Bədən gələ
bilmirsən, ruh gəl…
Elə
ayrıldı ki, ömrün yolları,
Elə bil heç zaman bir olmamışıq.
Mən
indi neynəyim bu xəyalları,
Hamısı sən dolu, sənə bulaşıq.
Nəyə
toxunuram sən canlanırsan,
Hara
boylanıram gözüm sən görür,
Açıb
cəhənnəmin qapılarını
Şeytan hər tərəfə səni
püskürür.
Dünya
sən qarışıq, dünya sən dolu,
Qanadır
qəlbimi sözlər, əşyalar,
Canıma
sancılır, gözümə dolur,
Hər yerdə ruhunun qırıqları var.
***
Nə qədər
dolaşdıq bu küçələri
Həyatı, sevinci bölüşmək
üçün.
Allahın
altında Yerin hər yeri
Bizə bəhanəydi görüşmək
üçün.
Hərdən
toxunurduq bir-birimizə,
Sınıb tökülürdük o küçələrə.
Sanki
ömrümüzü səpələyirdik
O xoşbəxt
anların bitdiyi yerə.
İndi
bu yerlərdən keçə bilmirəm,
Dururam ürəyim qan içində mən.
Məni
xatirələr kəsir içimdən,
Sən heç keçmirsənmi bu küçələrdən?
Belə
birdən getmə!
Guya bir
başqasında
səadət aşıb-daşırmış kimi,
mən
də bir heçmişəm kimi,
belə
birdən getmə.
Xatirələrin canımda soyumadan.
Gedəcəksənsə,
ömür kimi, can kimi
elə
getməlisənsə,
öyrət məni ayrılıqlara,
öyrət məni sənsizliyə
sonra
get!
Ömrümün
ən gözəlini sənə verdim,
yıxma
məni,
nə
bilirsən yaşanacaqların
yaşanmışlardan daha gözəl olacağını?
Hələ
sev, hələ sev məni
bir az da
xatirələrin gücünə.
Öyrət
məni ayrılıqlara,
öyrət məni ölümə,
sonra
get!
***
Hələ
də yandırır, yaxır qəlbimi
O məhzun,
o titrək yalvarışların.
Ölən
sevgimizə abidə kimi
Sənin son duruşun, son baxışların.
Bu - mənim
ruhumun son duracağı,
Bu - mənim
ömrümün qurtaracağı,
Bir
anın zamanı durduracağı -
Sənin son duruşun, son baxışların.
Bir son təsəllinin
yanıb-sönməsi,
Gah mələk,
gah şeytan gülümsəməsi,
Bir
ülvi xəyanət mücəssəməsi -
Sənin son duruşun, son baxışların.
Səngimir,
soyumur, azalmır, itmir,
Ya bu
ömür bitir, bu ağrı bitmir,
Gözlərim
önündən getmir ki getmir
Sənin son duruşun, son baxışların.
Niyə
çəkib getmir, nəyi gözləyir,
Nə məna daşıyır, nə sirr gizləyir?
Bu yəqin,
ölümdür məni izləyir -
Sənin son duruşun, son baxışların.
Yenə
yox deyirdin telefonda sən,
Yenə sözlərində təkəbbür, vüqar.
Amma hiss
etdim ki, xatirələrdən
Sənin də səsində titrəmələr var.
Ayrılıq
səni də titrədir, duydum,
Ayrılıq səni də göynədir, bildim.
Yenə
ürəyimin səsinə uydum,
Yenə xəyallarda öldüm-dirildim.
Oxşadım,
qoxladım səndən gizlicə
Sənin telefonda səsini öpdüm.
Tutdum nəfəsimi,
səsin gəlincə
Qəlbimin yaralı yerinə səpdim.
Sən
çox danışırdın, sən çox deyirdin
O
dönük taledən, acı qədərdən.
Sən
unut deyirdin, sən yox deyirdin,
Amma xoşbəxt idim, xoşbəxt idim mən.
***
Bayırda
qar yağır, bağlanır yollar,
Bir isti, bir ümid keçir içimdən.
Elə
istəyirəm möcüzə ola -
Elə istəyirəm getməyəsən sən.
