Göygöl  

 

Özbəkistan yazıçısı, əməkdar jurnalist Məmmədqul Həzrətqulovun "Göygöl" əsəri Azərbaycandan bəhs edir. Həmin əsərin birinci hissəsini Azərbaycan dilinə tərcümə edərək "Ədəbiyyat qəzeti" oxucularına təqdim edirik.

Tərcüməçidən

 

I

 

Soçidən qayıdandan sonra Batur hərdəmxəyal, az danışan adama dönmüşdü. İş yerindəkilər, dostları məəttəl qaldılar. "Dincəlməkdən gələn adam nəşəli, möhkəm olmalıydı, Baturda isə bunun əksi...". Bu sözü ona açıq-aşkar deyənlər də oldu. Amma düzü, bir cavab ala bilmədilər.

Gün keçdi, ay keçdi... Baturun hərdəmxəyallığı isə keçmədi. Yavaş-yavaş onun bu halının səbəbi dostlarına aşkar oldu. Onun sözlərinin özü aydınlatdı hər şeyi. Batur əsasən iki mövzuda danışır: Sevgi və Azərbaycan. Dostları  səbəbini təxmin etdilər: "Deyəsən, bu uşaq tətilə gedəndə bir azərbaycanlı qıza aşıq olub".

Batur günlərin birində Bakıdan məktub aldı. Bundan xəbərdar olan həmkarları gümanlarının doğruluğuna inandılar. Bir az məzəli olanları: "Batur, deyəsən, Allah qoysa Bakıya toya gedəcəyik" deyə zarafat da etdilər. Batur bu sözlərə fikir vermədi. Onun ağlı cibindəki məktubdaydı: "Görəsən nə yazıb? Gülgünəmin özü yazıb, yoxsa atası? Gec qaldığından elə bilmişdim heç vaxt cavab gəlməyəcək. Yenə də yazıb...". Məktubu açıb oxumaq istədi, amma otaq yoldaşı çox zəhlətökən olduğundan fikrindən döndü. Düşündü ki, görsə gedib hər kəsdən muştuluq alacaq. "Hələ bunun otaqda rahatca oturmağına bir baxın! Deyəsən, tərpənmək fikri yoxdur?!"- deyə Batur dodağının altında mızıldandı...

Baturun ürəyi çox sıxıldı. Siqaret çəkmək bəhanəsiylə çölə çıxdı. Xəlvət yerə çəkilib tələsə-tələsə məktubu açdı, gözəl xətlə yazılan məktubu həyəcanla oxumağa başladı.

"Batur müəllim, salam! Məktubunuzu aldım, sağ olun! Necəsiniz? Daşkənddə nə xoş xəbərlər var? Mən də, atam da çox yaxşıyıq, hamısı yaxşıdır.

Sizinlə keçən günləri, söhbətlərimizi xatırlayırıq. Sizin şeir oxumağınız mənim çox xoşuma gəlir. Bakıya gəlin. Bizə qonaq olun. Cəlil müəllim sizə çoxlu salam deyir.

Sizə sağlıq, xoş günlər arzulayıram. Sağ olun. Gülgünə".

Məktubu oxuyanda Baturun tükləri biz-biz oldu. Gözünün önündə Gülgünə canlandı. Onun səsi qulaqlarında səsləndi. Dərin ah çəkdi, eyni vaxtda da həm sakitlik, həm sevinc hissini yaşadı.

O gün işdən düz beynəlxalq zənglər mərkəzinə getdi. Gülgünənin məktubuna cavab yazmağa səbri çatmadı, onunla danışmağı çox istəyirdi, onun səsinə həsrət qalmışdı.

Növbətçi bir saat gözləyərsiz - dedi. Razılaşdı. Onsuz da indi səhərə qədər gözləməyə hazır idi. Sadəcə, Bakıyla əlaqə saxlaya bilsə, elə telefondan olsa da Gülgünənin gözəl səsini, şirin dilini dinləsə yetər. Bundan mühüm, bundan ləzzətli, bundan rahatverici nə var ki?! Çölə çıxıb siqaret çəkdi. Cibindən məktubu alıb bir daha oxudu: "Sizin şeir oxumağınız mənim çox xoşuma gəlir". Bu sətirlər Baturun gözünə nur, dilinə rahatlıq, damarlarına qan kimi yeriyirdi.

