Cümhuriyyət tələbələri

 

Professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirlinin kitabı ətrafında

 

"Biz daha ixtisaslı və bilikli adamlar

yetişdirmək üçün Avropaya

tələbələr göndərəcəyik".

 

Məhəmməd Əmin Rəsulzadə

                     21 avqust 1919

 

 1918-ci ilin iyununda Azərbaycan Cümhuriyyəti hökuməti Gəncəyə köçdükdən sonra milli siyasətlə bağlı mühüm addımlar atıldı. Məsələn, 27 iyunda hökumət türk dilini bütün ölkə ərazisində dövlət dili elan etdi, 28 avqustda "İbtidai, ali ibtidai və ümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında" qərar verdi.

Gəncədə əsası qoyulan bu siyasət hökumət Bakıya köçdükdən sonra daha sistemli şəkildə həyata keçirilməyə başlandı. Bu cür milli addımlardan ən mühümü hökumətin Avropada təhsil almaq üçün 102 tələbəni göndərməsi oldu.

Azərbaycan Cümhuriyyəti ilə bağlı aparılan tədqiqatlarda hökumətin tələbələrlə bağlı qərarları, hədəfləri, eləcə də onların qürbətdəki, vətəndəki, sürgündəki həyatları ilə bağlı  araşdırmalara rast gəlinirdi. Lakin öyrənilməsi böyük zəhmət tələb edən bu proses indiyədək sistemli şəkildə tədqiqata cəlb edilməmişdi.

Nəhayət, 2016-cı ildə uzun illər bu mövzu ilə bağlı tədqiqat aparan professor Ədalət Tahirzadə və Oğuztoğrul Tahirli 1220 (!) səhifədən, min fotoşəkildən ibarət "Azərbaycan Cümhuriyyəti tələbələri" kitabını təqdim etdilər.

 

***

 

Ə.Tahirzadə və O.Tahirlinin kitabında mövzular oxuculara bu şəkildə təqdim edilir: Cümhuriyyətin təhsil siyasəti, 102 tələbənin xaricə göndərilməsilə bağlı hökumət və parlament müzakirələri, dövlətin yekun qərarı (102 tələbənin və göndəriləcək universitetlərin müəyyənləşdirilməsi, onlara ödəniləcək xərclər, qarşılarına qoyulan öhdəliklər) və tələbələrin hər birinin həyat hekayəsi.

İlk dəfə olaraq bu kitabda Azərbaycan Cümhuriyyəti hökumətinə qədər xaricdə ali təhsil almış azərbaycanlıların siyahısı təqdim edilib və bununla da 1920-ci illərdə bolşeviklərin azərbaycanlıların təhsilsizlikləri ilə bağlı uydurduqları yalanlar puç edilib. Müəlliflər 700-dən yuxarı tələbənin adlarını və oxuduqları universitetlərin siyahısını hazırlayıblar. Bunun ardınca Cümhuriyyət dönəmində milli təhsil siyasəti ilə bağlı görülən işlər və mühüm qərarlar haqqında bəhs edilib.

Müəlliflər ilk dəfə olaraq tələbələrlə bağlı, demək olar ki, bütün arxiv sənədlərini oxuculara təqdim ediblər. Bu sənədlər, hökumətin qərarları, parlament müzakirələrini oxuduqca dövlətin milli kadr siyasəti ilə bağlı necə mətin addımlar atdığını görmək mümkün olur. Çünki Cümhuriyyətin elanından sonra kadr çatışmazlığı ciddi problemə çevrilmişdi. Dövlət idarəetmədə islahatları həyata keçirməli, milli kadr ehtiyacını təmin etməli idi. Bunun tək yolu isə dövlətin yeni kadrları yetişdirmək üçün üzərinə öhdəlik götürməsi idi. 4 il ərzində bu tələbələr müəyyənləşdirilən ixtisaslara yiyələnəcək və geri qayıtdıqları zaman gənc dövlətin ilk milli kadrları olacaqdılar.

Kitabdan öyrənirik ki, bu məsələ bir müddət qeyri-rəsmi şəkildə müzakirə edilib, mövzu ilə bağlı mətbuatda bir sıra yazılar dərc edilib. Məhəmməd ağa Şahtaxtlı layihəyə qarşı çıxıb, dövlət üçün ağır bir yükə çevriləcəyini yazıb. Amma hökumət qərarından vaz keçməyib.

Nəhayət, 1919-cu ilin iyul ayının sonunda qanun layihəsi təqdim edilib: 1919-1920-ci dərs ilində abituriyent və tələbələrin əcnəbi ali məktəblərə göndərilməsi üçün Dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına dörd yüz on min frank buraxılsın.

Bunun ardınca tələbə olmaq istəyənlərin hökumətə müraciəti başlanıb. 1919-cu ilin 4 avqustunda  "Azərbaycan" qəzeti ilkin siyahı təqdim edib: "İsveçrəyə 51 nəfər, Fransaya 13 nəfər, Türkiyəyə 4 nəfər, İtaliyaya 1 nəfər, Rusiyaya 17 nəfər, İngiltərəyə 3 nəfər, Almaniyaya 11 nəfər. Cəmi 100 nəfər…".

