Hölderlin
Povestdən parçalar
Öləri məxluq
üçün xoşbəxtliyi tanımaq çətin
deyil
"Empedoklun
ölümü"
Müqəddəs kütlə
Yeni, XIX əsr özünün erkən gəncliyini
sevmir.
Çox qızğın, hərarətli nəsil meydana gəldi:
o, eyni zamanda, müxtəlif tərəflərdən
Avropanın döyülüb yumşaldılmış
torpağın üzərinə qalxıb yeni azadlıq şəfəqlərini
qarşıladı. İnqilab şeypurları
bu gəncliyi, yəni ruhun yaz çağını
oyatmış, yeni inam onların qəlbini
alovlandırmışdı. Dünənə
qədər mümkünsüz görünənlər birdən-birə
yaxın, əlçatan olmuşdu, dünyanın
bütün gücü və əzəməti istənilən
dəliqanlının nəsibi oldu. O vaxtdan ki, iyirmi üç yaşlı Kamill
Demulen tək bircə cəsur hərəkətiylə
Bastilyanı vurub-uçurtdu, o andan ki, əslən Arrasdan olan
Ropespiyer yeniyetməlik şövqü ilə, dekret
qasırğasıyla imperator və kralları titrəməyə
məcbur etdi, o zamandan ki, ciddi korsikalı kapitan Bonapart
qılıncla Avropanı öz mülahizəsinə görə
ayırıb mərz çəkdi və avantürist əliylə
dünyanın ən gözəl tacını ələ
keçirdi. Onların dövranı yetişdi, yeni dövran:
ilk yaz yağışından sonra cücərən ilk zərif
göyərtilər kimi birdən-birə gəncliyin bu
işıqlı və şövqlə dolu
yaşıllığı da zühur etdi. O, bütün
ölkələrdə eyni zamanda görünüb göz
oxşadı, elə bir tərzdə ki, gözlər ulduzlara
dikildi və yeni yüzilin kandarından birbaşa
özünün səltənətinə yönəldi.
Onların fikrincə, XVIII əsr Volter və Russo, Leybnits və
Kant, Haydn və Viland kimi astagəl və təmkinli müdrik
qocalara və alimlərə məxsus idi; indi növbə gəncliyin
və cəsarətin, səbirsizlik və ehtirasındır.
Güclü dalğa bütün gücüylə qabarır:
renessansdan üzü bəri Avropa bu dərəcədə təmiz
ruhi qalxınmanı, belə gözəl nəsli görməmişdi.
Bununla belə, yeni əsr özünün cəsur gənclərini
sevmir, çünki onların tutqusundan qorxub-çəkinir,
onların vəcdlə dolu gücünə və cuşa gəlməsinə
etibar etmir, çəkinir, çəkindikcə də həyəcanlanır
bundan. Və dəmir dəryazla özünün yaz
zoğlarını kökündən qazıyıb atır.
Napoleonun döyüşlərində yüz minlərlə
igid bada getdi, vur-tut on beş il ərzində bütün nəsillərdən
olan ən güclü, ən cəsur, həyat eşqiylə
dolu gənc ölüm dəyirmanından keçib
xıncım-xıncım oldu, Rusiyanın qarla
örtülü çöllərindən Misirin səhralarına
qədər Fransa, Almaniya, İtaliya torpaqları onların
qanına bələndi, içdi, süst oldu. Həm də elə
bil, təkcə hərbi xidmətə
çağırılan gəncləri deyil, əslində, gənclik
ruhunu nişan alıb öldürməkdi
qəsdi. Təhlükəli, qorxuncdan qorxunc
ehtiras müharibələrdən doymur, əsgər və
döyüşçüləri kamına çəkməklə
işini bitmiş hesab eləmir, qədəmlərini yeni əsrin
kandarına basan, yeniyetməlik çağı yenicə
bitmiş xəyalpərvərlərin və nəğməkarların
üstünə çökür, baltasını ən
müqəddəs bilinənlərin üstünə çəkir.
Heç bir əsrdə bu qədər qısa
zamanda yeni yüzilin doğuşunda olduğu qədər
şair və sənətkar tələf olmamışdı,
işə bax ki, özünün məşum saatını
hiss etmədən Şiller də yeni əsri təntənəli
himnlərlə qarşılamışdı. Bu vaxta qədər heç zaman tale bu qədər təmiz
və erkəndən uçub getmiş ruhları biçib
bir belə dərz bağlamamışdı. Allahların mehrabı indiki kimi heç zaman bir belə
ilahi qanla suvarılmamışdı.
