyük Britaniya arasında qarşılıqlı
münasibətlərin elmi, humanitar, mədəni və digər
sahələrdə inkişafının yeni və vacib bir mərhələsidir
və heç şübhəsiz ki, bu razılaşma Azərbaycan
elmi və mədəniyyəti tarixinə qızıl hərflərlə
yazılacaq. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin
adını daşıyan Elmi Mərkəzin dünyanın ən
qədim və nüfuzlu təhsil ocaqlarından olan Oksford
Universitetində daimi qaydada, universitetin ayrılmaz hissəsi
olaraq fəaliyyət göstərməsi Nizami Gəncəvi
Elmi Mərkəzinin 5 il ərzində ədəbiyyat, tərcüməçilik,
tarix, arxeologiya, tədris və mədəniyyət sahələrindəki
ciddi və gərgin akademik əməyinin məntiqi nəticəsidir.
Oksford
Universitetinin ən məşhur və nüfuzlu inzibati
binalarından olan və ən yüksək qonaqların rəsmi
qəbulları üçün nəzərdə tutulan
Klarendon binasında keçirilən imzalanma mərasimindən
əvvəl akademik Nərgiz Paşayeva və Oksford
Universitetinin vitse-kansleri Luiz Riçardson arasında fikir
mübadiləsi keçirilib. Akademik Nərgiz
Paşayevanın təşəbbüsü ilə 2013-cü
ildə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
fəaliyyəti geniş müzakirə olunub.
Bildirilib
ki, Nizami Gəncəvi adına Elmi Mərkəz Oksford
Universitetinin rəsmən qəbul edilmiş və
tanınmış struktur bölməsidir və həmin
universitetin tək şərqşünaslıq fakültəsi
ilə bağlı məsələləri deyil, ümumiyyətlə,
Oksford Universitetində digər sahələrdə elm və təhsillə
bağlı olan bütün məsələlərdə Azərbaycan
üzrə koordinator səlahiyyətlərinə malikdir. Həmçinin,
Azərbaycanı və Qafqazı öyrənən Britaniya
Fondunun 2017-ci ilin yanvarında Londonda 1852-ci ildə əsası
qoyulmuş Viktoriya və Albert Muzeyində keçirilmiş təqdimat
mərasimi də xatırlanıb. Fond Birləşmiş
Krallıqda elm və mədəniyyət sahələrində
Azərbaycan və Qafqazla bağlı aparılan bütün
işlərin davamlı, uğurlu, perspektivli olmasını və
beynəlxalq akademik səviyyəsini təmin etmək məqsədilə
şəffaf və ədalətli dəstək
üçün yaradılıb. Qeyd edilib ki, bu gün
imzalanan müqavilənin reallaşmasına Britaniya Fondu da
öz dəstəyini vermişdi.
Tədbirdə
çıxış edən Azərbaycanı və
Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar
Şurasının sədri, Moskva Dövlət Universitetinin
Bakı filialının rektoru, AMEA-nın həqiqi
üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin
Azərbaycan tərəfdən rəhbəri professor Nərgiz
Paşayeva tədbir iştirakçılarını
salamlayaraq bu cür tanınmış və nüfuzlu alimlərin
bugünki imzalanma mərasiminə dəstəyini və
marağını məmnunluqla
qarşıladığını qeyd edib. Professor Nərgiz
Paşayeva Oksford Universiteti nəzdində 2013-cü ildən fəaliyyət
göstərən Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın
tarixi-mədəni, mənəvi irsinin öyrənilməsi və
təbliğində aparılan işlərin və ölkəmiz
üçün vacib olan bu mərkəzin elmi-strateji məqsədlərinin
əhəmiyyətini vurğulayaraq dedi: "Beş il əvvəl
Oksford Universitetinə gələndə buradakı fantastik
atmosfer və insanlar bizi heyran etdi. Azərbaycanı və
Qafqazı öyrənən, Nizaminin adını
daşıyan yeni elmi mərkəzin yaradılması
ideyası yarandı. Mərkəzin həmin andan Oksord
Universitetində davamlı, daimi mövcudluğu məqsəd
olaraq qarşıya qoyuldu. Azərbaycan elmi və mədəniyyəti
Qafqazın bir hissəsi kimi Oksford Universitetində, tədqiqat
obyektinə çevrilmək imkanı aldı. Müxtəlif,
dəyişik elmi yanaşmalara, müasir nəzəri
metodologiyalara, istedadlı insanlara və dialoqa yeni yol
açıldı. Bu gün imzalanan kontraktı, belə
böyük hadisəni elm, təhsil və mədəniyyət
sahəsində Azərbaycanda "Əsrin kontraktı"
adlandırmaq olar. Bu fərəhli gün Azərbaycan tarixinin ən
parlaq səhifələrindən olan ADR-nın 100 illik yubileyinə
və müsəlman Şərqində Birinci Demokratik
Respublika yaradan parlaq insanların əziz xatirəsinə ithaf
olunur."
