Şəhid qızının istəyi...
Mistik hekayələr
silsiləsindən
Məktəbdə
oxumağımdan otuz il keçib, bunu bilirəm,
o yuxunu görməyimdən isə neçə il keçib,
bilmirəm. Yadımda qalan tək-tük
yuxulardan biridir, elə o vaxt da bu yuxu məni çox heyrətləndirmişdi,
həm də yuxuya məna verə bilməmişdim.
Sabah durub
yuxumu heç kimə danışmadım, öz-özümə
xeyli düşündüm, sonra yadıma düşdü ki,
bəlkə, mən "Quran" oxuya bilirəm deyə, bu
yuxunu görmüşəm, yuxuma girib bəlkə, məndən
"Quran" istəyir, axı həmişə deyirlər
ki, ölülər yuxuna girəndə demək səndən
ya bir şey umur, ya qazanında gözü var, adına halva
çal, ya da yazığı orda incidirlər ona
"Quran" oxutdur. Hansı ola bilər,
görəsən, o məndən nə uma bilərdi. Mənim qazanımdan inanmıram bir şey umsun, onlar
elə tayfa deyillər. Qocalar belə deyirdilər, bir
adamdan danışanda mütləq onun əslini-nəslini
sıraya düzüb irsi xasiyyətlərini sadalayar, sonra da
ot kökü üstə bitər, - deyib adamı ya yaxşılayar,
ya yamanlayardılar. İndi mən də onlar
kimi deyirəm ki, yox, elə nəsildən deyil ki, mənim
qazanımdan nəsə umsun. Demək,
mollalar demiş, yəqin, onu orda incidirlər. Bu fikrə necə
gəlirlər, onu da bilmirəm, başqa
üçüncü yoldan isə heç
danışmırlar. Bəlkə, dua ilə
danışır ölülər bu dünyadakılarla,
bilmirəm, uzun sözün qısası, bu yuxunu
düşünə-düşünə sabahı axşam elədim.
Uşaqlıqdan bəri onun heç üzünü
görməmişəm, heç yadıma düşməyib. Hardadır,
neyləyir bilmirəm, heç kimdən soruşmamışam
da. Ancaq bir dəfə eşitdim ki,
könüllü Qarabağ döyüşünə gedib və
şəhid olub. Mən də hamı kimi
rəhmət oxudum, cavan ömrünə yazıq deyə
heyifsiləndim, sonra da yenə hamı kimi "Vətən
sağ olsun" - deyib unutdum.
Çöldür. Dərəli-təpəli,
yaşıllıq bir yerdi. Hava xoşdur, mən
harasa gedirəm. Gah yavaş-yavaş gedirəm,
gah dayanıb ətrafa baxır, öz-özümə buralar nə
yaxşıdır, otu da qurumayıb, - deyirəm.
Ətrafda heç kim yoxdur, ancaq
yaxınlıqda insanların olduğunu bilirəm.
Heç bir hissim-düşüncəm olmadan gedirəm,
balaca körpüdən keçirəm. Bu körpünün
altından axan arx qışda çoxalır, yayda bir az
sısqalaşırsa da yenə də bolsulu olur, bəzi yerdə
dayaz axıb altındakı daşların
parıltısını göstərir, bəzi yerlərdə
də daralıb "nərildəyir", balaca çayı əvəz edir. Yayda məhlənin
qadınları burada qaynar asıb yun yuyur, palaz yuyurlar. Əvvəllər paltar da yuyurmuşlar, indi daha
yumurlar, çünki kəndin içinə dupduru dağ suyu
çəkilib, həm də qaynar asmaq daha o qədər də
dəb deyil.
Körpüdən
iki yol ayrılır, biri qəbiristanlığa gedir, o biri
sonunda iki ev olan məhləyə
aparır, kəndin qurtaracağındakı bu iki ev Nəbi
baba ilə Göyüş dayının evləridi. Yan-yana
olan bu evlərinin ikisinin də dalı kəndə
tərəfdir. Həmişə
düşünürdüm ki, bunlar niyə evlərinin
arxasını bizə tərəf tikiblər, yoxsa kənd
onlara bir pislikmi edib. İkisinin də üzü
qəbiristana tərəf idi. Deyirdim,
görəsən, onlar qəbiristanı görüb gecələr
qorxmurlar?
Bir dəfə
Yaqutdan soruşdum, o da təəccüblənib, nədən
qorxaq dedi. Evimizdən qəbiristanlıq
görünmür ki. Dedim, nə olsun
görünmür, axı siz hamıdan yaxınsınız. O
da, - yox, odur e, Səmər xalanın evi bizdən daha yaxındır,
onlardan qəbiristanlıq görsənir də, heç onlar
da qorxmur, - sonra ədayla, -
Bıy, sən qorxursan ki, - deyə məndən
soruşdu, mən qorxsam da özümü
sındırmadım.