Kimsənin Azərbaycan dilində danışdığını duydu. Tez ətrafına baxdı. Göyçək bir qız yanındakı oğlana nəsə haqqında yana-yana danışırdı. Onun səsi Gülgünənin səsinə oxşayırdı, ya da burada birdən azərbaycanca söhbət eşitdiyi üçün Baturun ürəyi titrədi.

Həmin vaxt gözləmə zalında növbətçinin "Baku sedmaya kabina. Baku sedmaya kabina" - deyən səsi gəldi. Batur qaça-qaça kabinaya girdi.

...Gülgünə evdə yoxmuş. Cəlil Cəmalzadəylə danışdı...

Yenə də Baturun könlü fərəhləndi. O, min qorxuyla məktub yazmışdı Gülgünəyə. Həmin cavab gəlməyəndə bir az utanmışdı, hətta peşman da olmuşdu. Bu gün isə Gülgünənin məktubu onun əlində idi. Artıq atasıyla da söhbətləşdi.

Sözündən bəlli oldu ki, o da Baturun məktub yazdığından, zəng etdiyindən məmnun qalıb.

Demək ki, istədiyi vaxt məktub da yaza bilər, zəng də edə bilər.

Elə də oldu. O məktublar yazdı. Gülgünədən də cavablar aldı. Bakıdan nə vaxt məktub alsa, o gün Batur üçün bayramdır. Gülgünəylə telefonda, sadəcə, iki dəfə danışa bildi. Onda da qısa salamlaşmaqdan, bir-birini Daşkəndə və Bakıya dəvət etməkdən başqa söz tapa bilmədilər. Batur könlündə bir çox sözlərlə girər kabinə, amma Gülgünənin ürəyi şam kimi əridən sözlərini eşidəndə bütün sözlərini unudar, həyəcan içində qalardı.

Bir il belə keçdi.

O, artıq səbirsizliklə tətili gözləməyə başladı. Kaş bu gün tətilə çıxsa və qanad açıb Bakıya uçsa.

 

***

 

"Daşkənd - Bakı" təyyarəsi səhər açılanda qalxdı.

İllüminatordan dışarıyı seyr edən Batur xəyala daldı. Gözü Daşkəndin göydələn binalarına, bir-birinin dalınca qaçan maşınlara, yeni massivlərdə göbələk kimi parlayan beton evlərə baxsa da, ağıl gözü Xəzər sahilində ellips şəklində uzanan Bakını, onun səs-küylü küçələrini görər, rəssam Cəlil Cəmalzadə və onun qızıyla olacaq görüşünü xəyal edərdi.

Cəlil Cəmalzadəylə bir il əvvəl Soçidə, dincəlmə evində görüşüb. Əslində, onların tanışlığına Cəmalzadənin qızı səbəb olmuşdu.

Batur belə yerlərə ilk dəfədir gəlmişdi. Səhər yeməyini yeyən kimi dənizə qaçır, çiməndən sonra çimərlikdə kitab oxuyurdu. Amma hər gün eyni iş olduğundan, nə qədər maraqlı olsa da, adamı sıxır. Yavaş-yavaş Batur darıxmağa başladı.

Ətrafdakı insanlarla tanış olmaq, söhbət etmək istəmişdi, amma ola bilməmişdi. Sanki hər adamın öz cütü var. Batur kimi yalnız gəzənlər isə az idi.