Avqustun 10-da nazir Rəşid xan Qaplanov yüz nəfər tələbənin xaricə göndərilməsi üçün nəzərdə tutulan 410 min frank pulun təsdiqlənməsi üçün parlamentə qanun layihəsini təqdim edib. Tələbələrin xərcliyi belə nəzərdə tutulub: hər birinin xərcliyinə 3600 frank və yol xərcləri üçün 500 frank…

Ardınca Parlament təklif olunan layihəni müzakirəyə başlayıb. Layihə maliyyə-büdcə komissiyasının müzakirəsinə göndərilib. Əhmədcövdət Pepinov məruzəsində layihənin qəbul edilməsini təklif edib. 20 avqustda baş tutan iclasın protokolunda belə yazılıb: "…Layihədə göstərilən 410 min frank əvəzinə 7 milyon rubl ayrılması qəbul olunsun".

Komissiyanın bu qərarı layihənin parlamentdə təsdiqi üçün olduqca yetərli idi. Parlament bu məsələni bir neçə dəfə təxirə saldıqdan sonra, nəhayət, 1 sentyabr 1919-cu ildə tələbələrlə bağlı qərar çıxardı. Qərara görə: dövlət xəzinəsindən maarif nazirinin ixtiyarına 7 milyon rubl ayrılır; Hökumətin təqaüd verəcəyi tələbələr təhsillərini bitirdikdən sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq etməyə borcludurlar.

Qərardan sonra Parlament tələbə işləri üçün xüsusi komissiya təşkil etdi. Məhəmməd Əmin Rəsulzadə komissiyanın sədri seçildi. 15 sentyabr 1919-cu ildə Rəsulzadənin sədrliyi ilə komissiyanın geniş iclası keçirildi. Məlum oldu ki, komissiyaya 280 ərizə daxil olub. Komissiya tələbələrin seçimində türk dilini və gedəcəyi ölkənin dilini bilənlərə, attestat qiymətləri yüksək olanlara, eləcə də kasıb balalarına üstünlük verdi. Göndəriləcək tələbələrin Azərbaycan vətəndaşı olması şərti olduğuna görə 10-a yaxın tələbə Azərbaycan vətəndaşlığına qəbul edildi.

Dekabrın 12-də komissiya dövlət təqaüdçüləri sırasına 100 nəfər götürməyi qərara aldı. 6 gün sonra isə "Azərbaycan" qəzeti 100 tələbənin siyahısını dərc etdi. Təqaüdçülərin vizaları hazır edildi, onlara xarici pasportlar verildi. Tələbələrdən iki iltizamnamə alındı: onlar qayıtdıqdan sonra hökumətin göstərdiyi yerlərdə 4 il qulluq edəcəklər; getdikləri ölkələrdə heç bir siyasi və partiya işlərinə qarışmayacaqlar.

14 yanvar 1920-ci ildə təqaüdçülərin 24 nəfərlik ilk dəstəsi Bakıdan yola salındı. Həmin gün Azərbaycanda qeyri-iş günü idi, çünki yanvarın 12-də Parisdə Müttəfiq Dövlətlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanımışdı. Hökumət tanınmanın şərəfinə 14 yanvarı qeyri-iş günü elan etmişdi.

 

Rəsulzadə yola saldı,

Topçubaşov qarşıladı

 

Kitabda mənim üçün maraqlı hissə Cümhuriyyət tələbələrinin yola salınma mərasimi idi. Müəlliflər arxiv materialları, dönəmin rəsmi qəzetləri, eləcə də tələbələrin mühacirətdə yazdıqları xatirələr əsasında bu yolasalmanı geniş şəkildə işıqlandırıblar.

Əsərdən öyrənirik ki, tələbələri yola salmağa Məhəmməd Əmin Rəsulzadə, əmək naziri Əhmədcövdət Pepinov, Salman Mümtaz, Abbasqulu Kazımzadə və başqaları gəliblər. İlk çıxışı Rəsulzadə edib və bildirib: "Sizlərə yaxşı yol diləyirəm, gülə-gülə gedin, ancaq gələrkən yabançı gəlin gətirməyin".

Tələbələrə nəsihətlər verildikdən sonra yola salınıblar. Qatar hərəkət edərkən tələbələr Azərbaycan bayrağı çıxarıb tar və nəğmə tərənnümü altında "Yaşasın Azərbaycan" - deyə yola düşüblər.

Təqaüdçülərin ikinci və böyük dəstəsi iki gün sonra, yanvarın 16-da yola salınıb. Bu zaman onların sayı artıq 102 nəfər idi.

 

Onlar harada oxudular?

