"Gecə"dən "Səhər"ə doğru

 

Müstəqillik dönəminə keçid bütün fəaliyyət sahələri kimi, televiziyada da monopoliyanı aradan qaldırdı, düşüncə sərbəstliyinə yol açdı. Bu gün Azərbaycan seyrçisi dünyanın, eləcə də Azərbaycanın neçə-neçə kanalını izləmək imkanına mailkdir. İndi televizyonçu olmaq nə qədər asan görünsə də, bir o qədər də çətindir. Yalnız özünəməxsus ideya-bədii platforması, spesifik siması ilə seçilən kanal tamaşaçı kontingenti toplaya bilər. Telekanallarımız arasında milli-mənəvi dəyərlərimizin qorunması və təbliğini özünün başlıca ideya prioritetinə çevirən, dövlətçilik ənənələrimizə, klassik mədəni irsə, bir sözlə, oturuşmuş dəyərlərə sədaqəti qoruyub-saxlamaqla yanaşı, modern fikrə açıqlığı ilə tanınan "Xəzər" özünəməxsus imici ilə seçilir. Bayağı, standart düşüncənin əksinə olaraq, millilik konservatizm demək deyil, milli  olub yenilikçi də olmaq olar - kanal özünün bütün fəaliyyəti ilə bizə bunu  deyir.

Amma bu yazıdan məqsədim "Xəzər"in bütövlükdə fəaliyyətini səciyyələndirmək deyil. Təbiidir ki, belə bir yazı mövzuya daha professional baxış, daha  əhatəli araşdırma tələb edir. Mən "Xəzər"in çoxsaylı proqramlarından yalnız biri, yaxın vaxtlarda özünün bir yaşını qeyd etməyə hazırlaşan, tanınmış teleaparıcılar Həmid Herisçi və İlhamiyyə Rzayevanın  duet ortaqlığı ilə araya-ərsəyə gələn "Xəzər-Səhər" haqda danışmaq istəyirəm.

Heç bir uğur birdən-birə əldə edilmir. Teleməkan kimi şöhrət parıltısı verən rəqabət meydanında isə, təəssüf ki,  bəzən qısqanclıqdan doğan süni maneələrə  də rast gəlirsən. Həmid ağa və İlhamiyyə xanımın   da telejurnalist kimi yolu o qədər hamar olmayıb, uzun illərin  zəhməti, bəzən ötəri uğursuzluqların gətirdiyi gərginlikləri dəf etmək  bahasına qazanılıb.

Əsas qəhrəmanlarımızdan uzaqlaşmamaq şərtilə xatırladaq ki, "aparıcı", yaxud "teleaparıcı" sözləri bizim dilin lüğət tərkibinə son 50-60 ildə daxil olub. Çünki teleaparıcılıq sənətinin tarixi elə də uzağa getmir. Üstəlik də sovet vaxtı teleaparıcılığı diktorlar eləyirdi. Öz çıxışlarını hazır mətnlər üzrə quran bu şəxslər verilişin gedişinə hər hansı müdaxilə imkanından məhrum idi. Ssenaridə nəzərdə tutulduğundan bircə artıq söz və ya hərəkət belə ciddi problem yarada bilərdi. Bu durum telejurnalistin hər hansı fakta fərdi münasibət bildirmək şansını sıfra endirir, onu öncədən müəyyənləşdirilmiş mövqenin ifadəçisinə çevirirdi. Əlbəttə, mən bu sözlərlə milyonların kumirinə çevrilən Sabir Ələkbərov, Ofeliya Sənani, Rafiq Hüseynov, Roza Tağıyeva, Davud Əhmədov, Tamilla Ələkbərova, Hicran Hüseynov, Hatəvan Hacıyeva, Həqiqət Əsgərova, Şərqiyyə Hüseynova, Gülşən Əkbərova,  sonrakı nəslin nümayəndələrindən Sevda Ağazadə, Nərgiz Cəlilova, Rafiq Həşimov, Ülkər Quliyeva, Dilarə Səlimova, Esmira Çərkəzqızı və digərlərinin milli teleməkandakı fəaliyyətinin önəmini azaltmaq fikrində deyiləm. Yüksək ziyalı mədəniyyətinin daşıyıcıları olan, özlərinin hərtəfəfli savadı, aydın diksiyası, məlahətli səs tembri, davranış etikası, incə zövqdən xəbər verən geyimləri və hətta təbəssümlərinə qədər seçilən, yaddaqalan  bu şəxslərin çoxillik zəhmətinin üstündən yox, altından xətt çəkmək olar. Onlar tapşırılan işi, özü də yüksək professionallıqla yerinə yetirirdilər. Fərəhləndiricidir ki, sönməyən ulduzlarımızın bir çoxu teleməkandakı fəaliyyətlərini bu gün də eyni uğurla davam etdirir. Odur ki, diktor və aparıcı məsələsi ilə bağlı qeyd etdiyimiz problem ayrı-ayrı şəxslər yox, zaman   onun absurd ideoloji tələbləri ilə bağlı idi.         

