Yerlərə
Yadımdan düşüb gedirsən,
Yadıma düşən yerlərə.
Gedirsən, məni unudub,
Səni soruşan yerlərə.
Ona sevgi qalam deyin,
Sevgim deyin, bəlam deyin,
Əhval
tutun, salam
deyin,
Halı pərişan yerlərə.
Sinəmdədi dağ, buludlar,
Səsimə uzaq buludlar.
Uçub
gedir ağ
buludlar,
Göz yaşım
düşən yerlərə.
Dağları
Gələni, gedəni gözündən
qoymaz,
İllərdir görürəm sayıq
dağları.
Duman boz dənizdi, bulud yelkəni,
Tufanlar batırmaz
qayıq dağları.
Nur içir Günəşdən
çeşmənin buzu,
Yandırır çəməni çiçəyin
közü.
Vurulub qayaya şəlalə qızı,
Qorxuram salalar duyuq dağları.
Çayları təntidir dərənin
kini,
Zirvələr atıbdı gözdən
mürgünü.
Geyindir əyninə duman kürkünü,
Bilmərik üşüdər soyuq dağları.
Göylərmi yaradıb o ağ qədəhi?
Şimşək sındırmadı bu
sağ qədəhi,
Qaldırıb başına bulaq
qədəhi,
Bu səhər görmədim
ayıq dağları.
Yarımçıq məktubmuş...
Fit səsi yorulmur qapı döyməkdən,
Tutur öz yerini sərnişin günlər.
Sonuncu yarpaqda tövşüyür
xəzan,
Beləcə payıza qarışır
güllər,
Yarımçıq məktubmuş ömür
sən demə.
Yorğun
həsrətindən sürüşür
yollar,
Bir addım
geridə ləngiyir izin.
Yadından gedənlər yadına
gəlmir,
Dilinin ucunda əriyir sözün,
Yarımçıq məktubmuş ömür
sən demə.
Əllərin yellənir ağ bayraq kimi,
Bu ömrün sonuna
təslimsən bəlkə.
Yuxuya veribsən ürək ağrımı,
Sən mənim təsəlli fəslimsən bəlkə
Yarımçıq məktubmuş ömür
sən demə.
Döymə baxışınla yad
qapıları,
Ağlayar, kiriməz unutduğun gün.
Üçan xatirədir durna
qatarı,
Qəlbində üşüyər uyutduğun gün
Yarımçıq məktubmuş ömür
sən demə.
Dumanın canından sıyrılıb
dağlar,
Nəmli göy qurşağı yerə əyilmiş.
Bitməyən cümlədi bəlkə
də torpaq,
Bu göylər bəlkə də bütöv deyilmiş,
Yarımçıq məktubmuş ömür
sən demə.
Darıxdım
Bu günümə qayıdım,
Dünənimdə darıxdım.
Bir az qaçım
özümdən,
Bir az məndə
darıxdım.
Sayır
fikir ağrımı,
Sökür, tikir ağrımı.
Torpaq çəkir ağrımı,
Kəfənimdə darıxdım.
Bu qış yetişdi
hardan?
Canım üşüdü qardan.
Daha köçürəm burdan,
Bədənimdə darıxdım.
Çiçəklədi
Bu yazın gözündə
gəldi bənövşə,
Ömür təzələndi, yaş
çiçəklədi.
Çəkildi göylərə şaxtanın
ömrü,
Qarlı quzeylərdə qış
çiçəklədi.
Yol açdı dağların
duman yolunu,
Şəlalə qayadan asdı qolunu.
Sərdi
yamaclara bahar şalını,
Cığır ətirləndi, daş çiçəklədi.
Ay Saleh, yol gəlir
ulduzun əksi,
Boyandı yaşıla bu yazın əksi.
Düşüb gözlərinə bir
qızın əksi,
Bulağın gözündə yaş çiçəklədi.
Ayrılım
Mən gecənin təşnəsiyəm,
Daha sabahdan ayrılım.
Payızlaşmış bir yarpağam,
Düşüm, budaqdan ayrılım.
Gerçəksənsə, nədir gerçək?
Dedin mənə qəmdən əl çək.
Ürəyimi göylərə çək,
Bəlkə bu ahdan ayrılım.
Dərdə yetdim fəryadımla,
Yola getmir dərd odumla.
Öldür, günaha addımla,
Öldür, günahdan ayrılım.
Bu gecə əllərim
özümə çatmır
Nəmli
dodağında ləngidi
sözü,
Ətəyi əlində bir bulud getdi.
Sinəsi
qızaran qürub təndirdən,
Sürüşüb axşama Günəş küt getdi.
Günün canı öldü,
işıq oyatmır,
Bu gecə əllərim
özümə çatmır.
Əvvəli sevgidi, sonu xatirə,
Kim yazıb könlümə
gör bu hicranı.
Əl-əli arzular, həsrət-həsrəti,
Ürəkdən-ürəyə körpü hicranı.
Dərdlərim bir azca başımı qatmır,
Bu gecə əllərim
özümə çatmır.
Təpələr bükülüb yaz
yuxusuna,
Bir eşqin
günahı yatır
ovcunda.
Ulduzlar səpilən
buğda dənimi?
Ay yandı, qovruldu göyün sacında,
Qəlbim
harda qaldı, oduma batmır,
Bu gecə əllərim
özümə çatmır.
Səsimi
dinləyib yatmadı sular,
Çəkdim ovuc-ovuc Ay işığını.
Üşütdü əlimi bəyaz damcılar,
Yudum qaranlığın
qırışığını.
