"Qocalar evi"ndəki
Hüseyn Cavid aşiqi
Həyat
mənə heç kimi, heç nədə
qınamamağı öyrətdi. Kim nə yaşayırsa,
necə yaşayırsa Tanrı tərəfindən ona verilən
qismətdir. Hərəyə özünəməxsus tale
yazır yaradan, onu heç kim dəyişmək iqtidarında
deyil. Dəyişməyə cəhd etmək, niyə bu belə
yaşamalıdır deyə, kimisə günahlandırmaq, onu
da başqa insanlar kimi yaşaması üçün cəhd göstərmək -
heç biri işə yaramır, sonunda insan ona yazılan,
kodlaşdırılmış taleyini, ömrünü
yaşayır.
Bir də həyat bumeranq qanunudur. Kiməsə
tuşladığın zərbə mütləq havaya atdığın bumeranq kimi
bir gün özünə qayıdacaq, o zərbə sənə
elə dəyəcək ki, əgər
yaşadığın həyatı kor-koranə
yaşamamısansa o zaman nə vaxtsa atdığın zərbənin
indi özünə dəydiyini anlayacaqsan - anlayacaqsansa
şükür, kamil insan kimi o dünyaya köç etmək
ehtimalın var. Yox, əgər gəldiyin kimi də cahil gedirsənsə
bu dünyadan - "xoşbəxt" adamsan, anlamaq kimi dərdin
yoxdur.
Onlar haqqında ilk dəfə Bəxtiyar Vahabzadənin
"Atılmışlar" poemasından öyrənmişdim. Oxuyub
bilmişdim ki, Bakıda hardasa kimsəsiz qocalar yaşayır,
onlara dövlət baxır.
Ustad poemanın adını bir az kəskin
qoyub. Adın özü adamı yandırıb-yaxır, poema isə
oxuduqca lap cızdanağını çıxardırdı.
Onların hamısı atılmış deyil ki... Bütün ailəsini itirib, yaxud əvvəldən
heç kimi olmayan kimsəsizlər də var. Yolda Azər Turanla da
bu barədə danışırdıq. Yolçuluğumuz
Bilgəhdəki Əmək və Müharibə Veteranları
Pansionatına idi.
Bizim
mentalitet başqa millətlərinkinə (hərdən
düşünürəm ki, bu sözün özü də elə yalnız bizdə
var) bənzəmir. Biz
yaşlılarımızı, böyüklərimizi göz
üstündə saxlamağı şərəf bilən millətik.
Ona görə də aramızda valideyninin yükünü
çəkə bilməyib, ahıl yaşında onu dövlətin
himayəsinə (yenə "qocalar, yaxud atılmışlar evi" işlədə bilmədim)
verənlərə qarşı qınağımız
böyük olur.
İlk dəfə onları ziyarətə gedəndə
çox gənc idim, mətbuatda
çalışırdım, reportaj hazırlamaq fikri ilə
getmişdim. Ora onların evidir, evin adını "Qocalar
evi", "Ahıllar evi" adlandıranda belə
xoşlarına gəlmir. Yaxşı ki, Bəxtiyar
müəllimin poemasından hamısı xəbərdar deyil.
O vaxt reportajı tamamlamamış qayıtmışdıq
geri, fotoqraf Əjdər (Allah rəhmət eləsin) qolumdan
tutub məni çəkib çıxartmışdı ki, səndə
ürək qalmadı ağlamaqdan, indi yıxılıb
öləcəksən.
Sonralar özümü toparlayıb yenidən
getmişdim.
O vaxtdan tez-tez gedərdim yanlarına. Hansı mətbu
orqanda işlədimsə pansionatdakı sevimli nənə-babalardan
yazdım.
Bütün bunlar barədə söhbət edə-edə
yola nərdivan saldıq Azər bəylə.
Artıq 4 ildir ki, Prezident yanında Bilik Fondundan gedirik həmin
pansionata. Müxtəlif bayramlarda, əlamətdar günlərdə
nənə-babaların qapısını yenə
döyürük.
