Yaşar Qarayev təbəssümü:
yaxından və uzaqdan
Akademik Nizami Cəfərov hərdən mənə zarafatla sataşır: nə qədər savadlı olmalısan ki, dünyanın o başında
(Rusiya) universitetdə
Y.Lotmanın mühazirəsini
dinləyəsən, axırda
gəlib ucqar bir kənddə müəllim işləyəsən...
- Bir ildən sonra kəndə-kəsəyə
sığışmayıb gizlicə ("tutar-tutmaz"
prinsipilə) özümu
verdim Bakıya. Sənədlərimi Ədəbiyyat İnstitutunun
elmi katibi, ömürlük xeyirxahım
Arif Səfiyev qəbul etdi. Yaşar müəllimin otağında onun böyük səbrindən
sui-istifadə edib
"Avropa" səviyyəmi göstərmək
istədim...
İmtahanları uğurla verib aspiranturaya qəbul olundum. Yaşar müəllim
təbəssümlə: "Təbrik edirəm, özüm də sənin elmi rəhbərin olacam. Razısan?" - dedi...
Aradan illər
keçib, onun kədərli gözlərini
indi də unuda bilmirəm.
Bəlkə də, Yaşar Qarayev həyatda gördüyüm ən kədərli təbəssümü
olan alimlərdən biriydi. Üzündə, gözündə gəzdirdiyi bu kədər müdriklik-ariflik
işığında daha
da gözəl və halal görünürdü.
Ancaq onun mutluluq məqamları
da yadımdadır...
Ənənəvi akademik üslubu
mükəmməl bilən
bu böyük insanın gözlənilməz
fikirdən, obrazlı
ifadədən, aforistik
deyimdən Sokrat alnı işıqlanırdı,
üzü-gözü nurlanırdı.
Təbiəti seyr etməyi, xüsusən yayda ata yurdunda - Şəkidə olmağı
çox sevərdi. Şəhər tünlüyü, məmurluğun
yeknəsəqliyi və
yaradıcılıq intensivliyi
ona bu imkanı
vermirdi. O, Kiş
çayının pünhan
bir yerində tənhalığın, mutluluğunu
yaşayırdı, bu
zaman içindəki şairliyi boy verirdi. Məhz təbiətdə içindəki
sükutun və hüzurun səsini eşidə bilirdi, fikirlərin ehtiraslı nəfəsini duya bilirdi.
Bir dəfə
Marxalda ağacların
üstüylə sürünən
dumanı mənə göstərib nəyə
bənzədiyini soruşdu. Gözlənilməz
suala tələsik nəsə uydurub dedim.
Yaşar
müəllim: "Yaxşı
bax, uşağın iməkləməsinə bənzəmirmi?"
- dedi.
Yaşar Qarayev filoloji təhkiyəmizi və üslubumuzu "bənzərsiz
bədii ədası"
ilə zənginləşdirmişdi. Mənə hərdən
elə gəlir ki, Bəxtiyar Vahabzadənin poetik priyomları hardasa Yaşar Qarayevin filoloji düşüncə
məntiqi və yazı üslubu üçün də işləkdir. Fəlsəfi antinomiyalar, ritorik suallar, fəlsəfi ümumiləşdirmələr Yaşar Qarayevin də yazıları üçün səciyyəvidir.
Yaşar
müəllim inanırdı
ki, yazıda fikir, deyim "nə qədər poetikdirsə, bir o qədər də inandırıcıdır" (Novalis).
Onun ifadə
üslubunu, yazı sintaksisini bu gün də yamsılamaq mümkünsüzdür,
istənilən istedadı
bu yolda acı məğlubiyyət
gözləyir.
O, keçmişi də mütləq bu günə, "indi" müstəvisinə keçirirdi,
yaxud keçmişi bu günlə əlaqələndirirdi. Bütün şəkillərdə
olduğu kimi, epik zamanın, epik keçmişin əks olunması onun əsərlərində
bədii zamanın təşkilinə də təsirsiz ötüşmürdü.
Xatırladığım bir-iki örnəyi
gətirim. Məsələn,
Füzulinin 500 illiyi ilə bağlı çıxışında deyir:
"Lakin tarixi faktlar sübut edir ki, İraqdan
İstanbula və Ankaraya Füzuli ilk dəfədir ki, bu gün 500 yaşında gəlir";
İlyas Əfəndiyevin
pyesi ilə bağlı bir məqaləsində yazır:
"...dramaturq tarixi obrazları da öz müasir əxlaq və mənəviyyat aləminin
güzgüsündə əks
etdirir. Təkcə tarixdəki Natəvanı
yox, ölümündən
sonrakı tarixdə (milli-mənəvi yaddaşda!)
yaşamaqda davam edən Natəvanı bizə göstərir".
Zaman kateqoriyası
Yaşar Qarayev fəlsəfəsinin təməl
dəyərlərindən biriydi. Kim onun kabinetində olubsa, yəqin ki, masasının üstündəki
bir lövhəni yaxşı xatırlayır:
"Vaxt sərvətdir".