Bir gün nahar yeməyinə bir az gec qaldı. Mətbəx qapısının cəftəsinə əl uzatmışdı ki, qapı içəridən açıldı, qarşısında bir qız göründü. Batur bu gözəli görən kimi heykəl kimi donub qaldı. Onun zeytun kimi qapqara gözlərini ox kimi kirpikləri elə bil qoruyurdu. Çiynini örtən qara saçları özünə elə yaraşmışdı ki... Belə gözəl, belə yaraşıqlı saçı Batur hələ görməmişdi. Qız onun yanından ceyran kimi səssiz-sədasız keçərkən nəsə dedi. Batur çox həyəcanlandığından onun sözünü başa düşmədi - salamlaşdı, ya da başqa söz dedi - başa düşmədi. Bir əliylə qapı cəftəsini tutub onun arxasınca baxa-baxa qaldı. Əynindəki cins paltar qamətini sərv kimi göstərirdi. Batura elə gəldi ki, koridordan gələn, həyətdəki sərvlərdən biridir, ayaq açıb ona tərəf nazlana-nazlana gəlir.

Stüardessanın səsi onun xəyalını böldü: "Hörmətli pasajirlər! Bizim təyyarə Özbəkistan, Qaraqalpağıstan, Türkmənistan hüdudundan, Aral və Xəzər dənizi üstündən keçib, Bakı hava limanına enəcək".

Baturun sol yanında oturan kök kişi ondan soruşdu:

- Əvvəl də getmisiz Bakıya, qardaş?

- Bəli, olmuşam, - sözünü qısa kəsdi Batur. Amma kök kişinin sualı qutarmadı.

- Mənim birinci dəfə getməyimdir, orada otel məsələsi nətərmiş, bilmirsiniz?

- Bilmirəm, - dedi Batur, - hər yerdə eynidir də!

Baturun tərs danışdığı xoşuna gəlmədi, ya da deyəsən sualı qurtardı, kök kişi susdu. Kresloya rahat uzandı. Vaxt keçmədən onun xorultusu eşidildi. "Çox rahat adammış. Danışan vaxtı yatıb qaldı...". Baturun adəti təyyarədə, avtobusda - nə qədər yol olsa da - yata bilmirdi.

"Bəlkə də bir az belə olması daha yaxşıdır?! Heç nədən xəbərsiz yatacaq".

Bu fikir onun xəyalından keçməsinə keçdi, amma özü heç vaxt buna əməl eləyə bilmədiyini, hətta belə vecinə olmamazlıq adam balasına yaraşmadığını düşündü. Onsuz da onun ən nifrət etdiyi laqeydlik idi. Oğrunu, fırıldaqçını bağışlamaq mümkündür, amma laqeyd adamı bağışlamaq olmaz, - deyirdi. Çünki oğru, fırıldaqçının niyyəti dəqiqdir, adam özünü ona hazırlayır, amma laqeyd adamın məqsədi bəlli deyil, anlamsızdır...

O görüşdən sonra Baturun rahatçılığı olmadı. Yemək vaxtı da, çimərlikdə də o qızı axtarır, amma heç onunla görüşə bilmədi.

Axşam yeməyindən sonra həyətdəki skameykada əyləşib dincini alırdı. Birdən yanından o gözəl keçdi. Onun yanında əlli yaşlarında olan, qalın saçları uzanmış, iti burun, gözləri qartal gözlərinə oxşayan kişi vardı. Batur titrəməyə başladı, ürəyi tez-tez döyündü, qızın, hətta adını bilməsə də yanında kişi olduğuyçün bir az niyəsə narahat oldu. Özünün bu halını özü də anlamadı. "Bəs mənə nə? Axı onu tanımıram, bilmirəm, niyə indi əsəbiləşirəm? Maraqlıdı...".

Kişi Baturun gözünü qırpmadan ona baxdığını hiss elədi deyəsən, yanına gəlib əl uzatdı:

- Salam, siz Özbəkistandansınız?

Onun danışığından bildi ki, azərbaycanlıdı.

- Hə, - dedi Batur, - siz də Azərbaycandansınız?

- Bəli, - O Baturun yanında əyləşdi, o biri tərəfinə isə o göyçək qız oturdu. - Mənim adım Cəlil Cəmalzadə, rəssamam. Sizin adınız nədi?

- Batur... Jurnalistəm.

