Yeni dünyanın yeni
olmayan qəhrəmanları
Bu gün
nəsrin ifadə vasitələrinə çox yeniliklər
daxil olub. Hətta prozaya adlayan gənc yazarın qələmində
belə bu yeniliklərə, forma mürəkkəbliklərinə
meyil - şüur axını, fantasmaqoriyaya, retrospektiv sıçrayışlara
aludəçilik qaçılmazdır və
çağdaşlığın göstəricisi kimi zəruri
elementə çevrilməyə başlayıb. Belə bir
durumda Əlabbasın realist qələmlə mətnlər
meydana qoyması təkcə yazıçının öz
üslubuna, yazı və ifadə manerasına sadiqliyi deyil, həm
də həyat gerçəklərinin onun nəzərlərində
hələ də əhəmiyyətini saxlaması ilə
ölçülməlidir.
Əvvəlcə
onu qeyd edək ki, Əlabbasın əvvəlki və yeni əsərləri
arasında bədii həqiqətin
inandırıcılığı baxımından kəskin fərq
duyulmur. Onun "Şəbi-hicran" kitabına
toplanmış ilk dörd hekayəsini birləşdirən və
ayıran çox ortaq məqamlar var. Amma əsas məsələ
budur ki, Əlabbas nəsrinin fokuslandığı müstəvi
dəyişməyib, o, daha çox milli əyalət həyatına
maraqlıdır, milli süjetə sədaqəti ilə
seçilir, xalq dilinin qatları üzərində köklənir.
Həyatın küncə
sıxışdırdığı insanlarından yazır,
onların ağrılarını, bu ağrıları yaradan
səbəbləri təsvir predmetinə çevirir. Bu əsərlərdəki
qəhrəmanlar ayrıldığı kənd
üçün daim xiffət keçirən, şəhər
həyatına heç cür alışa bilməyən,
yaxud aldığı zərbələrin acısını, mənəvi
sarsıntısını varlığında daşıyan
insanlardır. Və bir də sosial problemlər səbəbindən
cəmiyyətdə özünə yer tapa bilməyən, fəqət
"məğlubiyyətlə öz içində
barışan" qəhrəmanlar... Əlabbas nəsrində
qəhrəmanların taleyini daha çox mühitdəki mənəvi
tənəzzülün özü şərtləndirir. Harda
tənəzzül varsa, orda kama yetmək, yararlı insana
çevrilmək işi müşkülə dönür.
Sosial, mənəvi-əxlaqi
axtarışlar Əlabbasın yetişdiyi ədəbi nəsil
üçün tipoloji amil olsa da, bu amilin sosioloji, mənəvi-əxlaqi
süxurlarını daim dərinləşdirmək, onu epik,
lirik psixologizm planında inkişaf etdirmək artıq
çağın problematikasına dayanıqlıdır və
Əlabbasın yaradıcılığında bu xəttin
aparıcılığı da daha çox daim diri qalan
problemlərə vurğunun nümunəsi kimi diqqətçəkicidir.
Bu problemlərin hansı bədii səciyyədə təcəssümü
isə artıq sənətkarlıqla bağlı məsələdir
və müzakirəyə çıxarılan dörd hekayə
çatışan və çatışmayan cəhətləri
ilə diskurs predmetinə çevrilməyə əsas verir.
Öncə
hekayələrin ideya-məzmun və problematika rakursundan təhlilinə
varaq. "Gəlin", "Qul", "Arvanada dəfn"
və "Ovçu" hekayələrinin hər biri müxtəlif
zaman və məkan hüdudlarını çevrələsələr
də hədəfdəki təsvir predmeti dəyişməzdir:
insan həyatı, insan taleyi. Bir qədər də aydın
ifadə etməli olsaq, undergraundun - həyatın dibində
olan insanların faciəli yaşamı. Bu yerdə qeyd edək
ki, Əlabbasın bütün qəhrəmanları
kökündən, mahiyyətindən uzaqlaşan, pəncərəsindən
işıq belə düşməyən, mənəvi aləmlə
aralarında uçurum yaranmış insanlardır. Onları
naqis əməllərə qurşanmağa vadar edən sosial
mühitdir. Bu mühitin naqisliyi, insanı dörd bir tərəfdən
məngənəyə salan çətinliyi, heç bir
işıq ucu olmayan sıxıntısını müəllif
elə qara boyalarla təsvir edir ki, bu mühitdə ləkələnməmək,
yolunu azmamaq böyük hünər sayılmalıdır.