Sonra bir
gün Yaqutun anası öldü, Nəbi babanın da oğlu
öləndə uşaq ağlımla dedim ki, onlar evlərinin
üzünü qəbiristana tərəf qoyublar deyə,
onlardan adam ölür.
Körpüdən
keçib qəbiristan yoluna girdim, bir az gedib Kor bulağa
çathaçatda hələ o
budaqları nəhəng dəyə kimi gərilən
ceviz ağacına çatmamış
otlu cığırda dayandım, hardan peyda oldu bilmədim,
qarşıma balaca bir qız
çıxdı, o mənim əksimə kəndə tərəf gedirdi. Otlu
cığırda üz-üzə gəldik, ikimiz də
dayandıq, bir az beləcə üz-üzə
dayanıb ikimiz də nə deyəcəyimizi unutmuş kimi
bir-birimizə baxıb təbəssüm etdik. Bir-birimizi
tanımağa cəhd edirdik, ancaq nə mən onu
tanıyırdım, nə də o məni, ancaq o mənim kim olduğumu bilirmiş kimi yad-yad
baxmırdı. Mən yolumdan çəkil mənasında
dilləndim:
- Sən
kimsən, burda neynirsən?- adətən
bu boyda uşaq buralarda tək gəzməzdi.
O
adını dedi, amma dediyi ad mənim yadımda qalmadı. Onun
azca qıvrım, ipəkli saçlarına, ağ
bənizinə, üzünün gözəlliyinə
baxıb, - sənin adın Laləzar deyilmi, - dedim, o, - yox, -
dedi. Mən, - qoy, sənin adın Laləzar
olsun, sənin gözəlliyinə Laləzar adı
yaraşır, deyərək onun könlünü xoş eləmək
istədim. Bu sözümə o heç fikir vermədi,
cavabında:
-
Atamın yanından gəlirəm, - dedi. Sonra bir az durub mənim yanıma keçdi, - Məni
atamın yanına apar.
- Bəs
atamın yanından gəlirəm dedin, axı.
- Yox, gedə
bilmədim, atam uzaqdadır, mən onu uzaqdan görürəm,
yanına gedə bilmirəm.
- Bəs
mən necə gedim? Atan kimdir ki?
- Atam sənin
sinif yoldaşın İsmayıldır.
- İsmayıl səni niyə tək buraxıb bu
çöldə?
- Yox, o
buraxmayıb məni, o özü çıxıb gedib, mən
də indi onun yanına getmək istəyirəm, - deyib əlimdən
tutur, nəsə deməyimi gözləmədən mənimlə
yan-yana durub yeriməyə başlayır. Üçüncü
addımında mən də ona qoşuluram. Yeridikcə otlar ayağımızı yalayıb əyilir,
sonra biz keçən kimi yenə də düzəlirdi.
İkimiz birlikdə qəbiristanlığa gedən
cığırla bir az gedirik. Sonra bu dar
cığırda ikimizin bərabər gedə bilmədiyimizi
görüb əlimi buraxır, özü qabağa keçir
və mənə dalımca gəl deyirmiş kimi baxıb
yoluna davam edir, düzlükdəki kolxoz əkininin
ortasından keçən çığırla əkini
yarıb gedirik, qəbiristanlığın bəri yanından
ot bitmiş dar yol keçirdi, buradan bəzən tək-tük
halda maşın da keçərdi. Buradan bir-iki
dəfə qızlarla yol otu yığmışdım.
Yolu
keçib qəbiristanın üstündən kənd səmtindən
Ağtapa tərəf addımladıq. Mən dinmədən bu balaca qızın dalınca
gedirdim. Gözləyirdim görəm, bu
qız məni hara aparır. Gedib Ağtap
tərəfdən qəbiristanlığa girdik. Biz uşaq olanda gəlib burada oynayar, qəbirlərin
sinə daşlarına yazılmış qəmli
bayatıları oxuyardıq. Məmmədalı
babamın günbəzinə baxar, içəri girməyə
ürək eləməzdik, həmişə uşaqlara, bu, Məmmədalı
babamın qəbridir, yanında da Yaxşı nənəyə
yer saxlayıblar, deyərdim fəxrlə. Çünki
qəbiristanda bircə Məmmədalı babamın günbəzi
vardı. Anam deyirdi ki, babam deyərdi, yol
keçib gecəyə düşəndə qəbiristanda belə
günbəzlərdə gecələmək üçün
tikirlər bunları, bura da bir kənd kimidir, yoxsa
ölünün nəyinə lazımdır ki, üstündə
günlük olsun.