Ölümləri müxtəlif olsa da, hamısı erkəndir,
istisnasız olaraq hamısı daxili yüksəlişinin ən
çiçəklənən məqamında dünyaya əlvida
deməli oldu.
İlk olaraq Andre Şenye, Fransada Elladanın yenidən
zühur etdiyi gənc Apollon terrorun sonuncu karetasında
başını gilyotinin altına qoydu: təkcə bir, bircə
yeganə gün, çevrilişin səkkizinci günü gecədən
doqquzuna adlaya bilsəydi başını cəllad
kötüyündən qaldırıb xilas ola
bilərdi və özünün Antik dövrün təmiz
türkülərinə qovuşardı. Ancaq fələk ona
rəhm eləmədi, ona da, başqalarına da: zalım əsr
Hidra kimi bütün nəsli udub sonuna çıxdı. Uzun əsrlərdən
sonra İngiltərəyə yenidən lirik düha, xəyalpərvər
və hüznlü gənc nəsib oldu - Con Kits, vəhdətin
ilahi müjdəçisi, - iyirmi altı yaşında fələk
sinəsinə çöküb son nəfəsini qopardı.
Kitsin tabutu üstündə ruh qardaşı Şelli
dayanmışdı, elə onun qədər alovlu xəyalpərvər,
onun içində cilvələnən sirlərin müjdəçisi;
sarsılmış halda ruh qardaşı üçün matəm
nəğmələrini oxuyur, haçansa, dünyanın
harasında olur-olsun şairin şairə qoşduğu
elegiyaların ən gözəli - Adonais; ancaq üstündən
bir il keçir, mənasız fırtına onu cənginə
alıb Tirren sahillərinə atır. Lord Bayron, dostu,
Hötenin sevimli davamçısı onun həlak olduğu yerə
tələsir və Patrokl üçün Axilin etdiyi kimi cənub
dənizinin sahilində həyatdan köçmüş dostu
üçün tonqal çatır: Şellinin alovda yanan
cisminin külü İtaliyanın səmasına qədər
yayılır, Bayronun özü isə cəmi iki ildən
sonra Missolunqda
qızdırma içində yanıb kül olur.
On il ərzində həm İngiltərə,
həm də Fransada lirik poeziyanın xeyirxah gülünün
yarpaqları xəşəm olur. Almaniyanın gənc nəsli
üçün fələk heç də rəhmli olmur: təbiətin
mistik sirlərinə vaqif olan Novalis qaranlıq hücrədə
yanan şam kimi vaxtından əvvəl sönür.
Ümidsizliyin dəli dalğalarının qoynuna
aldığı Kleyest gülləni gicgahına sıxır:
onun dalınca Raymund
zorakı şəkildə qətlə yetirilir,
iyirmi dörd yaşlı Georq Büxner isə əsəb
sarsıntısından ölür. Dünyaya
sığmayan fantaziya sahibi Vilhelm Qauf düha çiçəyi
çırtlamamış iyirmi beşində məzara getməli
olur, bütün bu nəğməkar sənətkarların
ruhunda dolaşan melodiyanı hiss edən Şubert isə nakam
ölür. Gənc nəsil xəstəliklərin gətirdiyi
fəlakət və zəhərlə, qətl və intiharla həyatdan
köçüb getdi: qəlbən aşiq Leopardi zalım xəstəlikdən
solub-saraldı; "Normalar"ın
türküçüsü Bellini magik şəkildə,
enerjisinin aşıb-daşdığı dönəmdə vəfat
etdi; yeni oyanışda Rusiyanın ən parlaq zəkası
Qriboyedov hansısa fars tərəfindən
Tiflisdə baltalandı. Taleyin istehzasına
baxın ki, onun cənazə arabası Qafqazda Rusiyanın mənəvi
şəfəqi dahi Aleksandr Puşkinin qarşısına
çıxmışdı. Həyatdan vaxtsız
köçmüş dostu üçün
gözyaşları axıtmağa onun da bir elə vaxtı
qalmamışdı: cəmi bir neçə ildən sonra
dueldə güllələnir. Onlardan heç
birinin əli qırx yaşına çatmır; sanki eyni
gün və saatda yazın lirik zümzüməsi kəsilir,
Avropada tayı-bərabəri olmayan, dünyanın
bütün dillərində səadət himni oxuyan bir
yığın gəncin həyatı bada gedir. Ancaq
sehrlənmiş meşədə zamanın
axışını unudub başını itirmiş, yolunu
azmış Merlin kimi Veymarda yarı unudulmuş, yarı əfsanələşmiş
Hötenin, bu müdrik qocanın ağzından hərdənbir
Orfeyin pıçıltıları
çıxırdı.Vaxtsız gedişlərinə heyrətlə
baxdığı yeni nəslin əcdadı və varisi olan
qocanın ürəkdən gələn səsi onların
bürünc vazada saxlanan külünə qarışır.