Cəmalzadə qalın saçlarını barmaqlarıyla arxaya çəkib güldü. Güləndə gözləri yenə də parlayıb söhbətdaşını təqib edən bir şəklə düşdü. Belə gözlərə dik baxmaq çox çətindi.

- Jurnalist? Çox yaxşı, çox gözəl. Mənim jurnalistlərə hörmətim çox böyükdü... Əsərlərinizi bilirəm. Özbəkistanda Azərbaycan ədəbiyyatı və sənəti günləri keçiriləndə açılan sərgidə vardı. Ondan sonra keçən il Bakıya getdiyimdə də Mərkəzi sərgilər zalında görmüşdüm.

- Təşəkkür, təşəkkür...

Söhbətə Gülgünə qatıldı.

- Atamın hansı əsərlərini xatırlayırsız?

Batur bir an özünü itirdi. Yox, o, görməyən əsərlərini gördüm deyə yalan danışmadı. Həqiqətdə Cəlil Cəmalzadə adında rəssamı tanıyırdı. Sadəcə, sərgidə yox, "İsskustvo" jurnalında da bu rəssamın işlərindən numünələr çap edilmişdi. Onun xoşuna gələn şəkillər də yaddaşında idi. İndi qızın sözündən özünü itirdi. Çünki qızın səsi elə mülayim, elə şirindi ki, adamı cadulaya bilirdi.

Cəmalzadə qızını tənbeh etmiş kimi:

- Kişini niyə xəcalətdə qoyursan, bəlkə adını xatırlamır, - dedi.

Batur tez özünə gəldi:

- Yox, elə deməyin, Cəlil müəllim. Yadımdadı, mənim daha çox tarixi əsərləriniz xoşuma gəlmişdi. Habelə, Babək haqqındakı şəkilləriniz hələ də gözümün qabağındadır.

Rəssamın gözü sevincdən parladı. Dodaqları gülümsədi.Təşəkkür etməkdən özünü dayandıra bilmədi.

- Sizə çox təşəkkürlər. Düz deyirsiz.- Sonra qızına dedi.- Gördünmü, əzizim, oğlan hamısını bilirmiş. Yoxsa bizdə hər kəs bilmir. Ya da bilsə də fikir vermir.

- Atamın əsas əsərlərini görmüsüz. Amma yenə bir məşhur əsəri var. "Göygöl". Görmüsüz?

Batur xəyala daldı. Yox, belə əsəri görməyib, ya da yaddaşında yoxdu.

- Onun sözlərinə fikir verməyin. - dedi Cəmalzadə. O əsər hələ sərgidə yoxdu.

...

- Qardaş, su içirsən?

Kök kişinin sualı Baturu xəyaldan ayıltdı. Stüardessa arada su təklif edirdi. Plastmas stəkandan birini aldı.

- Çox hərdəmxəyalsınız, qardaş.- dedi kök kişi. - Hər şey yaxşıdı?

- Təyyarədə başqa nə etmək olar? Xəyal qurarsız, buludlara baxarsız. Sadəcə bu.

- Bakıya əvvəl də getmisizsə bilirsiz, oranın havası nətərdi?

- İstidi, - dedi Batur. - İyun ayı hər yerdə isti olar. Hava bürkülüdü. Çox tərləyəcəksiz. Nəmlik yüksək. Hamamın buğlu yerinə girmiş kimi olarsız.

- Bıy, o vaxtı kef eləyəcəyik haa.

Təyyarənin sərin salonunda tərləyən bu adam Bakıya çatanda nə gündə olacağını Batur gözünün qabağına gətirdi. Bir anda bütün paltarları yağışdan çıxmış kimi olacaq.

- Elə olsa tətildə bura gəlib neyniyirsiz? Soçiyə, ya da Yaltaya gedərdiz də. Ləzzətlə çimib gələrdiz. Cananlar da çoxdu.

"Dəvə hamamı xəyal edərmiş. Qarnını çətin daşıyır, yenə cananlardan danışır".

Baturun dəcəlliyi tutdu. "Gərək bunu bir danışdırım, niyə gedirmiş Bakıya?":

- Ezamiyyətə gedirsiz? - dedi.

