İdrak və intellekt
məbədimiz:
bura Vətəndir!
Ötən
həftə noyabrın 1-də Azərbaycan mifologiya məktəbinin
qurucusu Mirəli Seyidovun 100 illiyi ilə bağlı tədbirə
Fəxri Xiyabana getməklə, ustadın qəbrini ziyarətlə
başladıq. Bu bizdə artıq ənənə
halını alıb. İsa Həbibbəyli
dünyasını dəyişmiş insanların yubiley tədbirlərinə
həmin şəxsin qəbrini yad etməklə, ruhuna dualar
oxumaqla başlayır. Gözəl jestdir, deyilmi? Axı Ədəbiyyat
İnstitutunun elmi arsenalını, güc bazasını
yaradan alimlərin bir qismi artıq ordadır - Fəxri
Xiyabanda... Hər dəfə Fəxri Xiyabana gedəndə qəribə
hisslər yaşayıram. Nəsə ayrı huzuru var
buranın. Doğma, həzin, insana aqibət duyğusu
aşılayan... Bunun niyə belə olduğu haqda
düşünürəm. Səbəb özümə
aydındır əslində: orda yatanlar bizim bir parçamızdır.
Ömürlərini ədəbiyyatın, ədəbiyyatşünaslıq
elminin öyrənilməsi yolunda fəda edən böyük
kişilər... Onlar indi həyatda yoxdur. Amma bir zaman
vardılar. İnstitut dəhlizlərində şaqraq
gülüşləri, atmacaları, zarafatları, iclaslarda
qızğın mübahisələr yaratmaq şövqü
ilə gözlərim önündədirlər hələ də.
Unudulmaz Yaşar Qarayev, Kamal Talıbzadə, Şamil Salmanov,
Nazif Qəhrəmanlı, Arif Əmrahoğlu, Aydın
Dadaşov, Vəli Osmanlı, Bayram Ağayev,
dünyasını bu yaxınlarda dəyişmiş Zaman
Əsgərli... Hər biri gülüşü,
baxışı, danışıq ədası ilə
yaddaşımdadır. Yaxud elə onların xatirələrindən
boy verən Abbas Zamanov, M.C.Cəfərov, M.A.Dadaşzadə,
Əziz Mirəhmədov sevgisi, nisgili, göynərtisi... Cavid demiş, "Hey fələk,
keçdi zaman dalğa kimi"... O qəbirlər indi o
dünya ilə bu dünya arasında mediumluq edirlər
sanki. Nə yaxşı var
idiniz deyirəm, nə yaxşı ki, hələ də
varsınız!
Onların
mənəvi diriliyini bu gün - Ədəbiyyat İnstitutunun
85 illik yubiley təntənəsini
yaşadığımız ab-havada daha dərindən hiss
edirik. Bu alimlərin qoyduqları irs bizim üçün ədəbi
yaddaşdır, bu irsdə qüdrətli alimlərimizin ədəbi
taleləri və tarixləri yaşayır. Öz
yaradıcılığı ilə müəyyən epoxa təşkil
edən bu ədəbiyyatşünaslar, hansısa
dövrün ədəbi proseslərinin təşəkkül,
axtarış və uğurlarını təmsil edən
simadırlar.
Onlar,
ilk növbədə, ədəbiyyata sevginin, sədaqətin
sabitliyi ilə dəyərli idilər. Bütün çətinliklərə
baxmayaraq, institut şöbələrinin bir hücrəsinə
sığınıb fədakar bir yolun yolçusuna
çevrilməklə qürur duyurdular. Etiraf edim ki, bu,
yalnız onların özlərinə deyil, elmə ilk
addımlarını atan biz gənclərə də stimul verəcək
amil idi. Bu mənada, bu dəyərli alimlərdən yalnız
elmi biliklər əxz eləmədik, ədəbiyyat
sevdasına tutunmağın necə əvəzsiz bir duyğu
olduğuna inanaraq yola çıxdıq.
M.C.Cəfərovun
"Azərbaycan romantizmi", Mir Cəlal Paşayevin "Azərbaycanda
gdgbi məktəblər", K.Talıbzadənin "Azərbaycan
ədəbi tənqidinin tarixi", Y.Qarayevin "Realizm: sənət
və həqiqət", Şamil Salmanovun "Azərbaycan
sovet şeirinin ənənə və novatorluq problemi",
"Müasir Azərbaycan ədəbi tənqidinin təşəkkülü
və inkişaf meyilləri", Nizaməddin Şəmsizadənin
"Azərbaycan ədəbiyyatşünaslığı",
Akif Hüseynovun "Nəsr və zaman", Nazif Qəhrəmanlının
"Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf,
dövrləşdirmə problemləri" kimi fundamental tədqiqatları
ərsəyə gəlməsəydi bu gün elmin
özündə nə qədər boşluq yaranardı. Bu gün həmin kitablar sayəsində
XX əsrə tarixi-tipoloji vahid olaraq bütöv, sistemli nəzər
yetirə bilirik. XX əsrin immanent inkişaf
qanunauyğunluqları məhz bu tədqiqatlarla bünövrə
tapmışdır. Bu insanların hər birinin ömür
yolu, yaradıcılığı ədəbiyyatşünaslığımızın
tərcümeyi-halını təşkil edir, ümumilikdə
ədəbiyyatımızın keçdiyi yol, onun təşəkkül
və inkişaf mərhələləri haqqında təsəvvür
yaratmağa geniş imkanlar açır.
