Mirəli Seyidov Azərbaycanda
mifologiya məktəbinin əsasını
qoyub
Noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidovun 100 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda M.Seyidovun məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Ədəbiyyat İnstitutunun elektron zalında davam edən tədbirdə M.Seyidovun ədəbi əlaqələr yaradıcılığı, türkdilli qəbilələr - qaşqaylar, saqlar, buntürklər barədə məqalələri və mifologiyaya dair araşdırmaları barədə danışılıb. Qeyd olunub ki, Azərbaycan ədəbiyyatşünaslığında Mirəli Seyidovun elmi-nəzəri fəaliyyətinin əhəmiyyətli rolu var. O, Azərbaycanda mifologiya məktəbinin əsasını qoyub, bu elmlə məşğul olan tədqiqatçıların məqalələrinin ərsəyə gəlməsində yaxından iştirak edib.
Ədəbiyyat İnstitutunun direktorunun müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli görkəmli folklorşünas alimin zəngin elmi irsindən, onun mifologiya istiqamətində tədqiqatlarından bəhs edib. Mirəli Seyidovun “Azərbaycan xalqının soykökünü düşünərkən” kitabının Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunduğu diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycan şifahi xalq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı “Folklor və mifologiyanın unudulmaz, ustad araşdırıcısı Mirəli Seyidov” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində alimi əksər folklorşünasların ustadı adlandırıb.
Bildirilib ki, Mirəli Seyidov 1918-ci ildə İrəvanda doğulub, təhsilini də bu şəhərdə alıb. Bir müddət “Sovet Azərbaycanı” qəzetində müxtəlif vəzifələrdə çalışıb. M.Qasımlı deyib ki, İrəvan mühiti M.Seyidovun milli ruhlu tədqiqatçı kimi yetişməsində böyük rol oynayıb.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professor Qəzənfər Paşayev və digər çıxış edənlər M.Seyidovun elmi fəaliyyətindən söz açıb, milli-ictimai təfəkkürün formalaşmasında, azərbaycançılıq dünyagörüşünün təbliğində alimin xidmətlərini yüksək qiymətləndiriblər.
Sonda alimin
oğlu Elçin Seyidov atasının xatirəsinə göstərilən
yüksək ehtirama görə ailəsi
adından AMEA rəhbərliyinə təşəkkürünü
bildirib.
Ədəbiyyat qəzeti.- 2018.- 3
noyabr.- S.12.