Kök kişi ağzını açmadan güldü. Güləndə üzü genişlənib, ağzı yemiş parçası kimi qulaqlarına qədər çatırdı.

- Ezamiyyətdən də mühim iş üçün gedirəm. Toy problemi...

- Əladı ki, - Batur gülərək dedi. - Oğlanı evləndirirsiz?

- Bəli, elə. - Kök kişi oğlundan narazı qalmış kimi danışdı. - özümüzdə qız yoxmuş kimi Azərbaycandan qız alır.

Bu söz Baturu fikrə saldı. "Bir gün mənim atam da kiməsə belə sözlər deyəcək görəsən? Hələ görəsən belə bir iş olacaq, ya yox?".

Hələ heç nə dəqiq deyil, öz-özünə şirin xəyallar qurduğu üçün Baturu gülmək tutdu. Amma belə olmasını çox istədi. Bu istək gözünün qabağında yenə Gülgünəni canlandırdı. "O nə deyəcək? Bəlkə də çoxdan evlənib. Bəlkə də boş xəyallar qurursan... Gülgünə...".

Batur şirin bir hisslə ah çəkdi...

- Oğlunuz nə işlə məşğuldu? Azərbaycanlı qızla necə tanış olub?

- İrriqasiya İnstitutunu qutarıb. İdmançıdır. Müsabiqə üçün gəlmişdi Bakıya. Orada tanış olub. O da idmançıymış. Yox desəm razılaşmadı, - yerində azca tərpənib sözünə davam etdi: - İndiki gəncləri başa salmaq çətindi. Yaxşı, qardaş, çox ağıllı oğlana oxşayırsız, mənə deyin, uzaqdan evlənmək asandı? Nə qədər əziyyət. Ondan sonra gəlini gətirməklə iş qutarmır. Qudalıq, yaxınlıq deyə bir şey var.

Batur adama təsəlli verdi:

- Hamı da Azərbaycandan qız ala bilmir...

... Batur illüminator tərəfə baxıb xəyala daldı. Yavaş-yavaş Cəmalzadə ilə yaxınlaşdı. Artıq onlar tez -tez söhbətləşir, hər axşam kinoya da üçü bir yerdə gedir. Dincəlmə evində sərvlər, maqnoliyalar, söyüdgülü, palmalar, mülayim küləkdə yaşıl məxmər kimi parlayır. Beton plitələr olan yollarda uzaq yeriyib danışırlar. Çimərliyə də birlikdə gedirlər. Rəssamın qızı çimmir, sadəcə, qayıq alıb üzür.

Bir gün maraqlı şey oldu.

Cəmalzadə kişi çimir, Gülgünə də qayıqda gəzirdi. Birdən dalğa başlandı. Beşik kimi dalğa ona dəvə hürgücünü xatırlatdı. Dalğada gah batır,  gah yuxarı çıxır, gözü isə Gülgünədəydi. Onun qayığı dəniz üzərində sanki adi çöp kimi oynayırdı. "Kaş onun qayığı batsa, mən onu qurtarsam". Bu fikir Baturun ağlına hardan, nətər gəldi, özü də bilmədi.

Yox, dalğa dayanmadı. Dalğa gücləndikcə o da ləzzət alır, hava gimnastı kimi qayığını quma oxşayan dalğalar üzərində oynadırdı. Bu da yetmədi, Batura baxıb çığırdı:

- Gəlin bura! Qayığa mindirim? Nə ləzzətlidi bu!

Biabır oldun indi! Nə yaxşı fikrini özündən başqası bilmədi. İnsan bir-birinin ağlından keçəni bilmir. Nə yaxşı! Yoxsa birinin ağlından keçəni başqa birisi bilsəydi, çoxdan insanlar bir-birini qırardı.

