Azərbaycan Cümhuriyyəti
1
Vaxtilə oğuzlar, çingizlər, teymurlar vasitəsilə birləşib tarixdə böyük imperatorluqlar qura bilmiş, "Yasa", "Tozukat" kimi hökumət qanunları yaratmış Farabi, İbn Sina və Uluğ Bəylər çıxarmış türk millətinin hali siyasiyyə və milliyyəsi son zamanlarda cümləyi ağladar dərəcədə idi.
Xətti ixtiyarında olan türklər xətalaşmış, hakim bulunduğu halda milliyyətin də itirib məhkum halına gəlmişdi.
Qərbdə xristianlaşmaqdan əlavə fin, macar, bolğar kimi ayrı millətlər halına gəlmiş, Cənubda islamiyyət qəbul etməklə bərabər qərblik və farslıq da qəbul edərək dəyişmişlərdi.
Vaxtilə bir yerdə malik olan bu Turan oğullarının beşiyi Anadolu, Türküstan, Moğolstan, Tatarıstan, Azərbaycan kimi hissələrə ayırmışlardı. Bunlardan yalnız Anadolu siyasətən azadə idi. Qalanları Rusiya və xətanın əlində əzilirlərdi.
Rusiya inqilabı sayəsində türk milləti azadə nəfəs almağa başlıyordi. Fəqət, aldanmış olduq. Qansız, qurbansız türk elləri azad olmadılar. Azadlıq yolunda Türküstan, Tatarıstan, Krım, Azərbaycan tarixdə görünməz qurbanlar verdi. Həm də hürriyyətpərvər inqilabçılara...
2
Birinci müvəffəqiyyətsizlikdən sonra Azərbaycan Krım ümidini itirmədi. Yenə hürriyyət yolunda çalışmağa başladı. Axırda bütün də olmasa, yenə müvəffəq oldu demək olar.
Azərbaycan
və Krım yenə azad oldular. Azərbaycanın içərisində
olan bəzi daxili mübahisələri buraxaraq və bu barədə
tav (güc-A.R.) bitərəflik saxlamaqla onun xilasını
tarixi nəzərlə təbrik edirik.
Azərbaycan
xəritəsi və sərhədi: Şimaldan Qafqas
dağları, cənubda Urmiya gölü və Farsistan, Şərqdə
Xəzər dənizi, Qərbdə Ermənistan və
Gürcüstandır. Söylədiyim hal ilə yüz sənə
(il) irəli Azərbaycan var idi. Onun tarixi, ədəbiyyatı,
mədəniyyəti, coğrafiya və etnoqrafiya halı bunu təsdiq
edir və Azərbaycan haqqında dəyərli məlumat verə
bilir. Fəqət, yüz on dörd sənə bundan irəli
Azərbaycan iki hissəyə ayrıldı. Arasdan Cənubi
İranda, Şimalı Rusiyaya getdi. İmdi Rusiya Azərbaycanı
xilas etmiş, müstəqil bir hökumət halına gəlmişdir.
Cənub
hissəsi barəsində bir söz söyləyə bilmərik.
Fəqət arzumuz bu iki parçanın birləşməsidir.
Vəqt
bizdən tələb edir ki, bu bəhsli məsələni
bura xub hənuz təmamilə xilas olmamış cümhuriyyətimiz
həqqində bir qədər danışaq. Mətləb
ordadır ki, bütün mənasilə hürr olmaq
üçün, vətənimizin hökumətligin möhkəmlətməkdən
ötəri yurdumuzda asayişi bərpa edib anarxiyaya bir intiha
qoymaq üçün hökuməti üsullu və əsaslı
seçmək lazımdır.
Keçirməkdə
olduğumuz zamanı, siyasi axıntıları, millətin əhval-ruhiyyəsini
diqqətlə nəzərdə tutmalıyıq. Öylə
olmasın ki, balaca, əhəmiyyətsiz məsələ bizi
yenə siyasi əsarətə düçar etsin.
