Vintsas KREVE

 

Qartal haqqında nəğmə

 

Rəvayət

 

Çox-çox uzaqlarda, gündoğan tərəfdə dağlıq bir ölkə vardır. O qədər gözəldir ki, bu ölkə, onu bizim diyarın adamları hətta, yatıb yuxuda belə görə bilməzlər. Bu ölkədə dağlar ucadır. Elə ucadır ki, bu dağlar, onların ağsaçlı zirvələrinə nə insan ayağı dəyir, nə vəhşi heyvan qalxır, nə də adi quş uçub qona bilir. Yalnız buludlar bu zirvələrdə gecələyir, təkcə bəm-bəyaz donlu qış burada özünə əbədi yuva salır, ancaq azad, vüqarlı qartallar bu zirvələrdə bala çıxarır, böyüdüb qanad açmağı öyrədirlər...

Sinəsi hər tərəfdən sıldırım və çıxılmaz qayalarla əhatə olunmuş uca dağ zirvəsindəki yuvada bala Qartal böyüyürdü. O nə qədər ki, balacaydı, tüklənməmiş qanadları zəif idi və onu hələ səmalara qaldıra bilmirdi, başı üzərindəki göy ənginliklərə baxır, uca zirvələrdən çox-çox yuxarılarda səssizcə süzən güclü, qocaman qartalları həsədlə seyr edirdi. Və onda bala Qartalın ürəyi böyük arzu duyğuları ilə döyünürdü:

- Böyüyüb qüvvətlənəndə, mən də qocaman qartallar kimi göylərin ən uca qatlarında qanad çalıb süzəcəm.

Qartalın ürəyindən belə qanadlı arzular axdıqca o, sevinirdi ki, məhz Qartal doğulubdur və mavi yüksəkliklərə - insan əlinin çatmadığı, zəif quşların uçub qalxa bilmədiyi göyün ənginliklərinə baş vuracağı günü böyük səbirsizliklə gözləyirdi.

Çox illər keçdi, Qartalın qanadları möhkəmləndi... Və Qartal qıy vurub pərvazlandı, mavi səmanın sonsuz dərinliklərinə şığıyıb süzməyə başladı, harada ki, yalnız qocaman qartallar qanad çalmadan səssizcə süzürdülər. Amma Qartal artıq sevinmirdi ki, göyün ənginliklərinə qovuşub süzə bilir, harada ki, digər qartallar da əzəmətlə süzürdülər... O, hər dəfə qüdrətli dağın dümağ qarlı zirvəsinə qonanda, güclü qanadlarını getdikcə daha tez-tez geniş açıb uzadaraq, çox-çox uzaqlarda qızıl telli günəşin hər səhər oyanıb qalxdığı üfüqlə qovuşan və ucu-bucağı görünməyən mavi səmaların sonsuz ənginliklərini vurğunluqla seyr edirdi.

Və ürəkdən belə arzulayırdı:

- Qanadlarım qocaman qartalların qanadları kimi möhkəmlənəndə və səmalarda yorulmadan  süzməyi öyrənəndə elə yüksəkliklərə qalxacam ki, orada hələ heç bir qartal süzməyibdir. Mən səmaları yara-yara elə ənginliklərə baş vuracam ki, orada hələ indiyədək heç bir qartal cövlan etməyibdir, mən yer üzündən ucsuz-bucaqsız göylərin sonsuz dərinliklərinə aparan yolu tapacam.

- Bax, onda hamı heyrətə düşəcək və biləcək ki, belə bir Qartal var, qartallar Qartalı, o Qartal ki, uçub elə yüksəkliyi fəth etdi ki, oraya indiyədək heç bir qartal qalxa bilməmişdi, - o Qartal ki, yerdən ən yüksək göylərə təzə yol açdı.

- Və onda bütün canlı varlıqlar yanıma gəlib baş əyəcək və təmənna edəcəklər ki, onlara həmin yolu göstərim...

Belə arzulayırdı Qartal və bu cür yüksək arzularla yaşadıqca sevincindən çığırırdı, sinəsini getdikcə qabardan qüdrət duyğuları və durmadan ürəyinə axıb dolan cəsarət hissləri sezirdi özündə...

Eh, dünyada elə qüvvə yoxdur ki, ona Qartalın cəsarəti çatmasın. Qartallar Qartalının!