Bu müqəddəs
kütlənin içində yalnız biri, hamıdan təmizi
- Hölderlin bu allahsız yerin üstündə uzun müddət
qala bildi: fələk onun üçün ən qəribə
tale hazırlamışdı. Hələ onun dili rövnəqlənəcəkdi,
qocalmaqda olan cismi alman torpağında sürünəcək,
hələ pəncərə qabağında oturub gözlərini
Nekkar vadisinin könül
çalan landşaftına dikəcəkdi, hələ də
gözlərini pərəstişlə "efirin
atasına" - əbədi göy qübbəsinə dikəcəkdi,
ancaq onun ağlı dərin yuxu içində
sönmüşdü. Kor kahin Tiresiya kimi
qısqanc allahlar onlara qulaq kəsilən adamları
öldürmürlər, ruhlarını qaraldıb
yaşamağa məhkum edirlər. Müqəddəs
qurban İfigeniya kimi onu ölümə, fəlakətə
sürükləmədilər, onu qara buludların çəmbərinə
salıb Müqəddəs Ruhlar Körpüsünə, hislərin
əbədi zülmətinə apardılar. Onun sözləri
anlaşılmaz idi, çünki qəlbi zülmətə qərq
olmuşdu: bir neçə on il də
gözdən-könüldən uzaq, təkbaşına
çaşıb-dolaşmış ağlıyla,
"alınıb satılmış göylərin
zindanında" yaşayacaqdı; bu adam özünü
itirdiyi kimi, başqalarını da qeyb etmişdi, olsa-olsa hərdənbir
səssizlikdən axan kar dalğaların ritmi onun dilində
anlaşılmaz səslərə parçalanıb ətrafa
səpələnirdi. Ətrafından yaz fəsli
gəlib-keçir, qüruba enir, onunsa bundan heç xəbəri
olmurdu. Vaxtilə tanıdığı,
sevdiyi insanlar ölür, həyatdan köçür, ancaq o
bundan qəti xəbər tutmurdu. Gəncliyində allah
hesab elədiyi Şiller və Höte, Napoleon və Kant da
köçüb getmişdilər, xəbəri yoxdu ki,
Almaniyanın hər tərəfi dəmir yollarıyla
şırımlanmışdı, ancaq bunu o, yuxularında
görürdü, şəhərlər kiçilib ovuc
içinə sığışmışdı, ölkələr
silinirdi yer üzündən, ancaq bütün bunlar artıq
çoxdan kor olmuş qəlbinə zərrə qədər
də toxunmurdu. Saçları da ağarırdı; olub
bitmiş gözəlliyin qorxaq və şəffaf kölgəsi,
budur, Tubingen küçələrində səfil-səfil gəzir,
uşaqların ona baxıb əylənməsi, gənclərin gülməsi, onlar bu faciəvi
maskanın altında necə bir yüksək ruh gizləndiyini
bilmirdilər; yüksək, çox yüksək bir ruh, ancaq
indi yumağa dönüb keyləşmişdi: yer
üzündə nəfəs alıb yaşayan bütün
insanlar onu artıq unutmuşdular. Yeni əsrin hardasa
ortalarında Bettina eşidəndə ki, bir vaxtlar allah kimi qarşısına
çıxdığı adam indi susqun həyatını adi
bir xarratın evində davam etdirir, cəhənnəmdən
qayıtmış insanı görmüş kimi qorxdu, -
çünki onun obrazı epoxaya tərs idi, əzəməti
artıq xatirələrdən silinmişdi. Bu dünyada əbədi
yaşamaq üçün çox-çox unudulmalısan...