Müstəqillik dönəmi həyatın bütün sahələri kimi teleməkana da təzə ab-hava gətirdi, yeni səslər və simalara, daha təbii ekran davranışı və danışıq manerasına ehtiyac doğurdu. Bu gün artıq telejurnalistikanın sayılıb-seçilən isimlərinə çevrilmiş H.Herisçi və İ. Rzayevanın qismətinə belə bir dövr düşdü. Onların adları Azərbaycan telejurnalistikası tarixinə sözün müasir anlamında ilk teleaparıcılar nəslinə mənsub şəxslər kimi daxil oldu.

Həmid-İlhamiyyə dueti 90-cı illərdə teleməkana gələndə milli televiziyada yeni dövrün tələblərinə uyğun, sözün müasir anlamında teleaparıcı örnəyi yox idi. Onlar sıfırdan başlamalı, bu örnəyi özləri yaratmalıydılar. Bütün sonrakı uğurlara aparan yol "Space" telekanalında  yayımlanan "Qısa dalğada. Gecə kanalı" proqramından başladı. Tamaşaçı ilə birbaşa dialoq üstündə qurulan, interaktiv xarakter daşıyan  veriliş Azərbaycan teleməkanında canlı efir estetikasının ilk qaranquşlarından biri idi. Əsl TV canlı efir deməkdir və hazırda televiziyanı bunsuz təsəvvür etmək mümkün deyil. Sovet vaxtı isə bu səciyyəli proqramların mövcudluğu haqda düşünməyin özü belə fantastik bir şey kimi görünürdü. Odur ki, tamaşaçı kütləsi ilə yeni tipli teleünsiyyətin olar-olmazları, çərçivə və sərbəstlikləri,  peşəkar standart və incəlikləri, pərdəarxası sirləri hələ tam oturuşmamışdı. Bütün bu boşluqlar iş prosesində, proqramın buraxılışıları bir-birini əvəz etdikcə doldurulmalı idi. H.Herisçi və İ.Rzayeva bu işin öhdəsindən uğurla gəlib, gecənin poetikası, ruhu, romantikasını teletamaşaçılara çatdıra bildilər. Proqram diqqəti çəkdi, baxıldı,  ictimai fikrə təsir etdi, milyonların müzakirə predmetinə çevrildi və sevildi. Bu uğurda telekanalın rəhbəri, tanınmış televizyonçu, proqramın ideya müəllifi Etibar Babayevin, şübhəsiz ki, böyük payı vardı.