Hər şey əvvəlki kimidir orda, ancaq rəhmətə
gedənlər, yeni gələnlər olur. Talelər həminkidir,
ilk baxışdan maraqlı, həm də çox qəribə
və olduqca kədərli. Hər gedişdə kiminsə
artıq gözə dəymədiyini görürəm,
içimdə bir işıqlı ümid yaranır, bəlkə,
yaxınları gəlib aparıb, amma məlum olur ki...
Onların bu ümidi heç vaxt ölmür, həmişə
gözləri yolda, qulaqları səsdədir. Elə bilirlər ki, bu
günlük burdadı, sabah gəlib
aparacaqlar onu, o, ətrafdakılar kimi atılmayıb, onu
doğmaları atmaz, gəlib aparacaqlar -
düşünür.
Qəribə bir halı müşahidə elədim;
köhnə sakinlər gələnə-gedənə bir qədər
soyuqqanlı yanaşır, bəziləri heç
yanaşmır, öz aləmində olur, amma təzə gələnlər
dərhal maşına tərəf boylanır, gələnlərin
kimliyi, hardan təşrif gətirmələri ilə
maraqlanırlar. Zatən, təzə olduqları da elə
bu tövrlərindən bəlli olur.
Yeni gələn
ahıllarla tanış olur,
qayğıları, problemləri ilə maraqlanırıq, dərdləşirik.
Bəziləri əlimizdən tutub bizi öz
otaqlarına aparır. "Öz
otaqları" - əslində, ora onların hücrələri,
öz evləridir. Bir kətil, oturacaqlar,
şkafdan və çarpayıdan ibarət olan otaqları
onların öz dünyalarıdır. Ahıl
yaşlarında arzuları o otağa güclə
sığır. Öz arzularıyla,
göz yaşlarıyla, qəlb ağrılarıyla,
keçmişə təəssüf, gələcəyə
yenə ümidlə baş-başadılar o otaqlarda. Onlara başqa heç nə lazım deyil, hər
şeyləri var, bircə diqqətə və sevgiyə
möhtacdılar. Pansionatın personalı əzizlərinin
qayğısını, sevgisini heç vaxt əvəz edə
bilməz, çünki doğma deyillər, ora sadəcə
iş yeridir onlara.
"Yaşayışımız pis deyil, heç kimin
bizə yazığı gəlməsin, amma hərdən bizə
qonaq gəlin, ehtiyacımız diqqətədir". Bunu 40 ilin
müəlliməsi Svetlana Cavadova söylədi. İbtidai sinif müəlliməsi olub, elə sevinclə
danışdı ki, dünən keçmiş kollektivi və
şagirdləri onun görüşünə gəliblərmiş.
Deyir bir qızım var, ailəlidir, mən yeznə
yanında qala bilmədiyim üçün burdayam.
Svetlana müəllimə əlil arabasında hərəkət
etməsinə rəğmən, pansionatı bizimlə gəzib
müəllimələrlə tanış
etdi.
İndi 17 müəllim var bu pansionatda, müxtəlif fənlərdən
ayrı-ayrı məktəblərdə dərs deyiblər. Ötən il
müəllim günlərini təbrikə gedəndə 13
idilər, sayları artıb.
Pansionatın
kitabxanasına kiril və latın əlifbası
ilə yazılmış 150 adda kitab
bağışlamışıq. Xüsusən
müəllimlər kitab hədiyyəsindən məmnun
qalır. Boş vaxtlarımızı
kitabla keçirmək bizə daha maraqlıdır deyirlər.
Xətai rayonunda məktəbdə müəllimə
işləmiş Məmmədova Xanım kitablar arasında
Əliağa Vahidin qəzəllərini axtarıb bizdən
xahiş etmişdi ki, həmin kitabı onun üçün gətirək.
Apardıq. Xanım müəlliməyə
elə bil Əliağa Vahidin qəzəllər kitabı ilə
birgə dünyanı bağışlamışdıq.