Batur hər gün bildirmədən Gülgünəni izləməyə başladı. Onun hər sözünə, mimikalarına, hərəkətlərinə baxırdı. O vaxt bir şeyi hiss elədi. Qıraqdan dəcəl, sevimli, zarafatcıl qızın gözlərində, baxışlarında başqa cür dərd, nədənsə incimək kimi bir duyğu var idi. Bunun sirrini Batur başa düşmür. Soruşmağa cəsarəti çatmır. Sənə nə deyə, ya birdən tərs cavab versə? Biabır olasan. Düzdü, birinin başqasıyla nə işi var?

Bələ utandığı üçün ürəyindəki sualı dilinə çıxarmadı. Amma utanmağın da, səbir-taqətin də bir qədər sərhədi var. İnsan nə qədər öz istəklərini saxlasa da, bir gün əlindən çıxıb gedər. Baturda da belə oldu.

O nahar yeməyindən sonra özü sevdiyi söyüdgülü kölgəsində skameykada kitab oxuyurdu. Beton yolda arvadların ayaqqabısının səsi gəldi. Kitabdan gözünü ayırıb o tərəfə baxdı. Yavaş-yavaş Gülgünə yaxınlaşırdı. O çox pərişan, nəsə haqqında düşünə-düşünə gəldiyi bəlliydi. O hətta qarşısındakı Baturu da hiss etmədi. Birdən salam versəm qorxmasın deyə, Batur yavaş öskürdü. Qız ona baxdı.

- Salam, Gülgünə xanım.

- Salam... siz burdasız?

- Hə, bir az kitab oxuyum deyə, gəlmişdim. Dənizdə dalğa var, çimmək olmaz. Otaqda adam sıxılır. Bura mənim xoşuma gəlir.

Gülgünə yanında əyləşdi.

- Yaxşı yermiş. Sakit. Bu necə bir ağacdı?

- Qoxusu qəşəngmiş.

- Oleandr, yəni söyüdgülü. Qoxusu mənim də xoşuma gəlir. Bilirsiz, bizim tərəfdə ərik olur, yaxşı yetişəndə belə qoxu verir. Söyüdgülü qoxusu onu xatırladır.

- Düz deyirsiz, - dedi. Gülgünə söyüdgülünün bir dalını əyib qoxlarkən, - bizdə də var belə meyvə, biz ərik deyirik.

- Özbək diliylə Azərbaycan dilinin fərqi çox azdı. Kökü bir çünki. Bilirsiz, bir vaxtlar azərbaycanlılar Əlişir Nəvaini, özbəklər Füzulini tərcüməsiz oxuyublar. İndi də Füzuli qəzəlləri bizdə məşhur. Füzuli qəzəlləriylə oxunan çoxlu mahnılarımız var.

Gülgünə Baturun sözünü kəsdi:

Nizami balından halva bişirmiş

Nəvai zəbt edib türk cahanını.

 

Bir dəfə əlindən buraxmış özbək?

Özün de, Füzuli yazan divanı.

 

Əzizim, dilimdə saxlamışam

Nəsimidən qalan sabit imanı.

 

Vurğunun şeiriylə can atsa özbək,

Azər əsirgərmi Qafurdan canı.

 - demişdi sizin Əbdullə Aripov adlı şairiniz.

Batur məəttəl qaldı. "Doğrudan bu qız özbək şeirlərini bilir? Qıraqdan şeir oxuyan qıza oxşamır axı".

Fikrini də ona dedi.

- Oxumuşam, - o, gülərək dedi. - Düzdü, çox yox. Amma özbək şairlərinin bəzi əsərlərini oxumuşam.

- Bağışlayın, bir sualım var, əgər sirr deyilsə, sizin peşəniz nə?

Gülgünə mənalı güldü.

- Sirr deyil. Yaxında pedaqogikanı qutardım, filologiya fakültəsini.

- Eləmi? Ona görə şeirlərlə maraqlanırsız demək. Atanızın izindən getməmisiz. Ya da ananızın peşəsini seçdiniz?

Qız susdu. Onun üzü ciddiləşdi, bir az üzüldü. Deyəsən, Baturun sözləri onun xoşuna gəlmədi.

- Onun da, bunun da izindən getməmişəm. Öz yolumu tapmaq istədim, öz izimi buraxmaq istədim. - Onun sözləri ciddi, zarafatsızdı.

