Qocaman institutun gənclik
ruhu
Elmsiz
inkişaf yoxdur! Bu, az qala, dünya
yaranandan bilinən bir həqiqətdir. Dünyanı
qısa bir vaxt ərzində, yəni cəmi bir neçə
min ildə ilksəl düşüncə və yaşam tərzindən
çağımızın möcüzəyə bənzər
mürəkkəb texnika və texnologiya şəbəkəsinə,
kainata uzanan araşdırma qüdrətinə yetirən
elmdir.
Söz yox, bu gəlişmədə yükün
ağırlığını təbii və ya dəqiq elmlər
daşımışdır. Buna görə də
bilik aləmində, təhsil sistemində bəzən humanitar
elmlərin yetərincə dəyərləndirilmədiyi
hallarla da qarşılaşırıq.
Bunun kökündən yanlış bir yanaşma
olduğunu sübuta ehtiyac yoxdur, çünki əslində,
yalnız elmin əsl mahiyyətini, tarixin inkişaf məntiqini
və fəlsəfəsini bilməyən adamlar dəqiq elmlərlə
humanitar elmlərin bir-birinə nə qədər bağlı
olduğunu, bir-birinin inkişafına təməldən necə
yardım etdiyini görməyə bilərlər.
Humanitar
elmlərin önəmini azaltmaq, bu sahəyə ikinci dərəcəli
bir iş kimi baxmaq meyilləri bizdə də olmuşdur.
Elmin maliyyələşdirilməsi məsələsi
gündəmə gələndə Elmlər Akademiyası və
humanitar institutların xidmətini dərk etməyənlərin
tərəddüdləri dediyimizin təsdiqidir.
Vaxtilə
müstəqil dövlətin və millətin
inkişafında elmin müqayisəsiz rolunu anlamayanların
bütünlüklə Milli Elmlər Akademiyasının fəaliyyətini
şübhə altına almaq və bu sahəni universitetlərə
daşımaq çağırışlarını da
eşitmişik. Halbuki, bir çox dövlətlərin
elmə bizdən 8-10 dəfə artıq vəsait
ayrıldığını də bilirik və
inkişaflarını məhz elmə bu cür
yanaşmalarına borcludurlar.
Eyni yolu
biz də keçməliyik və nə qədər qəribə
görünsə də, ilk növbədə,
humanitar elmlərimizin inkişafı qayğısına
qalmalıyıq.
Bunun bir
çox səbəbi var: birincisi, dəqiq elmlərin hər
bir sahəsi artıq
ayrı-ayrı dövlətlərin monopoliyası olmaqdan
çıxıb; axtarış, inkişaf müxtəlif
ölkələrdə paralel gedir və əldə olunan nəticələr
tezliklə Yer kürəsinin ümumi malına çevrilir;
bizim kimi ölkələrin bu elmlərin inkişafına
qatqısı o qədər böyük deyil, bir daha çox
köməkçi mövqeyindən çıxış
edirik. Söz yox, bəzən istisnalar da olur.
İkincisi, texniki elmlərin dili ümumidir, fiziklər,
riyaziyyatçılar, kimyaçılar ümumi bir gəlişmə
səviyyəsinə əsaslanaraq çalışırlar və
bizim axtarışlarımızın sonuclarından
asılı olmayaraq dünya bu elm sahələrini irəli
aparır.
Lakin humanitar elmlərimizin taleyi bütövlüklə
bizim özümüzdən asılıdır. Dilçilik, ədəbiyyatşünaslıq,
tarix, etnoqrafiya və s. elmlərimizi biz özümüz
yazmalı, özümüz araşdırmalıyıq. Nəzərə almalıyıq ki, uzun müddət
bu elm sahələrinin də taleyi bütövlüklə
bizim əlimizdə deyildi, tədqiqatlar bəlli imperiyanın
marağına xidmət edirdi, bəlli ideoloji sistemin prinsiplərindən
kənara çıxa bilməzdi. Mənəvi
dəyərlərimizi onu görməzdən gələn,
inkar edən, saxtalaşdıran, əzib məhv etməyə
çalışanların istəyinə və tələbinə
uyğun araşdırmalı və təqdim etməli idik.