Qeyd edək
ki, Postsovet müsəlman respublikaları arasında Azərbaycan
birinci olaraq Oksford Universitetində öz daimi funksional mərkəzini
yaratdı və təsdiq etdi. Bəşər tarixinin təcrübəsi
göstərir ki, böyük elm aləminə daxil olmadan
sanballı və fundamental elmi nailiyyətlər əldə
etmək mümkün deyil.
Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun
iranşünaslıq üzrə aparıcı professoru,
Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin Britaniya tətəfdən
rəhbəri Edmund Herziq dedi: "Oksfordda Qafqaz və Orta Asiya
ilə bağlı tədqiqatların uzun bir tarixi var və
Bodleyn Kitabxanasında bölgədən gətirilən
çoxlu sayda kitablar və əlyazmalar
toplanmışdır. Lakin bu günə qədər bu
bölgənin öyrənilməsi ilə məşğul
olan bir mərkəz olmayıb və bu ərazidə yerləşən
və daha məşhur olan böyük imperiyalar bu ölkələri
hər zaman öz kölgələrində saxlamağa meyilli
olublar. Bu imzalanma Oksford Universitetinə, ilk növbədə,
Azərbaycanı, Qafqazı və Mərkəzi Asiyanı
davamlı şəkildə tədqiqat obyektinə çevirməyə
imkan verəcək. Belə ki, mərkəz burada işləmək
üçün ən yaxşı tədqiqatçı tələbələri
və araşdırmaçıları cəlb edəcəkdir.
Və bütün bunlar gələcəkdə bu sahənin
yalnız Şərqşünaslıq İnstitutu deyil, həm
də universitetin digər qurumları daha da inkişaf etdirilməsinin
təməlini qoyacaq".
Tədbirdə
fəxri qonaqlar arasında bir-biri ilə ünsiyyət yaradan
görkəmli elm və mədəniyyət nümayəndələri,
siyasi və ictimai xadimlər var idi. Onlar Azərbaycanı və
Qafqazı öyrənən Oksford Universitetinin Nizami Gəncəvi
Elmi Mərkəzinin layihələrinin həyata keçirilməsi
ilə bağlı müzakirələr aparırdılar. Səmimi
ab-hava tədbirin xüsusi əhəmiyyətindən xəbər
verirdi. Vurğulanırdı ki, Oksford Universitetində indiyə
qədər Azərbaycanla bağlı bu məzmunda və bu səviyyədə
tədbir keçirilməmişdi.
