Sənə sənsizlikdən salam yollayıram…
Batırın məni
Bir qaya parçasıyam,
duyğular mənə
söykənib axan sular.
Hər dəfə çırpıldıqca
sinəmə,
bir-bir qopur misralar.
Bəzən altından ovulan
qaya parçası kimi,
bir misra özümdən aşıra
da bilir məni.
Bəzən də
sənsizləyəndə,
uf demədən güllə kimi sıxıram gecəni,
sənə doğru
xəyalımda.
O an çopur-çopur misralar
mərmi partlayışından
qovrulan
torpağı xatırladır
mənə.
Qəlbimdə duyğuların qaya
söykənəcəyinə,
söykənirsən sən də o an.
züm sürüşüb
yıxılıram,
sənə bağlı
duyğularımdan.
Mənə bir şeir de,
sahildə balıq
axtaran qağayı dilində.
Bəlkə,
onda bu qaya duruşumu,
sularda batıra biləm.
Özümdə batmaqdan yaxşıdır
sularda batmaq.
Ölüm
Ölüm,
Yaşamağın ən üst pilləsidi.
Yaşamaq Tanrının ən ağır şilləsidi.
Dözümlülər ölür,
Dözümsüzlər ölür,
Hər iki halda
Ölüm gülür...
Biri ayrılığa,
Biri barışığa
ağardır dişlərini.
Ölüm,
Tanrının üzünə dik
baxacağım o gün,
Mənim
üçün
Səndən qorxduğum qədər
İkinci
qorxduğum nə var ki -
Sevgi?!
İki ilk
Bir məndə iki mən var,
Biri Allaha tapınar,
Biri özünü
Vətəndə tapar.
Biri-birinə Allahdı.
İnamı
Allah haqqı.
Biri-birinə Vətəndi
Vətəndaşlığıdır andı.
İki mən var bir
məndə
Bir üzü özündən
boy verir,
Bir üzü
o biri üzünü
geyir.
Beləcə yeriyir məndə mən.
Vətən - Allah,
Allah - Vətən!
Tənhalıq
Bilirsən, nə var?
Bir gün bu gün
kimi gecə uzanar,
Dizlərini qucaqlayar əllərin.
Darayar tənhalığın
saçını zülmət
gecənin.
Qapını kimsəsizlik taqqıldadar,
Evdə
yoxam deməyə
sözlər də sürüşər dilindən.
Oyanar bu səsə xatirələr,
Diksinər içində
Yatan o sən.
Görərsən, o sən də sən deyilsən.
Qaçmaq istərsən geriyə,
Ayaqların boy verməz boyuna.
Xatirələr səni soyuna-soyuna,
Səni də soyundurar.
Divarlarda
əksini soyunduğuna
baxıb deyərsən,
Sən də?!
İnan
Qəbirlər səbirlərin pərdəsidir,
Səbir
pərdəmizin altında
Bir ölü
yatır, əslində.
Hər ölüm diriliyin başlanğıcı deyil,
oğul!
Dirilmək sevilməkdir yoxluğunda da.
Sevməyi bacarmayanlar,
Ölməyi də bacarmır.
Ölüm o qədər ali mərtəbə ki,
Heç
kim şax
gedə bilmir o kürsüyə.
Üzümüzü özümüzə uzada
bilək kaş ki.
Ünvana
bu qədər gecikmişkən,
Qatarı yubatmayaq növbəti dayanacağa.
İnanıram bəxtlərin nə vaxtsa oyanacağın.
Kim inanmır, inanmasın.
İnam bir dam məsələsidir.
Damı
deşik evlər,
Bünövrəsinə qədər mələr.
Adalar
Adalar,
Suların boğulan yeri.
Orda üzə
çıxır yerin
dibi.
Adalar üsyanıdır torpaqların,
Adalar sahilidir
həm də suların.
Sahildə suların ləpə-ləpə
Öpüşündən başlayır ayrılığı
həyatın.
Bu dəniz dünyada adalar
Qurtuluşudur gəmisi batmış kapitanın.
Adalar
Hər tərəfi
su.
Suyun ortasında
bir ovuc torpaq qurusu.
Bir ada ömrüdür ömrüm.
Suyun göbəyində
susuzam.
Birinə
xilas yoluyam,
Birinin üzünə ağam....
Suyun ortasında suyu bölən torpağam,
bu qədər.
Ey,
Məni
kəşf etmək istəyənlər,
Bilirsiz?
Suları
altından axıdan adalar,
Üstündə sulara tabut olar.
Dönə bilsəm
Bir gün dönə bilsəm,
unudacağam hər şeyi:
məsələn, ədəbiyyat
dərsində
Leyli Məcnunu səhnələşdirdiyimizi,
özümüzü bir-birimizə
öyrəşdirdiyimizi.
Küçənizi də çıxaracağam
yadımdan.
Öz adımdan,
özümə məktub
yazacağam:
bağışla!
Dönə bilsəm bu qışda,
sənə bürüyəcəyəm
sənsizliyi.
Üşüyən qəlbində qızınacağam.
Kölgənə uzanacağam,
ey uzun ayrılıq heykəli!
Bu gecənin şeiri
Bu gecənin şeiri sənsizlik
misra- misra hönkürür tənhalıq.
Bənd-bənd sökülür gecə,
bir axın bürünüb sənə
xəyalın divarlarını
yıxır.
Bu gecənin havası kimi ağır,
sıxıcıdır şeiri
də.
Sən nə biləsən e,
olsaydın yerimdə,
yəqin, sən
də
sıyrılardın içindən.
Gecə
keçir,
Ay geri qayıdır biçindən.
Ulduzlar bir-bir sönür,
Günəş öz yuvasına
dönür.
Mən də öz yuvamda,
öz havamda
öz mahnımı çalıram.
Bu gecənin şeirini yaza-yaza,
sənə sənsizlikdən
salam da yollayıram.
Alsan da sağ ol,
almasan da!
Rəngsizlik
Son vaxtlar ağı qaradan yaxşı seçirəm,
Qaranlıqdı çünki baxdığım
hər yer.
Gözlərimə son dəfə eynək
taxdığım
yadıma da gəlmir,
yadıma düşsə
idi,
tarixini bilərdim
rəngsizliyin başlanğıcının.
Elnur Uğur Abdiyev
Ədəbiyyat qəzeti.- 2018.-
3 noyabr.- S.27.