Dilimiz, ədəbiyyatımız
və tariximiz bu yanaşmanın ağır zərbələrini
alıb;
yaralarımızı sağaltmaq, yanlış nəzəri
qəliblərdən xilas olmaq və öz ruh aləmimizə
qayıtmaq yüksək hazırlıq, dərin elmi
düşüncə və əzmkarlıq istəyir.
Azərbaycanın humanitar elmləri indi bu yoldadır.
Tələbəlik
illərimdən başlayaraq "Ədəbiyyat və incəsənət"
qəzetində ədəbi işçi, sonra
"Yazıçı" nəşriyyatında naşir,
sonra Mətbuat və İnformasiya naziri, 25 il millət vəkili
olsam da, Azərbaycanın Milli Elmlər Akademiyası mənə
həmişə doğma olub, bura öz evim, ocağım,
fikrimizin zirvəsi, məbəd kimi baxmışam.
Dil və
ədəbiyyat
institutları ayrılmazdan əvvəl Nizami
Muzeyinin üst qatında yerləşirdi və mənim orta məktəb
müəllimim də oranın aspirantıydı, ara-sıra
onun yanına gedib-gəlirdim. Bu, mənim
Akademiyanın elmi instutları ilə ilk
tanışlığım idi. Sonra "Sabir poeziya
günləri"ndə ilk şeirlərimdən birini dinləyən
Nizami Muzeyinin direktoru, professor Abbas Zamanov məni muzeyə
çağırıb söhbət etdi, tez-tez
görüşdük və demək olar ki, dostlaşdıq.
Lakin Akademiya ilə əsl bağlılığım
universiteti bitirəndən sonra başladı. "Ədəbiyyat və
incəsənət" qəzetində ara-sıra kitablar haqqında
resenziyalar, ədəbi mühitimiz haqqında məqalələr
yazırdım, qəzetə gələn tanınmış
yazıçılarla, ədəbiyyatşünas alimlərlə
görüşürdüm...
Universiteti fərqlənməylə bitirdim. Günlərin birində
işlədiyim şöbənin müdiri, şair-tənqidçi
Ayaz Vəfalı mənə dedi ki, Ədəbiyyat
İnstitutunun folklor şöbəsinin müdiri, professor Məmmədhüseyn
Təhmasib səni yanına çağırır, get
görüş. "Yəqin, qəzet
üçün yazı hazırlayacağam!" - deyə düşündüm və
Akademiyanın indiki binasında Təhmasib müəllimi tapdım.
Yazı verən adama oxşamırdı; məni institutun
direktoru, professor Mirzəağa Quluzadənin yanına
apardı və "Mirzəağa müəllim, mən
Sabirin "Ədəbiyyat və incəsənət" qəzetindəki
yazılarını izləyirəm, istedadlı
oğlandır, onu bizim şöbənin
aspiranturalığına məsləhət bilirəm", -
dedi. Mirzəağa müəllim: "Mənə də rast gəlib
yazıları, bizim müdafiə edənlərimizin
adını illərlə mətbuatda görmürük, amma
bunun qələmi işləyir, yoxsa tənqidçidir,
etirazım yoxdur" - deyə razılığını
bildirdi.
Beləliklə, mən payız imtahanlarında ədəbiyyat
və fəlsəfədən əla, xarici dildən
yaxşı qiymət alıb, aspiranturaya girməyə ən
real namizədlərdən biri oldum. Beş nəfər imtahan versə də
yalnız bir nəfərin qiyməti mənimlə bərabər
idi: şair Zeynal Xəlilin oğlu Rzanın. İnstitutdakı
qohumlarının ona kömək elədiklərini bilirdim.