Və nə zaman ki, oturduğu yerdəcə sakitcə
keçindi, köçdü dünyadan, bu böyük
insanın ölümü alman dünyasında heç bir
reaksiya doğurmadı, bəli, payızda artıq
saralmış yarpağın sakitcə yerə düşməsi
kimi. Əsnaf onu əynindəcə köhnəlib
sürtülmüş paltarında məzara qoydu, yazıb
doldurduğu minlərlə səhifə it-bata
düşdü, yaxud başdansovdu saxlanıldı, on illər
ərzində kitabxanalarda tozun dustağına çevrildi.
Müqəddəs kütlənin sonuncu
qaranquşu, tərtəmiz müjdəçisi bütöv
bir nəsil üçün oxunmamış, dinlənməmiş
qaldı.
Yerin altına batmış yunan heykəlləri kimi
Hölderlinin mənəvi aurası illər, on illər ərzində
unutqanlığın toz-torpağı içində
qaldı.
Ancaq nə zaman ki, nəhayət, onun gövdəsi sevgiylə
zülmətin içindən çıxarıldı, yeni nəsil
onun xalis mərmərdən yonulmuş gənclik
obrazının bətnindəki solmayan təmizliyini hiss edib həyəcanlandı.
Alman ellinizminin sonuncu efebinin valehedici siması
yenidən göründü və bir daha, həm də
heç zaman olmadığı kimi ilham onun türkülər
oxuyan dodaqlarında çiçəklədi. Onun qəfil gəlişini xəbər verən hər
bahar fəsli də onun obrazında silinməz naxışa
döndü. Bizim zəmanəmizə o,
sanki sirli bir dünyadan gəldi, qaranlıq və zülmətin
içindən.
Uşaqlığı
Hölderlinin evi Nekkar çayının sahilində yerləşən
patriarxal monastır kəndində - Laufendə, Şillerin vətənindən
bir neçə saatlıq məsafədə idi. Almaniyanın ən mənzərəli
yeri, onun İtaliyası sayılan Şvabenin bu sakit kənd həyatı:
qaşqabaqla göy üzündən asılmış massiv
Alp dağlarını sıxıb eləmir, yerini daraltmırdi,
necə olmasa da onların yaxınlığı getdikcə
hiss edilir, çayların gümüşü suları axaraq
nəvazişlə üzüm bağlarının
dodaqlarına toxunur, xalqın şəfqəti Alemann əcdadlarının
sərtliyini yumşaldır, arın-arxayın nəğmələrin
qəlbinə damcılayırdı. Böyük olmasa da məhsuldar
torpağı, yumşaq, ancaq naz-qəmzəsiz təbiəti:
sənət və əkinçilik hələ bir-birindən
ayrılıb yadlaşmayıblar, əksinə, bir damın
altında yaşayırlar. Təbiətin insanı hiss etdiyi,
ona rəhmlə yanaşdığı yerlərdə idillik
poeziya həmişə özünə yurd tapa bilir, hətta
dərindən-dərin zülmətin girdabına düşəndə
belə şair artıq əlindən çıxmış,
itirilmiş mənzərələri riqqətlə
xatırlayır.
Şvabeni
- əbədi kəhkəşanın altındakı göyləri
tərənnüm edəndə onun hüznlü yüksəlişi
necə bir zərifliyə, necə bir həzin yüngüllüyə
dönüşürdü və bu zaman, yaxası xatirələrinin
əlinə ilişib qalanda insanı vəcdə gətirən
hissin dalğalarının sakit ritm yatağına necə bir
möhtəşəm sükutla qayıdırdı. Elladasına sədaqətlə Vətəni tərk
edərək, ümidlərinə aldanmış halda
damarlarından axıb ovcunun içinə doluşan xatirələrindən
uşaqlığından dünyanın elə bir mənzərəsini
yaradır ki, bu ancaq və ancaq əsrlər boyunca oxunan təntənəli
himndəki duyğuları yada salır.
Bütün
uzun ömrü boyunca bu yurda, bu vətənə can
atırdı, sanki qəlbinin göylərinə çatıb
yetişmək istəyirdi: Hölderlinin
uşaqlığı onun ömrünün ən aydın,
xoşbəxt və ən məsum çağı idi.