O qədər sevindi ki, öz-özümə "axı biz
neyləmişik ki?" - deyə
düşündüm. Bir şeyi anladım ki,
bir insana dünya boyda sevinc bəxş etmək
üçün böyük işlər görməsən də
olar, yetər ki, onun nə istədiyini biləsən. Bəzən ən xırda hədiyyə belə,
insan ömrünü uzadacaq gücə sahibdir. Başqa
bir müəlliməyə Çingiz Abdullayevin əsərlərini,
Əbülfəz müəllimə istədiyi "Peyğəmbərə
40 sual" kitabını verdik, amma peşman elədi məni,
kitabı oxuyub sonra oxumadığım o kitabdan mənə o
qədər suallar yağdırdı ki, altından
çıxa bilmədim.
Ahıllardan bəziləri burda öz xoşbəxtliklərinə
qovuşublar - Riqa Rəssamlıq Akademiyasının məzunu
Əliyev Davud keçmiş bağça müəlliməsi
ilə evlənib. Deyir başım rəssamlığa elə
qarışıb ki, ailə qurmamışam: "Rəssam
evləndisə, çəkə bilmir, məişət onu məhv
edir. İndi daha 70-i keçmişəm, bu yaşda nə
sevgi, nə övlad həvəsi... Biz bir-birilə
söhbəti tutan iki qulaq yoldaşıyıq. Çox qayğıkeş, mələk kimi
qadındır, bəlkə gəncliyimdə qarşıma
çıxsaydı, rəssamlığı ona qurban verərdim"
- deyir.
Məhərrəmova Ellada Tibb Kollecində ingilis dilindən
dərs deyib, indi burdadır.
Quluzadə Məlakə sinif müəlliməsi olub. Aralarında
bağça müəlliməsi də var, universitet dosenti də.
Hamısını eyni tale bura gətirib. Gənclər yaşlıların
qayğısına qalmağa vaxt tapmır.
Pansionatın rəhbərliyi Davud müəllim
üçün emalatxana da ayırıb. Rəssam bizim
ona gətirdiyimiz boyanı, kətanı, fırçanı
görüb "Mən daha bu emalatxanada işləyib-işləyib
elə burda da öləcəm. Ən
böyük arzum bir otağım, bir də ləvazimatlarımın
olması idi. Daha heç nə lazım deyil mənə"
- dedi.
Heç unuda bilmədiyim bir olay oldu keçən dəfə,
Rəna xanımın sözləri ürəyimi
parçaladı. Gördüm çox sınıqdı,
elə bil, sakini olduğu yerdən utanır. Dedim ki,
"niyə axı, belə fikir edirsiniz, sakit oturmusunuz, nəvə-nəticə
qulağınızı dəng eləmir, incidən
yoxdur?" - istədim onun qəlbinə
rahatlıq gətirəcək sözlər deyim, amma, deyəsən,
əksinə oldu, qəlbinin incə telinə toxundum bilmədən.
Cavab verdi ki, qızım, kaş, nəvəm-nəticəm
yanımda olaydı, onların səs-küyündən
qulaqlarım tutulaydı. Kaş, üst-başımdan
onların qoxusu gələydi... Daha deməyə
söz tapmadım, yalnız qucaqladım onu.
Bizə nə vaxtsa oxuduqları kitablardan bəhs etdilər,
sevdikləri qəhrəmanlardan danışdılar, fikir
mübadiləsi keçirdik. Zarafatla hansı qəhrəmanı
daha çox sevdiklərini, həyatda o qəhrəmanlarla
rastlaşıb-rastlaşmadıqlarını soruşdum
onlardan. Sevgisindən danışan da oldu,
nakam məhəbbəti üçün ağlayan da.
Aralarında bir Tahirə müəllimə var. Dediyinə
görə qızı diplomatdır, Tiflisdə
yaşayır.
Onu niyə bura gətirdiyini demir, amma qızından elə
sevgiylə, qürurla ağızdolusu danışır ki... Bunu qoyum, o birinə keçim, ümumiyyətlə,
burdakı ahıllar hamısı övladlarından
şirin-şirin, qürurla danışırlar. Elə bil, bununla özləri özlərinə, ətrafdakılara
onların övladlarının pis olmadığını,
onu atmadıqlarını sübut etməyə
çalışırlar. Bu mövzuda bir
natamamlıq var onlarda, görünür, insan psixologiyası
doğrudan da düşdüyü mühitin, vəziyyətin
diktəsi ilə formalaşır. Övladları
olanlar özlərinə belə etiraf etmirlər ki,
övladları onlara baxmaqdan imtina edib...nə yazıq ki, belədi.
