Pol Osterin
"Qaranlıqdakı adam"ı
Pol Oster
1947-ci ildə ABŞ-ın
Nyu Cersi ştatında doğulub. Ədəbiyyata gəlişi təsadüfi
olmayıb. İngilis, fransız
və italyan ədəbiyyatı üzrə
təhsil alıb.
"Qaranlıqdakı adam" romanı ən məşhur əsərlərindən sayılır.
Avqust Brill 72 yaşlı
bir kitab tənqidçisidir. Arvadı Sonya vəfat edib,
qızı və nəvəsi ilə birlikdə yaşayır.
Qəza keçirir, ayağından
xəsarət alır,
qoltuq ağaclarından
istifadə etməli olur. Xatirələrini bölüşmək üçün kitab yazmaq istəyir. Həmişə xatirələri haqqında,
keçmişdə baş
verənlər haqqında
düşündüyü üçün iztirab yaşayır. Xatirələrdən xilas olmaq məqsədilə
gecələr hekayələr
uydurur, xəyallara qapılır. Bəzən paralel
dünyaların mövcudluğu
haqqında düşünür.
Bir gün Avqust Brill Ouen Brek adlı
xəyali obraz uydurur. Ouen günlərin biri
yuxudan oyananda özünü qapalı bir məkanda görür. Ouen Brekə
deyirlər ki, Amerika İraqla müharibə aparmır, Amerika Amerika ilə savaşır və 11 Sentyabr hadisələri olmayıb.
Oueni həmçinin tarixi gedişatların ardıcıllığı
və mahiyyəti düşündürür. Ouenin Flora adlı arvadı olsa da o, eyni
anda Virciniyanı da sevir. Əsərin
əsas mahiyyəti
Lou Frisk ilə Ouen arasındakı dialoqda göstərilir. Frisk izah
etməyə çalışır
ki, paralel dünyalar mövcuddur və eyni anda
müxtəlif dünyalarda
müəyyən hadisələri
yaşaya bilərsən.
Bu zaman Ouen
hədəfin dəyişdiyini
öyrənir, öncə
ona Blenk soyadlı birini öldürmək tapşırığı
verilmişdi, indisə
Avqust Brillin fotosu göstərilir.
Bəli,
düz anladınız,
məhz həmin 72 yaşlı kitab tənqidçisi Avqust
Brill. Ouen obrazı da,
bütün bu hadisələr də bütövlükdə Brillin
öz xəyal məhsuludur. Sanki Ouen Brillin varlığını
əlindən almış,
şüuruna hakim kəsilmiş
obrazdır. Ouen Brillin
qətiyyətini əlindən
alıb.
Sonra həyat
davam edir, Ouen Çexov, Kalvino və Kamyunu oxuyur. Bir gün
Frisk yenidən gəlir.
Ouen Brilli öldürməyəcəyini
söyləsə də
Frisk ona bir həftə vaxt verildiyini bildirir. Bu qədər yazdım
amma, "Ouen Brilli niyə öldürməlidir" sualına
dəqiq izah vermədim. Brill öldürülsə Amerika
Amerika ilə vuruşmayacaq, müharibə
bitəcək. Bu, dəqiq müəyyən
edilməyib sadəcə
ehtimaldır. Amerikanın Amerika
ilə müharibə
etməsi məsələsi
çox maraqlıdır.
Romanı oxuyarkən biz postmodern romanlara xas olan
şəxsiyyət ikiləşməsinin
və ya şəxsiyyətin ikidən
daha çox hissələrə bölünməsinin
şahidi oluruq. Ouenin yeganə istəyi evinə qayıtmaqdır.
Şərtlərə əməl etmədən
bunun mümkünsüzlüyünü
başa düşən
Ouen, Brill haqqında məlumatlar öyrənmək
istəyir. Səbəbin nə olduğunu konkret demək çətindir. Ancaq
romanda daha bir maraqlı məqam odur ki, Avqust Brillin
arvadı ölüb,
Brillin qızının
əri 5 il
öncə onu tərk edib, nəvəsinin sevgilisi həlak olub. Pol Osterin romanının qəhrəmanları təklikdən
əziyyət çəkirlər.
Bu təkliyin vurduğu psixoloji zərbələr nəticəsində
onlarda şizofrenik amillər yaranır.
Brill xəyalında başqa hekayələr uyduraraq Ouendən özünü xilas etməyə çalışsa
da cəhdləri uğursuz olur.
Romanı oxuyarkən Bodriyarın bir fikrini xatırladım. Bodriyar postmodernist nəzəriyyəçilərindən biridir. "Mütləq həqiqət yoxdur, o, hissələrə bölünüb
və biz indi bu hissələrlə oynayırıq" fikrinin
müəllifi Bodriyardır.
Yapon əsilli Amerika alimi Fukuyama insanın xoşbəxtliyə və
kamilliyə qovuşmasını
tarixin sonu adlandırırsa da, Bodriyar hesab edir ki, bəşər
övladı heç
zaman xoşbəxtliyə
və kamilliyə qovuşa bilməz. Tarixin sonu məsələsinə
gəlincə, düşünürəm
ki, tarix daim yenilənir, sadəcə mahiyyətini,
hadisələrini, proseslərin
gedişatını dəyişir.
Ancaq sona çatmır. Bu mənada biz Pol
Osterin müxtəlif ziddiyyətlərə malik
şəxsiyyətlərə parçaladığı obrazın
hansısa ülvi bir məqsəd axtardığını, mütləq
həqiqətə qovuşma
ehtiyacını hiss etmirik.
Avqust
Brill 72 yaşlı yazardır.
Onun istəyi ruhi rahatlıq tapmaqdır.
Onun zehni yorğunluğunun səbəbi uydurduğu hekayələrin qurbanına
çevrilməsidir. Romanın bir
hissəsində Avqust
Brill uydurduğu hekayəni
unudub Katya haqqında düşünməyə
başlayır. Romanın bütün
məzmununu danışmaq
istəmirəm. Bütün məzmunu
yazsam kitabı oxuma həvəsinizi öldürə bilərəm.
Oxucular kitabı oxumaq istəməzlər. Kitaba olan
marağı öldürmək
istəmirəm. "Qogenin ikinci qadını" adlı kitabımda bu səhvi etmişəm.
Yazdığım resenziyalarda kitabın
məzmununu izah etmək istədiyim halda sonluğu da, bütün hadisələri də qısaca ifadə etmişəm. Pol Osteri
dəqiq başa düşmək çətindir.
Çünki onun əsərlərində
ifadə etdiyi fikirləri, təsvir etdirdiyi obrazların xarakterlərini müxtəlif
formalarda anlamaq olar. Pol Osterdən oxuduğum ilk kitab oldu - "Qaranlıqdakı adam". Digər kitablarını oxuduqdan sonra bu yazının ikinci, bəlkə üçüncü hissələrini
də yazacağam.
Nicat Həşimzadə
Ədəbiyyat qəzeti.- 2018.-
3 noyabr.-S.5.