Hekayələrdə
baş verən hadisələr cəmiyyət hadisələrinin
bir parçasıdır. Maddi ehtiyac insanları küncə
sıxışdırır, pul yeganə hakim qüvvəyə
çevrilir. Onun rolu taleləri müəyyən etmək
gücündədir: ləyaqət, heysiyyət, vüqar,
kişilik sıradan çıxmaqdadır. İnsanlar
sıxıntı müqabilində, ehtiyaca qul olmaqla iradəsini,
şəxsiyyətini, mənliyini itirirlər.
"Gəlin"
və "Qul" hekayələrinin fabulası ehtiyacın,
pulun insan həyatında oynadığı roldan nəşət
edir. Hər iki hekayədə maddiyyatın fərdin taleyində
açdığı şırımlar önə çəkilir.
Elə məqam gəlir ki, insan "olum, ya ölüm"
dilemması qarşısında qalır. İstəmədən
belə uçuruma yuvarlanmağı tərcih edir.
Yazıçı pulla imtahana çəkir qəhrəmanları.
"Gəlin" hekayəsində gəlinin, "Qul"da
Tahirin tərəddüdlərinin arxasında xəstə
uşaqları dayanır: "Təmiz ad! Amma
uşaqlarsız! Hansı daha əziz idi?". Bu üzdən
geriyə addım ata bilmir qəhrəmanlar. Gəlinin əri
həbsdədir, Tahirin arvadı dünyasını dəyişib.
Hələ üstəlik, qoca, xəstə qayınata da var
evdə. "Gəlin" hekayəsində kompozisiyanın
önünə çəkilən qayınata obrazı ilə
Əlabbas kişilik-namus məsələsinin dərin,
psixoloji-dramatik məqamları üzərində
düşündürür. Yəni bəzən həyatda belə
də olur... Yeganə oğlunun naqis xarakteri, yarıtmaz həyat
tərzi müqabilində zindana salınması, qocanın xəstəliyə
tutulması, üstəlik, geridə qalan iki nəvəsinin vərəm
xəstəliyinə mübtəla olması və
bütün bu problemlərin evdəki bir adamın - gəlinin
çiyinləri üzərinə yüklənməsi hekayədə
real boyalarla canlandırılır. Reallıq göz
önündədir, qarşıda iki yol var, seçim də məlumdur,
ona tablamaq acısı da. Hekayədə gəlin və
qayınatanın hiss-həyəcanlarının təsvirində
əxlaqi-psixoloji amillərin önə çəkilməsi
labüdləşir.
Yazıçı
yalnız gəlinin deyil, mərd, alnıaçıq
yaşayan bu köhnə kişinin - Fəzlin ruhsal-mənəvi
ağrılarını, onunla bağlı təsvirlər və
tərəddüdləri hekayə boyu davam etdirir.
"Köhnə kişi"lərin ölən
dünyası... Ümumiyyətlə, Əlabbasın
bütün nəsrindən keçən "Köhnə
kişi" xətti ilə burda da
qarşılaşırıq. Bəlkə də ilk povestinin
şüuraltında yer alan nisgilidi, hər dəfəsində
mətndə ayrı-ayrı situasiyalarda təzahür edir.
Müəllif nədən yazır yazsın "Köhnə
kişilərin ölən dünyasın"dan
çıxış edir. Təbiidir, bir əsərdə
yazıçı obyektivinin fokusu əxlaqi-mənəvi məsələlərə
tuşlanırsa, milli kök, qaynaqlara qayıdış, o məqama
istinad mütləqdir. İnsanın ömrü boyu sadiq
qaldığı idealların ironiyasını yaşamaqdan əzablı
nəsə ola bilməz.
"Gəlin"
hekayəsi daha çox qayınatanın nəzərlərindən
verilmiş mətndir. Müəllif sürüşən dəyərlərdən
yazmır, yox, o dəyər qocanın ailəsində hələ
də qorunur. Hər halda, kişinin, gəlininin tərəddüdlərindən
aydın olur ki, insan heç də həmişə
"öz keçmişindən gülə-gülə
ayrılmır", onun mənəvi-əxlaqi
dünyasının yıxılması, təbəddülata
varması hansı əzablar bahasına başa gəlir.