Övladı olmayanlar, ailəsini
bütünlüklə itirənlər də var, hər halda
belə danışırlar ki, qəza olub, ailəmi itirdim, tək
qala bilmədim, gəldim bura. Kaş...
yalnız o talelilər olaydı burda, üç-beş nəfər
olardı.
Hə,
Tahirə müəllimə canlı ensiklopediyadır,
özü riyaziyyat müəlliməsidir, amma Hüseyn Cavidi əzbər
bilir. Keçən dəfə məndən Azər
Turanı və onun "Cavidnamə"sini istəmişdi.
Söz vermişdim ki, Azər bəylə
danışacam. Danışdım, sağ
olsun, razılaşdı. Maraqlandı Tahirə
müəllimə ilə ki, görüm kimdir məni və
kitabımı arzulayır.
Getdik. Tahirə müəllimənin sevinci yerə-göyə
sığmırdı. Azər Turan ona istədiyi
kitabı bağışladı. Sonra Cavidin əsərlərindən
söhbət düşdü, Tahirə müəllimə
"Şeyx Sənan"ı əzbər dedi Azər bəyə.
Tahirə xanım danışdıqca Azər
Turan haldan-hala düşürdü, gah gülümsəyir,
gah kədərlənir, gah da elə bil nədənsə
qurtulmağa çalışırdı. Bayıra
çıxanda gördüm ki, Azər Turan özünü
pis hiss etdiyini büruzə vürməməyə
çalışırmış. Çöldə
Bilgəhin təmiz havasını ciyərlərinə çəkib
özünə gəldi. Tahirə müəlliməni
"Ədəbiyyat qəzeti"nə abunə də edəcəyinə
söz verdi.
Belə, ahıllardan daha birinin arzusunu yerinə yetirdiyimdəm
məmnunluq duyğusu ilə çıxdıq pansionatdan. Sağ olsun Bilik Fondu ki, bu
hissi yaşamağa və yaşatmağa dəstək olur. Azər Turana da təşəkkür
düşür, bu gün sosial qayğılardan
ayrılıb kiməsə diqqət göstərməyə
özündə güc tapan ziyalı çox deyil. Əslində, buranın sakinlərinin hər birinin
bir romanlıq taleyi var, əsl ədəbiyyatçıların,
yazarların yeridir, həm onların buna ehtiyacı var,
ziyalı sözünə, özünə, söhbətinə
acdılar. Keçdikləri həyat yolu
özlərinin də dolu olduqlarını göstərir,
danışdıqca artır söhbətləri. Həm də o talelərdə cild-cild romanlar
yatır.
Bir də xatırladım - həyat mənə heç
kimi, heç nədə qınamamağı öyrətdi. Kim nə
yaşayırsa, necə yaşayırsa Tanrı tərəfindən
ona verilən qismətdir. Hərəyə özünəməxsus
tale yazır Yaradan, onu heç kim dəyişmək
iqtidarında deyil. Dəyişməyə cəhd etmək, niyə
bu belə yaşamalıdır deyə, kimisə
günahlandırmaq, onun da başqa insanlar kimi yaşaması üçün cəhd
göstərmək - heç biri işə yaramır, sonunda
insan ona yazılan, kodlaşdırılmış taleyini,
ömrünü yaşayır.
Bir də həyat bumeranq qanunudur. Kiməsə
tuşladığın zərbə mütləq havaya atdığın bumeranq kimi
bir gün özünə qayıdacaq, o zərbə sənə
elə dəyəcək ki, əgər
yaşadığın həyatı kor-koranə
yaşamamısansa o zaman nə vaxtsa atdığın zərbənin
indi özünə dəydiyini anlayacaqsan - kamil insan kimi o
dünyaya köç etmək ehtimalın var. Yox, əgər
gəldiyin kimi də cahil gedirsənsə bu dünyadan -
"xoşbəxt" adamsan, anlamaq kimi dərdin yoxdur.
Ramilə
Qurbanlı
Ədəbiyyat qəzeti.- 2018.- 3
noyabr.- S.18-19.