Azərbaycan Cümhuriyyəti
haqqında ilk məqalə
Azərbaycan
Cümhuriyyəti dövründə nəşr edilən ilk
milli məcmuədə - "Gənclər yurdu"
jurnalında Mirzə Bala Məhəmmədzadənin bir
sıra dəyərli hekayələri və publisistik əsərləri
çap olunmuşdur. Onlardan biri də 1918-ci il 23 iyul tarixində
Tiflisdə nəşrə başlayan dərginin səhifələrində
yer alan "Azərbaycan Cümhuriyyəti" adlı silsilə
publisistik məqaləsidir. İstiqlalının bəyan edilməsindən
iki ay keçməmiş yeni, müstəqil dövlətin
adının məqalə sərlövhəsinə
çıxardılması da ilk hadisə idi. Mirzə Bala Məhəmmədzadə
birinci olaraq yazısında Azərbaycan Cümhuriyyəti
haqqında o dövr üçün mübahisəli
görünən çox ciddi problemlərə toxunmuş,
öz düşüncələrini, qənaətlərini
bildirməkdən çəkinməmişdir. Mirzə
Balanın toxunduğu ən qlobal problemlərdən biri yenicə
istiqlalını elan etmiş Cümhuriyyətimizin ərazisi,
sərhəd məsələsidir. Azərbaycan hökumətinin
1918-ci ilin iyulunda daşnak-bolşevik qüvvələri ilə
Bakının qurtuluşu uğrunda ölüm-dirim mübarizəsi
apardığı bir zamanda M.B.Məhəmmədzadə
yazırdı: "Azərbaycanın xəritəsi və sərhəddi:
Şimaldan Qafqaz dağları, cənubda Urmiya gölü və
Farsistan, Şərqdə Xəzər dənizi, Qərbdə
Ermənistan və Gürcüstandır. Söylədiyim hal
ilə yüz sənə irəli Azərbaycan var idi. Onun
tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiya və
etnoqrafiya halı bunu təsdiq edir və Azərbaycan
haqqında dəyərli məlumat verə bilir. Fəqət
yüz on dörd sənə bundan irəli Azərbaycan iki hissəyə
ayrıldı. Arasdan cənubu İranda, şimalı Rusiyaya
getdi. ...Fəqət arzumuz bu iki parçanın birləşməsidir."
Azərbaycanın
xəritəsi zaman-zaman müxtəlif səviyyələrdə
və məkanlarda, fərqli biçimdə
cızılmışdır. Lakin Xalq Cümhuriyyəti
dövründə Mirzə Bala Məhəmmədzadə ilk dəfə
mətbuat vasitəsilə Azərbaycanın bütöv ərazisini,
sərhədlərinin konturunu oxucularına təqdim edirdi.
Əslində, bu xatırlatma parçalanmış vətənin
bütövlüyü, birliyi, monolitliyi uğrunda gələcək
mübarizələrə incə bir işarə idi.
Mirzə
Bala Məhəmmədzadəni narahat edən ciddi problemlərdən
digəri yeni qurulmuş dövlətin idarəçilik
sükanının arxasına hansı əqidəyə malik
insanın gətirilməsi məsələsidir. Onun fikrincə,
Azərbaycan Cümhuriyyətində millətimizin
bütün təbəqələrinin hüququ
düşünülməli və təmin olunmalıdır.
Mirzə Bala bu barədə haqlı olaraq yazır: "Zənn
edirik ki, millətimizin qanı, canı, dövləti və
namusu ilə azad olunmuş vətənimizdə ögey və
doğma olmayacaq. Millətimizin bəyi, xanı,
çobanı, əkinçisi, qadını bərabər
hüquqa, müsavi həqqə malik olacaqlardır."
Mirzə
Bala yeni qurulan cəmiyyətdə sosial ədalət prinsipinin
vacibliyini, əhəmiyyətini vurğulamaqla Cümhuriyyət
məmurlarını əslində sayıqlığa, haqqa, ədalətə,
obyektivliyə, azərbaycançılığa səsləyirdi.
Gənc
Mirzə Balanın dövlət və hökumət
anlayışına münasibəti də çox
maraqlıdır. Onun fikrincə: "Mətləb burdadır
ki, Cümhuriyyət başqa, hökumət başqa şeydir.
Cümhuriyyət bir hökumətin üsul-idarəsidir.
Yuxarıda biz bunu müdafiə edirdik. Bizim dediyimiz odur ki, yeni
Azərbaycan hökuməti cümhuriyyət əsasilə
qurulmalıdır.
Bəs
hökumət özü nədir? Hökumət üç
mühüm əsasdan ibarət və təşkil olunan
padşahlıqdır. O əsasların biri idarə, ikincisi
topraq, üçüncüsü əhalidir.
İdarə
həqqində rəyimizi söylədik. Topraqımız, onun
sərhəddi, sərvəti və varidatı barəsində
də danışmaq lazımdır.
Toprağı,
dövləti, sərhəddi olmayan bir yerdə idarə də,
hökumət də olmaz. Odur ki, Azərbaycan hökuməti
ilk sırada bu ağır məsələni həllə
qalxmışdır."
Əlbəttə,
bu düşüncələrlə tanış olduqca 20
yaşlı gənc Mirzə Bala Məhəmmədzadənin
siyasi dünyagörüşünə, dövlətçilik
təfəkkürünə heyran qalmaya bilmirsən. Onun
baxışlarına görə hökumətin üç
mühüm əsasının, prinsipinin sıralanmasında
cüzi dəyişiklik etsək; torpaq (vətən
anlamında-A.R.), millət və dövlət düsturunun nə
qədər dəqiq ifadə edildiyinin fərqinə
varmış olarıq. Biz sonralar dövlətçiliyin
üç mühüm əsas düsturuna Cümhuriyyət
liderlərinin, o cümlədən, Üzeyir bəy Hacıbəylinin
çıxış və məqalələrində də
rast gəlirik... Azərbaycan adının mənşəyi, qədim
tarixi barədə də məqalədə maraqlı
mülahizələr irəli sürmüşdür.
Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində Mirzə
Bala Məhəmmədzadənin "Gənclər yurdu" məcmuəsinin
23 iyul, 14 avqust, 1 və 15 noyabr tarixli 1, 2, 4, 5-ci saylarında nəşr
olunan və ərəb qrafikasından müasir əlifbaya
çevirərək təqdim etdiyim "Azərbaycan
Cümhuriyyəti" məqaləsinin "Ədəbiyyat qəzeti"nin
qədirşünas oxucuları üçün də
faydalı olacağı gümanındayam.
Asif RÜSTƏMLI
filologiya üzrə elmlər doktoru,
ADMİU-nun professoru
Ədəbiyyat qəzeti.- 2018.- 26 may.- S.26.