85 yaşlı ədəbiyyat
mərkəzi
Nizami adına
Ədəbiyyat İnstitutunun 85 illiyinə
1975-ci ildən
artıq 43 il keçib - 75-ci il mənim Nizami İnstitutundan
ayrıldığım il idi - və bu 43 ildə mən harda işləmişəmsə
o institutun ədəbiyyat ab-havası, bu ab-havanın hərarəti,
doğmalığı həmişə mənimlə bir yerdə
olub.
Həmin ədəbiyyat
ab-havası sırf insani hiss-həyəcanlarla birlikdə
institutun çox səmimi, hətta mən deyim ki, ailəvi
bir aurasını yaratmışdı və bu da təsadüfi
deyildi, çünki o auranın altında çalışan
insanların hiss-həyəcanları, sevincləri və kədərləri
ilə ədəbiyyat arasında ən sıx bir
bağlılıq var idi.
Mən
yuxarıda "institutdan ayrıldığım il" dedim,
ancaq bu sətirləri yaza-yaza fikirləşirəm ki, "ayrıldım"
sözü, olsun ki, yerinə düşməyib,
çünki Nizami İnstitutu ilə ümumilikdə ədəbiyyat
anlayışı arasında elə bir vəhdət, elə
bir eynilik var ki, oradan ayrılmaq - ədəbiyyatdan ayrılmaq
deməkdir və ona görə də indiki kontekstdə mənim
yazdığım o "ayrıldım" - tamam şərti
bir ifadədir.
1960-70-ci
illərdəki ədəbi mühitimizdə sonralar analoqu
olmayan əlamətdar bir cəhəti xüsusi qeyd etmək
istəyirəm: institutlarda (universitetlərdə) nə qədər
ədəbiyyatla bağlı kafedralar var idi, ancaq onlardan
yalnız biri "Mir Cəlal müəllimin kafedrası"
kimi məşhur idi, filologiya üzrə nə qədər
professorlar var idi, ancaq "professor" deyəndə, bilirdin
ki, söhbət böyük dilşünas, akademik Məmmədağa
Şirəliyevdən gedir, Nizami İnstitutunda nə qədər
şöbə var idi - "Sovet ədəbiyyatı",
"Folklor", "Qədim dövr ədəbiyyatı",
"XIX əsr ədəbiyyatı", "Ədəbi əlaqələr"
və s. - ancaq "Nəzəriyyə" şöbəsi
deyən yox idi, çünki o şöbə "Məmməd
Cəfər müəllimin şöbəsi" kimi məşhur
idi və mənim bu instituta gəlişim və oradakı fəaliyyətim
də elə bu unudulmaz şəxsiyyətlərin adı ilə
bağlıdır.
1965-ci ildə
universiteti bitirdikdən sonra mən Mir Cəlal müəllimin
zəmanəti ilə aspiranturada saxlandım, ancaq həmin il
aspiranturaya yer verilmədiyi üçün,
imtahanlarını verərək Nizami İnstitutunda "Məmməd
Cəfər müəllimin şöbəsinin"
aspirantı oldum, elmi rəhbərim isə elə Mir Cəlal
müəllimin özü qaldı, institutun (onda Ədəbiyyat və Dil
İnstitutu idi) direktoru da "professor" idi - yəni akademik
Məmmədağa Şirəliyev.
O zaman
Nizami İnstitutu Nizami muzeyinin təmirsiz bir hissəsində,
darısqallıq içində fəaliyyət göstərirdi,
ancaq müasir ədəbiyyatşünaslıq elmini
formalaşdıran, onu inkişaf etdirərək milli-ictimai
fikrimizin ən miqyaslı və güclü faktlarından
birinə çevirən Məmməd
Cəfər Cəfərov, Həmid Araslı, Məmməd
Arif, Məmməd Hüseyn Təhmasib, Mirzəağa Quluzadə
kimi şəxsiyyətlərin (əməkdaşların!)
sanbalı, hörmət-izzəti müqabilində o təmirsizlik
də, o darısqallıq da, doğrusunu deyim ki, elə bil,
itirdi, yox olurdu.
Sonra
institut təzə binaya köçərək iki instituta
bölündü - Məmmədağa Şirəliyev
Dilçilik, Mirzəağa Quluzadə Ədəbiyyat
institutlarının direktoru oldu - və mən namizədlik
dissertasiyasını müdafiə etdikdən sonra "Məmməd
Cəfər müəllimin şöbəsi"ndə əvvəlcə
kiçik elmi işçi, sonra elmi işçi, sonra da
baş elmi işçi kimi çalışmağa
başladım, bir sözlə, gənc yaşlarımda Məmməd
Cəfər müəllimin filoloji məktəbini keçdim.