 

Ə.Tahirzadə və O.Tahirli ilk dəfə olaraq tələbələrin dəqiq siyahısını və onların təhsil aldıqları universitetləri və getdikləri ölkələri sistemləşdiriblər. Məlum olur ki, 102 tələbə bu ölkələrdə təhsil alıblar:

Türkiyə - 9 tələbə (İstanbul Universiteti); Almaniya  - 52 tələbə (Göttingen Universiteti, Leypsiq, Darmştadt, Berlin, Bonn, Frayberq, Münhen və s.); Fransa - 25 tələbə (Paris, Nansi, Lion); İtaliya - 3 tələbə (Roma, Peruca); Ukrayna - 8 tələbə (Kiyev Kommersiya İnstitutu, Odessa Novorossiya Universiteti, Xarkov Universiteti, Xarkov Texnologiya İnstitutu); Rusiya - 5 tələbə (Moskva Ali Texniki Məktəbi, Don Universiteti, Don Politexnik İnstitutu, Sankt-Peterburq)

Tələbələr Avropaya çatdıqdan sonra onlar Azərbaycanın Parisdəki Sülh Nümayəndə Heyətinin sədri Əlimərdan bəy Topçubaşov və digər Heyət üzvlərinin  yaxın diqqət və qayğısını görüblər.

1920-ci il yanvarın 31-də tələbələrdən bir qrup Parisə çatır. Vağzalda onları Azərbaycan Sülh Heyətinin başçısı Əlimərdan bəy Topçubaşovla heyətin iki əməkdaşı -  Abbas bəy Atamalıbəyovla Məhəmməd Məhərrəmov qarşılayırlar. Tələbələrin məşhur fotoşəkli də məhz Parisdə çəkilir. Fevralın 13-də Parisdəki "Claridges" otelinin qarşısında 48 tələbə ilə birgə Sülh Heyətinin əməkdaşları Məhəmməd Məhərrəmov və Abbas bəy Atamalıbəyov xatirə fotoşəkli çəkdirirlər.

 

 Tələbələrin taleyi

 

Rusiyanın Azərbaycanı işğalından sonra tələbələrin ağır həyatı başlayır. Kitabda bolşevik hökumətinin tələbələrə göstərdiyi biganə və ehtiyatlı münasibət sənədlərlə ortaya qoyulub. Bəlgələrdən aydın olur ki, bolşeviklər tələbələri doğmalar və yadlar olaraq iki qrupa ayırıblar, göstərilən münasibət də buna əsaslanıb. Bunu hiss edən tələbələrin bəziləri ölkəyə qayıdıb, bəziləri isə mühacirətdə qalmağı üstün sayıb. Geri dönənlərin bəziləri isə vətənə, xalqa göstərdikləri xidmətlərə baxmayaraq repressiya ediliblər.

 

Yaşamlar

 

Kitabda ümumi prosesin geniş izahından sonra 102 tələbənin hər biri haqqında ayrıca materiallar təqdim edilib. Müəlliflər bu materialları əldə etmək üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan arxivlərində çalışıb, Avropadakı qaynaqlar da müxtəlif yollarla əldə edilib, ən əsası, tələbələrin ailə üzvləri, qohumları ilə görüşlər keçirilib, onlardan alınan şəxsi arxivlər əsasında hər birinin həyat hekayəsi yazılıb. Biz bu həyat hekayətlərində tələbələrin oxuduqları sahə üzrə hansı uğurları qazandıqlarını, şəxsi həyatlarında hansı hadisələrin baş verdiyini öyrənirik.

Bu həyat hekayətlərini oxuduqca bir məsələdə tam əminlik yaranır: Cümhuriyyət xadimləri olduqca uğurlu seçim ediblər. Onların arasında kimlər yoxdur ki?

Məsələn, Hilal Münşi. Almaniyada təhsil aldı, geri qayıtmadı, Rəsulzadənin silahdaşı mövqeyinə qədər yüksəldi, "Azərbaycan Cümhuriyyəti" kitabını yazdı. Cəfər Kazımov - Sovet hökuməti üçün mükəmməl kadr idi. Lakin repressiya maşını onu da ağuşuna aldı. Amma taleyin işinə bax ki, Cümhuriyyət tələbəsi sürgündə ağır şərtlər altında da uğur qazandı. Belə ki, 1947-ci ildə Cəfər Kazımov Rüstəm Vəkilovun başçılıq etdiyi dörd nəfər mütəxəssis və iki fəhlədən ibarət ekspedisiyanın tərkibində möhtəşəm uğur qazanır - Sovet uranını tapır!

Bizim hər bir tələbə haqqında yazmağa imkanımız yoxdur. Təkcə bu iki fakt onu göstərir ki, əgər Cümhuriyyət yaşasaydı və tələbələr ilk milli kadrlar olaraq dövlətdə çalışmaq imkanı qazansaydılar, Azərbaycan Cümhuriyyəti Avropanın ən güclü, ən çağdaş dövlətlərindən biri olacaqdı.

 

Dilqəm ƏHMƏD

 

Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.28.