İşarəm
tərzi-idarə haqqındadır.
Vətənimiz
xilas oldu dedikdə millətimizi nəzərdə tuturuq. Ona
görə vətənimizdə hökumət qurarkən millətimizin
əksəriyyətini təşkil edən xəlq nəzərdə
tutulmasa millətimiz yenə zülmə düçar oldu deməkdir.
Bunu unutmamalı.
3
Qorxular və
təşvişlər içində yenə bir böyük
ümidimiz var ki, o da Azərbaycanın bir də şimalın
təhti əsarətinə (Əsarəti altında - A.R.)
düşməməsidir. Azərbaycan daha azaddır.
Yalnız bəhsli yerimiz onun tərzi idarəsində ola bilir.
İmdi
var oluruq ki, yavuqda çağrılacaq Milli Azərbaycan
qurultayı hökumət məsələsi həllində
söylədiyimiz kimi öylə ölçü
götürəcəkdir ki, onun içində millətimiz və
millətimizin əksəriyyətini təşkil edən
xalqımızın həyat və səadəti təmin
olunacaqdır.
Zira, Azərbaycanın
tərzi-idarəsindən nə (hansı-A.R.) əqidəli, nə
(hansı-A.R.) taktikalı şəxslər əlində
olunmasından bir millətin gələcəyi
asılıdır.
Azərbaycan
Cümhuriyyətində millətimizin bütün sinfinin
hüququ düşünülməli, təmin olunmalıdır.
Zənn
edirik ki, millətimizin qanı, canı, dövləti və
namusu ilə azad olunmuş vətənimizdə ögey və
doğma olmayacaq. Millətimizin bəyi, xanı,
çobanı, əkinçisi, qadını bərabər
hüquqa, müsavi (bərabər) həqqə malik
olacaqlardır.
Üzümüzə
gələn bəla brinci-ikinci ayırmadığından
ümumi səadətində sinifçilik buraxılıb,
müsavi səsə malik bir millət nəzərə
alınmalıdır.
Bütün
bunları qaralamağa millətimizə,
türklüyümüzə olan böyük müsibətimiz
bizi vadar edir.
Əgər
bu haqq tapdalansa, əgər hökumət cəmaətin
yorğunluğundan istifadə edilib qurulsa, o vəqt
böyük qorxu qarşısında ola bilərik.
Zira sonra
həqqı verməyə məcbur olacayıq. Bu qədər
danışığımız idarə üstündədir.
İstədigimiz odur ki, yurdumuzun idarəsi ağuşunda
yaşayan xəlqin öz əlində olsun. Hökumət cəmaətin
dediyini, əmrini, səadət və mənafeini gözləsin.
Daha qədim kimi cəmaət mütləqiyyətli idarənin
əsiri olub bilmədigi yerə sövq olunub məhv
olmasın.
Bunlar hamu
düzələrsə yenə işimiz bitdi demək deyildir.
Qabağımızda daha böyük məsələlər
var. Daha ağır şeylər var ki, onların da üstə
düşünmək və çalışmaq
lazımdır.
4
Mətləb
burdadır ki, Cümhuriyyət başqa, hökumət
başqa şeydir. Cümhuriyyət bir hökumətin
üsul-idarəsidir. Yuxarıda biz bunu müdafiə edirdik.
Bizim dediyimiz odur ki, yeni Azərbaycan hökuməti cümhuriyyət
əsasilə qurulmalıdır.
Bəs
hökumət özü nədir? Hökumət üç
mühüm əsasdan ibarət və təşkil olunan
padşahlıqdır. O əsasların biri idarə, ikincisi
toprak, üçüncüsü əhalidir.
İdarə
həqqində rəyimizi söylədik. Topraqımız, onun
sərhədi, sərvəti və varidatı barəsində
də danışmaq lazımdır.