Bu yerdə
mən haşiyə çıxıb, özümlə
bağlı bir faktı xüsusi bir qürurla qeyd etmək istəyirəm:
cavan çağlarımdan etibarən mənim yaşca
özümdən xeyli böyük olan ədəbi simalarla
dostluq münasibətlərim olub və bu sözləri
yazıram, gözlərimin qabağında isə 100
yaşlı folklorçu Əbülqasım Hüseynzadənin,
yaşları 90-ı adlamış Əli Səbrinin, Qulam Məmmədlinin,
onlardan "cavan" olan Abbas Zamanovun,
Əziz Mirəhmədovun
siması canlanır, onların səslərini, sözlərini,
duzlu zarafatlarını, təbəssümlərini
xatırlayıram.
Məmməd
Cəfər müəllimlə də böyük yaş fərqimizə
baxmayaraq, aramızdakı müəllim-tələbə
münasibəti - əlbəttə, tələbə
ehtiramı saxlanmaqla - 60-cı illərin sonu, 70-ci ilin əvvəllərindən
etibarən həqiqi bir dostluq münasibətinə
çevrilmişdi və ədəbiyyat, sənət, həyat,
ölüm-itim söhbətləri ilə yanaşı,
KQB-nin qılıncının dalı da, qabağı da kəsdiyi
bir vaxtda Sovet quruluşuna, hakim ideologiyaya nifrət edən Məmməd
Cəfər müəllim bu nifrəti heç vəchlə məndən
gizlətmirdi. O, mənim indiyə kimi rast gəldiyim ən təvazökar,
sadə insanlardan biri, birincilərdən biri idi və daxili tənhalıq,
bəlkə də, şəxsi taleyindən inciklik içində
olan bu adamın - bu barədə heç vaxt heç nə
deməsə də, mən bunu hiss edirdim - xasiyyətində qəribə
bir həlimlik, qayğıkeşlik, mərhəmət var idi,
elə bil, onu bu dünyaya Xeyir özü gətirmişdi.
Mən
Ədəbiyyat İnstitutundan Yazıçılar
İttifaqında işləməyə gedəndən sonra da
bu münasibət, ədəbi birlik, həmrəylik davam
edirdi və 70-ci illərin ortalarında o, mənim
yazı-pozularım haqqında ədəbi ictimaiyyətdə
maraqla (bir tərəfdən razılıq, bir tərəfdən
də kin-küdurətlə!) qarşılanan "Ürəklərə
yol tapanda" adlı bir məqalə yazmışdı. O
zaman o məqalə mənim üçün ədəbi
mübarizələrdə mənəvi dayaq olmuşdu və hələ
sağlığında ikən - 1980-ci ildə - onun
özünün tərtib etdiyi seçilmiş əsərlərindən
ibarət "Həmişə bizimlə" adlı
kitabı mənim elmi redaktəm və ön sözümlə
nəşr olunmuşdu.
Bilirəm,
Məmməd Cəfər müəllim haqqında söz
düşəndə, qələm məni uzaqlara aparacaq, - bir
neçə il əvvəl onun haqqında
böyük bir esse də yazmışam - ona görə də
bilavasitə Ədəbiyyat İnstitutuna qayıdaq.
Aradan
çox illər keçməsinə baxmayaraq, bu gün mən
Əziz Mirəhmədovu, Kamal Talıbzadəni, Bəkir Nəbiyevi,
Mirəli Seyidovu, Kamran Məmmədovu, Yəhya Seyidovu,
Qasım Qasımzadəni, Məsud Əlioğlunu, Şıxəli
Qurbanovu, Qulu Xəlilovu, Nadir Məmmədovu, Yaqub
İsmayılovu, Atif Zeynallını, Həbib Babayevi,
Əbülfəz İbadoğlunu, Həsən Qasımovu,
Əliheydər Hüseynovu, qocaman folklorçu Əhliman
Axundovu, Cənubdan gəlmiş və ədəbiyyatşünaslığımızın
inkişafında, onun tədqiqi miqyasının genişləndirilməsində
mühüm xidmətləri olan Qulam Hüseyn Beqdelini, Həmid
Məmmədzadəni, Qafar Kəndlini, Mirzə
Abbaslını (Pürabbası), Qasım Cahanini, Əbülfəz
Hüseynini, Mirəli Manafini, daha sonrakı nəslin nümayəndələri
Yaşar Qarayevi, Gülrux Əlibəylini, Azadə Rüstəmovanı,
Araz Dadaşzadəni, Şamil Salmanovu, Arif Abdullazadəni, -
siyahı böyüyür, mən isə yadıma
düşdükcə, onların adlarını yazmaya bilmirəm
- İslam Ağayevi, Əflatun Məmmədovu, Bəhlul
Abdullanı, Vəli Osmanlını, Hüseyn İsrafilovu,
Nadir Vəlixanlını, Turan Həsənzadəni, Təhmasib
Fərzəliyevi, eləcə də o institutda
çalışan və artıq rəhmətə getmiş
başqa qələm sahiblərini ədəbiyyat mücəssəməsi
kimi canlı görürəm, bu cür də
xatırlayıram.
