Ölümünə 26 saat qalmış...
Üç gün əvvəl
may ayının 23-də 60 yaşı tamam olan, 1993-cü ilin fevralında Qarabağ döyüşlərində qəhrəmancasına
şəhid olmuş Milli Qəhrəman Yusif Mirzəyevin əziz xatirəsinə...
1993-cü ilin yayı
təzəcə girmişdi. Havalar isinmiş,
mer-meyvə ağacları
çiçəkdən çıxıb
bar vermişdilər. Həyatın canlılığı, təbiətin
qabıq dəyişməsi
insanı yaşamağa,
gələcəyə doğru
ümidlər bəsləməyə
məcbur edirdi. Lakin mənim üzərində
yaşadığım torpağın
adamları narahat-narahat
gəzib dolaşır,
öz evlərində
qonaq kimi yaşayır, əlləri
bağda-bağatda heç
bir işə yatmırdı. Elə gün
olmurdu ki, rayona erməni topu, qradı, mərmisi düşməsin.
Hamının bir ayağı
qaçaq idi.
Həyətimizdəki qızılgül, yasəmən
çiçəkləri kolların,
budaqların üstündə
çiçək açıb,
elə ordaca da soluxub, quruyub
tökülürdülər. Atam tez-tez
deyirdi ki, "a bala, o güllərdən qır, yığ güldana. Heyifdir, tələf olub
gedirlər." Amma uşaq
ağlımla atamın
dediklərini eləmir,
ona və şüuraltımda özünə
amansızca yer etmiş düşmənə
etiraz edirdim. İstəmirdim ki, qaçhaqaç
düşsə, evimiz
yiyəsiz qalsa, düşmən gəlib mənim yığdığım
gülləri ayaq altına salıb tapdalasın. Əlbəttə, bu barədə o vaxtlar belə səlis və dəqiqliklə düşünə
bilməzdim. Düşüncələrimi
indi aradan keçən iyirmi beş ildən
sonra belə səhmana salıb, bər-bəzəyə tuturam.
Biz elə həmin
yayı evimizdən quruca canımızı götürüb qaçdıq. Hər gün
erməni gəldi, qaçın, sözlərini
eşitməkdən, rayona
atılan top, qrad mərmilərinin gurultulu,
ölüm, qan-qada gətirən səsindən
qorxaq və gözüqırpıq olmuşduq.
Ona görə də qaçmaq bizim ən təbii haqqımız idi.
Rayondan xeyli aralı olan Şükürbəyli kəndində
tanışlarımızın birinin evinə yığışdıq. Həyətə qoyulan televizor hər gün yalan-doğru xəbərləri
ilə biz qaçanların
ümid yerinə çevrilirdi. Bir axşamüstü
televizorda şəhid
olmuş əsgərlər
haqqında veriliş verilirdi. Ekrandan qaraqaş, qaragöz,
bığlı bir kişinin gülərüz
çöhrəsi görsəndi.
Həmin
kişini niyəsə
Koroğluya bənzətdim.
Anam kişini görən kimi əlini yüngülcə
dizinə çırpıb
vaysındı: "Heyif
Yusif Mirzəyevdən,
yaxşı insan idi. İki-üç il əvvəl
bizim idarəyə
"revizor" gəlmişdi.
Bir həftənin içərisində
on ilin hörmətini
qazanıb getdi."
Vəssalam! O gündən bu
yana Yusif
Mirzəyevin adı və siması, bir də qazanmış
olduğu onillik hörməti mənim - on
üç yaşlı
qızın yaddaşının
bir tərəfində
sancılıb qaldı.
Mən Yusifi bir də
2018-ci ildə rejissor Nizami Abbasın ekranlaşdırdığı "Batalyon" sənədli filmində gördüm.
Görən kimi də dərhal tanıdım.
Hətta öz yaddaşımın möhkəmliyinə
heyrət etdim.
Filmdə danışan Yusif
Mirzəyev həmin müfəttiş idi.
Nizami Abbasın Yusif Mirzəyevə həsr olunmuş "İgid əsgər" filminin premyerasına gedəndə
isə artıq bilirdim ki, film Koroğluya bənzəyən,
34 yaşında qəhrəmancasına
şəhid olmuş Yusif Mirzəyevdən bəhs edir…
Film Yusif Mirzəyevin doğmaları və əsgər yoldaşları
tərəfindən nəql
olunan xatirələr fonunda Yusifin cəbhədəki dövrlərini
əks etdirən kadrlarla başlayır və davam edir.
