Müasir türk şeirinə və romanına

orijinallıq gətirən adam - Murat Menteş

 

Murat Menteş müasir türk şeirinə və romanına orijinal ifadələri, intellektual bədii yumoru gətirən və misra, cümlə daxilində həmin cümlələri bir-birinə çox ustalıqla pərçimləyən, calayan sənətkardır. Həm şairdir, həm də roman ustasıdır.

O, ilk dəfə 1999-cu ildə İstanbulda gün üzünə çıxardığı "Quzğunun kölgəsi" şeirlər kitabı ilə modern Türkiyə ədəbiyyatına ayaq açıb. İki həftədə ilk şeirlər kitabı satılan Murat Menteş adıçəkilən kitabı altı ay ərzində altı dəfə təkrar nəşrə göndərir. Elə ilk kitabı ilə Türkiyə ədəbi mühitində ulduzu parıldamağa başlayan Menteş uğurun ardıyca esseləri ilə özünə yeni oxucu kütləsi qazandırır. "Xaosa təvazökar bir qatqı" adlanan ikinci kitabının içərisi tamamilə yumorla yoğrulmuş esselərdən ibarətdir. Ən acı kədəri - qəhrəmanının anasının ölümünü əyləncəli formada oxucuya elə çatdırır ki, cümlələri oxuya-oxuya həm dodağın qaçır, həm də gözündən yaş süzüldüyünü görürsən. "Güzgülü barrikadalar" adlı ikinci (ümumi sayda üçüncü) esselər kitabı isə orijinal, ədəbiyyatda demək olar ki, qarşılaşmadığımız həyat hekayələri, orijinal qətl motivləri, sevgi etirafları formaları ilə diqqət çəkir. Hətta bəzən esseləri oxuduqda müəllifin təhkiyə tərzi səni elə alıb aparır ki, oxuduğunun esseya hekayə olduğunu bir anlıq unudursan.

Murat Menteşi Türkiyədə və ölkəsindən kənarda məşhurlaşdıran ən böyük və ən çoxtirajlı satılan əsəri isə heç şübhəsiz ki, "Dublyorun dilemması" romanıdır. "İletişim" nəşriyyatında çapdan çıxan bu roman faciənin ağır yumorla, yüngül oxunan cümlələrlə ifadəsidir. Roman "adamın alnında "Nike" şirkətinin emblemi formasında bir çapığı vardı" cümləsi ilə başlayır. Elə ilk cümlədə məsum, suçsuz cinayətkarın qorxulu görkəmi haqqında qeyri-adi və müəyyən qədər də modern bir bənzətmə ilə qarşılaşırıq.

"Qorxma, mən varam" romanında isə özünü bu həyatda təsdiq edə bilməyən, beş-günlük dünyada yerlərini tapa bilməyən lirik siyasət adamlarının həyat hekayəsindən danışılır. Deməli, hakimiyyətə gələn bir qrup siyasi gənc Könül İşləri Nazirliyi adlı dövlət qurumu təsis edirlər. Əgər hər hansı bir vətəndaş adıçəkilən nazirlikdə eşqini qeydiyyatdan keçirə bilsə, nazirlik həmin şəxsə "EşqKart" adlı bir kart verir. Bu kartı alanlar isə muzeylərə, teatrlara pulsuz gedə bilərlər. Hətta bu kartı göstərsəniz marşrut  avtobusunda belə sizə gedişhaqqı endirimi edirlər. Nazirliyin başında isə 22 yaşlı qovuşulması müşkül bir eşqə tutulmuş dindar durur. Hadisələr bu nazirlikdəki bütün 22 yaşlı idarə rəislərinin qətli ilə başlayır. Əsəri maraqlı edən cəhətlərdən biri də romanın təhkiyəsini bir yox, dörd nəfərin nəql etməsidir. Qatilin məhkəmədə özünü müdafiə nitqində səsləndirdiyi fikir isə əsərin kulminasiya nöqtəsidir: "Hamımızın içində bir körpə və bir heyvan var, təəssüf ki, içimdəki heyvan körpəni yeyib...".

Bu cür ağır və dolaşıq hadisələr fonunda əsəri sürətlə oxumamaq mümkün deyil. Hər fəsildə şoka düşürsən. Komik təhkiyə tərzi səni gah duruxdurur, gah güldürür, gah da düşündürür, amma yormur. Bax, Murat Menteşin ustalığı da məhz budur.

