Cəmiyyəti idarə etmək üçün ən

gözəl sistem, mədəniyyətdir

 

Tofiq Məlikli ilə müsahibə

 

- Tofiq müəllim, uzun müddət Moskvada yaşamısınız, elmi və pedaqoji fəaliyyət göstərmisiniz. Moskva elmi, ədəbi mühiti ilə Bakı mühitini ayıran və birləşdirən cəhətlər hansılardır?

- Əlbəttə ki, fərqlər var və böyükdür. Amma bu fərqi iki istiqamətdə qeyd etmək lazımdır. Sovet dövrü ədəbi mühiti və Sovetlər Birliyindən sonrakı dövr. Bu fərqləndirməni mütləq qeyd etməliyəm, çünki ictimai-siyasi proseslər tam başqa yöndə gedirdi. Dövlətlərin müstəqillik dövrlərinə keçid dönəmində, hətta Rusiya Yazıçılar Birliyi bir neçə yerə parçalandı. Rusiya Yazıçılar Birliyi, Moskva Yazıçılar Birliyi, Moskva Yazıçılarının Birliyi və s. Bunlar da ayrı-ayrı ideoloji cəbhələrə bölündülər. Məsələn, mənim də üzv olduğum, məşhur şair Rimma Kazakovanın rəhbərlik etdiyi Moskva Yazıçılar Birliyi yalnız demokratik düşüncəli yazıçıların birliyi idi. Müxalif olanlar daha çox Rusiya Yazıçılar Birliyinin cəbhəsində idi. Onlar sovet mentalitet və düşüncəsi ilə, siyasi cəhətdən bisavad, potriotizmi alət edərək sovetlərin yenidən birləşəcəyi xülyasında olan adamlar idilər. Təəssüflər olsun ki, nə bu, nə də ki, demokrat cəbhədə ədəbiyyatda nəyisə dəyişmək cəhdləri alınmadı. Ədəbiyyatla siyasi mübarizə fərqli anlayışlardır. Hər bir yazıçının özünün dünyagörüşü, ideoloji platforması ola bilər. Amma yazıçıya xas olan dəyərlər başqadır. Orda vəziyyət isə başqa cür idi, tipik bolşevizm yanaşması vardı. Bolşeviklərin belə bir fikri var: "Mənimlə deyilsənsə, mənim əleyhiməsən". Parçalanmaların əsas qaynağı bu anlayışın hökm sürməsidir. Başqa yazıçıların düşüncəsinə hörmətlə yanaşma mədəniyyəti olmadığı halda bəşəri yazıçıdan söhbət gedə bilməz. Heç bir yazıçının şəxsi xüsusiyyətləri bizi maraqlandırmamalıdır. O, ideoloji cəhətdən bizim bəyənmədiyimiz və ya paylaşmadığımız düşüncəyə də sahib ola bilər. Mətn tək meyar olmalıdır. Bizə onun ədəbi estetik dəyəri və ədəbiyyata gətirə biləcəyi yeni çalarları lazımdır. Bu söhbət bütün dünyaya şamil olunacaq bir prosesdir. Təsəvvür edin ki, fransız ədəbiyyatında Lui Araqon kommunistdir. Kommunist olduğuna görə onu fransız ədəbiyyatından kənarda tutmaq olarmı?

- Eynilə Nazim Hikməti...

- Bəli, eynilə Nazim Hikməti. Təəssüflər olsun ki, Fransada belə olmasa da bu, Türkiyədə baş verir. Türkiyədə hələ də bu bəlanı yaşamaqdadırlar. Çünki bu gün, yenə müəyyən ideologiyalar insanların yazıçıya münasibətinə hələ də təsir edir. Ədəbiyyat bu düşüncədən kənarda inkişaf etməlidir, çünki ideologiyalar dəyişir, ədəbiyyat isə daimidir. Ədəbiyyatın düşməni dostbazlıq, qohumbazlıq, dəstəbazlıq, kiməsə xoş gəlmək üçün məddahlıq etməkdir. Cildlərlə əsərləri çap olunan yazarlarımız var, onların ədəbiyyata heç bir dəxli yoxdur. Maliyyə imkanı olan hər bir yazar öz kitabını çap etdirə bilər. Amma elə gözəl əsərlər yaratmış əsl yazıçılar var ki, bunu etmək imkanı yoxdur.