 

***

 

Qartalın yaşadığı dağlar məkanında bir dağ vardı ki, bütün dağların ən ucasıydı. Qartal qartallar Qartalı olduğu kimi, həmin dağ da bu ölkədəki bütün dağların dağıydı. Onun ağappaq qar örtmüş zirvəsi üfüqdən boylanan günəşin qızılı şəfəqlərində bərq vurub par-par parıldayanda, ətrafdakı bütün dağlar şəffaf nura boyanıb apaydın görünərdi. Heç yerdə nə bir bulud topası, nə də nazikcə duman duvağı belə görsənməzdi, dağların dərinliklərində gecələyən duman-çən isə qayalıqlar arasında, dibsiz uçurumların qaranlığında gizlənərdi...

Amma zirvənin başını boz buludlar alıb qaş-qabağı tutulanda, qalın duman pərdəsinə bürünüb qamçılı şimşəklərlə bəzənəndə, bütün ölkə çiskinlik içində zal toranlığa qərq olardı, dağlarsa heybət doğuran bir görkəm alardı. Onda şiddətli çovğun yuxudan oyanar, hayqıra-hayqıra qalxıb hər tərəfdən qara bulud və duman laylarını qovaraq ağbaşlı zirvələrin yanından ötürüb aşağılara gətirərdi... Tufan kükrəyib qopar, dalğalar şahə qalxar və dünyada canlı nə varsa, hamını lərzəyə salıb zağ-zağ əsdirərdi. Qorxuya düşmüş insanlar, vəhşi heyvanlar və uçan quşlar təhlükədən uzaq yerdə sığınacaq tapıb daldalanardılar. Uca dağlar arasında doğulub baş qaldırmış tufan canlıların hamısı üçün günəşin üzünü örtüb aləmi zülmətə qərq etməyə çalışar, yüksək dağ tirələri arasındakı ensiz dərələrdə, dar çökəkliklərdə şiddətlə uğuldayar, dağlararası yarıqlarda ulaya-ulaya geniş açıqlıqlar axtararar, heç bir maneə görmədən coşub tüğyan etmək üçün ucsuz-bucaqsız düzənliklərə, sonsuz səhralar qədər geniş çöllərə can atardı...

Qartal həmin dağlar dağının ən uca və çıxılmaz qayasının üstündə özünə yuva yeri seçdi, sonra əbədi əriməyən dümağ qar çələngindən başına tac qoyulmuş zirvədən də yuxarı qalxdı, geniş açılmış möhtəşəm qanadlarıyla günəşin qabağını pərdələyib zirvəyə kölgə saldı...

Bu zaman dağın qaşları çatıldı, alnı qırışdı və açıq sifəti dumanlanıb tutqunlaşdı. Sifəti tutqunlaşan kimi, boran mürgüdən ayıldı, dəhşətli tufan qopdu, qara duman, qatı çən yayılıb Qartalın yolunu çulğaladı ki, o, qalxıb mavi yüksəkliklərdə süzə bilməsin, qanadlarıyla dağın zirvəsinə kölgə salmasın, günəşin qabağını kəsə bilməsin, gücüylə fəxr edib lovğalanmasın...

- Ehey, Qartal, gizlən, çovğun ulamayan, yağmur tutmayan bir sığınaq tap, tufan əli çatmayan yer seç özünə!

Qəzəblənmiş Dağ bunu deyib dəli tufanı göndərir onun üstünə.

- E-ehey, Qartal, gizlən, daldalanmaq üçün yararlı yer axtar! Görürsənmi, o biri qartallar çoxdan gizləniblər!

Məğrurdu Qartal, tufandan qorxmadı. Onun sinəsi çoxdandı ki, döyüşmək üçün susamışdı, lakin rəqibi yoxuydu. Qartal güclü qanadlarını lap geniş açdı və kükrəyib uğuldayan dalğaların, ulayan tufanların cövlan etdiyi yerə baş vurdu ki, şiddətli çovğunla kəllə-kəlləyə gəlib qurşaq tutsun, çaxan şimşəklərə sinə gərib əlbəyaxa olsun, guruldayan ildırımlarla ötkəm-ötkəm danışsın...

- E-ehey, Qartal, sən ey möhtəşəm uzunqanadlılar Hökmdarı! Apardığın mübarizə çox çətindi, olduqca şiddətlidi. Qasırğalar hamar tüklərini, lələklərini qarışdırıb pırpızlaşdırır, müdhiş burulğanlar ağırlaşmış qanadlarını burub qırır, leysan yağışlar səni aramsız döyəcləyib ağır daş kimi yerə çırpmaq istəyir...

Tufan geniş çöllərə, ucsuz-bucaqsız düzənliklərə can atırdı, böyük düzəngahlar axtara-axtara Qartalı da özüylə uçurub oralara aparırdı...

