İtki
Hekayə
Gündəlik "Əqrəb" satirik qəzetinin
ilk səhifəsində sağ yuxarı köşə
neçə gündü, xırda xəbərlərlə
doldurulurdu. Artıq onlarla oxucu məktubu baş redaktor Seyhun Məşədixanovun
masasında qalaqlanmışdı. Hamısı
şikayət, narazılıqla doluydu. Köşənin
bərpasını tələb edirdilər. Bunu baş
redaktor oxuculardan az istəmirdi. Amma həmin köşənin yazarı Abbasağa
Şadlısoy neçə gündü yağlı əppəyə
dönmüşdü. Gördüm deyən
yoxdu. Qızı Şəms də
atasının yerini bilmirdi.
Şadlısoyun yazılarına maraq çox idi. Tiflisdə
yaşayan Abbasağa yazıları məktubla yox, teleqramla
göndərirdi. Xeyli xərc
çıxırdı, amma qəzet satışına
böyük təsiri vardı. Hər yerdə
qəzetdən ağızdolusu söz etdirirdi. Neçə dəfə Məhəmməd Əmin Rəsulzadə,
Fətəli xan Xoyski bu məsələylə bağlı
"xub" demişdilər. Cümhuriyyətin
qurucularından bu sözü eşitmək Məşədixanova
dünyaları bəxş edirdi. Hətta
bir dəfə Tiflisə getmiş, Abbasağaya yaxşıca
qonaqlıq vermiş, qucaqlayıb öpmüşdü də.
Baş redaktor portsiqarından siqaret çıxarıb
damağına qoydu. Kibrit çəkəndə gözü
masadakı qəzetə sataşdı, sağ köşəni
öyrəşdiyi tək sütun yazı yox, kiçik
materiallar doldurmuşdu. Ağlına min
fikir gəlirdi. Vəziyyət yaxşı
deyildi. Hərənin ağzından bir avaz
gəlirdi. Daşnaklar hələ də
Cümhuriyyətin varlığını həzm edə
bilmirdilər. Neçə dəfə
redaksiyanı oda qalamaq istəmişdilər. Gecə
növbəti tutan əsgərlər olmasaydılar,
yandırardılar da...
Əlini yandıran alov fikrini dağıtdı. Tələsik
yerə atanda təkcə kötüyü qalmış kibrit
çöpü məktub qalağının üstünə
düşüb zərflərin arasına
sürüşdü. Məktublar yanmasın deyə, tez
əlini qalağa soxdu, kibrit çöpünün
düşdüyü məktubu qaldırdı: kibrit
düşən yerdə istilik zərfi bir az
saraltmışdı. Qeyri-ixtiyari ünvana nəzər
saldı, boşdu. Zərfin o tərəf-bu
tərəfinə baxıb, ağırlığını
yoxladı. Çox güman, içərisində
iki vərəq vardı. Bu qədər uzun nə
yazılmış ola bilərdi? Siqareti damağında rahatlayıb məktubu
açdı. Üç səhifəlik
yazıydı, tələsik yazılmışdı,
çoxlu səhvlər, qaralanmış sözlər
vardı. Oxuduqdan sonra bir xeyli
düşündü, siqareti siqaretə caladı. Dəfələrlə oturduğu yerdə dikəlib
telefona uzandı, sonra yenə əvvəlki vəziyyətə
qayıtdı.
Məktub Şadlısoydandı. Bir ay əvvəl
yazılmışdı. Şeytanbazardakı
yeməkxanalardan birində iki nəfərin söhbətinə
şahid olmuşdu. Almanca
danışdıqlarından söhbətlərinin başa
düşülməyəcəyini düşünərək
gizliliyə çox önəm verməyiblər. Belə anlaşılıb ki, Rusiya Azərbaycan
Cümhuriyyətini devirməyi planlayır. Vaxtı hələ dəqiq deyildi. Menşeviklərlə döyüşlər
amansızdı. Denikin ciddi itkilərlə üzləşsə
də, az qala şimaldan sərhədlərimizə
dayanmışdı. Bu, Azərbaycana qoşun
yeritməyə əsas maneəydi. Ən
geci altı ay ərzində ağları əzmək, Azərbaycana
gedən yolu təmizləmək başlıca vəzifələrdəndi.