- Gözəl, - dedi Batur. Bildi ki, söhbəti belə davam etdirmək olmaz. Mövzunu tez dəyişdirmək lazımdır. - Cəlil müəllim hardadı?

Qız yerindən durdu, dəniz tərəfə baxıb qollarını açdı.

Ümmanı qucaqlamış kimi halı vardı.

- Kim bilir, haralardadı. Etyudnikini alıb çıxmışdı. Buralarda yaxşı peyzaj çəkmək olarmış. Səhərdən-axşama qədər düşündüyü əsərlərdir, mən ağlına belə gəlmirəm.

Demək bu üzdən o çox vaxt yalnız gəzirmiş. Bəlkə, üzündəki dərdin səbəbi də budur.

- Belə yerlərə gətirdiyi sizi düşünməsi deyil? Gəzməyə çoxları arvadını aparır. Qızını, ya da oğlunu aparanlar çox az.

Gülgünə Batur tərəfə baxıb, birdən sual verdi:

- Evlisiz?

- Yox, - Batur onun məqsədini başa düşmədi.

- Əvvəl evlənin, sonra arvadın dəyərini biləcəksiniz. İndi belə söhbətləri danışmayın. - Onun sözləri niyəsə əsəbiydi.

Qızın bu sözləri Baturu daha təəccübləndirdi.

- Mənə baxın, mənim sözümdən incimisiz? Nə olar, xətrinizə dəyməsin. Mənim xasiyyətim belə, bəzən kimin kim olduğuna baxmadan açıq danışıram.

Batur onun yanaqlarına, gözlərinə baxdı. Guya indi dənizə baxıb danışan qızla yanında oturan qızın ikisi bir adamdı, ya da başqa-başqa adamlardı - bilmək istəmiş kimi yaxşı baxdı. O, həyatında birinə, hələ qızlara belə uzaq baxmayıb. Bunu Gülgünə də hiss etdi deyəsən, - niyə belə baxırsız, - dedi. Ondan sonra özünə gəldi.

- Bağışlayın, elə-belə xəyala dalmışam.

Bu vaxt divar kimi qalın ağaclar arasındakı yol başında Cəmalzadə göründü. Onu Gülgünə görmədi.

- Atanız gəlir, - dedi Batur.

Qız əvvəl qızardı, sonra tez özünə gəldi.

Cəmalzadə onlara yaxınlaşanda dedi:

- Bunlara bax, burada oturmusuz demək ki. Mən bayaqdan bəri sizləri axtarıram hara getdi deyə. Nətərsən, Batur?

Bu sözdən Batur yenə şübhələndi. "Bir az əvvəl qızı atam işləyir demişdi. Atası isə sizləri axtarıram deyir. Əlində etyudnik də, qələm də - heç nə yoxdu. Hansı birinin sözünə inanmaq olar?".

...Stüardessanın tanış səsi gəldi: "Hörmətli pasajirlər! Kresloları vertikal hala getirmənizi, kəmərləri bağlamağınızı xahiş edirəm. Təyyarəmiz enməyə başladı. Yarım saat sonra Bakı aeroportuna enir. Bakıda hava durumu 25 dərəcə istidir".

- 25 olsa o qədər də isti deyilmiş axı, - dedi kök kişi.

Batur heç nə demədi. Amma öz-özündə fikirləşdi: "Hə, isti deyil. Hələ aşağı düşək, görərsən isti olmadığını. Daşkəndin qırx dərəcəsiylə buranın otuz dərəcəsi eyni".

Təyyarə tezliklə aşağı enir, Batur illyuminatordan gözünü çəkmədən ətrafı tamaşa edirdi. İndi dəniz görünəcək... Dəniz də göründü, Kaspi - Xəzər dənizi, bəhri Xəzər. Niyə onun adını dəyişiblər? Özünün adı gözəldi axı - Xəzər dənizi.