Toprağı,
dövləti, sərhədi olmayan bir yerdə idarə də,
hökumət də olmaz. Odur ki, Azərbaycan hökuməti
ilk sırada bu ağır məsələni həllə
qalxmışdır. Azərbaycanın bütün şərqi
cəhəti, xüsusən Xəzər dənizinin kənarı
bolşevik əllərində olduğundan Azərbaycan
müharibə etməyə məcbur olmuşdur və qüvvəsi
çatmadığına görə Türkiyədən
imdad çağırmışdır.
Şərq
tərəfdən qurtarandan sonra təbiidir ki, Azərbaycan Qərb
tərəfində də, sərhədini düzəltməyə,
Gürcüstan və Ermənistan ilə öz xəttini
tanımağa məcbur olacaqdır.
Əlan
(indi) bəhsə səbəb olan bəzi müsəlman yerləri
var ki, Gürcüstan öz əlində saxlamaq istəyor. Və
halan (hələlik) ki, onun əhalisi müsəlmanlara tərəf
çəkilir. Bu məsələ üstdə Gürcüstan
ilə Azərbaycan arasında bəzi danışıqlar
olubsa da, yenə ümidvar oluruq ki, xəlqçilik, ədalət
prinsipi üzəriylə bu çətinlikdə həll
olunar, hər kəsin yeri özünə verilib ədavətə
səbəb olmazlar.
Zira
bunlardan başqa da Zaqafqasiya millətlərinin qabağında
çox işlər və çətinliklər vardır.
Şimal
tərəfdə Azərbaycan çətinlik görmiyəcəkdir,
hələ ehtimal ki, daha şimalda bulunan Dağıstanda Azərbaycanla
birləşib müttəhid (birgə) bir hökumət təşkil
edələr.
Fəqət
cənub tərəfdə məsələ bir az mühüm
olur. İran hökuməti dəfələrlə Azərbaycanı
vermiyəcəyini söyləyordi. Zənn ediyorik yeni
hökumətimiz bu barədə lazım gələn təşəbbüsatda
bulunacaq, vətənimizi yarımaxsaq bir halda saxlamayacaqdır.
Zira dünyadə bir Azərbaycan var.
5
İki Azərbaycanın
birləşməsi üçün Cənubi Azərbaycanın
öz hərəkəti də lazımdır. Rusiya Azərbaycanı
özü öz haqqını aldı. Buna da səbəb o
oldu ki, Qafqasiya Azərbaycanında milli və siyasi duyğu
oyanmışdı. Millət özünü bir millət hiss
edir, başqa millətin təhti əsarətində olmaq istəmiyordu.
Əgər
böylə "oyanış", öz-özünü
tanımaq, millət və tələblərini anlamaq İran
Azərbaycanında olmasa, heç bir iş görmək
olmayacaqdır.
Yüz sənə
irəli hamu Azərbaycanda olduğu kimi idi. İran Azərbaycanında
fars məktəbləri, fars ədəbiyyatı, farslıq
siyasəti sayəsində azərbaycanlılar türkcə
olaraq "farssız" deməyə cəsarət edirlər.
Fəqət həqiqətən İran Azərbaycanı ilə
fars millətinin arasında heç bir münasibət yoxdur. Nə
cins, nə qan, nə irq, nə ədəbiyyat, nə tarix və
nə müsavi bir ümumiyyət və yavuqluğa malik
deyildilər. Bunun əvəzində İran Azərbaycanı
ilə Qafqasiya Azərbaycanı arasında dil, fikir,
düşüncə, din, adət, ədəbiyyat cəhətcə
bir ümumiyyət vardır.
Qafqas
dağlarından Farsistana kimi uzanan Azərbaycan
keçmişdə kimlərə yurd olubsa olub, əlan isə
bir dildə danışan, bir dində olan, bir ədəbiyyat
və mədəniyyətə malik bir cəmaətin vətəni
olduqdan bunlara birləşmək mütləqa (mütləq)
lazımdır. Milliyyət, mədəniyyət və
istiqlaliyyət! Mənsəb, ağalıq və şəxsiyyətə
fəda olmamalıyıq.