"Gecə kanalı" teleproqramının ilk dəfə efirə çıxmasından indi on beş ildən çox keçir. H.Herisçi də, İ.Rzayeva da bu müddətdə teleməkanda bir-birindən fərqli verilişlərə aparıcılıq ediblər. Amma onların fəaliyyətinin mahiyyətində xaosdan kosmosa, qaranlıqdan işığa, gecədən-səhərə doğru istiqamətlənən zamanın ifadəçisi olmaq durub. Bu yöndən yanaşanda istər "Gecə kanalı", istərsə də "Səhər" proqramı rəmzi-simvolik anlam daşıyır. Cəmiyyət keçid dövrünün gətirdiyi xaosdan uzaqlaşdığı, siyasi və iqtisadi stabillik, mədəni çiçəklənməyə nail olduğu kimi, onlar da "Gecə"dən  "Səhər"ə çıxıblar. Mən, əlbəttə, bu metafora ilə bir vaxtlar böyük uğurla yayımlanan "Gecə kanalı"ını tünd boyalarla təsvir etmək niyyətində deyiləm. Çünki dediyim kimi, bu dəyişkənlikdə zamanın daim yenilənən ruhunun zəruri ifadəsini görürəm. İstedadın bir əlaməti də əzəli-əbədi dəyərlərə söykənməklə yanaşı, zamanın tələbini vaxtında duymaq və ona adekvat cavab verməkdir. Çoxları kimi mən də "Xəzər-Səhər" proqramının aparıcılarını öz işinin professional incəliklərini bilən, səriştəli teleaparıcılar hesab etməklə yanaşı, həm də istedad sahibləri kimi tanıyıram.

Müqayisəyə cəlb etdiyim bu proqramların isə hər biri öz adına uyğundur. "Gecə kanalı"nda cəmiyyət həyatının daha çox tənqidi,  neqativ, "Səhər"də isə təqdiredici, pozitiv tərəflərinə işıq tutulur. Amma məsələ onların qarşıdurması deyil, birliyi və bütövlüyündədir. Gecəylə gündüz birləşib sutka əmələ gətirdiyi kimi, bu gün Həmid-İlhamiyyə dueti də özünün bütövləşmə mərhələsini yaşayır.

Televiziya dövrün ziddiyyətlərini özündə əks etdirən güzgüdür. Amma yalnız o proqram tamaşaçıya əsl mənzərəni çatdıra bilər ki, zamanın gizli dramaturgiyasını üzə çıxarsın, təkcə görünən yox, həm də görünməyəni göstərsin. Bu yöndən yanaşanda "Xəzər-Səhər" özünün orijinal siyasi analizləri ilə seçilir. Proqramın aparıcıları diqqəti marksizm-leninizmin siyasi səhnədən silinməsinə cəlb etməklə çağdaş beynəlxalq proseslərin mahiyyətini açıb göstərirlər. Nəticədə yaxın keçmişdə şahidi olduğumuz olaylara yeni gözlə baxır, tarixi yeni rakursdan dərk edirik. Leninizm Varşava Müqaviləsi ölkələri ərazisindən  artıq iyirmi yeddi ildir ki, silinib. İndi növbə Qərbdə marksizmin son qalıqlarınındır. Marksizmin tənəzzülü liberalizmin sıxışdırılıb aradan çıxarılmasına, Avropa sağçılarının bütün qitədə qələbəsinə   milli-mənəvi dəyərləri əsas şüara çevirməsinə səbəb olacaq. Öz milli-mənəvi dəyərlərinə sahib çıxan Avropa liberalizmi tarixin arxivinə göndərir. SSRİ qlobal bir model kimi millətçilərin zərbələri altında gözümüz önündəcə çökdü. İndi oxşar çöküşü Avropa Birliyi yaşayır. Onu da bizdə olduğu kimi milli-mənəvi dəyərlərin tərəfdarları çökdürür.  Belə çıxır ki, tarixi formasiyaları yaşamaq baxımından biz Qərb insanından nəinki geridə deyil, əksinə, irəlidəyik. Avronu da sovet rublunun taleyi gözləyir.