Sonra həmsöhbətlər Abbasağadan
şübhələnib söhbəti yarmçıq
qoymuş, ayrı-ayrılıqda yeməkxananı tərk
etmişdilər. Şadlısoy bir az
oturduqdan sonra evinə getmişdi. Deyəsən,
kimsə onu izləyirmiş. Səhəri
gün qızı Şəms də evin ətrafında
ucaboylu bir kişinin pəncərələrini
güddüyünü görmüşdü. Qonşulardan burada şair, ya da mirzə
yaşayıb-yaşamadığını soruşan
başqası da olmuşdu. Baqqal Hüseyn
adamdan şübhələnmişdi. "Yox"
demişdi, axşamüstü həmin adam
məhəllənin girişində xeyli dayanıb gözləmiş,
çoxluca papiros çəkmişdi. Baqqal lap məxfi polis
kimi siqaret kötüklərinə baxmışdı,
üstündəki yazı nəsə başqa dildəymiş,
oxumağa savadı, götürüb saxlamağa ağlı
çatmamışdı. Abbasağa da həmin
yerə getmişdi gizlicə, dalandarı oranı süpürən
görüb yaxınlaşmamışdı. Zibilin içərisini eşələyəsi deyildi
ki. Tiflisdə işləri çoxdu, yoxsa
Bakıya gedərdi. Ən çox da
qızından narahatdı. Məktubunu
"Şəms amanatı" deyə bitirirdi. Məktubu yazandan sonra tapşırmışdı
ki, lazım olanda göndərsin Məşədixanova. Qızı lazım olduğunu necə
anlayacağını soruşmuşdu. O da
qorxutmamaqçün "Vaxtı gələndə biləcəksən"
demişdi. Yəqin atasının yoxa
çıxdığını görən qızı məktubu
göndərmək qərarına gəlmiş, tələskənlikdən,
nigaranlıqdan ünvanı qeyd etməyi unutmuşdu.
Məşədixanov əndişəliydi, şübhə
yoxdu ki, Şadlısoyu öldürmüşdülər. Amma əlində
tutarlı fakt olmadan polisə müraciət edə bilməzdi.
Onsuz da işləri başdan aşırdı.
Cümhuriyyətin düşməni o qədərdi ki...
İki həftə əvvəl Tiflisdə
görüşmüşdülər Şadlısoyla. Bu barədə bir az danışmışdılar da. Amma dedikləri nəsə inandırıcı gəlməmişdi.
Rusiya niyə müharibənin ortasındaykən Azərbaycana
diş qıcasın? Həm dünya yiyəsiz deyildi ki... İngilislər, Osmanlılar buna qol qoymazdılar.
Dostunu "Əqrəb"dəki publisistik fəaliyyətinə
görə öldürə bilməzdilər. "İynəcə"
təxəllüsünün ardındakı şəxsi cəmi
ikicə nəfər tanıyırdı. Abbasağa,
bir də özü. Satirik yazılara
görə çox hədə məktubu alırdı. Amma məktublar kiməsə yox, redaksiyaya
ünvanlanırdı. Məşədixanov tədbirli
adamdı, müəlliflərin gizliliyini qorumağı
bacarırdı...
Gözləməkdən başqa çarə yoxuydu. Köməkçisini
yazdığı məktubla bərabər təcili Tiflisə
yollamaqdan özgə əlindən nəsə gəlmirdi.
Şəmsi Bakıya gətirmək lazımdı...
***
Deyəsən, tatar mirzə söhbətimizi
anlamışdı. Ən azından bizi diqqətlə dinlədiyini
ikimiz də görmüşdük. İvan
İvanıçla söhbətimizi gizlətməkçün
alman dilində danışmalı olmuşduq. Bizim dildə bir balaca qırıldada bilir. O
vaxt müharibədə öyrənib. Bir az
da məndən... İvanıça güvənmirdim.