Nola bu qar
yağa sonsuza qədər,
Bu dünya bu qarın altında qala.
Elə
istəyirəm dünya dağıla -
Elə istəyirəm getməyəsən sən.
Bayırda
qar kəsir, yollar açacaq,
Güldüm bu möcüzə istəyimə mən.
Bildim ki,
bu dünya dağılmayacaq,
Bildim, getməlisən, gedəcəksən sən.
Mənsiz
axı kimsən, axı nəsən sən,
Cansız bir görüntü, ruhsuz bir bədən.
O
yaralı qəlblə, o ürəklə sən
Bir də bir kimsəni sevməyəcəksən.
Mənə
də, sənə də yazıqdır, getmə,
Qurduğum
dünyanı tarimar etmə!
Yaxşı-pis,
nələrdən keçdik birlikdə,
Çəkib gedilməz ki, hər çətinlikdə.
Getmə,
ömrüm gedər, varlığım bitər,
Getmə,
xatirələr məni öldürər!
Sən məni
öldürmə ölümdən qabaq,
Sənsiz axı həyat yaşanmayacaq.
Getmə,
biri candan getmə deyirsə,
Sən belə getmirsən, candan gedirsən.
Bir ömür dərdi var getdiyin anın.
Əlimdə
deyil ki, hökmü zamanın,
Mən sənə
sabahı göstərə bilim,
Getmə,
yollarına qurban kəsilim!
Getmə,
cəhənnəmdir sevgisiz ömür,
O elə uzaqdan
parlaq görünür.
Getmə,
olmayacaq sonsuza əvəz
Qızıldan da olsa girdiyin qəfəs.
O həyat
zəhərdir, elə bal dadır,
Getmə, görmürsənmi tale aldadır?!
Unut, sən
də unut o vəfasızı,
İlk dəfə
yandığın yerindən unut,
Unut, gözlərindən unut.
Qalmasın
canında bir nəvazişi,
Qəlbinin kökündən, dərindən unut.
Ruhunu
sarsıdan iniltisindən,
Titrəmələrindən unut.
Sıyır
ürəyindən xatirələri,
Yer-yer, zaman-zaman biri qalmasın.
Unut, elə
unut, yadında ondan
Bir söz, bir baxış da diri qalmasın.
Unut, daha
unut o vəfasızı,
Unut, ən
sevdiyin yerindən unut,
Unut, gözlərindən unut.
Bu da son təsəlli,
bu da son ümid,
Elə bu dünyada sən varsan, bəsdir.
Nolsun bir
deyil, birgə deyilik,
Hərdən o günləri anarsan, bəsdir.
Hərdən
qəfil əsən xatirələrdən
Üşənsən,
ürpərsən, için titrəsə,
Qurusa, səyrisə
dilin-dodağın,
Ürəyin,
ürəyin adımı desə,
Hərdən
qanın donsa damarlarında,
Bir gizilti
keçsə sinirlərindən,
Kədərin,
qüssənin ağırlığından
Tərpənə bilməsən durduğun yerdən.
Yadına
salarsan o uğursuz gün,
Bir
ömrü kökündən titrətdiyini,
Məni
bir yalançı səadət üçün
Tələsik, namərdcə tərk etdiyini.
Darılıb,
sıxılıb, yaxanı açıb,
Durub
baş götürüb getmək istəsən,
Ağrının,
kədərin əlindən qaçıb
Dünyadan yox olub itmək istəsən.
Gələrsən,
sakitcə qapımı döyüb
Girərsən, səssizcə gülərsən, bəsdir.
Başını
dizimin üstünə qoyub
Ağrısız, xoşbəxtcə ölərsən,
bəsdir.
***
Elə
yaxınsan ki, xatirələrdə
Elə bil canlısan, elə bil varsan.
Sən
ordan-zamanın durduğu yerdən
Elə bil boylanıb indi çıxarsan.
Sanki
canımdasan, sanki indicə
Təsəvvürlərimdəki
şəffaf sehrdən
Sıyrılar
o otaq, o ay, o
gecə,
Sən də
otağın pəncərəsindən
Titrək
əllərinlə sarıb çiynimi,
Çırpınır,
ruh kimi, şəfəq yayırsan
Və məni
əbədi sevəcəyini
Durub göy üzünə pıçıldayırsan.