Buna baxmayaraq, məni
də kənarda qoymaq istəmirdilər. İş
mürəkkəbləşdi, axırda Mirzəağa müəllim
bizi Akademiyanın Rəyasət Heyətinə, humanitar elmlər
üzrə vitse-prezident, Akademik Məmməd Arif Dadaşzadənin yanına apardı.
Məmməd Arif sənədlərlə tanış
oldu, bizi danışdırdı və qərarını
verdi: bir aspirant yerimiz var, o da Sabirindir, çünki həm fəlsəfədən,
həm ədəbiyyatdan əla alıb. Rza bu fənlərin
birindən dörd alıb, onu da götürmək istəyirsinizsə
yaz üçün ayrılmış bir aspirant yerini irəliyə
çəkməyimizə icazə verərik.
Bu gün
Nizami adına Ədəbiyyat İnstitutuna
rəhbərlik edən akademik İsa Həbibbəyli ilə də
o vaxt, birgə oxuduğumuz illərdə
dostlaşmışdıq. O vaxtdan mən həmişə
özümü, harda işləməyimdən asılı
olmayaraq, həm də Ədəbiyyat İnstitutunun əməkdaşı
sayıram.
Yazıçılar
İttifaqındakı, onun orqanı olan "Ədəbiyyat və
incəsənət"dəki mühitlə, Nizami adına Ədəbiyyat İnstitutunun mühiti
bir-birindən fərqliydi. Qəzetdə
mübahisə və müzakirələrlə dolu olan
canlı bir həyat vardı. Tanınmış
şair və naşirlərimizin, sənət
adamlarının bir ayağı qəzetdəydi; həftənin
bir gününü mətbəədə keçirirdik.
Ədəbiyyat İnstitutunda isə doğrudan
da bir məbəd sakitliyi vardı. Ədəbi tənqidin
və ədəbiyyatşünaslıq elmimizin nəhəngləri
olan Mirzəağa Quluzadə, Məmməd Cəfər, Məmmədhüseyn
Təhmasib, Kamal Talıbzadə, Yaşar Qarayev, Əziz Mirəhmədov,
Bəkir Nəbiyev, Qasım Qasımzadə...
Bu adlarsız bugünkü ədəbiyyatşünaslıq
elmimizi təsəvvür etmək olmaz. Bu adamların və
onların yolunu davam etdirən, sonralar elm sahəsində yüksələn gənc
alim və aspirantların institutda toplanması təsadüf
idi, yoxsa ciddi bir seçimin nəticəsiydi, - deyə bilmərəm.
Daxildəki münasibətlər məni az
maraqlandırırdı; çünki onların hamısı mənim
gözümdə sanballı və dəyərli adamlar idi.
Ali məktəblərdə çalışanların
normal olmayan yüksək dolanışığı və
imkanları ilə müqayisədə çox ciddi şərtlər
altında, ehtiyac içində yaşayan bu insanları mən
əsl elm fədailəri hesab edirəm.
Ədəbiyyat İnstitutunun bizim ictimai fikir tariximizdəki
yerini dəyərləndirmək üçün əsrin
20-30-cu illəri ilə indiki günlərimiz arasında
müqayisə aparmaq yetərlidir.
Firidun bəy Köçərlidən, Əli Nazimdən
Əmin Abiddən bu günə ədəbiyyatşünaslığımızın
keçdiyi yol - sözün əsl mənasında, nəhəng,
inanılmaz bir yüksəliş yoludur.
Ədəbi
tənqid, folklorşünaslıq, mətnşünaslıq, ədəbi
əlaqələr, ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat
tarixi, müasir ədəbiyyat... demək olar ki, bu illərlə
doğulub formalaşmış sahələrdir və institutda bu
araşdırma yönlərinin təməli qoyulmuş, nəzəri
əsasları hazırlanmışdır..