Yeməkxanada görüşmək mənim fikrimdi,
Böyük plan deşifrə olsaydı, ilk bada gedən mənim
başımın olacağı şübhəsizdi. İşimi qarantiyaya almalıydım. Mirzə
ölməliydi...
İvan intelligent əbləhi evinə qədər izləmişdi. Sonra həmin
məhəlləyə mən də getmişdim. Qonşularla söhbətləşmişdim. Çalışmışdım, diqqət çəkməyim.
Amma məhəllənin baqqalı qazdan ayıq
çıxmışdı. Mən də
tüpürmüşdüm dabana.
İvan
bunları eşidəndə az
qalmışdı, kürən kəkilini yolsun. Görəydiz, necə xoruzlanır. Əslində düz deyirdi, yeməkxanada
görüşmək mənim fikrimdi. Sarıyev
soyadlı bir adamla 5-ci kolonu gücləndirməyin
yollarından danışmalıydıq. O qurumsaq da gəlməmişdi.
Deyəsən, arvadı doğurdu. Bakıya getmişdi təcili. Sənin
arvadının... Belə avara dövrdə
uşaq doğmaq ancaq tatarın ağlına gələ bilər.
Bu anasının əmcəyini kəsən əclafdan
(İvanı deyirəm) heç xoşlanmıram deyə,
almadım günahımı boynuma. Çox şeşələnsə,
tökəcəm bağırsağını yerə.
Lap elə Sarıyevi də qanına qəltan edəcəm.
Çox vecimədi bolşevik inqilabı, Böyük Rusiya...
Başıma bir şey gəlsə, baxacaqlar xəstə
anama?! Zırt...
***
Bu alman zırramaya görə zibilə düşəcəm
axırda. Görüş üçün yer tapmır, elə
bil. Yeməkxanada dövlət
çevrilişindən danışarlar? Hələ
yaxşı ki, Sarıyev gəlməmişdi. O mirzə
Sarıyevi tanısaydı, yaxud
danışdıqlarımızı eşitsəydi, yəqin
qazamatdaydıq, bəlkə də elə Kürün dibində...
Kasıblığın üzü qara olsun.
Normal iş olsa, kolxozlar donumuza qədər almasalar, nə
ölümüm azmışdı burda? Ağlardan
mədəd olmadı. Yoxsa Don çayı
boyu çapırdım atımı. Yağması yağma,
arvadları arvad... Kazak adı gələndə
boylu gəlinlər uşaq salırdı, indi barmaq boyda
uşağı da qorxuda bilməzsən. Çox
o yan-bu yan olsa, tüpürəcəm hər şeyə.
Bu alman köpəyi Rixardı da gəbərtmək kazak üçün çətin olmaz. Amma indiki işim Şadlısoydur. Adamın nə bildiyini öyrənməliyəm, ya
da daha etibarlı üsula əl atmaq lazım gələcək
- ölülər sirr vermir.
***
Məşədixanovun
ürəyi az da olsa yerinə gəlmişdi.
Şadlısoydan əvvəlki kimi soraq yoxdu,
amma ən azından qızı Şəms sağ-salamat
Bakıdaydı. Atasıyçün
çox narahat idi. Yemək-içməkdən
kəsilmişdi. Ancaq ailə dostları Seyhun əminin
Tiflisə, atasını axtarmağa gedəcəyini eşidəndə
az da olsa toxdayıb, bir-iki loxma yedi.
Qatardan düşən Seyhunun ilk işi Abbasağanın
yaşadığı ünvana getmək oldu. Hər
şeyi yerli-yataqlı araşdırdıqdan sonra dostunun evinə
qalxdı. Kiçicik də olsa ipucu
axtarırdı. Kitab rəflərini eşələyəndə
çiyni çərçivəyə toxundu. Devrilən şəkli qaldıranda çənəsini
ərinin çiyninə dayayan Şahsənəmi gördü.
Gənclik sevdası, alagözlü, şuxbənizli Şahsənəm...