85
illik bir zaman... Bu zaman kəsimində
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu cəmiyyətin
özündə gedən proseslərlə sinxron müstəvidə
dəyişən, inkişaf edən, yeni mərhələlərə
və üslubi meyillərə keçidi hazırlayan və
icra edən, yeni tipli estetik məzmuna malik dünyagörüşün
formalaşmasında rolu olan Elm Məbədi kimi
özünü təsdiq etdi. Zarafat deyil, 85 ilin, az qala bir əsrə
sığışmağa az qalmış dövrün təlatümlərini,
ağrılarını və sevinclərini daşıyır
özündə. Cəmiyyətin bütün meridianları
Ədəbiyyat İnstitutunun taleyindən keçib. 37-ci ilin
qanlı repressiyasını da görüb, İkinci Dünya
müharibəsinin fəci və dramatik ab-havasını da
adlayıb, amma elmi gücünü təsdiq etmək prosesində
hər zaman prioritet olmağı bacarıb.
Ədəbiyyat
İnstitutu yalnız elmin laboratoriyası olmaqla kifayətlənməyib.
Müasir yaradıcılıq tendensiyalarının öyrənilməsinə
maraqlı olub, ədəbi prosesin dominant
mövzularının müəyyənləşməsində
aparıcı rolunu oynayıb, mühitdə müəyyən
rezonans yaradan əsərləri müzakirə etməklə
onu peşəkar, elmi-nəzəri düşüncənin mərkəzinə
gətirib. Xatırlayıram, professor Akif Hüseynlinin
"Müasir Azərbaycan ədəbiyyatı" şöbəsində
əsərlərlə bağlı təşkil etdiyi
prinsipial və qızğın müzakirələri. Diqqət
çəkən kitabları necə şövqlə təhlil
edir, elmi-nəzəri düşüncənin predmetinə
çevirməyə çalışırdıq. Ədəbi
mühitin, yazarların özündə həmişə bu
İnstituta marağı hiss etmişəm, əsərlərinin
burada müzakirəsinin keçirilməsinə nə qədər
məsuliyyət və təşvişlə
yanaşmalarının şahidi olmuşam. İsa müəllim
bu ənənəni də qoruyub-saxlamağa
çalışdı. Xalq yazıçısı
Elçinin "Baş" romanının "Azərbaycan"
jurnalı ilə birlikdə müzakirəsi prosesə
artıq bir şöbə deyil, bir institut səviyyəsində
yönələn diqqət idi.
Ədəbiyyat
İnstitutu bəlkə də yeganə elm ocağıdır
ki, buranın dəhlizindən belə ədəbiyyat rayihəsi
saçılır. Ən qızğın mübahisələr,
ədəbi polemikalar şöbələrdən, iclas
zallarından başlayıb dəhlizlərə qədər
uzanır. Hərdən dəhlizdəki seyrəklik xiffət
doğurur insanda, bir zaman şux səsini eşitdiyimiz alimlərimizin
sırasını seyrələn görəndə kövrəlməyə
bilmirəm. Həyat öz axarında davam edir, əlbəttə.
İnstitutda çalışan böyük qism alimlər var
ki, varislik haqqına tapınaraq, bu elm məbədinin
sütunları altına çiyinlərini dayayıb yola davam
edirlər. Bu gün Ədəbiyyat İnstitutunda çox
yeniliklərə imza atılıb. Yalnız bunu demək yetər
ki, son illərdə elmi-ədəbi mühitin
dinamikasını, hərəkət mexanizmini
stimullaşdıran işlər İsa Həbibbəylinin
adı ilə əlaqələnir: açılan yeni
şöbələr, nəşr olunan kitab və jurnallar,
xarici ölkələrlə davamlı əməkdaşlığa
atılan imzalar, beynəlxalq konfranslar, yubiley tədbirləri,
elmi sessiya və yaradıcılıq müşavirələri
və s. Bura alimin ədəbiyyat tarixçiliyi və
müasir ədəbi proseslə bağlı davamlı fəaliyyətini,
öz ruhu, forması və poetik pafosu olan məqalələrini,
geniş mövzu dairəsi və nəzəri maraq əhatəsi
olan araşdırmalarını əlavə etsək, sələflərə
uzanan ideya-mənəvi bağlılığı görmək
çətin olmaz.
Ötən
həftə "85 yaşlı Ədəbiyyat mərkəzi"
məqaləsində Elçin bir gerçəyi dəqiq ifadə
etmişdi: "Nizami İnstitutu ilə ümumilikdə ədəbiyyat
anlayışı arasında elə bir vəhdət, elə
bir eynilik var ki, oradan ayrılmaq - ədəbiyyatdan ayrılmaq
deməkdir...". Elədir, qəribə cazibəsi var bu məkanın.
Bəlkə buna görə tale yolu nə zamansa Ədəbiyyat
İnstitutu ilə kəsişən insanların həyatında
əbədi olaraq iz salmağı bacarır. Bunu burada işləyib
sonradan taleyini başqa məkanlara bağlayan alimlərimizi
görüb söhbət edəndə də sezmişəm:
içlərində həmişə bir narahatlıq, xiffət
olub. Sanki Dino Bussatinin "Tatar çölü"ndəki
Bastiani qalasıdır. Atıb getmək olmur, getdinsə həmişə
darıxırsan bura üçün. Ona görə bura ilə
ruhən ayrılmanın mümkünsüzlüyü fikrinə
inanmışam. Nizami adına Ədəbiyyat İnstitutu əsl
alimlər üçün həmişə üz
tutacağı, şöləsi ilə isinəcəyi bir
yerdir. İdrak və intellekt məbədimizdir. Harda
oluruqsa-olaq, hara gediriksə gedək, içimizdə
daşıdığımız, daim ona doğru
qoşduğumuz doğma ocaqdır.
Ədəbiyyat
İnstitutu - Bura vətəndir!
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S. 12.