Klassiklərimizin
əlyazmalarının axtarılıb üzə
çıxarılması, incələnməsi, nəşri,
ədəbiyyatımızın
dövrləşdirilməsi, təxminən 1500 ildə
bədii sözümüzün yaratdığı müxtəlif
nəzəri-fəlsəfi fikir axınları; ədəbiyyatımızın
qonşu xalqların ədəbiyyatları ilə əlaqələri
- bunlar hamısı birbaşa Nizami adına Ədəbiyyat
İnstitutunun ardıcıl elmi fəaliyyətinin bəhrəsidir.
Ədəbiyyat
İnstitutunun gördüyü iş, yalnız bir elmi
axtarış və nəzəriyyə işi deyildir; həm
də ümummilli təfəkkürün, əxlaq və mədəniyyətin,
milli şüurun formalaşmasında böyük rol oynayan
siyasi, ictimai və vətəndaşlıq işidir.
Millət
yetişdirdiyi insanların tarix boyu hansı söz
möcüzələri yaratdığını eşitdikcə,
bildikcə, öz ədəbi-bədii irsinin nə qədər
zəngin olduğunu dərk etdikcə, böyük yazarlarının
əsərlərini oxuyub, onların dünyada nə boyda təsir
buraxdığının şahidi olduqca mənən böyüyür
və dünya xalqları arasında başıuca gəzir.
Ədəbiyyatşünaslıq elminin nəticələri
bu gün həm təhsilimizin, həm milli ideologiyamizin əsasında
dayanır.
Mirzəağa
Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov,
Yaşar Qarayev, Bəkir Nəbiyev... Ədəbiyyat
İnstitutunun direktorları həm alim, həm insan kimi ən
yüksək hörmətə layiq adamlar olublar. Bu gün onların yolunu akademik İsa Həbibbəyli
ləyaqətlə, yüksək peşəkarlıqla,
tükənməz enerji ilə davam etdirir.
Ədəbiyyat İnstitutu İsa Həbibbəylinin
doğma ocağıdır. Orda müdafiə edib,
Naxçıvan Universitetinin rektoru olanda da institutla əlaqələrini
heç vaxt kəsməyib.
Bakıya gələndə onun görüşünə
tələsdiyi, vaxtının azlığına-çoxluğuna
baxmadan əhvalını öyrənməyi özünə
borc bildiyi insanlardan biri, bəlkə də birincisi akademik Məmməd
Cəfər idi.
O, Məmməd
Cəfəri də, Cəlil Məmmədquluzadə kimi, millətin mənəvi
dünyasının memarlarından biri kimi, ata kimi, ruh qohumu
kimi sevirdi. Bu, həm də onun Ədəbiyyat
institutuna münasibətindən irəli gəlirdi.
Beləlikə, tale gənclik dostum İsa Həbibbəylini
Naxçıvandakı uzun pedaqoji və quruculuq fəaliyyətindən
sonra yenidən Akademiyaya, Ədəbiyyat İnstitutuna
qaytardı.
"Quruculuq
fəaliyyəti"ni özəlliklə
vurğulamağım səbəbsiz deyil.
İsa Həbibbəyli
zorla, başqalarının köməyi ilə bir dissertasiya yazıb müdafiə etməklə
vəzifəsini bitmiş sayanlardan fərqli olaraq,
Naxçıvanda yaşaya-yaşaya Bakının elmi-ədəbi
mühiti ilə həmişə bağlı olub, mətbuatda
ardıcıl çıxışlar edib, illər boyu ədəbiyyat
mərkəzlərinin xəbərsiz olduğu mətnləri,
əlyazmalarını, klassiklərimizin adı və
yaradıcılığı ilə bağlı mühüm
bilgiləri, insanları tapıb üzə
çıxarıb, ardıcıl şəkildə kitablar nəşr
etdirib. Bir insanın öz mühitində ən
yüksək elm və şöhrət zirvəsinə
yüksəlməsi üçün bunlar da bəs edərdi.