Harda olsa,
zərif təbiətin qoynundaydı, onu elə təbiət qədər
incə qadınlar böyütmüşdü: atası yox
idi, zalım fələyin hökmüylə başında elə
bir adam yox idi ki, xarakterinə
möhkəmlik və sərtliyi yeritsin, əbədi
düşmənlə, həyatla vuruşa bilmək
üçün hisslərinin əzələlərini
gücləndirsin, - erkən vaxtdan ruhu pedant dərəcədə
nizam-intizama tabe tutulmuş, ehtiras və şiddətli
arzularına əvvəlcədən bilinən forma verə bilən,
uşaqlığından məsuliyyətli Hötedən fərqli
idi o. Yalnız nənəsi və incəqəlbli anası onu
dindarlığa alışdırdılar və xəyalpərvər
ağlı vaxtından qabaq onu hər bir gəncin
özünü saxlaya bilmədiyi nəhayətrsizliyə -
musiqinin girdabına atdı. Ancaq idilliya tez
ötüb keçir. On dörd yaşlı həssas gənc
şagird kimi Denkendorfda yerləşən monastıra daxil
olur, sonra təhsilini Maulbron monastırında davam etdirir, on səkkiz
yaşında Tubingen qabalı institutuna daxil olur, buranı
1792-ci ilin sonunda tərk edir; tam on il ərzində
bu azadlıq hərisi olan gənc monastır hücrəsinin
dörd divarı arasında sıxışıb qalır.
Kontrast o qədər iti və kəskin idi ki, xəstə
olmaya bilməzdin, çünki bu kontrast ona
dağıdıcı təsir edirdi: çöldə və
sahildə xəyali oyunların sərbəstliyi, ana
qayğısından süzülüb gələn qadın
istisi tezliklə qara monax paltarıyla, iş saatlarında
hökmlə hər şeyə şamil edilən monastır
intizamıyla əvəzlənmişdi. Hölderlinin
monastırda keçirdiyi illər elə Kleystin kadet
korpusundkı illərindən fərqlənmirdi: hissiyyatın
boğulması insanı həssaslaşdırır, ifrat həyəcan
seli çox güclü daxili gərginlik sahəsi yaradır
və bu zaman sən gerçək dünyanı qəbul
etmirsən. Qəlbində nəsə zədələnib
qopdu, əbədi sınıq qaldı."Öz-özümə
etiraf edirəm, - deyə üstündən on il
keçəndən sonra yazacaqdı, ürəyimdə
uşaqlığımın qiymətli şeyləri
qalıb, həmin çağın könül təmayülləri,
onlardan biri mənə dünyada hər şeydən əzizdir:
mənim yanan şam misalı həlimliyim... Ancaq
nə zaman ki, monastırda idim ürəyimin məhz həmin
hissin olduğu yerə aman vermədilər, rəhm eləmədilər".
Arxasınca monastırın ağır
qapıları bağlandıqda onda həyata inamı cücərdən,
boy verib şaxələndirən ən xeyirxah, ən gizli,
ancaq həm də ən şiddətli arzumun bir yanı əbədilik
olaraq susdu, yəni gün işığına
çıxmazdan çox-çox əvvəl. İndi
isə hələ yaşlaşıb möhkəmlənməmiş
gənclik simasının böyür-başında zəif
olsa da bir sakit melanxoliya əsirdi, buna
dünyada itmək, azmaq hissi də demək olardı, illər
keçsə də bu hiss onu tərk etmədi, əksinə,
ürəyini möhkəmcə bürüdü,
yavaş-yavaş onu zülmətin içinə saldı və
nəhayət, dünyanın bütün sevincləri ondan
qaçaq düşdü, üzünə baxıb gülmədi.