Bu əzabı
yazıçının digər "Qul" və
"Ovçu" hekayələrində də görmək
olur. "Ovçu" əsərində hekayənin mündəricəsi
cinayətdən başlanan mənəvi-psixoloji
çabalamalarda davam tapır. Əlabbas həyatın tərk-silah
etdiyi qəhrəmanlarını günahın bir
addımlığına gətirib, yaxud həmin girdaba
yuvarlayıb reallıq, yaşam və "mən" müstəvisində
yozumlar arayır.
"Qul"
hekayəsində ziyalının cəmiyyətdə
özünə yer tapa bilməməsi kimi aktual məqamı
nəsrin hədəfinə gətirib Əlabbas. Ali
savadına rəğmən layiq olduğu yerdə olmayan,
düz danışdığına görə işindən
çıxarılan, namusu ilə təhdid olunan hekayə qəhrəmanı
qul bazarındakı adamların sıralarına qoşulmaq məcburiyyətində
qalır. Və mərəkə onda başlayır ki, qəhrəman
günlərin birində gəncliyində sevdiyi qadının
ərinin seçdiyi qul qismində onun evinə
aparılır. Onu da qeyd edim ki, Əlabbasın əsərlərində
qadın, namus məqamları hər zaman diridir. Elə təhlil
etdiyimiz dörd hekayənin üçündə bu məqama
həssaslığı görməmək olmur. Hər birində
də subardinasiyası pozulmuş cəmiyyət dəyərlərinin
inikası kimi: "Dünyayla bir ad-sanı olan kişinin
arvadı oğurlanıb, dağ boyda adam günün
günortaçağı yağlı əppək olub göyə
çəkilib, amma gör nəyin məşvərətini
aparırlar? Sərvətin, var-dövlətin, cah-calalın!
Bir adam da ağzını açıb demir ki, hər şey
o tərəfə, bu minvalla biz hara gedirik, a millət, bu, namus
məsələsidir axı... Kişilik də belə şeyləmi
ölçülər?".
Əlabbas
daha çox ideya-tərbiyəvi əhəmiyyəti olan məsələləri
təhlil predmetinə çevirir. Sosial-psixoloji nəsrin
özəlliyindən irəli gələn əsas məqamı
- cəmiyyətin insan üzərində
dominantlığını irəli çəkməklə gərginliyi
artırır. Yazıçının bədii müşahidələri
burada cəmiyyətdən daha çox qəhrəmanların
düşüncəaltlarına açılır. Ümumiyyətlə,
Əlabbasın hekayələrində "daxili səs" əsas
obraz kimi iştirak edir. Qəhrəmanlar daha çox öz
vicdanlarının mühakiməsinə buraxılır, daim
öz daxili "səs"ləri ilə
çarpışmada təsvir olunurlar.
Və nəhayət,
"Arvanada dəfn"... Qeyd edim ki, təhlil predmetinə
çəkilən dörd hekayə arasında "Arvanada dəfn"
mənə bədii boyaların dolğunluğu, estetik cazibədarlıq
baxımındana daha tutarlı təsir
bağışladı. Müəllif kiçik mətn daxilinə
böyük bir gerçəkliyi yerləşdirməyə,
onu bütün qatları, fəsadları ilə təcəssüm
etdirməyə nail olub. Cəsarətlə demək olar,
"Arvanada dəfn" yalnız Əlabbasın öz
yaradıcılığında deyil, ümumən hekayəçiliyimizdə
hadisə sayıla bilər.
"Arvanada
dəfn" hekayəsində müəllif urbanizasiya probleminə
müraciət edib. İnsanların şəhərə,
meqapolisə axışması, kəndin boşalması, kimsəsiz
qalması məsələsi. Amma mövzunu təqib qılan
digər əsərlərdə olduğu kimi, burada problem
şəxsiyyət və zaman rakursundan qoyulmur, üstəlik,
Əlabbasın başqa hekayələrində kökləndiyi
şikayət, qınaq motivlərinə hekayədə yer
yoxdur. Məsələn, "Qul" hekayəsində müəllif
şəhərdə məskən salan insanların narahat, sərgərdan
ruhuna işarə vurursa: "Qayıdaq gedək xarabamıza.
Hər nədi, yaxşı-pis özümüzündü.