Lakin İsa
Həbibbəylinin başqa həmkarlarından fərqi həm
də elmin və pedaqoji işin çox bacarıqlı bir təşkilatçısı
olmasıdır. Bu da özəl bir istedad və
qabiliyyətdir. İsa Həbibbəyli fitrətdən
gələn bir quruculuq eşqi və fədakarlıqla
Naxçıvan Dövlət Universitetində bir örnək
yaratdı. Rektorluq illərində o, Naxçıvan
Universitetini respublikanın mühüm milli-mənəvi,
ictimai-fikir mərkəzlərindən birinə çevirdi,
bir neçə köhnə binada yerləşən ali məktəbin yerində əsl universitet
şəhərciyi qurdu və bu universitetlə yaxın-uzaq
ölkələrin universitetləri ilə sıx əlaqələr
yaratdı. Çətin şəraitdə onun
başçılıq etdiyi təhsil ocağı
Naxçıvan gənclərinin cazibə mərkəzi oldu və
onların təhsil alıb, doğma ocaqlarına əbədilik
bağlanmalarına şərait yaratdı.
O vaxt
Naxçıvan Respublikasına yolu düşən hər kəs
bunun şahidi olmuşdur.
İsa Həbibbəyli və onun həmkarlarının
Naxçıvanda yaratdıqları elm və təhsil
mühiti sayəsində burada heç vaxt özünü əyalətdə
hiss etmirsən; Naxçıvan həmişə ölkəmizin
ən mühüm elm, təhsil, mədəniyyət,
iqtisadiyyat mərkəzlərindən biri olaraq qalıb.
Həmin quruculuq havasını, elmimizin, təhsilimizin, mədəniyyətimizin,
dövlətçiliyimizin inkişafı yolunda heç bir fədakarlıqdan
çəkinməmək vərdişi və xarakteri sonra
İsa Həbibbəylini Bakıya, Milli Elmlər
Akademiyasına gətirdi. Onun Nizami adına
Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti
olduğu illərdə gördüyü işlərin
hamısını sadalamaq imkan xaricindədir. Bunu
Akademiyanın işçiləri daha yaxşı bilirlər.
Lakin bu şey
mübahisəsizdir. Onun gəlişi ilə
Akademiyaya yeni hava gəldi; Nizami adına Ədəbiyyat
İnstitutunda yeni şöbələr yaradıldı,
institutun əlaqələri genişləndi, burda ədəbiyyatın
canlı havası gücləndi və institut ölkəmizin
siyasi, ictimai, mədəni həyatı ilə daha sıx
bağlandı; çağdaş ədəbiyyatımıza
diqqət artdı və nəhayət, müstəqillik
dövrü ədəbiyyatı haqqında ikicildlik tədqiqat
hazırlanıb nəşr edildi. İnstitut ölkənin ali qanunvericilk orqanı və beynəlxalq
parlament sistemi ilə əlaqələr yaratdı.
Bütün bunları
birbaşa akademik İsa Həbibbəylinin xidmətləridir.
İsa Həbibbəylinin şəxsi təşəbbüsü
ilə ədəbiyyat tariximizin dövrləşməsinin
yeni konsepsiyası hazırlanmış, bu konsepsiya əsasında
"Azərbaycan Ədəbiyyatı tarixi" oncildliyinin ilk
cildi çapdan çıxmışdır.
Ədəbiyyat İnstitutunun yubileyi ərəfəsində
humanitar elmlərimiz qarşısında duran vəzifələrdən
də danışmaq olardı. Ədəbiyyat tariximizin daha dərindən
öyrənilməsi, qədim əlyazmaların toplanması və
nəşri, bu məqsədlə mütəxəssislərin
yetişdirilməsi, türk dünyası ədəbiyyat
tarixinə ortaq baxış və bu sahədə mövcud
olan sorunların çözüm yolları üçün
proqramların və kadrların hazırlanması...
Məncə, İnstitut öz yubileyini ciddi
yaradıcılıq uğurları ilə
qarşılayır. Bizə uğurlar diləmək qalır...
Sabir Rüstəmxanlı
Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S.8-9.