Dəli tufan elə hey hayqırırdı...  Çöllərin, dəryaların, ormanların üzərindən gurultu ilə ötüb keçirdi... Qızmış köhlənini dördnala çapdıqca Qartalı da öz ağuşunda uzaqlara aparırdı... 

Vay-vay, zavallı Qartal uca dağlardan getdikcə uzaqlaşıb çox uzaq düşmüşdü, artıq insan yaşayan vadilərin üzərindən uçub keçirdi. Olduqca yorğun idi, üzülüb əldən düşmüşdü Qartal, azacıq yorğunluğunu almaq üçün taqətsiz halda yerə endi. İnsanlar Qartala tor qurub tutdular və qızıl suyuna çəkilmiş böyük, gözəl bir qəfəsə saldılar.

 

***

 

Beləliklə, insanlar Qartalı qəfəsə salıb bağladılar, qəfəsi çoxlu ev və çöl quşları saxlanan yerə qoydular.

Həmin yerdə cürbəcür quşlar - kəklik, toyuq, qaz, hinduşka və başqa quşlar vardı...

Qartal olan qəfəsi ən gözəl yerdə qoydular. İnsanlar sevinirdilər ki, Qartal tutublar, qartallar Qartalını və onun qabağına ən dadlı yeməklər qoyur, tərtəmiz bulaq suyundan tökürdülər... Amma Qartal nə sudan içir, nə də yemək yeyirdi, yalnız özünü qəfəsin divarlarına çırpır, caynaqlarıyla elə hey məftilləri didir, dimdiyilə təkrar-təkrar zərbələr endirir, qanadlarıyla sütunları vururdu...

Çatladı Qartalın dimdiyi, caynaqları qopdu, sinəsi yaralanıb al qana batdı, qanadları əzilib qırıldı, amma qəfəsdən azadlığa qurtulmaq savaşını dayandırmadı Qartal!

O, qəfəsdə də insanların köləsi olmaq istəmirdi... Onu öz qoynuna səsləyən mavi səmanın genişliklərinə can atırdı...

O biri quşlar insanların Qartala necə böyük qayğı göstərdiyini, Qartalınsa bu qayğıya biganə qalmasını görürdülər, görüb təəccüblənir və Qartalı heç cür anlaya bilmirdilər.

- Gör, necə nankordur, - deyə Qaratoyuq dilləndi. - Əgər insanlar mənim qeydimə elə qalsaydılar, gecə-gündüz onlar üçün nəğmələr oxuyardım.

- Axı, ona daha nə lazımdır? - deyə Ördək danışdı. - İnsanlar ona arzu etdiyi hər yeməyi verirlər. Əgər özünü bu qədər qürrəli aparmasaydı, insanlar onu heç qəfəsdə saxlamazdılar. Deyirlər, o, dağlarda yaşayıb. Məgər, orada güzəran insanların güzəranından daha yaxşı keçir? Məgər, orada burada olduğu qədər qurbağa balaları tapa bilərmi?..

- Güman etmirəm ki, başqa bir yerdə buradakı peyinlikdən daha yaxşı peyinlik olsun! - deyərək Xoruz səsləndi. - Baxın, onun o cür sivri caynaqları, iti mahmızları ki var, gör peyinlikdə necə rahat eşələnə bilərdi. Və nə qədər orada yaxşı şeylər tapardı! Eh, ağılsız quş, öz xoşbəxtliyinin nədə olduğunu anlamır...

- Qa-qa-qa! - Qaz da dilə gəldi. - Axı, o, bundan artıq nə istəyir? Göylərdə nə tapacaq ki? Bizim insanların otlaqlarındakı zəngin bataqlıqlardan daha heç yerdə yoxdur. Mənim bacılarım, hansı ki, insana məxsus deyillər, hər il yayda uzaq ölkələrdən uçub bura gəlirlər.

- İnsanlar deyirlər ki, o dağlarda hava soyuq olur, qış orada əbədi cövlan edir. - Qaranquş lap alçaqdan uça-uça incə səsini çıxardıb danışdı; o, çox-çox uzaqlara səyahətlər etmiş, çox yerlərdə olmuş və çox şeylər görmüşdü.

- Axı, niyə o, özünü belə şişirdib yuxarı dartır, təkəbbürü yerə-göyə sığmır, nəyilə fəxr edir ki? - Bu arada Hindxoruzu söhbətə qarışdı. - Heç olmasa, dimdiyi mənim dimdiyimin üstündəki xortumcuq kimi al-qırmızı mərcanlarla bəzənsəydi, dərd yarı olardı.

- Və ya, heç olmasa, mənimki kimi əlvan quyruğu olsaydı! - deyərək Tovuzquşu lovğalandı.