Onsuz da boş-boş qalıb orda. Şəhər bizə
düşmədi"; "Arvanada dəfn"də
mövzunu kənd və onun aqibəti rakursundan
aktuallaşdırır. Həm də necə? Müəllif,
sadəcə, təsvir edir, aqibəti göstərir və elə
bu sadə təsvir, inikas üsulu ilə qəhrəmanların
mənəvi dünyasını dolğun qələmə
almağa, situasiyanın əyaniliyinə nail olur.
Uşağı olmayan Əsgərxan dünyasını dəyişib
və kənddə kişilərin qalmaması səbəbindən
onu qadınlar basdırmağa aparırlar. Bu yanda qarlı,
şaxtalı havada kəndin qadınları ölünü
aparmağın min çətinliyi ilə üzləşirkən,
o biri tərəfdə ölən kişinin arvadı əri
Əsgərxanla birgə yaşadıqları illərin
hesabını aparır: "...ömrünün, bəlkə
də, o günü olmamışdı, xəyalından
keçirməsin: görəsən, ərinə qulaq
asmayıb üzüqara qonşunun o düşük söhbəti
kəndlə bir olanda heç olmasa o özü qətiyyətli
bir addım atmağı bacarsaydı, indi yarıqaranlıq
otağın bir bucağında buza dönmüş ərini
hansısa başqa bir aqibət gözləyərdimi?
Doğrudan, kişinin qarşısını kəsən,
dilini-ağzını bağlayan o oldu? Doğrudan, onun gözəlliyi
ərini başdan çıxarıb bala-bulasız qoydu?..
İşdi-şayəd, o, bir başqa arvaddan oğul-uşaq
tapsaydı, onda necə? Nə dəyişən idi? Guya,
Arvanada oturub bu gün atalarına qarovul çəkən idilər?
Bəs onda başqaları niyə çəkmirdi? Hardaydı
bu kənddə doğulub-törəyən yüzlərlə
oğul-qız?...". Hekayə boyu koloritli dil, zarafatlar,
replikalar onu daha da oxunaqlı edir. Sərrast müşahidələr,
incə mənalandırmalar, tipik, canlı detallar... Sözlər
ifadə tərzinin yatımlılığı, məqamında
işlənməsi baxımından diqqət çəkir.
Yazıçı texnikası öz işini görür,
sıxıcı, ağır həyat tərzi elə
ağır, ləngərli formada təqdim olunur. Problem gözəl
bədii həllini tapıb - kənddə
başıpapaqlı qalmayıb, ölən kişiləri belə
qadınlar basdırırlar.
Niyə
"Arvanada dəfn" hekayəsi digərlərindən
seçilir? Əvvəla bu üç hekayədə qəhrəmanlar
daha çox ailə-məişət fonunda verildiyindən,
gündəlik qayğılarla yükləndiyindən daha
geniş müstəviyə adlamaq imkanı məhdudlaşır,
konseptuallıq çatışmazlığı ilə
razı salmır. "Arvanada dəfn" hekayəsində isə
mövzu bir evin, hətta bir kəndin problemi olmaqdan
çıxıb daha ciddi ictimai-tarixi qayğını ehtiva
edir, bədii fikrin daha yüksək qayə ilə
aşılanmasına yol açır.
Digər
tərəfdən, "Qul", "Gəlin" və
"Ovçu"da əyani təcəssümə cəhddə
çoxlu haşiyələrə varılması,
uzun-uzadı mükalimələrin nəticəsi kimi
görünən yorucu ritm nəzərdən qaçmır.
Düzdür, Əlabbasın üslubunda
usandırıcılıq yoxdur, təhkiyə çevik, təsvirlər
tutumlu, ahəngdardır. Buna baxmayaraq, bəzi məqamlarda hiss
olunur ki, müəllif dil-ifadə üzərində həssaslıqla
çalışmayıb, qoyulan məsələ bədii
nüfuzun dərinliyi kimi mənalanmır.