Adlarını
çəkdiyim bu tədqiqatçıların
hamısının Azərbaycan ədəbiyyatşünaslığının
inkişafında xidmətləri, əlbəttə, eyni deyil,
birinin ədəbi-nəzəri imkanları çox, o birininki
az olub, ancaq Ədəbiyyat İnstitutunun
dediyim həmin ab-havasını, həmin aurasını onlar
birlikdə yaradıblar,
1937-38-ci
illərdə böyük itkilər vermiş Nizami
İnstitutu və ümumiyyətlə Azərbaycan ədəbiyyatşünaslığı
(Əli Nazim, Hənəfi Zeynallı, Əmin Abid, Vəli Xuluflu,
Atababa Musaxanlı, Məmməd Kazım Ələkbərli,
Mustafa Quliyev, Hümmət Əlizadə və b.) güclü
bir qolunu itirdi və məhv edilən bu müəlliflər nəinki
sonrakı illərdə yazıb-yarada bilmədilər,
onların əsərləri də yasaq olundu,
yandırıldı. 1940-cı ildən etibarən Nizami
İnstitutunda çalışan, yuxarıda adlarını
çəkdiyim ədəbiyyatşünas və tənqidçilər
digər müəssisələrdə, əsasən də ali
tədris ocaqlarında çalışan Mirzə Feyzulla
Qasımzadə, Mir Cəlal, Mikayıl Rəfili, Əli
Sultanlı, Mehdi Hüseyn, Cəfər Cəfərov, Mirzə
İbrahimov, Cəfər Xəndan, Əli Əjdər Seyidzadə,
Əkbər Ağayev, Hidayət Əfəndiyev, Orucəli Həsənov,
Mikayıl Rzaquluzadə və onlardan sonra gələn nəsil
nümayəndələri ilə birlikdə, faktiki olaraq, yenidən
bünövrə yaradıb, Azərbaycan
ədəbiyyatşünaslığını və ədəbi
tənqidini ("bir qolla!") inkişaf etdirərək,
obrazlı şəkildə desəm, onu müstəqilliyini bərpa
etmiş, artıq hər cürə ədəbi-ideoloji
basqıdan azad olmuş Respublikaya təhvil verdilər.
Bu ədiblər
ədəbiyyata qat-qat artıq xidmət ediblər, nəinki
sovet ideolojisinə, nəinki sosrealizm doqmalarına və hərgah
belə olmasaydı, bu gün onların qoyub getdiyi elmi-ədəbi
miras - monoqrafiyalar, dərsliklər, məqalələr
unudulardı (bədii ədəbiyyatda da, ədəbiyyatşünaslıqda
da bir sıra unudulmuşlar kimi!), yenidən nəşr
olunmazdı, Mirzə Feyzullanın "XIX əsr ədəbiyyatı",
yaxud Həmid Araslının "XVIII əsr ədəbiyyatı"
kimi klassik dərsliklər tamamilə yeni düşüncəli
tələbələrə - müstəqillik
dövrünün yetirmələrinə - təqdim edilməzdi,
o rəhmətliklərin yaratdığı ənənələr
yaşamazdı, bir sözlə, yenə hər şeyi yenidən
başlamaq lazım gələrdi.
Elə buna görə də ədəbiyyat sevgisi, təəssübkeşliyi,
marağı, elə bil Ədəbiyyat İnstitutunun
divarlarına hopub və bu, həmin rəhmətliklərlə
bərabər, bu gün də orda çalışan qələm
sahiblərinin düşüncələrinin, hiss-həyəcanlarının
ifadəsidir.
Bir halda
ki, söhbət bu gündən düşdü, mənim
üçün çox xoşdur ki, bu gün Nizami
İnstitutu ədəbiyyatımızın tədqiqi, təbliği
və təşviqi baxımından inkişaf edərək
Respublikanın nüfuzlu ədəbiyyat mərkəzinə
çevrilib və aydın məsələdir, bu nüfuzu
orada çalışan qələm sahiblərinin effektli fəaliyyəti,
axtarmaq, tapmaq və tapdığını səviyyəli
şəkildə ortaya qoymaq bacarığı əldə
edib.
