Azərbaycan Xalq Cümhuriyyətindəki
Litva konsulunun Şərq mövzulu əsəri
Tərcüməçidən ön söz
Vintsas Kreve-Mitskeviçyus (1882-1954) XX əsr Litva ədəbiyyatının ən
məşhur klassik yazıçılarından biridir,
eyni zamanda, görkəmli ədəbiyyatşünas
alim, ictimai-siyasi və mədəni xadim olaraq tanınıb.
O, Kaunas və Vilnüs
universitetlərinin professoru
(1922-1943), həmçinin, Litva SSR Elmlər Akademiyasının ilk prezidenti
olub (1941). Kreve onun ədəbi
təxəllüsüdür, əsl soyadı isə Mitskeviçyusdur.
Vintsas Krevenin ədəbi irsi Litva ədəbiyyatı qızıl fondunun çox mühüm bir hissəsini təşkil edir. Bu irsin bir qismi
indiyədək Litva məktəblərində tədris
proqramlarına daxil edilir və müntəxəbati əsərlər
kimi tədris olunur. Litvalı ədəbiyyatşünas və
tənqidçi, professor Vitautas
Kubilyus (1926-2004) yazır
ki, "...V.Kreve öz yaradıcılığında
Avropa universallığını
və janr müxtəlifliyini çoxvektorlu
və polifonik şəkildə əks etdirən, milli idealizm yönlü ədəbiyyata dramatik əhatəlilik və klassik dolğunluq gətirən ilk Litva yazıçısı olaraq,
ən məşhur milli psixoloji surətlərin və milli ədəbi
üslubun yaradıcısıdır..."
V.Kreve, həmçinin,
çoxəsrlik Litva-Azərbaycan
ədəbi-mədəni və
ictimai-siyasi əlaqələri
tarixinə yeni səhifələr yazmış,
xalqlarımız arasındakı
münasibətlərin inkişafına
qiymətli töhfələr
vermiş, Azərbaycan
mədəniyyəti qarşısında
müstəsna xidmətlər
göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat
və yaradıcılığının,
elmi-pedaqoji, mədəni-maarif
və ictimai-siyasi fəaliyyətinin on bir ilə yaxın dövrü (1909-1920) sıx
şəkildə Azərbaycanla
bağlı olub.
Litvalı yazıçı 1908-ci ildə müqəddəs
Vladimir adına Kiyev İmperator Universitetini bitirdikdən sonra - 1909-1920-ci illərdə
Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı
müəllimi işləyib,
həmçinin, Bakıda
ictimai-siyasi və mədəni xadim kimi fəaliyyət göstərib.
Həmin illərdə Bakı 1-ci realnı məktəbində
Azərbaycan dili və ədəbiyyatı
müəllimi işləyən
böyük pedaqoq və yazıçı
Abdulla Şaiqlə (1881-1959) V.Kreve dostluq və yaradıcılıq
əlaqələri saxlayıb. A.Şaiq 1957-ci ildə V.Kreve haqqında yazdığı
xatirələrində minnətdarlıq
hissilə qeyd edir ki, Litva
yazıçısı onun
"...ədəbi görüş
dairəsinin genişləndirilməsində
və dünya ədəbiyyatı xəzinəsini
öyrənməsində böyük
əmək sərf etmiş və çox mühüm rol oynamışdır".
V.Kreve 1917-1918-ci illərdə
Bakı şəhər
Dumasının deputatı
olaraq fəaliyyət göstərib. O, eyni zamanda, 1918-1920-ci illərdə
müstəqil Litva-Azərbaycan
dövlətlərarası münasibətləri təməlinin
qoyulmasında və ölkələrimizin beynəlxalq
aləmdə de facto tanınmasında
önəmli işlər
görüb. Belə ki,
V.Kreve 1919-cu ilin martından 1920-ci ilin iyun ayına kimi Litva dövlətinin
Azərbaycan Xalq Cümhuriyyətindəki ilk konsulu
olaraq çalışıb
(V.Kreve həmin illərdə Bakıda Vikenti İosifoviç Mitskeviç kimi tanınıb. - M.H.).
V.Krevenin həyat və fəaliyyətinin Bakı
dövrü bir yazıçı və dramaturq kimi onun yaradıcılığında
ən məhsuldar və dəyərli illər hesab olunur. O, Litva ədəbiyyatının
qızıl fonduna daxil olmuş bir sıra məşhur
əsərlərini - "Şarunas"
dramını, "Skirgayla"
və "Kürəkən"
pyeslərini, "Daynava
diyarı qocalarının
rəvayətləri" kitabını,
"Küləşlə örtülmüş
dam altında" hekayələr
toplusunu, "Səma və Yer oğulları"
roman-epopeyasının böyük
hissəsini və digər klassik əsərlərini məhz
Bakıda yaradıb.