Qəlb
gedir, dalınca ayağım getmir,
Bu gecə əllərim
özümə çatmır.
Açım yaxasını xatirələrin,
Yansın gözə köçən
sevgi şamları.
Yığım ayrılıqdan, yığım
həsrətdən,
Çəkim yuxulara bu axşamları
Niyə
xəyalımı yaddaşım
tutmur
Bu gecə əllərim
özümə çatmır.
Çəkdim əllərimi günün
əlindən,
Atdım həsrətimi yorğunluğuna.
Şehli
bənövşətək nəmləndi gözüm,
Ürəyim qovuşdu Məcnunluğuna,
Ürəkdir, neyləsin, yatmır
ki yatmır...
Bu gecə əllərim
özümə çatmır.
Məktubdu
Səni
candır əzizləyən,
Könlüm imiş yol gözləyən...
Kirpik yazıb, qəlb gizləyən
Demədin necə məktubdu.
Söylədin ki, həsrət
azdı,
Gözlərində həsrət azdı.
Ayaqların nəsə yazdı,
Getdiyin küçə
məktubdu.
Yanağına yaş toxundu,
Üzündə işıq oxundu
Şəhər qarışıq yuxundu,
Evlər iç-içə məktubdu.
Ürəyim heyrandı ona,
O da baxsın heyranına
Bir sevginin ünvanına
Bir aylı
gecə məktubdu.
Oxudun
A quş, qədrini bilmədik,
Bizə bir nəğmə oxudun.
Dimdiyindən sınıb düşən,
Yaralı kəlmə oxudun.
Gözlərindən qəmmi qaçdı?
Qurumayıb, üzü yaşdı
Bəlkə ömrün bir naxışdı?
Sən ilmə-ilmə
oxudun.
Ürəyim durdu qəsdimə,
Endi buludlar üstümə
Göylər büründü tüstümə,
Baxıb külümə oxudun.
Göz-göz oldu...
Göz-göz oldu qaranlığın
sinəsi,
Kim səpibdi ovuc-ovuc
göyə zər?
Heyran oldum bu dünyanın
sirrinə,
Ulduz nöqtə,
gecə vərəq, göy əsər.
Ürəyimin yalanı yox, xəbər düz,
Buludların gözlərindən xəbər süz
Gəlib
keçsən ürəyimdən
xəbərsiz,
Dünya qopar, Yer titrəyər,
göy əsər.
İl dolanır,
zaman ötür, çarx hanı?
Sıxıb gedir sinəsinə
çarx anı
Kim fırladır bu
nizamın çarxını?
Şimşək döyür, təpələri
göy əzir.
Bu qismətin qışı
çovğun, yazı
su,
Saleh, bumu ömrümüzün yazısı?
Qırışlanan alnımdakı yazı su...
Günəş doğur, sıx canını, göyə sər.
Bəlkə...
Bəlkə ömrümdən qabaq,
Ovunmaz qəm olmuşam...
Kim atıb yer üzünə,
Görəsən kim olmuşam?
Əllərimin ağrısı
Qabar-qabar böyüyüb.
Dərdim
oyaq səhradı,
Cadar-cadar böyüyüb.
İllərdi yaddaşımda
Yer beləcə qalıbdı,
Göy beləcə qalıbdı
Üzü tutqun göylərdən
Sabaha oyaq açan
Bir bilməcə
qalıbdı.
Kimdi susan canımda?
Yoxdu hələ ad-sanı
Seyr edir gözlərimdən,
Karvan yüklü
dünyanı.
Bir cana toxuyan
var
Bu dünyanın sirrini.
Kimsə
məndə axtarır
Məzarının yerini...
Axşamı
O ki qapısıdır bir köhnə yasın,
Sıxın, sinəsindən bir
addım basın...
Yol açın, özünə
qoy addımlasın,
Gərək görməyəydim mən
bu axşamı.
Buluddan sıyrılan Ay sarı şamdı
Sübhədək əriyib gecəyə
damdı
Dərdimi yığdığım qapqara camdı,
Gərək görməyəydim mən
bu axşamı.
Fikrim dar ağacı, qəlbi qəm asdı,
İldırım şığıdı, göy yeri kəsdi
Yel qopdu, üzümə qaranlıq əsdi,
Gərək görməyəydim mən
bu axşamı.
Qovur payız məni, qovur qaracan,
Canımda dolaşan gecə
qara can
Sıxım gözlərimi axsın
qaradan,
Gərək görməyəydim mən
bu axşamı.
İşığa qarış
Yanaqların şehlənib,
Boyan işığa
qarış.
Ay dolaşıb saçına,
Oyan, işığa
qarış.
Ayılmır dağ yuxudan,
Gəlmir
bulaq yuxudan
Gördüyün ağ yuxudan,
Boylan, işığa
qarış.
Getmə,
önümdən getmə,
Əylən, canımdan getmə
Yandım,
yanımdan getmə,
Dayan, işığa qarış.
Aşağı
Təpələnib buludlar
Baxır
dağdan aşağı
Bir yarpaq kölgə düşüb,
Bir yarpaqdan
aşağı.
Külək ovunmaz dəlim,
Əlinə çatmaz əlim
Nə baxır payız-ölüm
O budaqdan aşağı.
Dərd
oyanıb bol gəlir
Ürək dərddə dincəlir
Qaraya bax, yol gəlir?
Gəlir ağdan aşağı.
Çəkin üfüq hasarı
Nədir
daşsız o barı?
Torpaq məndən yuxarı,
Mən torpaqdan
aşağı.
Saleh QURBANOV
Ədəbiyyat qəzeti.- 2018.-
3 noyabr.- S.25.