Murat Menteş 2013-cü ildə oxucularının görüşünə "sadəcə möhtəşəm" - deyə biləcəyimiz "Ruhi Mücərrəd" romanı ilə gəldi. Ruhi Mücərrəd İstiqlal müharibəsinin son yadigarı - sağ qalan axırıncı yadigarıdır. İlin 365 günü tədbirlərə aparılır. Yorulub-yorulmadığı nəzərə alınmır, yüz yaşı var, amma candərdi də olsa 2-3 saatlıq el şənliklərində, dövlət proqramlarında iştirak edir, nitq söyləyir. Maraşın, İzmirin, İznikin alınması ilə bağlı tədbirlər bir-birini əvəzlədikcə həyatının son illərini yalançı vətənpərvərlər tərəfindən zorlanaraq keçirir. Səksən ildir əsgər formasını əynindən çıxarmağa da vaxtı olmayan bir qazidir Mücərrəd bəy. Əsərin ana qayəsi bu olsa da, bu məqam demək olar ki, roman boyu zorla seçilir və gənc dostu Avni Vavla söhbətləri, atmacaları, bu görüşlər ərəfəsində baş verən hadisələr oxucunu ana qayədən alıb aparır və güldürür.

Murat Menteş müsahibələrinin birində deyir ki, mən şeirdə və romanda oxucularımı fəlsəfi gülüşlə boğuram. Onlar bu kitabı oxuyur, sonra intihar edir, mənsə, əylənirəm.

Murat "daban əllaltı" zarafatları ilə yanaşı, "qurğuşun kəlimlərlə" də oxucularını heyrətləndirməyi bacarır. Özübunu çox ustalıqla edir. Məsələn, "Ruhi Mücərrəd"dən bir detalı burada yada salmaq yerinə düşər:

- Dünən haradaydın?

- Əlli il əvvəl mənə üç gün ömrün qaldı deyən adamın dəfninə getmişdim.

Vəssalam. Məncə, hər şey - ağırlıq və yüngüllüyün vəhdəti ortadadır. Hər şey aydındır.

Murat Menteş şeirlərində də orijinallığı qoruyur. Dadaizmlə postmodernizm, modernizm bir-birinə qarışır, ayrılır, qopur, misralar daxilində xaos başlayır, anarxiya düşür. Bir də baxırsan ki, dörd misra oxuduqdan sonra tərləmisən. Məsələn, cənnətlə bağlı teakrotik bir şeiri onun üslubunda qələmə alan ikinci bir adam görməmişəm:

Kim deyər ki, əbədiyyət istifadəyə yararsızdır?

Üçüncü günündə ikən üçgünlük dünya

Bəlkə də mənə savab qazandıracaq

Nəfəsimə və uşaqlarımın varlığına çəkdiyim növbə.

İfadələr, onların deyim tərzi, dünya və axirətə bu qədər orijinalyüngül yanaşma diqqəti cəlb etməyə bilmir. Çünki yenidir. Eyni zamanda, qalıcıdır. Ona görə ki, ilkdir. İlklər isə hər zaman yadda qalır. Başqa bir şeirində "Açılmaz, aça bilməzsən şeyxim, sıfrın ortasından bir deşik daha"- deyir Murat bəy. Oxuduqca gülməmək, güldükcə düşünməmək, təəccüblənməmək mümkün deyil onun şeirlərinə. Mən hər şeiri uşaqlar yatandan, arvadım oyanandan sonra yazıram - deyən adamın misralarıdır bunlar. Bu günlərdə "Antika Titanik" adlı yeni kitabı çıxıb. Mütləq alıb oxuyun. Çox maraqlıdır. Təfsilatlı danışmaq istəmirəm bu haqda, sadəcə, onu deyə bilərəm ki, indiyə qədər almadığınız həzzi alacaqsınız. Sadəcə, bir tövsiyə verə bilərəm, Murat Menteşi acqarına oxumayın, ya acdığınızı unudacaqsınız, ya da iştahınız küsəcək. Qəlyanaltı olaraq Emrah Serbesi oxumaq kifayətlidir ki, gözünüzün toqqası bərk olsun.

 

Tural TURAN

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.19.