Batur dənizə həvəslə baxdı. Dəniz parlayıb sonra donmuş kimi, tərpənmir. Əslində, aşağı çox dalğalı bəlkə də. Bax, o hər yerdə pambıq kimi ağappaq olan dalğanın köpüyü.

Təyyarə getdikcə aşağı enir. Guya dənizə enəcək kimi görünür. Baturun çiyninə başını qoyub dışarı baxan kök kişi dik atıldı, bıy, dənizə enir deyəsən, - dedi. Batur ona baxıb özünü gülməkdən saxlaya bilmədi.

- Niyə gülürsən, qardaş? Bax, dənizə bir addım qaldı axı, - dedi. Onun sözlərində həqiqi qorxu bilinirdi.

- Qorxmayın, əmi, suya düşmür. Sizə elə görünür, hələ biz yuxarıdayıq.

Batur sözünü qurtarmadan təyyarə dəniz üzrə keçdi, aeroport sərhədinə girmişdi, öz yeminə atılmış qartal kimi yerə tezliklə yaxınlaşırdı. Vaxt keçmədən təkərləri yerə toxunub təyyarə bir silkələndi, səsi də dəyişdi: adam nəfəs almadan ağzını açıb uzaq vaxt o-o-o desə, sonra birdən nəfəs alsa səsi necə dəyişirsə, təyyarə də buna oxşayır. Yerə enənə qədər vızıldayıb gəlir, təkərləri yerə toxunan vaxt yüngül nəfəs almış kimi səsi birdən dəyişir. Səs dəyişən kimi insanlar da rahatlaşırlar. Sərnişinlər özləri də hiss etmədən təyyarənin motoruyla birlikdə  əsəbi halda olurlar.

"Tu-154" gördünmü, Daşkənd kimi yerdən bu qədər adamı alıb gəldim demiş kimi hava limanında bir fırlandı və bir qıraqda dayandı.

Təyyarə pilləkənindən aşağı düşən kimi burnuna neft qoxusu, nəm hava üzə vurdu. Elə bil nəfəs almaq çətinmiş kimi. Bayaqki kök adam pinqvin kimi pilləkənlərdən düşdü, düz Baturun yanına gəldi.

- Qardaş, iyirmi beş demişdi, qıraqdan çoxdu axı. Nəfəs almaq olmur. Bu qoxlayan şey nedir?

Batur güldü.

- Neftin qoxusu gəlir.

- Şəhərdə də belədi?

- Orada burdan betərdi. Şəhər dəniz qırağında yerləşib. Bura daha dənizdən uzaqdır.

Avtobus onları hava limanı binası tərəfə götürdü. Çamadanlar gələnə qədər Batur telefon kabinasına girdi.

- Alo, Cəlil müəllimin evidi?

Dəstəkdən tanış səs gəldi:

- Bəli.

- Telefona çağıra bilərsiz?

- Bir dəqiqə.

Bu Cəmalzadənin qızıydı. Batur onun səsini tanıdı. Tanıdı, amma çox həyəcanlandı. Demək ki, qız özü də burdaymış... Gülgünə! Onun danışığı, səsi Baturun qulağına möhürlənmişdi. Deyəsən o tanımadı. Hardan tanısın?!

- Alo.

Baturun gözünün qabağında Cəlil Cəmalzadənin cəngavər qiyafəsi canlandı.

- Salam, Cəlil müəllim. Bu mənəm - Batur.

- Batur?! Necəsən, Batur? Hardan zəng vurursan?

- Hava limanından. İndi gəlmişəm.

- Mənə bax, orada qal, mən indi gələcəm.

Lazım deyil, özüm şəhərə gələcəm, demək istəyirdi, amma yetişə bilmədi, Cəmalzadə telefonun dəstəyini qoydu. Batur Cəmalzadənin hərəkətlərini xatırlayıb güldü, telefon budkasından çıxıb  yükləri verən otağa tərəfə getdi...

 

Məmmədqul  HƏZRƏTQULOV

 

Tərcümə etdi: Şahista Kamranlı

 

Ədəbiyyat qəzeti.- 2018.- 3 noyabr.- S.28-29.