Tale üzünə gülməmişdi,
Şahsənəm onu yox, şair Abbasağanı
seçmişdi. Dostunun bu sevdadan xəbəri
yoxdu. Seyhun
açıb-ağartmamışdı, elə Şahsənəm
də. İllər sonra doğuş
vaxtı ölən Şahsənəmin morqda meyitilə
vidalaşanda ağlamışdı. Ürəkdən
hönkürmüşdü. Abbasağa
yenə anlamamışdı. Dostuna
sarılıb, o da göz yaşı tökmüşdü.
Şəkil Tiflis yaxınlığında yerləşən
daçada çəkilmişdi. Qəfil Seyhunun gözləri
parladı; itkin dostunu tapmışdı...
Tələsik fayton çağıran Məşədixanov
onu qarabaqara izləyən ikinci faytona diqqət yetirmədi. Çatan kimi
faytonçunu yola salıb, yuxarı qalxdı.
Qapını Abbasağa açdı. Xeyli dərdləşəndən,
Abbasağanı xatircəm edəndən sonra xırda-para
işlərinin ardınca tələsdi. Sabah
Şeytanbazarda görüşüb, birgə yemək yeyəcəkdilər.
İlk qatarla da Bakıya qayıtmağı
planlayırdılar. Abbasağa
qızına teleqram vurmağa razı olmadı. Sürpriz edəcəkdi.
Məşədixanov dostugildən çıxanda hava
tamam qaralmışdı. Daçanın ətrafında
oğrunca var-gəl edən iki qaraltını görə bilməzdi...
***
Səhəri gün Seyhun dostunu çox gözlədi. Gün
günortadan keçəndə daha dözməyib fayton
çağırdı.
Giriş qapısı aralıydı. Əvvəlcə
toxmağı döydü. İçəridən
səs gəlmirdi. Yavaşca qapını
aralayanda gördüyü mənzərədən dəhşətə
gəldi. Abbasağa üzüqoylu yıxılmışdı.
Kürəyində iki güllə yeri
qızarırdı. Gicgahını
"kontrol atəşi" dağıtmışdı.
Güləş sifətində bu dəfə
ağrı donmuşdu.
***
Rus ayısını gəbərtdim. Əslində rus da deyildi,
Don kazakıydı. Ölülərin
milliyyəti kiməsə lazım olmur. Gəvəzəlik
etsəm, adamlar iki cür olur - yaxşı və pis.
İndiki vəziyyətdəsə belə demək olardı:
adamlar iki cür olur - yaşayanlar və ölülər. Birinci bölgüyə inansaq, mən pis adamam.
Amma ən ümdəsi ikinci bölgüdü -
hələ sağam. Əslində baş
redaktoru da gəbərdə bilərdim, sadəcə lüzum
görmədim. Deyəsən, bir az əfəl
adamdı. Neçə gün əlləşsə
də, qətlə dair ipucu tapa bilmədi. Öyünmək kimi olmasın, ipucu tapsa belə, işə
yaramazdı. Qatil çoxdan gəbərib.
İvanıçı deyirəm. Şəxsi məsələ deyil. İvanıçdan zəhləm gedirdi, elə indi
də aşiq sayılmaram. Amma
öldürməyim sırf işlə bağlıydı.
Və əlbəttə, canımın
şirinliyilə. Yerimə
İvanıç köpəkoğlu olsaydı, heç bu
dediklərimə də baş sındırmazdı. Tətiyi çəkərdi, vəssalam. Amma mən daha incə işin tərəfdarıyam.
Bıçaq səs-küy sevmir.
***
Məşədixanov
həmin o məktubu aldıqdan iki həftə sonra qəzetin
sağ köşəsində "Ona açılan güllə
"Əqrəb" məcmuəsinin ürəyinə dəydi"
başlıqlı böyük nekroloq dərc olundu.
***
Abbasağa Şadlısoyun şübhələri
doğru çıxdı. Sevdalısı
olduğu Azərbaycan Xalq Cümhuriyyəti ölümündən
sonra cəmi 13 ay yaşadı.
Cavid QƏDİR
Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.24.