Durub
dönüşünü gözləyəcəyəm
Həmin o dalanda, həmin o tində.
Bəlkə,
illər keçər, bəlkə, bir ömür,
Gələr, sonu çatar bu həsrətin də.
Durub
gözləyəcəm yağışda, qarda,
Durub
gözləyəcəm qışda, baharda,
Bir
ömür keçəcək bir intizarda,
Bir ömür bitəcək aldanışlarda.
Hərdən
gizli-gizli ağlayacağam
Duymadan
bir kimsə, görmədən heç kim,
Bir can
bahasına saxlayacağam
Bir heçin uğruna atdığın eşqi.
Qəlbimdən
gümanlar, ömrümdən illər,
Yanımdan
insanlar gəlib keçəcək,
Öncə
baxıb-baxıb heyrətlənənlər
Sonra bu halıma adət edəcək.
Hər gəlməyişindən
bir az qırılıb,
Bir az sönüb, solub azalacağam.
Get-gedə
ağrını səadət bilib
Bu yox
oluşumdan həzz alacağam…
***
Bu, yəqin
ölümdü gəldi gizlicə,
Gəldi bu libasda, gəldi bu adda.
Baxdı
gözlərimdə sevgini seçə,
Qondu damağımda ləzzəti dada.
Sonra
ürəyimdən sevinci ala,
Yerinə bir girov dərd qoya qala.
Mən elə
bu dərdlə ölərəm yəqin,
Üstündən nə qədər zaman keçsə
də.
Bərkiyər,
canımda qalar həsrətin,
Qəlbimdən nə qədər güman keçsə
də.
Ya infakta
dönər, ya şişə dönər,
Bir
gün bir yerimdən vurar qanayar,
Görər
qurbanını ölüm mələyi,
Uzaqdan bu
dərddən məni tanıyar...
Mən elə
bu dərdlə ölərəm yəqin,
Sıxılıb-sıxılıb üzüntülərdən.
Kimsə
bilməyəcək sirrini sənin,
Kimsə bilməyəcək sən öldürübsən.
***
Gəl
çıxar canımdan bu ləzzətləri,
Səndən haram qalsın istəmirdim mən.
Sənsiz
can yerinə, bədən yerinə
Təkcə yaram qalsın istəmirdim mən.
İllərlə
qəlbimə həyan sandığım,
Sən demə, ən böyük düşmənimmişsən.
İllərlə
qəlbimə bıçaq vurmağa
Bir fürsət anını gözləyirmişsən.
O
aylı, ulduzlu, dənizli eşqlə
Bu dərsi mən özüm sənə vermişəm.
Sən
demə, illərlə bu gizli eşqlə
Mən sənə xəyanət öyrədirmişəm.
***
Daha nə
fərqi var kim kimi atdı,
İndi ikimiz də atılmışlarıq.
Birimiz
sevincdən, birimiz dərddən,
Hərəmiz bir yeni sevda başlarıq.
Sənin
görsənişli bir sevgin olar,
Aşıb yayılarsan saxta sevincdən.
Amma
gündən-günə qəlbin sıxılar,
Yanında başqası, ürəyində mən.
Hərə
bir yol seçər ayrılıqlara,
Hərə
bir don biçər iztirablara.
Beləcə
bir ömür yaşanar gedər,
Bu rəngli
dünyada sən ağ, mən qara.
Mən elə
xoşbəxtəm bu dərdlə inan,
Sən elə bədbəxtsən o sevincinlə.
Hələ
xumarından ayılmamısan,
Get də
zaman keçsin, qəlbini dinlə!
Yuxular qəlbimin
sahillərindən
Hər
gecə qovduğum xatirələri
Alır
dalğa-dalğa qaytarır geri
Və belə
hər səhər sanki yenidən,
Yenidən
başlayır o ayrılıqlar,
Yenidən
başlayır o dərd, o ələm,
Yuxular
qoymur ki, sakit yaşayam,
Yuxular qoymur ki, əzabsız öləm.