Uşaqlardan kimsə oraya başqa adam
basdırılmayacaqmı, - deyə soruşanda, yox deyirdik,
bura ikinəfərlikdir, çünki onların
uşaqları yoxdur. Sonra bir-bir qəbirlərin
üstünü oxuya-oxuya gəzərdik, qabağımıza
yerə batmış köhnə qəbir çıxsa
ayağımızı ona toxundurmadan ya hoppanar, ya da hərlənib
gedərdik. Ən çox cavan ölənlərin qəbirlərində
maraqlı bayatılar olardı, onları çox oxuyardıq,
həm də hərə özü üçün oxuyardı, biri
oxuyub digərləri dinləməzdi.
Biz,
adını Laləzar qoyduğum qızla hərlənib
Ağtap tərəfdən qəbiristanlığa girdik, təzə
qəbirlərin yanından keçdik, köhnələrə
baxdıq, Məmmədalı babamın günbəzinin
yanından keçdik, qəbirlərin arasında gəzdik. Mən heç nə soruşmurdum, balaca qız da
heç nə demirdi. Qəbiristanlığa
girəndə yenə əlimdən tutmuşdu. O sanki bilərəkdən
heç bir qəbrə yaxınlaşmırdı, qəbirlərə
çəkinə-çəkinə baxır, tez də
gözünü çəkirdi. Bir az gəzdik
qəbirlərin arasında, sonra gəlib bir qara mərmər
başdaşının qabağında dayandıq,
daşın üstündə əsgər paltarı geymiş
cavan oğlan şəkli vardı. Balaca qız əlimi
buraxıb elə həmin əlini uzadıb
başdaşındakı şəkli göstərdi:
- Baax, mənim
atam budur. Mən şəklə baxıb bir an duruxdum, kim olduğunu düşündüm. Qız mənim
düşündüyümü görüb:
- O sənin
sinif yoldaşındır, İsmayıldır, dedi. Bir dəfə dərsi bilməmişdi, müəllim
onu danlamış, siz də ona ləqəb taxıb
gülmüşdünüz.
- Mən
də gülmüşdüm?
-
Hamınız gülmüşdünüz.
Sonra da o pis oxuyur deyə sən onunla heç
danışmamışdın. Amma bax, o sizi qorudu, Vətənini
qorudu, qəhrəmanca həlak oldu.
- Amma siz,
yaxşı oxuyanlar hələ də
yaşayırsınız, eləmi demək istəyirsən? O
susdu. Yəqin, demək istədiyi çox
söz vardı. Altı-yeddi yaşlarında olardı
qız:
-
Atamı heç görməmişəm, - dedi, - mən
doğulandan atam burdadır, bu şəkildən baxır mənə.
Onu bu şəkildən tanımışam.
İndi
bu balaca qızdan məni bura niyə gətirdin deyə
soruşsam, yox, necə soruşum, bu saat bu qız məndən
daha müdrikdir, adam bəzən
yaşamağa utanır, mən bu saat anlaşılmazlıq
içindəyəm. Hələ də
anlamıram qız məni buraya gətirib nə demək istəyirdi,
mən illərdir bu adamı görməmişəm, uşaq
vaxtı gördüyümdür, aramızda dostluq,
yoldaşlıq da olmayıb, o məndən nə uma bilər,
deyə öz-özümə düşünürəm.
Elə bu vaxt qız üzümə baxıb:
- Səni,
bilirsənmi, bura niyə gətirdim? - dedi.
- Yox.
- Mənim
atam şəhiddir, o sağdır. Sən istəsən
mən onu görə bilərəm.
Dönüb heyrətlə qıza baxıram. Necə, deyə
sual vermək istəyirəm, amma səsim çıxmır.
Onun ümidlərini necə qırım?
O:
- Sən
dua oxu, sən dua oxusan mən onu görəcəm. Yaxşı? Nə olar, oxu da, mən
onu görmək istəyirəm, oxu da, bütün bildiyin
duaları oxu, o qalxsın, mən onu görüm.
-
Yaxşı, amma duayla insan qəbirdən necə...
Sözümü yarımçıq kəsdi:
- Sən
oxu, mən də başqa uşaqlar kimi, ata istəyirəm, mən
niyə daşa ata deyirəm, daş mənə ata olar?
-
Yaxşı, - deyib başlayıram dualar oxumağa. Ancaq mən İsa peyğəmbər deyiləm ki, nə
qədər dua oxusam da ölünü dirildə bilmərəm
axı. Bunu bu balaca həsrətli qıza
başa da sala bilmərəm. Əlacsız qalıb onun
qırıq könlünü bir az da
qırmamaq üçün oxuyuram. Nəfəs
almaq üçün dayanan kimi o, üzümə baxıb
daşa sarılır. Sonra daşdan aralanıb
başdaşının arxasına keçir, bir əli ilə
başdaşından tutaraq daşın ətrafında
fırlanır, o da dodaqaltı
nəsə oxuyur, ağlamır, ancaq özü də hiss etmədən
yaş süzülür yanaqlarından. Sonra gəlib
şəkillə üz-üzə durur. Mən
dayanmadan oxuyuram.
