Qaranlıq

 

Pyes

 

Qaranlıqda hələ uşaqdı güzgüdəki

küləkdə yanan bir şamın işığı,

Titrəyirdi divarlarda.

qaranlıq pyesində,

İşıq rolunu oynamaqdan yoruldum...

Dialoqlarım ağappaq,

Monoloqlarım - tənhalıq.

 

Birinci pərdə

 

Doğur günəş bir qadının saçlarında...

Uzanır günlərim,

çoxalır iztirab.

Ona sarı öpüş jesti tuturam

Mimikalarında həyəcan...

Doğulanda yarı kölgə idim, yarı adam.

Vurdurdular kölgəmi,

tək qaldı adamlığım...

 

...Ciblərimin deşiyindən boy atır ağaclar

Ciblərimin deşiyindən zirvəli dağlar.

Hərdən tragediya -

Hərdən qəhrəmanlar susar ciblərimin deşiyində...

 

İkinci pərdə

 

...Böyüyür güzgüdəki

Böyüyürəm baxdıqca sənə.

Boy atıram gözlərinin meşələrində...

Sonra

odun oluram əllərinin ocağına

Sonrası isə bir udum yalan!..

 

Saçların səhərə bir saat qalmış

alatoran rəngində,

gözlərin gecəyə bir saat işləmiş

qaranlıq rəngində!

Əllərin pambıqdandır...

Külək aparmasın deyə, tapşır mənə.

 

Uçmaqdan öncə qanad ol ki,

qanım dilini...

Mən - dil olacaq qədər diri!

Mən - səs olacaq qədər söz!

 

Üçüncü pərdə

 

Yalqızlığın fraqmenti...

Əlləri ovuclarıyla küsülü,

gözləri giləsindən boşanmış,

qucağı tərk edilmiş,

Qolları - xaraba!..

...Saatlar yürüməz buralarda

Saniyələrlə davamız var hələ .

...Yağışın ilk damcısından doğulan kəs

sel oldu mənə!

Köksümdəki kəndlərin evini yıxdı,

boğuldu keçmiş,

batdı gələcək...

 

Dördüncü pərdə

 

Mən sənsiz,

təyyarə qanadsız - kimsəsiz!

...Qalsın quş,

qalsın qəfəs,

qalsın nələr... nələr!..

 

Yaxın dur tənimdəki ağaclara...

Sərçələrin izlərini al, götür,

al, götür qanadların çırpıntısını.

Yaxın dur!

Götür bu əlləri bədənimdən,

apar bu səsi boğazımdan...

 

...Şəfəqlərin sonsuzluğundan başlar baxışların

Dodaqlarının şəfqətindən.

Kölgəndən doğulur qağayılar,

kölgəndə kül olur qayğılar.

 

Beşinci pərdə

 

Bizim adımız qəbirdir tarix məzarlığında...

Bir ovuc buğdadır gülüşlərin

Güldükcə sünbüllənir sinəmdəki düz.

Düzünü desəm:

Payızdan bircə yarpaq da qalmadı...

Fəsilləri ud getsin!

At getsin bu yazıları...

Elə-belə yazdım ki:

Sevirəm səni

Elə-belə yazdım ki:

Dodaqlarındı Tanrı,

öp, yaranım yenidən...

...Danış damcı-damcı bardağıma

Səsin yüz faizli spirtdir

İçirəm səsini hər axşam.

Həminki ac adamam,

ey gözləri çörək!

 

Altıncı pərdə

 

Gördüm göz yaşlarımı küçənin tinində...

Ağrılarımın dodağında siqaret,

qəpiklərimin cobları deşik.

...Özüm boyda bir oğlan uşağı gördüm

Küçənin tinində durmuş!

Qurşunun qulağına

"öldürmək" feilini pıçıldayırdı hava.

...Alnım mərmiyə tamarzı.

Hava "əsmək" sözünü,

Mən isə yağışı şərab rəngində sevirdim...

 

Yeddinci pərdə

 

...Sus bir azca da!

Qarşımda güzgü

Darıxmaqlarımın saçlarını darayıram...

 

Ölür güzgüdəki...

İşıq obrazı sönür kəlmə-kəlmə,

sevinir gecələr sətirlər üstə,

qaranlıq qar olur

yağır kül kimi cənazəm üstə!..

 

Ümid NƏCCARİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.11.