İmzalanma
günündə Birləşmiş Krallığın elmi
akademik dairələrinin nüfuzlu üzvləri, Oksford
Universitetinin Bodleyn Kitabxanasının direktoru, Amerika filosoflar
Cəmiyyətinin üzvü, Londonun antik kitab və nadir əşyaların
qorunması Cəmiyyətinin üzvü Riçard Ovenden,
Oksford Universitetinin şərqşünaslıq fakültəsinin
professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin
Britaniya tərəfdən rəhbəri, Edmund, qədim
İslam tarixi üzrə dünyanın tanınmış
alimlərindən olan, Azərbaycanı və Qafqazı
öyrənən Britaniya Fondunun Qəyyumlar
Şurasının üzvü, professor Robert Hoyland, Oksford
Universitetinin Şərqşünaslıq İnstitutunun rəhbəri,
professor Mark Smit, Britaniya Lordlar Palatasının üzvü, Azərbaycanı
və Qafqazı öyrənən Britaniya Fondunun Qəyyumlar
Şurasının üzvü Lord Malcolm Bryus, Oksford
Universitetinin Vadham Kollecinin idarə heyətinin rəhbəri,
Böyük Britaniya parlamentinin Lordlar Palatasının
üzvü Lord Ken Makdonald, Oksford Universitetinin inkişaf
departamentinin direktor vəzifəsini icra edən professor Entoni
Qrin, Oksford Universitetinin professoru, şərqşünas-alim
Culiya Bray, Bodleyn Kitabxanasının Şərq bölməsinin
rəhbəri, doktor Gilliyan Evison, Oksford Universitetinin Humanitar
elmlər departamentinin rəhbəri Karen O'Breyn, həmçinin,
Azərbaycandan olan fəxri qonaqlar - Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, professor Akif Əlizadə,
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət
Universitetinin İlahiyyat fakültəsinin dekanı, professor
Vasim Məmmədəliyev, AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar
elmlər bölməsinin akademik katibi, professor Teymur Kərimli,
Bakı Dövlət Universitetinin ümumi dilçilik
kafedrasının müdiri, professor Nizami Cəfərov
iştirak ediblər.
İmzalanma
mərasiminin sonunda Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, Oksford Universitetinin Nizami Gəncəvi
Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri,
professor Nərgiz Paşayeva Oksford Universitetinin vitse-kansleri,
professor Luiz Riçardsona xatirə olaraq Azərbaycananın
böyük xeyriyyəçisi və mesenatı Hacı
Zeynalabdin Tağıyev haqqında kitabı və
Bakının keçmiş Nikolayev küçəsindəki
Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin
binasında (hazırda Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinin 7 dekabr 1918 ci ildə
keçirilmiş ilk iclası təsvir olunan şəkili hədiyyə
etdi. Professor Luiz Riçardson da öz növbəsində,
professor Nərgiz Paşayevaya Oksford Universitetini əks etdirən
rəsm əsərini hədiyyə edib.
Onu da qeyd
edək ki, rəsmi görüşdən əvvəl professor
N.Paşayeva Oksford Universitetinin alimləri və digər
qonaqlarla birgə Bodleyn Kitabxanasının qədim hissələrindən
olan Horton zalında və Qərb Kitabxanasında oldular,
Bodleyndə saxlanan ən qədim əlyazmaların
kolleksiyası və onların qorunması mərkəzinə
baş çəkdilər. Olduqca maraqlı keçən bu gəzintidə
qonaqları Bodleyn Kitabxanasının İnkişaf
departamentinin rəhbəri Eleyn Gallagher müşayiət edib.
Gəzinti
başa çatdıqdan sonra, tədbir
iştirakçıları Vadham Kollecinin "Trapp rum"
adlanan zalında rəsmi nahara dəvət olundular.
Oksford
Universitetinin 1610-cu ildə Doroti Vadham tərəfindən, mərhum
həyat yoldaşı Nikolas Vadhamın vəsiyyətinə
uyğun olaraq yaratdığı və Oksfordun mərkəzi
hissəsində yerləşən məşhur Vadham kollecində
olduqca səmimi keçən rəsmi nahardan sonra, qeyd
olunduğu kimi, görüş Oksford Universitetinin Klarendon
adlanan binasında rəsmi imzalanma mərasimi ilə davam
etmişdi. Klarendon binası Nikolas Hoksmurun dizaynı əsasında
tikilmişdir və birinci dərəcəli tikinti binası
hesab olunur.
23 may
2018-ci il tarixində Oksford Universitetində imzalanan bu
kontraktı sözün həqiqi mənasında böyük
mədəni - tarixi və hümanitar hadisə kimi Əsrin
kontraktı adlandırmaq olar. Bu hadisə Azərbaycan akademik
elmi fikrinin və tarixi irsinin dünya elminə
inteqrasiyasına sanballı töhfə verəcəyinə, gələcəkdə
yeni yollar və imkanlar açacağına böyük inam
yaradır.
Ədəbiyyat qəzeti.- 2018.- 26
may.- S.8-9.