Sınmış kart...
hekayə
Adətən, iki gözəllik bir yerə
düşmür. Ayda xanımdan isə Tanrı
lütfünü əsirgəməmiş, onu həm gözəl,
həm də ağıllı yaratmışdı.
Şöbənin kişi bölümü
ona heyran qalır, qadın qismi həsəd aparırdı. Bu iki silahdan hansı daha qabarıq
görünürdü? Qərar vermək
çətindi. O, susanda gözəlliyi, danışanda
biliyi, ağlı, zəkası önə
çıxırdı. Qadınların
çoxu üzdə özlərini ikinci sırada
gördüyünü etiraf etmir. Amma bu şöbədə
işləyən hər bir qadının qəlbinin dərinliyindən
gizli bir arzu keçirdi: "Kaş Aydanın yerində mən
olaydım". Yaşından asılı olmayaraq hər bir
kişinin də ürəyinin dərinliyindən bu arzunun əks
tərəfi keçirdi: "Kaş Ayda xanım mənim
olaydı".
Ayda
xanım xasiyyətcə nikbin adam idi. O, ətrafdakılara
da xoş əhval-ruhiyyə aşılamağı
bacarırdı. Ona olunan sorğuları cavabsız
buraxmır, gərəkli məsləhətlərini əsirgəmirdi.
O,
mütaliəni sevirdi. Daim elmi yükünün
qayğısına qalırdı. Maraqlı
məqalələrlə qəzet və jurnal səhifələrində
görünür, televiziya kanalları vaxtaşırı onu
verilişlərinə dəvət edirdi. Şöbə
müdiri elmi məqalələrini, edəcəyi məruzələri
ona oxutdurur, qeydlərini nəzərə alırdı. Özünün də elmi dərəcəsi
vardı - halaldan halal.
Gözlənilmədən
kadr dəyişikliyi baş verdi. Günlərin birində şöbədən bir nəfər
getdi, onun yerinə başqa bir nəfər işə qəbul
olundu.
Bu, başqa bir nəfər subaylıq-sultanlıq
bölümünün yuxarı qatını yaşayan Cabir
adlı bir oğlan idi. Şöbə əsgəri xidmətə
çağırılanların həkim komissiyasını
andırırdı. "Həkimlərin"
sınayıcı nəzərlərindən keçmək
çox vaxt aparmadı. Rəy müsbət
oldu. Cabir boy-buxununa, sağlamlığına,
elmi potensialına, tapşırıqları yerinə yetirmək
bacarığına görə xidmətə yararlı
sayıldı.
Cabir vəzifəsini də bildi, alacağı
maaşı da. Lakin gözlənilmədən dəli bir hiss, buna
"sevda" deyirlər, onun çiyinlərinə qazancı
əzab olan bir vəzifə də qoydu. O, sanki nağıl
dünyasından gəlmiş kimi görünən Ayda
xanıma bir könüldən min könülə aşiq
oldu.
Bu sevgi Cabirə nə vəd edirdi? Ailə həyatı,
yoxsa, sadəcə, aşiq-məşuqluq? Kəsdirə bilmirdi.
Sevgi dumanı içində yolunu
itirmişdi. Bircə onu bilirdi ki, Ayda xanımla
bir yerdə olmaq istəyirdi.
Ayda xanım da ki, ya heç nəyi görmürdü,
ya da hər şeyi görürdü. Ancaq o, əvvəlki təmkinini
pozmur, şahanə qadınlıq qürurunu qoruyurdu.
Cabir bunu başa düşürdü. Sevgi
savaşını əksərən kişilər
başlayır. Deməli, gec-tez sərhəd
pozulacaq və Cabir bu cəsarətli addımı atacaqdı.
Könül fəthi onun adına
yazılacaqdı.