Onun yaşam dünyasında, düşüncə sistemində
zaman məkandan üstün mövqeyə,
üstün dəyərə
malik idi, hətta mən deyərdim ki, məkan ikinci dərəcəli əhəmiyyət
daşıyırdı.
Klassik mətnlərə
də indiki zaman kontekstində məna və qiymət verirdi. Klassik mətnlərin ("Xəmsə",
"Kitabi-Dədə Qorqud",
"Kəmalüddövlə məktubları", "Molla
Nəsrəddin", "Füyuzat",
"Hophopnamə"...) tarixdə dövriyyəsi ona "mədəni miqrasiyanı"
anlamağa kömək
edirdi.
O, tarixi, sadəcə, olmuş hadisələrin və faktların toplumu, keçmişin xronoloji ardıcıllığı
kimi deyil, milli-mənəvi, əxlaqi
yaddaş kimi qəbul edirdi. "Tarix" və
"mənəvi yaddaş"
anlayışlarını eyniləşdirdi.
Onun üçün tarix milli-mənəvi sərvətlərdən biri
idi: "Təkrarsız
milli-mənəvi sərvətimiz
təbiətlə yanaşı,
həm də tarixdir. O keçmişə
yox, bizə məxsusdur. O özü dünənə çevriləndə
yox, biz onu unudanda tarix olur. Tarixin əbədi-mənəvi diriliyi onun fasiləsiz
əxlaqi tərbiyə
və təsir qaynağı olmasındadır.
Tarixdən istifadə etməyən
yeraltı sərvətindən,
təbii enerji ehtiyatlarından, meşələrindən
və çaylarından
istifadə etməyən
xalq kimi köməksiz və yoxsuldur".
Ana dilinə "ən
müqəddəs sərvət"
kimi baxırdı. Əlifbamızın, dilimizin problemləri ilə bağlı bir neçə məqalə də yazmışdı. "Tarix: yaxından və uzaqdan" kitabında bir fəsli belə adlandırmışdı. "Dildə daşlaşan və yaddaşlaşan tarix: xalqın soyadı, ana dili, baba yazıçı".
Ona görə
də ədəbiyyata,
tarixə, hətta əlifbaya da mənəvi və əxlaqi dəyərlər
kontekstində qiymət
verməyin tərəfdarıydı. "Əlifba mənəvi mədəniyyətin, milli
yaddaşın cismləşməsi,
etnik dəyərin maddi vücud kəsb etməsidir" - deyirdi.
O, Azərbaycan ədəbiyyatını
ömrünün və
millətin ən ali mənəvi
sərvəti hesab edirdi. Onun fikrincə, ədəbiyyatşünasın
müqəddəs borcu
bu sərvəti toplumun ruh tərbiyəsinə,
milli mənəviyyatın
mühafizəsinə səfərbər
etməkdir və ədəbi tənqid və ədəbiyyatşünaslıq
bu borcu nə qədər tez dərk etsə,
onun ədəbiyyat qarşısında, ədəbiyyatın
isə zaman və millət qarşısında məsuliyyəti
o qədər artar.
Yaşar
müəllimin lüğətində "şəxsiyyət"
çoxmənalı sözdür.
Hətta yazılarının
və kitabının
birini belə adlandırmışdı: "Şəxsiyyət meyardır".
"Vətəndaş",
"şəxsiyyət" və "ziyalı" məfhumlarını bir çox hallarda sinonim kimi işlədirdi.
"Vətəndaş narahatlığı" Yaşar
müəllimin sevdiyi
ifadələrdəndir. Fikir vermişdim: zahirən həmişə
sakit görünən,
heç vaxt emosiyasını üzə
vurmayan bu müdrik kişi
cəmiyyətdə, ədəbiyyatda
gedən proseslər, mənəvi dəyərlərin
aşınması ilə
bağlı narahatlığını
gizlədə bilmirdi.
90-cı illərdə bir məqaləsinin adı diqqətimi çəkmişdi:
"Cəsarət sərvətdir".
Mütəfəkkir alim ümid
edirdi ki, zamanların kritik məqamlarında şəxsiyyət
mifi yaranır və yalnız şəxsiyyətlərin, ziyalıların
cəsarəti milləti
mənəvi aşınmalardan
qoruya bilər.
O, cəsarətin mənəvi
dəyər, əxlaqi
sərvət olduğunu
topluma çatdırmaq
istəyirdi.
90-cı illərdə Milli Elmlər Akademiyasında qafalarını Qorbaçovun "demokratiya, yenidənqurma" havası ilə doldurmuş bir qrup "cəsarətli" küncdə-bucaqda böyük alimin dalınca danışır, ona qarşı "oyunlar" qururdular. O isə sakitcə başını aşağı salıb klassik məqalələrini yazırdı. Səhv etmirəmsə, "Tarix: yaxından və uzaqdan" kitabını da nəşrə hazırlayırdı. Azərbaycan ədəbiyyatı tarixinin yeddi cildliyi üzərində düşünürdü.
Müdrik, kədərli təbəssümü də nurlu çöhrəsində...
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2018.- 9
noyabr.- S.19.