***
Ömür
səndən sənə yaşanır ancaq,
Qalanı
özünü aldatmalarda,
İşə
getmələrdə, evə qayıtmalarda,
Gün
keçirmələrdə, baş qatmalarda,
Yenə,
yenə sənə can atmalarda…
Ömür səndən sənə yaşanır ancaq.
***
Bu ürək
buraxmır, buraxmır səni,
Ha
dartır insanlar, ha dartır zaman,
Dartınır,
qanayır, buraxmır səni,
Dost-tanış qınayır, buraxmır səni.
Sən də
istəyirsən çıxıb gedəsən
Bu sərsəm
ürəkdən, dəli ürəkdən,
Çırpınır,
ağlayır, buraxmır səni,
Yalvarır, saxlayır, buraxmır səni.
Yapışıb
çarəsiz xatirələrdən
Dirənir,
gücənir, buraxmır səni,
Buraxmır
heç səni, buraxmır səni…
Bu ürək buraxmır, buraxmır səni.
***
Canıma
dərd düşür, səhər açılır…
Onun yoxluğuna açılır səhər.
Yenə
yaxşıydı ki, sərxoş gecələr
Alıb
aparırdı qəlbimi yuxu,
Röyalar,
xəyallar qarışığında
Hiss
olunmurdu onun yoxluğu.
Canıma
dərd düşür, səhər açılır,
Elə
bil açılan yaradır səhər…
Bir də açılacaq neçə səhərlər.
***
Nəsə
qalmalıdır bu yaşantıdan,
Elə silək gedək, ömür olmaz ki.
İllərin
qoynuna daşan həyəcan
Elə bircə gündə unudulmaz ki.
Elə
bir nəfəslə atılmaq olmaz
Sevgidən-sevgiyə, ömürdən-ömrə.
Elə
bir həvəslə satılmaq olmaz,
Özü də heç nəyə, heç nəyə
görə.
Oynaq
dalğadırmı ürək dediyin,
Gələ hər ayağı yuya çəkilə?
Ömür
qumar deyil, ürək zər deyil,
Atıb gözləyəsən səadət gələ.
Həyat
dərindədir, vitrində deyil,
Səni aldatmasın yalançı qürur.
Səadət
bir anın sehrində deyil,
Sınanmış illərin üstündə durur.
Canın
bu sevgidən doymayacaq ki,
Bir başqa
sevgiyə daşıb dolasan,
Səni
xatirələr qoymayacaq ki,
Sakit yaşayasan, xoşbəxt olasan.
Mən indi neynəyim, mən necə ölüm?
Ölümdən betərmiş etdiyin zülüm.
İndi
bu yaralı ürəklə gedim
Kimin qapısında sevgi dilənim?
Sən
var idin varsa-yoxsa dünyada,
Nə
ölümüm vardı yoxsa dünyada
Həyatın,
ölümün bu xofu ilə,
Arzular, xəyallar buxovu ilə?
Sanırdım
gizlədib bəlkə, qədərdən
Səni ölümümə saxlayacam mən.
Bəlkə,
bu sevgiylə həyatdan doyub,
Başımı
dizinin üstünə qoyub,
Ağrısız,
sakitcə öləcəkdim mən,
Niyə bu taleyi aldın əlimdən?
***
Mən
nahaq buraxdım tövbə anını,
Hələ
ki ruhumun iztirabları
Qovurdu
dünyanın həyəcanını,
Qəlbimi
ağrısız dartıb qoparıb,
Tərk
edib dünyanı cilvələriylə,
Səni də,
səni də bu dünya ilə
Elə
birdəfəlik unudacaqdım,
Nahaq, mən o anı nahaq buraxdım.
***
Gəl!
Qayıt
gəl ömrümə, daha gəl,
Sən
oldun ömürdən baha, gəl!
Burax o mənasız
həyatı,
darıx
gəl.
Önündəki
divarları,
qəlbləri yıx, gəl!
Həyat
qoymasa,
yuxulardan
bir yol tap gəl,
xəyallardan sıyrıl,
xatirələrdən qop, gəl.
Bədən
gələ bilmirsən, ruh gəl!
Çıx
gəl, çıx gəl!
Canım
çıxdı, canından çıx gəl!
Arzu ƏSƏD
Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.4-5.