Hakimiyyət
əldə olmaqla milliyyəti danmaq, nə farsa, nə ərəbə
mənfəət verər və nə də islamiyyətə
xidmət edər. Əksinə olaraq bir millətin məhvi
insaniyyətə və mədəniyyətə daha da zərərdir.
6
İran
mübəlliğlərinin (təbliğatçılarının)
Cənubi Azərbaycanda yapdıqlarına görə
Qafqasiyanın Azərbaycan adlanmağa həqqi yoxdur. Azərbaycan
İranın ayrılmaz bir hissəsidir ki, o da İranda vaqedir
(olan).
Bu tarixi
bilməməkdən və əvamlıqdan baş verən bir
şey olsa gərəkdir. Qafqasiya dağlarından tutub
Farsistana kimi uzanan bu qitəyə "Azərbaycan" adı
Bakıdan verilmişdir. Qədim İran dililə "Azərbaykan"
və sonra dəyişmiş "Azərbaycan" - atəş
məkanı, yalov yurdu deməkdir.
Həqiqətən,
ta Həzrəti İsadan min illər ilə qabaq Bakıda həmişə
yanar od var imiş. O od imdi də vardır ki, Bakının
yavuqluğunda olan Suraxanı kəndindədir. Dünyanın
hər tərəfində olan Atəşpərəstlər
buraya gəlib oda sitayiş edirlərdi. "Hörmüzd və
Əhrimən" mübarizəsi üstə əsasiyyətən
məşhur Zərdüşt dini burada düzlənmişdir.
Bakı
Atəşpərəstlərin bir Kəbəsi, bir qibləsi
vəzifəsini ifa edirdi.
Ola bilməz
ki, bu ad İran cəhətinə
deyilsin də, Bakının özünə söylənməsin.
Nuşrəvan
Azərbaycanı müafizə etmək üçün Dərbəndi
təhkim (möhkəmləndirmə) edərmiş. Ərəblər
Azərbaycanda, Bakı, Gəncə, Təbriz, Ərdəbil və
Muğanı alıb Dərbəndi möhkəmlətdik -
deyorlar. Bu növ ilə Azərbaycan yalnız şimali
İranın adı degil, Dərbənddən fars elinə kimi
uzanan bir qitəyə söylənir.
Etiraf
olunmalıdır ki, bu qitədə həmişə türk
yaşayormuş. Fəqət türkün olmadığı
kimi burada fars milləti də olmamışdır. Azərbaycan
Avropa ilə Asiya arasında ikinci bir quru yol olduğundan ta qədimdən
Avropaya köçən müxtəlif millətlərin
cövlangahı olmuşdur. Hər millətdən burada bir qədər
qalmışdır.
Bu növ
ilə miladın 4-cü əsrinə kimi burada fars,
gürcü, rum, yunan, alban, aysori, babil, finikiyə və keldanilər
olmuş olur. Gah Midiya burada ağalıq edir, gah İran
buralarda dolanır, gah İskəndər rumu, gah Roma, gah
gürcülər buralara gəlib hökumət halında
yaşayorlar.
Dördüncü
əsrdən başlayaraq buraya dalbadal türk milləti gəlir.
Əvvəl hunlar, macarlar, avarlar, fin və bolqarlar, sonra xəzərlər,
səlcuqlar, moğollar, tatarlar, türklər və
osmanlılar hərəsi bir qədər ağalıq edirlər.
Moğollar
burada ağalıq edərkən bütün əhalisini
köçürüb buranı tatar, moğol ilə
doldururlar. Hətta xüsusi bir İlxaniyyə dövləti
düzəldirlər. Ancaq XVI əsrin axırlarında
İran özünü toplayıb buranı təhti hakimiyyətinə
alır. Alan kəndində hər kəndə belə fars məktəbləri
açıb cəmaəti qarşılaşdırmaya
başlayor.