Şərq fəlsəfəsi, eləcə
də Azərbaycan ədəbiyyatı və
mədəniyyəti, Bakının
qaynar ictimai-siyasi mühiti və o dövrdə burada baş vermiş coşqun hadisələr V.Krevenin ədəbi, elmi və publisistik
yaradıcılığına güclü təsir göstərib. Xüsusilə qeyd etmək
lazımdır ki, V.Krevenin Bakıda Şərq mövzusunda yaratdığı əsərlər
onun ədəbi irsində müstəsna yer tutur və
nüfuzlu kreveşünas
alimlərin fikrincə,
sənətkarın bütün
yaradıcılığının ideya-fəlsəfi açarı
hesab olunur. Bunu litvalı yazıçının Azərbaycan
mövzusunda yaratdığı
əsərlər ("Azəristan
ölkəsi", "Qartal
haqqında nəğmə",
"Çarpışan qüvvələr"
və "Bolşeviklər")
barədə də demək mümkündür.
Həmin
əsərlər Litva
ədəbiyyatına əvəzsiz
bədii incilər, bənzərsiz surətlər,
yeni məzmunlu bədii təsvir və ifadə vasitələri, əsrarəngsiz
təşbeh və metaforalar sistemi, lirik-fəlsəfi duyğular
dünyası və xüsusi bir Şərq zənginliyi gətirib.
V.Krevenin Şərq mövzusunda yaratdığı əsərlərin
bir qismi onun ilk dəfə 1930-cu ildə Kaunasda çapdan çıxmış
məşhur "Şərq
hekayətləri" adlı
kitabında toplanıbdır. Bu kitaba
Baltik xalqları ədəbiyyatı tarixində
ilk dəfə olaraq İslam, Buddizm, Zərdüşt və Yəhudi dinləri mövzusunda yazılmış
beş dini-fəlsəfi
əsər - "Pratyekabudda",
"Kralın ən yaxşı şərabını
saxladığı qab",
"Azəristan ölkəsi",
"Çarpışan qüvvələr"
və "Qadın"
adlı hekayətlər
daxildir.
V.Krevenin Bakıda yaratdığı
Şərq mövzulu
məşhur əsərlərdən
biri də "Qartal haqqında nəğmə" rəvayətidir. Əsər ilk dəfə müəllifin
1912-ci ildə Vilnüsdə
buraxılmış "Daynava
diyarı qocalarının
rəvayətləri" kitabında
çap edilib. Kitaba doqquz rəvayət daxildir. Romantik ruhda qələmə
alınmış bu rəvayətlər eyni zamanda həm milli, həm də bəşəri ideyalarla zəngindir.
Tanınmış Litva ədəbiyyatşünasları
Yonas Lankutis (1925-1995) və Albertas Zalatoryusun (1932-1999) fikrincə,
V.Kreve "Daynava diyarı qocalarının
rəvayətləri" toplusunda
bədii üslubun elə parlaq ifadə formasını yaradıb ki, müasir oxucular və ədəbiyyat araşdırmaçıları Litva folklorunun poetikası haqqında mülahizələr yürüdərkən,
çox zaman qədim folklor nümunələri əvəzinə
bu əsərlərə
istinad edirlər. Sözügedən rəvayətlər özündə "nazlamalara",
"əzizləmələrə" aid
çoxlu sayda orijinal epitetlər, Litva folkloru üçün xas olan rasional məzmunlu
metafor və təkrirlər qalereyasını
ehtiva edir. Bir sıra parçalarda isə, hətta Litva poeziyasının ən gözəl şeir nümunələrinin
melodikliyindən belə
geri qalmayan həmahənglik və incəlik hiss olunur.
Bütün bunlarla bərabər, kitaba daxil olan
rəvayətləri - ələlxüsus,
"Qartal haqqında nəğmə" əsərini
oxuyarkən Şərq
motivlərini aydınca
sezmək mümkündür. Həm də
ki, Qartal surəti Litva folkloru və ədəbiyyatı üçün
səciyyəvi hal deyildir. Sözgəlişi qeyd edək
ki, digər Şərq xalqlarının
ədəbiyyatları ilə
yanaşı, Azərbaycan
folklorunda da "Qartal haqqında nəğmə"yə bənzər
bir sıra ədəbi nümunələr
mövcuddur. Odur ki, əsərdə, həmçinin,
Azərbaycan folklorunun
izini və ab-havasını, Azərbaycan
dağlarının əyilməz
əzəmətini duymaq
çətin deyil.
Bütün bunlar bir daha V.Krevenin öz yaradıcılığında
həm də Azərbaycan ədəbiyyatı
və ümumən Şərq folkloru qaynaqlarından faydalandığını
göstərir.
"Qartal haqqında
nəğmə" rəvayəti
mənsur şeir formasında yazılmış
əsər olaraq, Azadlığa və Müstəqilliyə oxunan
möhtəşəm bir
Himn kimi səslənir. Rəvayət Litva ədəbiyyatının
ümumi mənzərəsinə
çox təbii şəkildə daxil olub və ədəbi ictimaiyyət tərəfindən elə
məhəbbətlə qəbul
edilib ki, V.Kreve ədəbi istedadının ən sadiq pərəstişkarları "Qartal haqqında nəğmə" əsərindən
bir çox parçaları bu gün də əzbərdən söyləyirlər.
Əsərin birbaşa orijinaldan edilmiş tərcüməsini
dəyərli oxuculara
təqdim edirik.
Mahir HƏMZƏYEV
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
Litva Respublikası Hökuməti
yanında
Milli İcmalar Şurasının
üzvü
Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.30.