Cabir cəsarətlənəndə guya onu görmür,
başqa qadınlara tərifi bol komplimentlər
yağdırırdı. Təzə, cavan işçinin diqqətini,
mədəniyyətini yüksək qiymətləndirən
xanımlar qarşı tərəfə təşəkkürlərini
bildirir, həzz duyğusu səmasında qanad
çalırdılar. Belə hallarda kompliment ustası
gözünün ucu ilə də olsun, atəşindən
yandığı məxluqa sarı baxmırdı: "Məni
yandıranı cavabsız qoymayacağam. Mən
də onu "rəqiblərini" qaldırmaqla yandıracağam.
Yazığam axı, qapını açıq
saxlasın, qoy mən də addım atım".
Ayda xanım Cabir tərəfdən yağdırılan
bu xoşniyyətli atmacalara əhəmiyyət vermirdi.
Bir dəfə
tərif yağışından sonra (qadınlar tərif
yağışından qorunmaq üçün çətirə
ehtiyac duymurlar) Ayda xanımın yanından keçən Cabir
pıçıltı ilə dedi:
- Narahat
olmayın, dediklərimin heç biri sizə aid deyil.
Ayda başını qaldırıb cavan oğlanın
sözləri müqabilində heç nə demədi, sadəcə,
mehribancasına gülümsündü. Bu dilsiz təbəssümün
bircə mənası vardı: "Yalan danışıb
özünü yorma, bilirəm, deyilənlərin
hamısı mənə aiddir".
Cabir məqam
düşəndə Ayda xanımı bir an içində
süzür və bu an qadın bədəninin
cazibəsi, uyarlı biçimi onu tilsimə salırdı.
Dodaqlarına şirə axtaran arı acgözlüyü ilə
baxırdı: "İlahi, bu bal pətəyinin tamına
baxmaq mənə nəsib olacaqmı?".
Qadın hissiyyatının gücünə bax… Həmin anda Ayda xanım dodaqlarını tərpədirdi.
Pozalar insan gözəlliyinin sərgisidir. Ayda xanım
oturanda gözəl görünürdü. Ayaq üstə
duranda gözəlliyi bir az da
artırdı. Yeriyəndə dolu
qıçları tamam başqa cür gözəl
görünürdü. Bir dəfə Cabir eyhamla nəyisə
anlatmaq istədi:
- Məndə
güclü görücülük qabiliyyəti var.
Divarın bu tərəfindən baxanda o tərəfini görə
bilirəm.
- Eləmi?!
- bu bir kəlmə Ayda xanımın deyilənə
reaksiyası idi. Sonra daxili düşüncə müəmmanın
açımı ilə məşğul oldu: "O,
paltarımın üstündən baxsa da, çılpaq bədənimin
necəliyini gördüyünü nəzərimə
çatdırır. O, addım-addım irəliləyir. Təhlükə yaxınlaşır. Onu sındırmadan durdurmaq lazımdır. Birdən məni də öz alovuna yandırar, kələfin
dolaşığını açmaq mümkün olmaz".
Cabir hiss
edirdi ki, onun Ayda xanıma münasibəti birtərəflidir.
Ancaq iş yoldaşına olan sevgisini sakitləşdirə
bilmirdi. Həm də ona elə gəlirdi ki,
yüksək keyfiyyətlərə malik olan bu gözəl
xanım onun dəyərini dəqiq verən bir bəylə
ömürdaş olmalıdır. Bu məsələlər
olub keçmiş, hər şey arxada qalmışdı.
Yəqin, incə zövqlü xanım
ömür sevdasında səhvə yol verməmiş,
özünə layiq yar seçmişdi. Cabir
cəhd etsə də, reallığı qəbul edə
bilmirdi. Gülməli də olsa, Aydanın
ailəli olması fikri ilə barışmırdı. Halbuki, hamı bilirdi ki, Ayda xanımın Vasif
adlı əri, iki övladı vardı. Qadın
seçimindən, həyatından o qədər razı idi
ki, bu xoşbəxtlik, vaxtın onu yaşlı göstərməsinə
"icazə" vermirdi. Cabir bu halda da
Aydanı qız kimi təsəvvür edir, bütün
üstün cəhətlərinə görə onu ancaq
özünə yaraşdırırdı. O, Aydanın
xoşbəxt ailəsi ilə bağlı söhbətlərdən
yayınır, dərhal otağı tərk edib bayıra
çıxırdı. Beynindəki fikir külək sürətilə
vıyıldayırdı: "Mən yalanlara inanmıram, sən
subaysan. İlk dəfə sənin
qapının zəngini mənim elçilərim səsləndirəcək.