- Sizinlə razılaşmaya bilmərəm. Dediyiniz hal mövcud ədəbi mühitimizin bəlasıdır. Amma elə klassika hesab etdiyimiz yazarlar var ki, onların hamısı heç də dahi yazıçılar olmayıb.

- Bizdə qəribə bir tendensiya var. Biz XXI əsrdə XX əsrin ortalarında baş verən hadisələri hakim kimi dəyərlərdiririk, hökm veririk. Birincisi, bunları etmək üçün mənəvi haqqın olmalıdır. Ən azı, ictimai, siyasi bir fiqur olmalısan. Müəyyən mərtəbəyə çatdıqdan sonra ictimai əhəmiyyətli söz demək haqqı olmalıdır. Yoxsa bu gün Səməd Vurğunu, Rəsul Rzanı bəyənməyənlər başqalarını tərifləyirlər. Ən qəddar hakim isə zamandır. Bəs bu zamana cavabı kim verəcək? Mayakovski onu tənqid edənlərə deyib ki, "buyurun, tənqid edin, yüz ildən sonra görüşərik". Yazısı, düşüncəsi, baxışı xoşuna gəlməyə bilər, amma təhqir etmək yolverilməzdir. Təhqir, ilk növbədə, onu edənin səviyyəsizliyinin göstəricisidir. Bu, səviyyəli və ziyalı insanın işi ola bilməz. Özünü güclə cəmiyyətə sırıyan, özünü göstərmək üçün gözə salmağa çalışan, gündəm üçün edilən hərəkətlərdir. Hər bir insanın hərəkəti onun özünü ifadə edir. Xüsusilə ədəbi mühit üçün əxlaq anlayışı böyük əhəmiyyət kəsb edir. Çünki ədəbiyyat sözünün kökündə "ədəb" sözü dayanır. İnsanları ən çətin anlarında ayaq üstə tutur, onlara ümid və təmiz bir dünya vəd edir. Bunları vəd etdiyi halda, özü dəyişib mənəviyyatsızlıq edən yazıçı mənim üçün yazıçı deyil. Artıq onun dediyi söz mənim üçün anlam daşımır. Ümumiyyətlə, istər nəsillərarası, istər eyni nəsildən olan yazıçıların bir-birlərini təhqir etməsini qəbul etmirəm. Rəsul Rzanı Mərkəzi Komitəyə çağırıb Müşfiqə qarşı bir yazı yazmasını istəyiblər. Rəsul Rza razılaşmır. Başqa bir tanınmış şairimiz Müşfiqə qarşı danos bir yazı yazır. Hətta başqalarını da buna dəvət edir. Rəsul Rza isə çox sadə bir söz deyir, "mən onunla çörək kəsmişəm". Və bu demək idi ki, onu da Müşfiqin gününə sala bilərdilər, hətta buna dəfələrlə çalışmışdılar. Vurulacaq namizədlərdən biri də Rəsul Rza olub, tale elə gətirdi ki, onu vura bilmədilər. Eləcə də Səməd Vurğunun özü. O dövrün də çox yanlışlıqları vardı. Beyinlərə elə bir ideologiya yeridilmişdi ki, insanlar inanmışdı ki, Stalin bizə azadlıq gətirib. İdeologiya kimi güclü məfhum yoxdur. Təsəvvür edin ki, ideologiya sayəsində alman xalqı kimi mütərəqqi bir cəmiyyət faşizmin qurbanına çevrilmişdi. Bir epizod da deyim; Mənim sülaləm Gəncədə tanınmış - Hacı Məliklilər, mülkədar bəy sülaləsidir. 1920-ci ilin mayında Gəncə üsyanı zamanı babamı və onun qardaşını həyətimizdə öldürüblər. Nənəm öz bacısı və uşaqları ilə bərabər kəndə qaçanda ermənilərlə bolşeviklər bacısı və uşağının birini də öldürüblər. Bütün bunları öz gözləri ilə görən anam Stalin öləndə hönkür-hönkür ağlayırdı. Və mən deyirdim sənin sülaləni qıran bir insan ölüb, sən niyə ağlayırsan? Onun cavabı çox qəribə idi: "Bəs indi bizim halımız necə olacaq?", sanki hesab edirdi ki, artıq dünya dağılacaq. Geniş kontekstdə baxsaq, o dövr bəzi sahələrin, eləcə də ədəbiyyatın inkişafında müsbət işlər də vardı. Lakin o müsbət cəhətlərin bir çoxu mənfiləri yeritmək üçün idi. Mən Səməd Vurğunla bağlı bir çox tədbirlərdə o dövrün mənzərəsini şərh etmək məcburiyyətində qalmışam. Ən azından, "Azərbaycan" poemasını oxuyandan sonra onun necə milliyyətçi ruhda olduğunu görürsən. O poemadan bizə yalnız "Azərbaycan" şeiri qalıb. Şair çox gənc yaşlarında yazdığı o poemada türklüyün tarixini ortaya qoyur, onunla qürurlanır.