Mən oxuyuram. Qız daşın başına
fırlanır.
Mən oxuyuram.
Oxuduqca başdaşının üstündəki şəkil
sanki qabarıb canlanır. Mən bir an
gözümü şəkildən çəkib yumuram ki, yəqin
gözüm alacalandı. Sonra yenə
açıram, qız olduğu yerdəcə heykəl kimi
durur. Şəkil qabarır, daş da
şəkillə birgə qabarır, irəli
çıxır, indi şəkil düz qızın bərabərindədir.
Mən heç nə bilmirəm artıq. Qız qorxub eləmədən dayanıb baxır.
Şəkillə qız üz-üzədir.
Sonra bir
an hər şey dondu elə bil, zaman dayandı, mən dəhşətli
bir gərginlik hiss etdim, ətrafımda nə baş verirdi,
anlamırdım. Qız tərpənmir, daş
kimi baxırdı.
Mən nə olduğunu başa düşməyə
çalışırdım, ancaq ağıl da, dərrakə
də burada mənasını itirmişdi.
Sonra daş, sanki dərin bir nəfəs alıb
yavaşca geri çəkildi, şəkil isə qızın
yanında qaldı. Şəkil gözümüzün qabağında
yavaş-yavaş böyüdü, adam boyu
qalxdı, ölçüyə girdi, həcmə
düşdü, adam forması aldı. Əsgər
oldu, başdaşının üstündəki əsgər,
eyni paltar, eyni papaq başında. Gülümsündü.
Qızla üz-üzə durub bir-birlərinə
baxdılar, qız əvvəl çaşqınlıq
içində olsa da buna razılıqla yanaşdı, o da
gülümsündü. Sonra ikisi də
bir-birinə sarıldı. Mən dayanmadan
oxuyurdum. Ata-bala sarılmışdılar.
İkisi də xoşbəxt idi. Sevinirdilər. Məni
görmürdülər. Mən oxuyurdum.
Oxuyuram, elə dua oxuya-oxuya öz səsimə yuxudan
ayılıram. Yuxu o qədər gerçək idi ki,
sanki doğrudan da Ağtapa, kəndə, kənd qəbiristanına
gedib gəlmişdim. Yoldaşım tez
soruşur, nə oldu yuxu görürdün? Nədi ki,
danışırdım, - deyə soruşuram. O, - hə, nəsə
uzun uzun danışırdın.
- Nə
deyirdim?
- Bilmirəm,
çoxunu başa düşmədim. Nəsə
oxuyurdun.
- Məni
sənmi oyatdın?
- Yox,
özün oyandın.
Oyandım, yadıma salmağa çalışaraq bir
müddət öz-özümə bu nə yuxudur deyə
düşündüm. Əvvəl, əşşi, yuxudur da dedimsə də,
sonra hər yuxunun bir mənası var, gedim bu yuxunu axar suya danışım
deyə fikirləşdim. Yuxudur da, nə olar, nə
olmaz.
Doğrudan
da mənim sinif yoldaşım İsmayıl şəhid
olmuşdu, ancaq onun bir qızı vardımı, bunu bilmirdim, bu nə demək
idi, bu qız, onun sözləri, atama uşaq vaxtı
gülmüsünüz deməsi, mənə dua oxutması,
bunları öz-özümə götür-qoy edirdim.
Sabah durandan anlamaq üçün yuxunu beynimdə dolandırırdım,
balaca qızın üzü, gözləri, sözləri
gözümün qabağında canlıymış kimi
dururdu. Yuxu o qədər aydın idi ki, sanki heç yuxu
deyildi.
Bəlkə, doğrudan olmuşdu bu.
O gün günortaüstü Raya bibi bizə gəldi, onun gəlişinə biz həmişə sevinirik, ondan kəndin şəhidlərini soruşdum, o da kənddən şəhid olanlar haqqında danışdı, Hüseynqulu, Elçin, Rəfi, Elxan, Qaraməmmədli Hasanın oğlu İsmayıl. İsmayıldan danışanda mən tez, - onun uşağı varmı? - dedim. O da cavabında: - Var, ay umudum, 6-7 yaşında bir nazlı qızı var, - dedi.
Ayişə
NƏBİ
Ədəbiyyat qəzeti.- 2018.- 3
noyabr.- S.24.