- Ya da caynaqları... Bir onun caynaqlarına baxın hələ! Mənimkilər onunkindən heç də əskik deyil. Yaxud mən al pipiyimlə fəxr edə bilmərəm ki? Heç kəsin belə pipiyi yoxdur... Quq-qulu-qu!

- Yoxdu, yoxdu, yoxdu, - toyuqlar xorla qaqqıldaşdılar və aşiqanə-aşiqanə xoruza nəzər saldılar...

- Baho, pipik! Nə matah şeydir ki, sənin pipiyin... Banlayanda da elə qışqırırsan ki... Bəlkə mənim kimi fışıldaya bilirsən, hə? Yoxsa boynun mənim boynum qədər incə və çevikdir? - deyərək Erkək qaz qeyzlə səsini çıxartdı.

- Düzdü, düzdü, düz deyirsən, - dişi qazlar gur səslə qaqqıldaşaraq onun bu sözlərini hamılıqla təqdir etdilər.

- Sözün düzünü danışın! Əgər, daha gözəl, daha gözəgəlimli olsaydınız, insan sizi məndən yaxşı yemləməzdimi?! Mənisə insan hamınızdan çox xoşlayıb sevir ki, həmişə təzə südlə yemləyir! - Hindxoruzu lovğa-lovğa danışaraq dimdiyinin üstündəki xortumcuğu və köksündəki al-qırmızı mərcanları salladıb şeşələndi, quyruğunu təkəbbürlə yelpik kimi açıb hərlədi. - Məndən itlər də qorxurlar! Mən hamınızdan cəsuram...

Beləliklə, quşlar bir-birilə bəhsə girdilər, sonra möhkəmcə sözləşməyə başladılar, mübahisələri getdikcə qızışıb az qala əməlli-başlı savaşa dönəcəkdi... Lakin nagahdan insan gəldi və onlara dənli yem səpdi. Bütün quşlar mübahisə və çəkişmələri unudaraq sevincək halda dən dənləməyə qaçdılar. Doyunca dənlədikdən sonra yenə Qartal olan qəfəsin başına yığışdılar və onu məzəmmət etməyə davam etdilər ki, əbəs yerə qürrələnib özünü çəkir. Əgər özünü yaxşı aparsaydı, insan onu qəfəsdən azad buraxardı... Lakin əvvəlcə qanadlarını qısaltmaq lazım gələrdi, qaratoyuğun gödək qanadları kimi... Caynaqlarını da kəsmək lazım olardı, məgər elə caynaqlarla yaşamaq olar?!.

Lakin Qartal onların sözlərinə qulaq asmırdı. O, nə yeməyə toxunur, nə də suya baxırdı. Getdikcə zəifləyib taqətdən düşürdü, qanadları artıq ona qulaq asmırdı. Qəfəsin bir küncündə qəmgin-qəmgin büzüşüb oturmuşdu, yaralanmış sinəsindənsə qan axırdı...

...Öldü Qartal... Azadlığı əlindən alınandan sonra həyatını da itirdi. Qoy insanlar bilsinlər ki, azad doğulmuş Qartal qəfəsdə də azad ölə bilər, amma heç vaxt insanların quluna dönməz. Baxmayaraq ki, vücudu qəfəsdəydi, əsarətə alınmışdı, lakin kim onun Qartal əzəmətini qırıb alçalda bilərdi, kim onun möhtəşəm ruhunu məhv edə bilərdi?! Qartal qəfəsdə də çox yüksəklərdə uçurdu, hətta onun öz qanadlarıyla qalxa bilmədiyi yüksəkliklərdən də yüksəklərdə!..

Öldü Qartal... Dağları, Günəşi arzulaya-arzulaya... Ətrafında toplaşıb onun haqqında danışan quşları - toyuqları, qazları - Qartal nə gördü, nə də dediklərini eşitdi.

- Ey insanlar, qəddar insanlar, axı, niyə məhv etdiniz Qartalı?!.

- Azad doğulmuş, azad böyümüş Qartal təkcə bir şeyi - çətin əldə olunan azadlığı sevirdi...

- Ona nə qədər yaxşı yeməklər versəniz də, xalis qızıldan düzəldilmiş gözəl qəfəsə salsanız da faydası yoxdur - Qartal heç zaman insanlara qul olmayacaq: onun fikri-xəyalı həmişə yüksəklərdə uçur...

- Ey insanlar, qəddar insanlar, axı, niyə Qartala əzab verib öldürdünüz, niyə məhv etdiniz qartallar Qartalını?!.

 

Litva dilindən tərcümə edən:

Mahir HƏMZƏYEV

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.30-31.