Kim nə deyir-desin, onlar "hə" cavabı ilə geri
qayıdacaqlar. Bunu mənə sənin
baxışların deyir".
Cabir
dözmədi, bir toy mərasimində bunu Aydaya açıqca
dedi. İş yoldaşlarından birinin
övladının toy məclisi idi. Şöbə
üzvlərinin hamısı ailəlikcə mərasimdə
iştirak edirdi. Çalıb-oynayır,
şənlənirdilər. Tamada qoşa
sağlıqları bir-birinin ardınca düzürdü.
Vasif müəllimlə Ayda xanımın şərəfinə
deyilən sağlıq daha təmtəraqlı səsləndi.
Xoşbəxt cütlük rəqsə dəvət
edildi. İş yoldaşları da onlara
qoşuldu. Çətinliklə də
olsa, Cabir də rəqs edən dəstəyə qarışdı.
İçkili idi. Yarımsərxoşluğu
sözünü deməyə ona kömək edəcəkdi.
Fürsətləyib elə rəqs zamanı, elə o gurultuda
ürəyindən keçəni Ayda xanıma dedi:
-
Özünüzə böhtan atmayın. Siz ailəli
deyilsiniz. Siz hələ ərə getməmisiniz.
Heç dünyaya uşaq da gətirməmisiniz.
Siz Məryəm kimi bakirəsiniz. Sizin taleyiniz mənimlə bağlıdır.
Heç kim sizə mənim qədər
dürüst qiymət verə bilməz. Fikrinizi
bilmək istəyirəm.
Cabiri şərab danışdırırdı, yoxsa Ayda
xanıma bəslədiyi dəli sevda?! Cəsarətə bax!.. Bu sözləri dilinə gətirməklə
o, sanki göydə Günəşi danırdı. Ayda xanım bu məcnunluğu necə yoluna
qoyacaqdı? Çox çəkməz
bilinər.
Ayda
xanım oynaya-oynaya vurğununa dedi:
- Hamı
oynayır. Siz də yaxşı oynayırsınız…
Musiqi ara verdi. Rəqs edənlər
dayandılar. Ayda xanım sakitlikdən istifadə
edib Cabiri ərinə təqdim etdi. Xanımından xeyli
yaşlı görünən Vasif müəllim bu
tanışlıqdan məmnun olduğunu bildirdi:
-
Tanışlığımıza şadam. Ayda
xanım sizin yaxşı işçi olduğunuz barədə
mənə ürək dolusu danışıb. Mən ona inandığım üçün sizi
özüm üçün tərtib etdiyim yaxşı
insanlar siyahısına daxil edirəm. Subay
olduğunuzdan da xəbərim var. Evlənmək fikrinə
düşsəniz, Ayda xanımla birlikdə sizin
üçün elçi getməyə hazırıq.
Özünə gələn Cabir qayğısına
qaldığı üçün Vasif müəllimə təşəkkürünü
bildirib cəld onlardan ayrıldı.
Ayda qələbəsini qeydiyyatdan keçirdən
qadınlardan deyildi. Onu istəyənlər də, gizlincə
qısqanclıq hissinə qapılanlar da Ayda xanımın
kiçik kollektivə qəlbləri oxşayan,
qaranlıqları qaçıran enerjisindən
faydalanırdılar. O, şöbənin təmənnasız
işıq saçan günəşi idi. Çox
çəkmədi bu günəşin üzünü tez-tez
qara buludlar almağa başladı. Ayda
xanım dərdini paylaşmağı sevmirdi. O,
bacardıqca bu ağır yükün altına tək girmək
istəyirdi. Ancaq ailədə qəflətən
baş verənlər onun dözümünü sınağa
çəkməyə başladı. Artıq
onun çəmənzara bənzəyən sifətinə qəm
qırovu yağırdı. Bu
yağımda qara da çevrilmək, buza da dönmək
gümanı vardı. Bu dəyişmə
hamının gözləri qarşısında baş verirdi.