- Ədəbi mühitlərin fərqindən danışdıq, bəs Bakı ilə Moskvanın sosial-mədəni mühitindəki fərq hansı səviyyədədir?

- Bəlkə, bizim ziyalılarımız inciyəcəklər, bizim mədəni səviyyəmiz aşağıdır. Dahi Cavidin sözü "Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət". Mədəniyyət təkcə ədəbiyyat, kitab, kino, teatr deyil. Küçədə insanların davranışı, kişinin qadına olan münasibəti mədəniyyətdir. Toplumun inkişaf yolu, insanların təbəqələşməsinin qarşısını alan qüvvədir mədəniyyət. Geniş anlamda cəmiyyəti idarə edən ən gözəl sistemdir. Hazırda Azərbaycanda məni ən çox narahat edən şey mədəniyyətdir. Biz başqa ölkələrdə qürurla deyirdik ki, bizdə mədəniyyət daha yüksəkdir. Ailəyə, valideynlərə, ümumiyyətlə yaşlı nəslin nümayəndələrinə münasibət nümunəvidir. İndi ictimai nəqliyyatda, yolda demək olar ki, qadına, yaşlı adama hörmət yoxdur. Həmin neqativ münasibət qarşıdakına da təsir edir, bir-birlərinə olan rəftar arzuolunmaz hala gəlib çatır. Yaranan aqressiyaların ən başlıca səbəbi insanların maddi, sosial rifahının aşağı olmasıdır.

- İndiki zamanda ziyalının, yazıçının sözü ictimaiyyətə təsir edə bilirmi?

- Cəmiyyətdəki insanlar müxtəlifdir. Ziyalı digər zümrədən düşünmək və analiz etmək qabiliyyəti ilə fərqlənir. Əgər ziyalı təbəqə bundan məhrumdursa cəmiyyətin halı acınacaqlıdır. Cəmiyyət ziyalısından nümunə götürür. Adi bir nümunə; Cəfər Cabbarlının pyeslərində Oqtay, Aydın, Elxan, Sevil adlarını millət öz övladlarına qoydular. Bu, ziyalının xalqa verdiyi milli şüurun formalaşması dəyəridir. Və yaxud Anar adı. Bu, Rəsul Rzanın yetişdirdiyi övladın və onun xalqa verdiyi dəyərlərin qarşılığıdır. Xalq öz ziyalısının, söz adamının sözünə inanır, ona hörmət edir, övladına onun şərəfinə ad verir. Xalq sözün qədrini bilən adamın qədrini bilir. Onu necə gəldi, harda gəldi, kimə gəldi işlədən adamın hörməti olmaz. Bir dəfə Əziz Nesinlə Şamaxıya, Sabirin evini ziyarətə gedirdik. Sürücü radionu açmışdı, bir aşıq haqqında veriliş gedirdi. Aşıq oxuduqca onun haqqında yazılmış ssenari əsasında diktor lüğətimizdə olan bütün təmtəraqlı ibarə və ifadələri işlətdi. Əziz Nesin dözməyib dedi. Olduğu, yəni onun dediyi kimi deyirəm: "Tefikciyim, bu namussuz bu olaydan sonra, Füzuli için bir yayın hazırlayacak olursa, kelimeleri nereden bulacak?". Baxın, bu insanlarla ünsiyyətdə olmaq insana dərs verir. O sözdən sonra mən həmişə yazını yazıram, sonra oxuyuram və çoxunu silirəm. Türk ədəbiyyatının sevimli şairi Orxan Vəlinin cəmi bir balaca şeir kitabçası var. Şeirləri dörd-beş misradan ibarətdir. Bizdə altı-yeddi cildlərlə şeir kitabları var ki, içində bir misra poeziya yoxdur. Şeir bir yana, poemalar... Sovet dövründə poema yazanları başa düşmək olardı, çünki hər misrasına bir manat qonarar verirdilər. Şairlər yaşamaq üçün uzun poemalar yazırdılar. Kimin imkanı aşağı düşürdü sağollaşıb gedirdi ki, gedim bu gecə bir poema yazım. O vaxtı bir poemanın pulu ilə bir il dolanmaq olardı. Amma bu, ədəbiyyatı korlayırdı. Mənim kitabım çıxanda redaktor deyirdi niyə şeirləri qısa yazırsan? Düşünürdüm ki, axı mən misra sayı üçün yazmıram, əksinə, uzunçuluq eləsəm oxucunu ideyadan uzaqlaşdıra bilərəm. Əsas sözün çoxluğu deyil, əsas obraz strukturudur.