Burada, yəni
uşaqlığın yarıqaranlıq zirzəmisində,
yetkinliyin həlledici məqamlarında Hölderlinin qəlbində
heç nəyin sağalda bilməyəcəyi bir çat
yarandı, rəhmsiz, baş qaldırdımı, daşı
daş üstə qoymayan boşluq yarandı, bu
məhz onun yaşadığı dünyanı iç
dünyasından fəlakətli şəkildə
ayırırdı. Bu yara heç zaman bitişmir,
özünü daim uşaqlığın qürbətinə
atılmış kimi hiss edirdi, daim çox erkən itirdiyi
yurdunun xiffətini çəkməyə məhkum
edilmişdi, bu yurd onun üçün fata morgana, yəni
ilğım misalında idi, buna görə o, daim ümid və
xatirələrin, musiqi və yuxuların poetik buludları
arasında hiss edirdi özünü. Daim özünü
sirli, anlaşılmaz şəkildə ilkin dünyadan qovulub
dərbədər salınmış, uşaqlığın,
demək həm də ilk arzularının göylərindən
zalım torpağa, yad bir sferaya atılmış yeniyetmə kimi hiss edirdi; və elə
erkən vaxtlardan, gerçəkliklə rəhmsiz
görüşündən dərhal sonra yaralı qəlbində
dünyaya düşmənçilik və yadlıq toxumu yer
almışdı. Həyat Hölderlinə heç nə
öyrədə bilməzdi və yolunun üstünə nə
çıxsaydı,- deyək ki, cüzi
sevinc işartısı, yaxud ayılma,
peşmançılıq və səadət, - fərqi yoxdu,
bütün bunlar onun gerçəkliyə qarşı pərvəriş
tapmış yadlığının qarşısını kəsə,
bu hissi qazıyıb ata bilməzdi. "Eh, ilk gənclik illərindən
həyat qəlbimə qorxu salır", - bir dəfə
Neyferə belə yazmışdı və
doğrudan-doğruya o bu dünya ilə əlaqəyə girməyi
ağlından keçirməzdi, o, əslində, müasir
psixologiyada "introvert", yəni tam olaraq özünə
qapanmış tipə ən parlaq nümunə sayıla bilərdi,
o xarakter tipinə aid edilə bilərdi ki, bu cür insanlar
heç bir zahiri impulsa inanıb bel bağlamır, belə ki,
yalnız əzəldən ona xas olan əlamətləri onun
mənəvi simasını formalaşdıra bilər. Yeniyetməlik yaşına çatar-çatmaz o,
yalnız uşaqlıqda keçirdiyi yaşantıların
xiffətini çəkir, mifik zamanların ümidiylə,
Parnasın xəyali dünyası ilə nəfəs alır.
Şeirlərinin yarıdan çoxunda sadəlövh
və qayğısız uşaqlıqla praktik həyatın
yadlığı, "zamanda mövcudluqla mənəvi
varlıq arasındakı ziddiyəti qucaqlayan eyni bir motiv
aparıcı idi.
...
Hölderlinin həyata yox, yalnız sənətə xidmət
etmək ehtirası, üzünü insanlara deyil, yalnız
allahlara tutmaq arzusu elə onun Empedoklunun iddiası kimi həyata
keçirilməsi mümkünsüzdür (təkrar edirəm:
yalnız ali, transsendental mənada).
Çünki təmiz, heç nəyə
bulaşmamış məqamda hökmranlıq etmək
iddiası yalnız allahlara verilib və buna şübhə edən,
buna qarşı gedənlərə həyat özü ən
amansız qisas hazırlayır: həyat həmin adamlara
gündəlik ruzini belə qızırqanır və ona xidmət
eləməyən kim varsa onu ən
alçaldıcı şəraitdə qula çevirir. Məhz buna görə də Hölderlinə rədd
cavabı verildi, bir göz qırpımında hər şeydən
məhrum edilir; məhz bunun üstündə, yəni
qandallardan imtina etdiyinə görə həyat onu müti qula
çevirir. Hölderlinin gözəlliyi, eyni zamanda, onun
faciəvi günahı sayıla bilərdi; ali,
yüksək, ilahi dünyaya inandığı halda
aşağı, yeganə himayəçisi poeziyanın
qanadları olduğu halda cismani gerçəkliyə
qarşı qiyam qaldırmışdı. Məhz həmin o
heç nəyi öyrənmək, əxz etmək istəmədiyi
məqamda öz taleyinin mənasını anlayır və
görür: özünün qürubunu, cəsur
ölümünü görür və beləliklə, fələyin
əsirinə çevrilir: yalnız günəşin
çıxmasıyla batması, yola düşməklə qəza
arasındakı vaxt çox az çəkir, ancaq gəncliyin
bu peyzajı misilsizdir: əbədiyyətin təlatümlü
dalğalarının yaladığı inadcıl ruhunun
qayaları, qasırğaya düşmüş və
şimşəklərin işıq saldığı qar kimi
ağ yelkən... buludlara uçur.
Stefan Svayq
Tərcümə etdi: Cavanşir
Yusifli
Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.10-11.