Həmin
kadrlarda Yusif Mirzəyev gülür, kədərlənir, qəzəblənir.
Bəzən yorğun və
bitkin, hətta yatılı vəziyyətdə
operatorun kamerasına düşür. Komandir olsa
da döyüşçülər
arasındakı sadəliyi,
gülərüzlülüyü ilə Yusif həm də gəldi-gedər dünyaya
qarşı gözütoxluğu
ilə diqqəti cəlb edir. Hiss olunur ki, ölüm
onun üçün
o qədər də dəhşətli hadisə
deyil. Dəhşətli olan torpaq, əsgər itkisi idi. O, öz həyatına qarşı
nə qədər laqeyd, amansız idisə, başqalarının,
tabeliyində olan insanların ömrünə
qarşı bir o qədər cavabdeh və diqqətli idi. Bunu keçmiş
döyüşçülərin onun haqqında sevgi və hörmətlə,
kövrələrək danışmaqlarından
duymaq, hiss etmək olurdu.
Filmdə Yusifin gülüşlərini,
vətənə qarşı
pafossuz, sadə sevgisini hiss etdikcə qəribə, gizlin xəcalət hissi adamı bürüyür. Monitordan gözümü
yayındırsam da, olmur. Özlüyümdə düşünürəm.
Axı Yusif Mirzəyev və onun kimi
yüzlərlə insan
bizim bugünkü dincliyimiz üçün
canlarından keçdilər.
Sözün həqiqi
mənasında ev-eşiklərindən
didərgin olub, ailələrini ata-ana ümidinə qoyub, vəzifələrini, iş
yerlərini tərk edərək cəbhəyə
yollandılar. Həqiqi vətən
sevgisi naminə öz sağlamlıqlarından,
canlarından keçdilər.
Biz isə onları
Nizami Abbasın filmlərinə qədər
neçə dəfə
xatırlamışdıq?!
Filmdəki kadrlardan birində
Yusif deyir: - "Ən böyük arzum Kəlbəcərə
gedib ordakı dostumla görüşməkdir".
Digər, ölümündən
26 saat əvvəl çəkilmiş kadrda isə deyir: "Bu qoşunla əks-hücuma
keçəcəyik. Qırılan qırılacaq, qalan da, girov düşən
də özünü
güllələyəcək. Vəssalam!"
Özünə aid olan hər şeyi
Bakıda qoyub cəbhəyə yollanan, sonralar səhhətində
yaranan təhlükəyə
əhəmiyyət verməyən
Yusif Mirzəyev nə olur-olsun vuruşmağı və düşmənə məğlub
olmamaq yolunu seçir. Məğlubiyyət və əsirlik
varsa o, ölümü
və yenə də ölümü üstün tutur. Yusif Mirzəyev ürəyinə daman kimi son döyüşdə qırılanların
içərisində olur.
Həyatını itirir. Şəkillərdə
qırx, əlli yaşlı kişi
təsiri bağışlasa
da, gözlərini həyata son dəfə yumanda onun cəmi
34 yaşı olur. Özündən sonra nisgilli xatirələr, gözəl sözlər və sözün əsl mənasında qəhrəmanlıq məktəbi
qoyub gedən Milli Qəhrəman Yusif Mirzəyevin son arzusu olan "İgid əsgər" mahnısı isə Şəmistan Əlizamanlı
tərəfindən ifa
olunaraq onun əziz xatirəsinə ithaf olunur. Və nəhayət,
Qarabağ müharibəsində
iştirak edən, müharibədəki əfsanə
insanların çoxunun
cəbhədaşı, dostu
olan rejissor Nizami Abbas tərəfindən
"İgid əsgər"
filmi əbədiləşir.
Film sona çatanda düşünürəm ki,
artıq mən və mənim kimi bir çoxları
"İgid əsgər"
filmindən sonra Nizami Abbas kimi
fədakar və təmənnasız sənət
adamlarının sayəsində
Yusif Mirzəyevi Koroğlu kimi yox, elə Azərbaycanın
Milli Qəhrəmanı
Yusif Mirzəyev kimi xatırlayıb, yad edəcəyik.
Samirə ƏŞRƏF
Ədəbiyyat qəzeti.- 2018.-
26 may.- S.29.