Bir müddət bundan əvvəl mən istedadlı
cavan tədqiqatçılardan Nikpur Cabbarlının doktorluq
dissertasiyasının müdafiəsində opponent kimi Nizami
İnstitutuna getmişdim və doğrusu, indi dəbdə olan
təbir ilə desəm, orada gördüklərimdən
müsbət enerji alaraq qayıtdım.
Bu gün institutda nizamişünaslıq da,
füzulişünaslıq da ayrıca şöbələrə
çevrilib və bu o demək deyil ki, bu şöbələr
yalnız Nizaminin və yalnız Füzulinin
yaradıcılıqları ilə məşğul olacaqlar. Bu, o deməkdir ki, həmin
klassiklərin yaradıcılığı ilə bərabər,
onların dövrü, əlaqələri daha artıq dərəcədə,
daha müfəssəl öyrəniləcək, həmin
dövrün sənətkarları, tarixi şəxsiyyətləri
üzə çıxarılacaq, yəni əslində
söhbət ədəbiyyat tariximizin mühüm dövrlərinin
ədəbi-nəzəri və estetik-xronoloji
ensiklopediyasını yaratmaqdan gedir.
Dünənə
qədər biz mühacir ədəbiyyatı nümunələrini
adda-budda, ordan-burdan tapıb, xısın-xısın gizlincə
oxuyurduq, rəsmi ədəbiyyatşünaslıq mühacirətlə
düşmənçilik etməyə məcbur olunurdu, bu
gün isə Əli bəy Hüseynzadədən, Əhməd
bəy Ağayevdən, Ceyhun bəy Hacıbəylidən
tutmuş Qurban Səidə, Almas İldırımacan
mühacir müəllifləri tədqiq edirik, tanıyır və
tanıdırıq, bəzən, hətta hissə də
qapılırıq və bu baxımdan "Mühacirət ədəbiyyatı"
şöbəsinin yaradılması, elə bilirəm ki, Azərbaycan
ədəbiyyatının tam (senzurasız!) mənzərəsinin
yaradılmasında ciddi rol oynaya bilər.
Yaxud
"Dünya ədəbiyyatı və komparativistika",
"Elmi informasiya və tərcümə" kimi şöbələr
fəaliyyət göstərir, bu isə, aydın məsələdir,
o deməkdir ki, söhbət dünya ədəbiyyatını
Azərbaycan ədəbiyyatşünaslığının
faktına çevirməkdən, müqayisəli ədəbi
axtarış və araşdırmalardan, elmi-nəzəri
informasiya zənginliyindən, yəni əski və yeni ədəbi
cərəyanların tendensiyasız, obyektiv tədqiqindən
və təqdimindən, sovet dönəmində nəzəri
tədqiqatların mövzu miqyasını məhdudlaşdıraraq,
sosrealizm nəzəri çərçivələrini
göz-bəbəyi kimi qoruyan doqmaların aradan
qaldırılmasından gedir və düşünürəm
ki, bu istiqamətdə görülən iş ədəbiyyatşünaslığımızda,
tənqidimizdə, ədəbi prosesimizdə bir tərəfdən
aşkar boşluqları doldura biləcəksə, o biri tərəfdən
də bu prosesdə canlılıq, dinamika yaradacaq, ədəbiyyat
və onun problemləri bir küll-halında hərtərəfli
qavranacaq, hərtərəfli ehtiva ediləcək.
Mən yuxarıda ənənələri
xatırlatdım və bu yazını həmin ənənələrin
davam etdiyini, necə deyərlər, əyani şəkildə
göstərən bir epizodla da bitirmək istəyirəm.
1973, ya
74-cü il idi və Məmməd Cəfər
müəllimin şöbəsinə, yəni mənim də əməkdaşı
olduğum şöbəyə indi də yaxşı
xatırladığım arıq, qaraşın, gur,
qıvrım saçlı bir oğlan gəldi. Məlum oldu Naxçıvan Dövlət
Universitetini əlaçı diplomu ilə yenicə
bitirmiş bu oğlan Məmməd Cəfər müəllimin
təzə aspirantıdır.
Bu gənc aspirantın adı İsa Həbibbəyli idi.
Bu gün İsa Həbibbəyli həmin institutun
direktorudur.
O
dövrün, sonrakı dövrlərin aspirantları da indi
Ədəbiyyat İnstitunda çalışan görkəmli
ədəbiyyatşünaslar, tənqidçilərdir,
doktorlar, professorlardır.
Beləliklə də, ənənələr davam və
inkişaf edir.
28 oktyabr
2018 Bakı
ELÇİN
Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.2-3.