- Nazim Hikmətlə bağlı xatirələriniz sizə hansı stimulu verir?

- Nazim Hikmət mənim həyatımda mayak rolunu oynamış bir şəxsiyyətdir. Şərqşünaslıq fakültəsinin Türk dili ədəbiyyatı bölümündə oxuyarkən onun Bolqarıstanda çap olunmuş türkcə şeirlərini oxudum. Bu şeirləri oxuduqdan sonra dünyaya bambaşqa gözlə baxmağa başladım. Ədəbiyyat, sadəcə, estetik duyğuları qarşılamaq üçün istifadə edilən vasitəsi deyil. Ədəbiyyat həm də insanı formalaşdıran çox güclü təsir vasitəsidir. "Mən yanmasam, sən yanmasan, biz yanmasaq... necə çıxar qaranlıqlar aydınlığa" misraları mənim üçün həyat düsturu oldu, xarakterimi formalaşdırdı. Başa düşdüm ki, ətrafdakı hadisələrə qarşılıq ancaq yanmalısan, yoxsa heç nə dəyişməyəcək. Bizdə ən böyük bədbəxtlik, sadəcə, özünü düşünərək yaşamaqdır. Bu toplumu düşünmürsənsə, sən bu xalq üçün yaramazsan. Bu, adamın gənc yaşda həyatımda inqilabçı ruhun yaranmasında böyük rolu oldu. 1962-ci ildə, mən üçüncü kursda oxuyanda o, sonuncu dəfə Bakıya gəlmişdi. Tələbələrlə onu qarşılamağa getmişdik. Rəsul Rza bizi tanış elədi. Çünki o bilirdi mənim diplom işim "Yaşamaq gözəl şeydir, qardaşım" romanı olub. Mən onunla türkcə danışmağa başladım, başqaları kənarda qaldı başladı mənimlə danışmağa. Ona görə ki, öz dilini duymaq istəyirdi. Maşına qədər yola saldım və təşəkkür etdim. O isə mənə "gözəl türkcəmi mənə duydurduğunuza görə mən sizə təşəkkür edirəm" - dedi. Dil sevgisi çox böyük anlamdı. Mən 50 il Moskvada yaşamışam, amma qürurla deyə bilərəm ki, mən ana dilimizi yaxşı bilirəm. Nazim bir şeirində öz qadınına "Sən mənim türkcəm qədər gözəlsən" - deyir. Bu misra həm qadını, həm dili yüksəltməkdir. Şair təkcə sevgilisinə kədərli məktublar yazan, qarşısında sızlayıb ağlayan adam deyil. Nazim Hikmət yaradıcılığı həmişə mənim həyatımın, yaradıcılığımın tərkibi olub. Mənə elə gəlir, təvazökarlıqdan uzaq olsa da qeyd etməliyəm ki, Nazim Hikmət poetikası haqqında ən yaxşı kitabı mən yazmışam. Anarın bir sözü var: "Nazim Hikməti sevəndən sonra, bu sevgi səni buraxmır". Bu, həqiqətən belədir. Biz Anarla gənclikdən dostuq və bizi birləşdirən Nazim sevgisidir. Onun qədər Nazimi müdafiə edən ikinci azərbaycanlı adam yox idi. Türkiyədəki vətəndaşlığı haqqında birlikdə mübarizə aparırdıq. Türk cəmiyyətinə də doğruları çatdırmaq lazım idi. Sağçılar, solçular... liberallar, radikallar... cəmiyyətin tamamilə parçalanmış bir dövründə bu həqiqətləri çatdırmaq çox çətin idi. Nazim Hikmət birləşdirici idi. O, türk xalqını vahid xalq kimi görmək istəyirdi. Onun "İnsan mənzərələri"nin içərisində bütün insanlar var. Mən bu əsərləri rusca çap eləyəndə bir il arxivdə işləyib o mənzərələrin ruscasını tapıb əlavə etmişəm. Paradoks ordadı ki, rusca çap olunan "İnsan mənzərələri", Türkiyədə çap olan "İnsan mənzərələri"ndən daha genişdir. Qəribədir ki, Türkiyədə uzun müddət vətən düşməni hesab olunan bu şairin "Məmləkətim" şeirini milliyyətçi Alp Aslan Türkəş televiziyada oxuyandan sonra ülkücülər və millətçilər birdən-birə onu özlərininki qəbul etməyə başladılar. Həqiqətən o şeiri yazan adam vətənsevərdir. Vətənini bu boyda sevən insanı, sadəcə, ölkədən qaçmağı ilə dəyərləndirdilər. Onun əleyhinə yazılan yazılar bu fikri yaratmışdı, hətta o dövrün məşhur yazıçılarından biri kitabın adını "Vətən xaini yoldaş Nazim Hikmətov" qoymuşdu. Onu ona görə çox sevirik ki, belə bir mühitdə sonuna qədər öz düşüncəsinə həyatına, məmləkətinə sadiq qaldı. Paşa nəvəsi, diplomat oğlu, hər cür imkanları olan bir insan bu cür həyat yaşadı. Dayısı Atatürkün silahdaşlarından biri olub, ona getmə gəl burda gənc yaşında vəzifələrdə işlə, gələcək deputat ol, nazir ol deyirlər. Deyir yox, mən inqilab edərək ölkəmizi inkişaf etdirmək üçün getməliyəm. Aclıq, səfalət görür, amma inanır ki, gələcək gözəl olacaq, insanlar bərabər yaşayacaq. Nazimi sevmək üçün onu oxumaq azdır, onun həyatından dərs almaq lazımdır. Onu təkcə inqilabçı şair kimi yox, lirik şair kimi də sevənlər çoxdur. Mən Nazim Hikmət komissiyasının məsul katibi seçiləndən sonra Qalina xanım məni vaxtı ilə Nazimin ona aldığı ikiotaqlı "xruşovka" evə dəvət etdi. Getdim gördüm çamadanlar, qutular dolu basırıq bir ev. Nazim Hikmətin büstü, altında bir kreslo. Qutulara baxdım ki, Nazim Hikmətin şeir yazanda bəyənməyib əzib, cırıb atdığı kağızları ütüləyib saxlayır. Bayaq dediyim kitabı yazmağımda Qalina xanımın arxivində olan materialların çox böyük rolu oldu. Bu adam illərdir bu ab-havada yaşamışdır. O arxivin bir hissəsini Moskvadakı ədəbiyyat arxivinə, bir hissəsini isə türklərə verdik. Türklər bu materialları almalı idilər, xanımın maddi ehtiyacı vardı. Təəssüf ki, onu aldatdılar, pul vermədilər.