Fəqət
on yeddinci əsrdə Rusiya İranı buradan
çıxarıb XIX əsrdə Azərbaycanı iki yerə
bölür.
Bu qədər
siyasi, milli təsirlər və şəraitlər Azərbaycanda
gördüyümüz bir millət vücudə gətirir
ki, özünə yuca səslə "Azəri
türküz" adını verir.
7
Biz Azərbaycanı
Cümhuriyyət halında görmək istədiyimiz kimi
özünü də bütöv və həqiqi bir Azərbaycan
halında görmək tərəfdarıyıq.
Əgər
İran Azərbaycanı ilə Qafqasiya birləşməgə
müvəffəq olsalar o vəqt ən xoşbəxt bir millət
ola biləcəgiz deyiriz.
Təbiətcə
dövlətli, mədəni, Cümhuriyyətli Azərbaycan
Qafqasiya dağlarından farslıqa kimi sərbülən on milyonluq bir əhalinin yurdu, vətəni
olacaqdır. Bu əhali həpsi də bir millət olmuş
olacaq.
Böylə
hal az-az tapılır.
Amerika,
İngiltərə, Fransa, Türkiyə, İran deyəndə
bir millətdən ibarət bir məmləkət
düşünülməsin. Söylədigimiz məmləkətlərdə
əhali müxtəlif, hətta bəzisində saysız millətlərdən
ibarətdir.
Ona
görə bir məmləkətdə əhali başqa, millət
başqa olur. İran əhli dedikdə fars, türk, ərəb,
yəhudi, aysori kimi millətlər anlamaq lazımdır.
Rusiyalı
dedikdə rus milləti degil, rus, türk, gürcü, yəhudi,
fin, latış, ləh, nemsə kimi millətlər xəyalə
gətirilməlidir.
Həmçinin,
Türkiyə, İngiltərə, Fransa, İtaliya və
qeyriləri ... Türkiyə ilə İngiltərədə
başqa millətlər məmləkət
ağalığında hətta dəfələrlə
artıqdırlar. Odur ki, böylə məmləkətlərdə
həyat öz qaydası ilə getməyor.
Çox
olan məhkum millət azad olmağa çalışır.
Hakim də öz ağalığını saxlamaq
üçün qədərsiz pul, qüvvə sərf edir, əskər,
xəfiyyələr saxlayor. Məhkum millətlərin məktəblərini,
cəmiyyətlərini, mətbuatlarını yasaqlayor.
Ədib və şairlərini sürgün ediyor, xülasə
mədəniyyət və insaniyyət yolunda qoyulacaq qisme-məsarif
"yasi ağalıq" namına mədəniyyət,
insanlıq və tərəqqinin məhvi üçün sərf
olunur.
Böylə
məmləkətlər həmişə qan ocağı
olmaqdan başqa axırları da olmayıb Rusiya kimi bir gün
puç olub gedərlər.
Azərbaycan
isə böylə degildir.
Azərbaycan
xalis bir millətdən ibarət bir qitədir. Aramızda
xırda millətlər azdır. Onlara da Xəlq Cümhuriyyətimiz
mədəni muxtariyyət əta edəcəkdir. Ona görə
azərbaycanlılar ən bəxtiyar millətlərdən
hesab oluna bilərlər. Bizim kimi xalis bir millətdən ibarət
məmləkət yox degildir. Fəqət bizim dövlət, sərvət,
mədəniyyətimiz bizə millətlər arasında
xüsusi bir mövqe ayırır. Böylə bir xüsusiyyət
üçün də azərbaycanlılar Şərqin ən
mədəni və fəal bir milləti ola bilərlər.
Azərbaycan
həmişəyaşar və insaniyyədə böyük
xidmətlər edər.
Son
Mirzə Bala Məhəmmədzadə
Ədəbiyyat qazeti.- 2018.-26 may.-
S.26-27.