Baş verən dəyişikliyə etinasız
qala bilmirdilər. Cabirin sevən qəlbi
isə bir həyəcan pilləsindən digər həyəcan
pilləsinə atlanırdı.
Ayda xanım daha sirrin qorunmasını faydasız
sandı, ailənin üzləşdiyi xoşagəlməz hal
haqqında məlumat sızdırdı. Əri Vasif
müəllim ürək xəstəliyinə mübtəla
olmuşdu. Həkimlərin yekdil rəyinə
görə, o, mütləq cərrahiyyə əməliyyatından
keçməliydi.
Cabir dondan-dona girməyi bacarmırdı. O, aralıq sayılacaq bir
mövqe tutmuşdu. Nə kədərlənən
kimi kədərlənə, nə sevinən kimi sevinə
bilirdi. Maneənin aradan qalxmağı onda
məqsədinə asan çatmaq ümidi yaradırdı.
O, gəlməkdə olan ölümün üstündən
Ayda xanıma doğru əl uzadırdı. Məhəbbəti,
vüsala çatmaq arzusu onu insanlığın dar
dalanına doğru itələyirdi. Bu
dalanın pəncərələri olmadığı
üçün, işığı da yox idi. Cabir hiss
edirdi ki, bu, insani yol deyil. Əsl
aşiqlər bu yolun yolçusu olmurlar. Hamı
rəqibi ilə, Cabir isə özü ilə güləşirdi.
Əbəs yerə özünə qalib gəlməyi
ən böyük qələbə saymırlar. O bunu
bacaracaqdımı?
Yerli həkimlər Vasif müəllimin ürəyində
cərrahiyyə əməliyyatı apardılar. Əməliyyat
uğurla nəticələndi. Ayda
xanımın gözəlliyi yenidən özünə
qayıtdı. İş yoldaşları dəstələrə
bölünüb xəstəyə baş çəkməyə
getdilər. Cabirin təklənib dəstələri
tərk etməyi yoldaşlarda şübhə oyadardı.
Bu şübhə olmasın deyə o, var
gücünü toplayıb Vasif müəllimi yoluxmağa gedən
dəstələrdən birinə qoşuldu. Hiss etdi ki,
Ayda xanım da onun hərəkətindən razı qalıb. Vasif müəllim də onu görüb sevindi.
Hətta əvvəlki vədini yada saldı:
- Bir
subayınız var, onu evləndirməyin qayğısına
qalmırsınız. Ayağa duran kimi Ayda
xanımı da yanıma alıb elçilik missiyamıza
başlayacağıq. Belə olmaz axı…
Arzulananlar, dualar həkimlərin zəhmətinə
söykək verirdi. Tanrının da fikri xoşniyyətli
olduğu üçün getdikcə Vasif müəllimin vəziyyəti
yaxşılaşırdı. Həkimlərin dediklərinə
görə, daha bir ay keçəcək, Vasif müəllim
iş yerinə qayıdıb vəzifəsini uğurla davam
etdirəcək.
Birdən
şöbədə gözlənilməz bir hadisə baş verdi. Hərə öz işi ilə məşğul
ikən Ayda xanımın kömək uman nəzərləri
bir-bir iş yoldaşlarının üzlərində gəzdi.
Həmin gün kiçik kollektivin kefi kök
idi. Maaşları ünvanlara
köçürülmüşdü. İşdən
çıxan kimi bankomatdan pullarını ala biləcəkdilər.
Ayda xanım yoldaşlarının maaşla
bağlı sevinclərinə qoşula bilməmişdi.
O, əlində nəsə tutmuşdu.
Nigaranlığını o saat hiss etdilər. Kimsə
qabağa düşüb üzüntünün səbəbini
soruşdu:
- Ayda
xanım, itkiyə məruz qalmış adama
oxşayırsınız. Yoxsa, xoşaglməz
bir hadisə baş verib?