- "Yeni türk şeiri və Nazim Hikmət", "Köklər və budaqlar", "Türk mədəniyyətlərində ənənə və novatorluq problemi", "Türk ədəbiyyatı tarixi", "Nazim Hikmət. Poeziya və poetika", "Dahinin tənhalığı - Fazil Hüsnü Dağlarca" kimi monoqrafiyaların müəllifisiniz. Türk poeziyasının dünya poeziyasında yerini necə dəyərləndirirsiniz?

- Ədəbiyyat da landşaftlar kimi yüksəklik və düzənliklərdən ibarətdir. Dağların yüksəkliklərinə görə ölçülən relyeflə müqayisə etsək, məsələn, fransız ədəbiyyatı dünyaya daha çox zirvələr bəxş edib. Mopassan, Balzak, Eluvar, Araqon və b. Amma bunlar dünya dillərinə tərcümə olunanda bütün dünyaya aid olurlar. Dante İtaliyanın dünyaya verdiyi ən böyük hədiyyədir. Bizim də dünyaya qürurla təqdim etdiyimiz Nizamimiz, Füzulimiz var. Təəssüflər olsun ki, çağdaş ədəbiyyatımızda bu nümunələr yoxdur. Türkiyədə isə var. Məsələn, poeziyada Nobel mükafatına namizəd göstərilən Fazil Hüsnü Dağlarca. Dağlarcanı demək olar ki, bütün dünya tanıyır. Demək olar, bütün məşhur dillərə tərcümə edilib və dünya poeziyasına təsiri olub. Xüsusilə poetik struktur məsələlərində onun haydilərinin rolu böyükdür. Məsələn baxın;

Gedir, gəlir,

Sabahlara qədər.