"Xəzər-Səhər"in aparıcılarının, xüsusən də özünün hərtərəfli intellekti ilə  bütün milli teleməkanda seçilən Həmid Herisçinin bir-birindən maraqlı siyasi şərhlərinin əsasında dünyanın hazırkı mənzərəsindən doğan bu fundamental qənaətlər durur. Proqramın siyasi analizləri ilə bağlı bu qısa xülasə göstərir ki, H.Herisçi və İ.Rzayevanın beynəlxalq mənzərəni təqdimi həm də milli mövqe ilə səciyyələnir. Onların bu məziyyətləri milli teleməkanda çalışan bir çox digər aparıcıların fonunda daha qabarıq nəzərə çarpır. Çünki beynəlxalq siyasi proseslərin mahiyyətini dərk etməyən   bu teleaparıcılar artıq neçə illərdir ki, milli-mənəvi dəyərləri neqativ rakursdan təqdim etmək, oturuşmuş adət-ənənələrimizə pəl vurmaqla məşğuldurlar. Ucuz populyarlıq və reytinq dalınca qaçan bu şəxslər son zamanlar xüsusilə ifrata varır, qalmaqal qaldırmaq naminə milli-mənəvi dəyərlərimizi aşağılayır, bununla da öz aktivlərinə xal yazmaq istəyirlər. "Xəzər-Səhər"in  bu ucuz, bayağı Qərb trendinə münasibəti sərt və birmənalıdır. Onun "Günün tarixi" rubrikasında brendə çevrilən tanınmış elm və incəsənət xadimlərimizin doğum və ölüm günlərinin qeyd edilməsi, onların yaradıcılıqlarına çağdaş meyarlar baxımından güzgü tutulması proqramın bu ən ümumi siyasi-fəlsəfi platformasının konkret ifadəsidir.

Bəzi telekanallarda isə qəribə bir mənzərə yaradılır - demokratik və milli-mənəvi dəyərlər süni surətdə üz-üzə qoyulur. Teleefirə ayaq açan nihilist düşüncəli teleaparıcılar bununla da necə ciddi təxribatlara yol verdiklərinin sanki fərqində deyillər. Hədəfdə isə teletamaşaçıdır. Nihilistlər TV güzgüsü vasitəsilə kütləni çaşdırmaq, yad ünvanlara sürükləmək və azdırmaq istəyirlər. Təbiidir ki, onların sifarişçiləri var - Beynəlxalq reytinq şirkətləri. Azərbaycan, Ermənistan, Gürcüstan, Çin, Türkiyə efirinə nəzarət edən "AGB Nielson" şirkəti bu mövzu ilə bağlı həmişə yüksək reytinq göstəriciləri sərgiləyir.

Reytinq mahiyyətcə reklam zənbili deməkdir. Yəni transmilli şirkətlər efirimizdə öz mallarını reklam edir və bunun qarşılığında milli-mənəvi dəyərlərimizə zərbə vuran teleaparıcılara yüksək qonorar verirlər. Bu şirkətin bizdəki nümayəndəliyi də, təəssüf ki, milli-mənəvi dəyərlərimizi nəzərə almır. Məqsəd aydındır - xalqın psixikasına təsir etmək, beyinləri yumaq. Bunun ən qısa, ən operativ, ən asan  yolu isə məhz teleaparıcılar, TV proqramlarından keçir.

Bəzi telekanallar və aparıcılar sanki görmək istəmir ki, bu gün dünyada "milli, yoxsa transmilli?" müzakirəsi gedir. Dünyanın əksər bölgələrində bu müzakirə Şekspirin məşhur "olum, ya ölüm" dilemması səciyyəsini qazanıb. V.Putin və D.Tramp milli-mənəvi dəyərlərin tərəfdarıdırlar. E.Makron və A.Merkel isə "demokratik dəyərlər" adı altında transmilli şirkətlərin maraqlarını güdür, yabançı və zərərli dəyərləri dünyaya sırıyırlar. Amma artıq bu siyasi trend siyasətdən silinir. Milli-mənəvi dəyərlərə qarşı mübarizə şüarlarını əllərində bayraq edən nihilistlər, liberallar öz yerlərini sağçılara ötürürlər.