- Hə,
baş verib, - deyə Ayda xanım sağ əlini irəli
uzatdı, bükülü ovcunu açdı. Orada ikiyə
bölünmüş maaş kartı
göründü.
- Niyə
kartı bu hala salıbsınız?
Ayda
xanım baş verəni olduğu kimi dilə gətirdi:
- Əyilib Vasifin ayaqqabılarının
bağını bağlayırdım. Bir də
gördüm bir şey "xırt" elədi. Yadıma düşdü. Maaş
kartımı xalatımın cibinə qoymuşdum. Əlimi atıb götürdüm. Gördüm ki, əyiləndə kart təzyiqə
dözməyib yarı bölünüb. İndi
necə olacaq? Hansı bank onu yeniləşdirəcək?
Doğrusu, bunu bilmirəm. Pula
ehtiyacımız var. Sıradan çıxan kart işini kim tezliklə yoluna qoya bilər?
Kollektivin ən cavan işçisi Cabir idi. Qeyri-ixtiyari
olaraq hamı Cabirin üzünə baxdı. Cabir buna hazır kimi dilləndi. Bu dilləntidə
qarşı tərəfin gözlədiyi mətləbdən
- kart dəyişilməsindən heç bir əsər-əlamət
yox idi:
- Siz Vasif müəllimin qarşısında əyilmişdiniz?
Çoxbilmiş
Ayda xanım Cabirin sözlərini nəyisə
aydınlaşdıracaq adi sual kimi qəbul etdi:
- Hə,
mən onun ayaqqabılarını bağlamaq
üçün…
Cabir
özünü ələ ala bilmədi, kobudluğa yol verib
Ayda xanımın sözünü kəsdi:
- Lap elə
olsun ayaqqabı bağlamaq üçün. Mən
buna texniki məsələ deyərdim. Sizin kimi yüksəkdə
qərar tutan bir qadın… - sözünün gerisini zorla
saxladı. O, Ayda xanıma çatdırmaq istəyirdi ki:
"hamı qarşınızda əyilməli ikən, siz bir
ayaqqabıdan ötrü necə olur ki, ayaqlara qədər
enir, əyilirsiniz? Buna heç kim,
heç bir vəchlə razı olmamalıdır". Bax bunları deyə bilmədi hələ də
aşiqliyindən əl çəkə bilməyən Cabir.
Ayda
xanım sakit ahənglə sevən coşqu dolu qəlbin
havasını almağa çalışdı:
- Əvvəla, xəstə ərimin qulluğunda dayanmaq hər bir həyat yoldaşı kimi mənim vəzifə borcumdan çox, vəfa borcumdur. O, uşaqlarımın atası, mənimsə başımın tacıdır. Bu tacidar bütün mənalarda məni heç vaxt əyilməyə qoymayıb. Bu gün ağır vəziyyətində onun xidmətində durmaqdan - əyilib, ayaqqabılarını bağlamaqdan şərəf duyuram. Mənə əyilməyə imkan verməyənin qarşısında əyilmək nə qədər də xoşdur! Zənnimcə, özünə dəyər verən hər bir ailəli qadın mənim mövqeyimi paylaşar.
Bəs kart məsələsi necə olsun? Qırılmış kart mənəviyyat dərsini keçib işini başa vurmuşdu. İndi qalırdı texniki cəhətdən onu əvəzləmək. Bunu hamı Cabirdən umurdu. Sevgi rinqində məğlub olmuş Cabiri sınmış kartdan çox, sınmış özü düşündürürdü: "Şamın pərvanəsi çox olur. Onlardan biri də mən. Deməli, Ayda xanımı məndən (bizdən) də çox sevən, yüksək tutan varmış. Ona görə də o, Vasif müəllimi heç kimə dəyişmir". O, ayağa durub irəli addım atdı və səsləndi:
- Otağın havası çox ağırdır. Mən təmiz havaya çıxıram. Kartı da mənə verin görək nə edirik.
Gəncə, 15-18 iyun 2018
Qərib MEHDİ
Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.26.