Kitabda yer
alan "Şəbi-hicran" hekayəsi ilə bağlı
ötən il "Ədəbiyyat qəzeti"nin
keçirdiyi müzakirədə hekayənin uğurları ilə
bərabər uğursuzluqları üzərinə də diqqət
çəkmiş, iradlarımı bildirmişdim. Ondan əvvəl
isə roman müzakirələrində "Qaraqovaq
çölləri" romanı ilə bağlı məqaləmin
tənqid, irad tərəfi müəllifin təhkiyə
poetikasına münasibətdə üzə
çıxırdı. Müəllifin yazı tərzindəki
qeyri-səlislik, dil-ifadə üzərində həssaslıqla
çalışmağın vacibliyi ilə əlaqədar fikirlərimi
indi yenidən "Arvanada dəfn" hekayəsi istisna olmaqla
digər üç hekayə haqqında da səsləndirə
bilərəm. Adını çəkdiyimiz "Gəlin",
"Qul" və "Ovçu" hekayələrində
söz israfçılığı, detal
yayğınlığı, təfərrüat
artıqlığına rast gəlirik. Yazıçı
obrazların nitqinə yer versə əyaniliyə xidmət
baxımından mətnləri daha canlı, daha tutumlu təsir
bağışlayar. Əlabbas isə daha çox öz
düşüncələri, bədii müşahidələri
ilə danışmağa meyillidir. Toxunduğu problemləri
hadisələrin cərəyanında göstərməkdən
daha çox onların şərhinə
çalışır. Hekayələrin dialoqlarla deyil,
şüuraltının nəqli ilə danışması
eyni məqamları dönə-dönə qabartmalara, bəzi
vurğuların təkrarına, ümumi və iri planların
ardıcıl sıralanması qismində təqdim
olunmasına gətirib çıxarır.
Bəzi məqamlarda
ahəng düzgün seçilmir, obrazın təcəssümündəki
ifadə qəribəlik doğurur, yaxud inandırmır. Məsələn,
"Gəlin" hekayəsində işləməyə gedən
gəlinin hər dəfə əxlaqsız təkliflərlə
üzləşdiyini görən qocanın təəccübü
ilə bağlı müəllif belə bir fikir səsləndirir:
"Bu uzun ömründə ilk dəfə eşidirdi ki,
gözəlliyi də insanın başına bəla ola bilərmiş!".
Uzun ömür yaşamış, "dünyanın hər
üzünü görmüş" qocanın belə bir məşhur
fikri eşitməməsi bu dəfə də oxucunun
özü üçün təəccüb doğurmağa
bilmir. Əvəzində aforizm səciyyəsinə qalxan
aşağıdakı fikirlər: "insan yalnız o zaman
yenilir ki, məğlubiyyətlə birinci öz içində
barışır", yaxud "O vaxt eşqdən
havalanıb hamıdan xəlvətdə təzəcə ilk
cızma-qaralarını eləməyə
başladığı o günlərdə elə
sanırdı, başqa şey yox, özünə alın
yazısı yazır. Sonralar bildi, o yazını yazan bircə
nəfərmiş", - kimi mənəvi-fəlsəfi
kontekst hekayələrdə daha böyük məna vurğusu
kəsb edə bilir.
Əlabbasın
hekayələrində hadisələrin şəbəkəsinə
uğurla bağlanan amil təbiətdir. İnsan
ömrünün metafizikasında məna çevrəsi yaradan
əsas obraz qismində doğulur, assosiasiya verir. Müəllif
üslubuna, təsvir edilən hadisələrə müvafiq
olaraq əsasən, yağış, qar, şaxta,
çovğun, külək kimi soyuqluğa işarə olaraq
semantikləşir. Amma heç situasiya ilə əlaqədar
rəmzi qatı olmasa belə, avtonom bir gerçəklik kimi təbiətlə
bağlı müəllifin ölçülü-biçili
rəftarı razılıq doğurur: "Bu arada
çovğun elə bil acığa bir az da şiddətlənmişdi,
yolqırağı təpələrin, yal-yamacın
qarını sovurub dəlmə-deşiyə, qəbrin
yan-yörəsinə elə pərçimləyirdi ki,
deyirdin bəs malakeş divara gəc çəkir".
Yeni
dünyanın yeni ola bilməyən qəhrəmanları
Əlabbasın realist qələmində cəmiyyətlə
oppozisiya məqamının bariz örnəkləridir. Amma hər
zaman deyilən gerçək də bu: nəsr
üçün yalnız ideya-məzmun deyil, bədii sirayətedicilik
də əsas şərtdir. Bu sirayətediciliyi ehtiva edən
"Arvanada dəfn" hekayəsi kimi...
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.20-21.