"Xəzər-Səhər" bu yeni trendləri qabartmaqla çoxmilyonlu tamaşaçı kütləsində  yeni siyasi düşüncə rakursu müəyyənləşdirir. Təsadüfi deyil ki, İtaliya, Avstriya, Polşa, Rumıniya, Britaniya, Macarıstan kimi ölkələrdə sağçıların seçkilərdə önə çıxması və milli-mənəvi dəyərləri liberal dəyərlərə qarşı qoyması proqramın aparıcıları tərəfindən ardıcıl olaraq şərh olunur. Bu prosesləri daim diqqət mərkəzində saxlayan, barmağını bu trendin nəbzi üstündən götürməyən "Xəzər-Səhər"in siyasi süjetləri məhz bu üzdən öz orijinallığı ilə seçilir.

 

***

 

Hər hansı teleproqram, eləcə də bu proqramın aparıcıları haqda danışmaq məsələnin estetikasından da söz açmağı tələb edir. Aparıcılıq yeri gələndə subyektiv olmağı, mövzu ətrafında sərbəst gəzişmələr eləməyi tələb edir. Çünki o, daha çox canlı efirlə bağlı sənətdir. Öncədən nəzərdə tutulmayan improvizələr isə canlı efirin özünün təbiətindən doğur. Tamaşaçı aparıcının savad, əxlaq və peşəkarlığını canlı efirdə bütün mənfi və müsbət tərəfləri ilə birlikdə sanki zərrəbin altındaymış kimi olduğundan da  on dəfə artıq görür. Bu diktorla müqayisədə aparıcının işini xeyli çətinləşdirir. Söhbət, əlbəttə ki, bu gün ekran-efiri zəbt edən bayağı şoumenlərdən yox, həqiqi aparıcılardan gedir.

Bir haşiyə çıxmaq istəyirəm. Akademik Ağamusa Axundov universitetin birinci kursunda bizə fonetikadan dərs deyirdi və ayrı-ayrı səslərin tələffüzü ilə bağlı elə incə məqamlara toxunurdu ki, çoxu rayondan, kənddən gələn, orta məktəb skamyasından qalxıb, universitet auditoriyasına düşən tələbələrin gözləri dörd olurdu. Unudulmaz müəllimimizin öyrətdiklərindən yadımda qalanlar əsasında deyə bilərəm ki, sözlərin tələffüzü zamanı əksər teleaparıcılar sait səsləri aydın deyib, samit səslərin üstündən ötəri keçirlər. Nəticədə teletamaşaçı görür, amma  deyildiyini yaxşı tuta bilmir, yəni ağız deyəni qulaq eşitmir. Çünki teleaparıcıların tələffüzü səlis deyil. Bunun səbəbi odur ki, onların bəziləri müvafiq təhsil, hətta olsun ki, ümumən ali təhsil almayıb. Bəzilərinin sadəcə diplomu var, amma savadı yoxdur. Bir sözlə, təsadüfi adamlardır. "Xəzər-Səhər"in aparıcıları bu qüsurdan xalidir. Xüsusilə də İlhamiyyə xanım öz nitqinin axıcılığı, aydınlığı, cilası və səlisliyi ilə bütün milli teleməkanda örnək sayıla biləcək aparıcılardandır.