Mənim yuxusuzluğum,

Sənin gözəlliyin.

Bundan gözəl məhəbbət şeiri varmı? Sadə və gözəl. İnsanın poetik təfəkkürünü tamamilə açır. Ya yeni fikir yazacaqsan, ya yeni tərzdə yazacaqsan. Ən yaxşısı yeni fikri yeni tərzdə yazmaqdır. Təəssüf edirəm ki, bu gün bizim ölkəyə gəlib türk şeirini təmsil edən şairlərin heç birinin türk ədəbiyyatına dəxli yoxdur. Bizim xalqın türk ədəbiyyatı haqqında estetik təsəvvürünü alt-üst edirlər. Bax, bu məsələlərdə söhbətimizin əvvəlindəki dediyim həyat düsturunu işə salmaq lazımdır. Yanmaq lazımdır ki, bu işləri vicdanla həyata keçirəsən.

- Azərbaycan Yazıçılarının XI qurultayında Orxan Pamuk dedi ki, türk dili mənim düşüncələrimin miqyasını ödəyə bilmir. Bu fikrə münasibətiniz necədir? Doğrudanmı, türk dilinin ədəbi - bədii, poetik imkanları azdır?

- Orxan Pamuku çox yaxşı tanıyıram. Çox orijinal yazıçıdır. Onun ilk kitabının ruscaya tərcümə olunmasında mənim rolum olub. Mənə "Qara kitab"ını hədiyyə etmişdi, mən də Moskvaya göndərdim, tərcümə etdilər. Maraqlısı budur ki, bu cür istedada malik olan və ingilis dilini mükəmməl bilən adam bəs niyə türkcə yazır? Bu sözü bu adam necə deyə bilər axı? O, sadəcə, özünü göstərmək üçün elə çıxışlar edir. Onun "İstanbul" romanını mən ruscaya tərcümə eləmişəm. O romanı İstanbulu çox sevdiyimə və çox gözəl dili olduğuna görə tərcümə etdim. O romanın özəlliyi ondadır ki, orda bir cümlə altı səhifə davam edir, mən onu ruscada saxlamışam. Demək istəyirəm ki, o bu dili bu cür gözəl istifadə etməyi bacardığı halda, o sözü necə deyə bilir. Bayaq dediyimiz insani keyfiyyətlərlə yazıçı arasındakı fərq. Kimlərəsə xoş gəlmək üçün bəlkə də, ola bilər Nobeldə bu kimi sözlərin rolu olub. Amma bu adam çox istedadlıdır, onu bu kimi xüsusiyyətlərinə görə yox, yazısına görə dəyərləndirirəm. Biz ilk dəfə tanış olanda o, 26-27 yaşlarında idi. O yaşda ilk romanı "Cevdet bey ve oğulları" romanında Türkiyənin tarixini ustad bir yazıçı kimi yaza bilib.

- Siz tənqidçi, ədəbiyyatşünas alim kimi geniş fəailiyyət göstərirsiniz. Niyə tənqidçilərimizin çoxu tənqidçilikdən ədəbiyyatşünaslığa köç edirlər? Mövcud ədəbi tənqid sizi qane edirmi? Sizə elə gəlmir ki, ədəbi tənqid hələ də mətnin arxasınca gedir?

- Səbəb çox bəsitdir. Tənqid etmək üçün gərək təhlili bacarasan. Ədəbiyyat nəzəriyyəsini mükəmməl bilmək lazımdır. Bugünkü ədəbiyyatşünaslar, tənqidçilərin əksəriyyəti ədəbiyyat nəzəriyyəsini bilmirlər. Açarın olmadan qapını açıb içəri girə bilməzsən. Nəzəriyyəni dərindən bilməyən adam o qapını aça bilməz. O adamlar məzmunu təhlil edə bilməyəndə mövzunu qısa şəkildə təkrar edirlər. Əsərin yaxşı və ya pis cəhətlərinin sübutu üçün faktlar gətirmək, müqayisələr aparmaq lazımdır. Poetik təhlil üçün Vinoqradovu, yazıçının psixologiyasını bilmək üçün bolqar alimi, akademik Bosovun "Bədii yaradıcılığın psixologiyası" oxumalısan. Belinski olmaq üçün, ən azı, Belinskini oxumaq lazımdır.

 

Söhbətləşdi: Nuranə Nur

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.8-9.