Yeri gəlmişkən deyim ki, Azərbaycan televiziyasındakı aparıcı problemi ölkəmizin hüdudlarından kənardakıların da diqqətini çəkib. Rus internet resurslarında dünyanın müəyyən standartlara cavab verən teleaparıcılarının xüsusi siyahısı dərc olunub. Gürcüstan və Ermənistan teleaparıcılarının adları bu siyahıda bir neçə səhifəyə sığmır. Orda bizimkilər də var -  Ayaz Salayev, Bəhram Bağırzadə, Xoşqədəm Hidayət qızı, Nərgiz Birk-Petersen, Leyla Əliyeva, Şəmistan Əlizamanlı, Rafiq Həşimov, Rafael Hüseynov, Brilliant Dadaşova. Vəssəlam! Təbii ki, mən bu siyahıya qəhrəmanlarımın - Həmid ağa və İlhamiyyə xanımın da adlarını əlavə edərdim. Amma bu əlavəylə Azərbaycan teleməkanındakı aparıcı problemi, görəsən,  öz həllini tapacaqmı? Təəssüf ki, yox. Ümumiyyətlə, beynəlxalq əhəmiyyətli siyahılarda zəif təmsil olunmağımız təkcə o siyahıları tutanların subyektiv münasibətindən doğurmu? Yenə də "təəssüf" və yenə də "yox" deməli olacam. Bu işdə tamaşaçı diqqəti çəkmək üçün ən böyük fantaziyası şpaqat açmaqdan o yana keçməyən, ekran-efir etikasından uzaq, ilk cümlələrindəncə savadsızlıqlarını büruzə verən, bayağı, loru danışıq ədaları ikrah hissi doğuran aparıcıların da rolu az deyil.

Halbuki Azərbaycan televiziyası vaxtilə bütün Yaxın Şərqin öncülü olub, Əlcəzair, Yəmən, Əfqanıstan, Suriya və İraq televiziyalarının yaranmasında bizim mütəxəssislərin köməyindən istifadə olunub. Diqqətinizi bir fakta çəkmək istəyirəm.

60-cı illərdə İraq diktatoru Əbdülqasim Bakıda TV qülləsini görür və bunun oxşarını Bağdadda ucaltmaq üçün mütəxəssislərimizə müraciət edir. TV ustalarımız İraqa gedib Bağdad teleqülləsini havaya qaldırırlar. Amma taleyin ironiyasından ilk veriliş zamanı Bağdadda növbəti hərbi çevriliş baş verir. Sui-qəsdçilər telestudiyanı ələ keçirib Əbdülqasimi canlı efirdə, milyonların gözü qarşısındaca güllələyirlər. Diktatorun cəsədi bir həftə teleekrandan xalqa nümayiş etdirilir. Deyilənlərə görə, studiyadakı növbətçi əsgər  bu kadrın yeknəsəqliyini pozmaq üçün vaxtaşırı Əbdülqasimin sifətinə tüpürürmüş...

Bu faktı özəl olaraq vurğulamaqdan məqsədim hadisənin qeyri-adiliyini nəzərə çarpdırmaq deyil. Bu olay bir daha göstərir ki, Azərbaycana "Şərqin qapısı" və ya "Şərqin səhəri" deyilıməsi gəlişigözəl metafora deyil. Həyatımızın ən müxtəlif sahələri kimi, televiziya tariximiz də göstərir ki, bu məhz belədir. Təəssüf ki, bəzi teleaparıcılar hansı ənənələrə malik olduğumuzu dərk etmir, "burda mənəm, Bağdadda kor xəlifə" iddiası nümayiş etdirir, özlərini elə aparırlar ki, guya bunlardan öncə heç kəs olmayıb. Halbuki televiziya tariximiz başqalarına örnək olan neçə-neçə klassikin şahidi olub. Nə yaxşı ki, o klassiklərin ən yaxşı ənənələrini davam etdirənlər var və onlar bu gün özləri artıq örnəyə çevrilir - "Xəzər-Səhər"in aparıcıları Həmid Herisçi və İlhamiyyə Rzayeva kimi.

Həmid ağa və İlhamiyyə xanım başda olmaqla özünün bir yaşını qeyd etməyə hazırlaşan "Xəzər-Səhər"in bütün yaradıcı və texniki heyətini təbrik edir, onlara daha böyük uğurlar arzu edirəm. Üzümüzə xeyirli "Səhər"lər açılsın!

 

Əsəd CAHANGİR

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.16-17.