Azərbaycan mühacirət ədəbiyyatı
şöbəsi 5 ildə
Məlumdur
ki, sovet dövründə mövcud olmuş ideoloji-siyasi
yasaqlar Azərbaycan siyasi mühacirətinin zəngin ədəbi-elmi
irsini araşdırmağa imkan verməmiş, bu irslə nəinki
kütləvi oxucu, heç Azərbaycan ədəbiyyatı
tarixi problemləri ilə məşğul olan mütəxəssislərin
mütləq əksəriyyəti də tanış ola bilməmişdir.
1991-ci il
aprelin 1-dən 6-dək Azərbaycan EA (indiki Azərbaycan MEA)
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Azərbaycan
Yazıçılar Birliyinin, "Vətən" Cəmiyyətinin,
Azərbaycan Milli Yaradıcılıq Qurumunun və
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin
Bakıda birgə təşkil etdikləri "Azərbaycan
mühacirət ədəbiyyatı" Beynəlxalq elmi
simpoziumu bu istiqamətdə araşdırmalara müəyyən
təkan verdi. Simpoziumda Azərbaycan mühacirət
ədəbiyyatının və ədəbi-elmi fikrinin bir
sıra görkəmli nümayəndələrinin
yaradıcılığı ilə bağlı məruzələr
oxundu, müzakirələr keçirildi. Əsasən
tanıtma xarakteri daşıyan həmin məruzələr ədəbi-elmi
ictimaiyyətin diqqətinin bu mövzuya yönəldilməsi,
sözügedən istiqamətdə araşdırmaların
aktuallığının və zəruriliyinin əsaslandırılması
baxımından dövrü üçün olduqca əhəmiyyətli
idi.
Simpoziumdan bir neçə ay sonra Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpası
humanitar və ictimai elmlər qarşısında yeni
inkişaf perspektivləri açmış, sovet
dövründə ideoloji-siyasi mülahizələrlə yasaq
olunmuş bir sıra mövzuların obyektiv
araşdırılması üçün münbit şərait
yaratmışdır. Nəticədə Azərbaycan mühacirət
ədəbiyyatının toplanılması, nəşri və
tədqiqi istiqamətində bir sıra diqqətəlayiq
işlər görülmüşdür. Biz
həmin işlərin böyük əksəriyyətindən
müxtəlif məqalə və monoqrafiyalarımızda ətraflı
bəhs etdiyimizdən, burada üzərində
dayanmırıq.
Lakin Azərbaycan mühacirət ədəbiyyatının
nəşri, araşdırılması və təbliği
yönündə indiyədək görülən işlərin
istər miqyası, istərsə də sürəti hələ
ki, qənaətbəxş sayıla bilməz. Bu sahədə
görüləsi işlər yetərincədir. Məhz
bu zərurət Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı
şöbəsinin yaradılmasını şərtləndirmişdir.
Şöbə 2013-cü il iyulun 16-dan
müvəqqəti struktur vahidi kimi fəaliyyətə
başlamış, Azərbaycan MEA Rəyasət Heyətinin
17 noyabr 2013-cü il tarixli qərarı ilə daimi struktur
vahidinə çevrilmişdir. Şöbənin
qarşısında duran əsas vəzifə mühacirət ədəbiyyatımızın
sistemli şəkildə toplanılmasının davam etdirilməsindən
və həmin zəngin ədəbi-elmi irsin nəşr və
tədqiq edilərək Azərbaycan xalqına
çatdırılmasından ibarətdir.
Beş il tarix üçün bir andır. Bəlkə də, anın ondabiridir, bəlkə də,
yüzdəbiri. Bu müddət ərzində
şöbə təşkilatlanma mərhələsinin
obyektiv çətinliklərini dəf edə-edə
mühacirət ədəbiyyatımızın
toplanılması, nəşri, tədqiqi və təbliği
yönündə bir sıra diqqətəlayiq uğurlar
qazanıb.
Beşillik
fəaliyyəti dövründə şöbə əməkdaşlarının
3 kitabı (Nikpur Cabbarlının "Elçin və Azərbaycan
mühacirətşünaslığının problemləri"
(Bakı: Təhsil, 2014), "Azərbaycan mühacirət
poeziyası" (Bakı: Elm və təhsil, 2014),
"Mühacirət və XX əsr Azərbaycan ədəbiyyatı
məsələləri" (Bakı: Elm və təhsil, 2015)
monoqrafiyaları), 200-dən artıq elmi və elmi-publisistik məqaləsi
(o cümlədən xarici elmi jurnallarda 7 məqalə)
çapdan çıxıb.
Azərbaycan
Respublikası Prezidentinin uyğun sərəncamlarına əsasən,
Məhəmməd Əmin Rəsulzadənin 130, Əli bəy
Hüseynzadənin 150 və Ceyhun Hacıbəylinin 125 illik
yubileyləri ilə əlaqədar olaraq, bir sıra elmi və
elmi-təşkilati tədbirlər həyata
keçirilmişdir.
2016-cı
il oktyabrın 10-11-də şöbənin
təşkilatçılığı ilə
keçirilmiş "Azərbaycan mühacirət ədəbiyyatı:
reallıqlar, problemlər, vəzifələr"
mövzusunda II Beynəlxalq elmi konfrans da milli mühacirətşünaslığımızın
son illərdəki diqqətəlayiq uğurlarındandır.
1991-ci ildə Bakıda keçirilmiş ilk simpoziumdan 25 il sonra baş tutan bu tədbir,
eyni zamanda, Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının 25 illiyinə həsr
edilən tədbirlər silsiləsinin tərkib hissəsi kimi
düşünülmüşdü. Beynəlxalq
standartlar səviyyəsində keçirilən II konfransa Azərbaycandan
21, Türkiyədən isə
4 iştirakçı qatılmışdır.
Plenar iclasdan sonra 3 bölmədə davam edən konfransda Azərbaycan
mühacirət ədəbiyyatının toplanılması, nəşri,
tədqiqi, təbliği və tədrisi ilə bağlı
aktual problemlərə həsr olunmuş məruzələr
dinlənilmiş, səmərəli müzakirələr
olmuşdur. Konfransın ikinci günü "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" kitablar
seriyasının "Məhəmməd
Əmin Rəsulzadə"
cildinin təqdimat mərasimi də keçirilmişdir.
Heç şübhəsiz, sözügedən
konfransın Azərbaycan mühacirət ədəbiyyatının
tədqiqi perspektivləri baxımından əhəmiyyəti
böyük olacaqdır. Belə ki, konfransda müstəqillik illərində
bu istiqamətdə görülmüş işlər təhlil
edilmiş, sahənin uğurları və problemləri təsbit
olunmuş, qarşıda duran vəzifələr dəqiqləşdirilmişdir.
Mühacirətşünaslığın ədəbiyyat
tarixçiliyi yönünün inkişaf etdirilməsi, Azərbaycan
mühacirət ədəbiyyatının ayrı-ayrı
görkəmli nümayəndələrinin həyat və
yaradıcılıq yolunu dolğun əks etdirən
portret-monoqrafiyaların hazırlanması qarşımızda
duran başlıca vəzifələrdəndir. Artıq
şöbənin aparıcı elmi işçisi, fil.f.d.
Abid Tahirlinin "Ceyhun
Hacıbəylinin həyat və yaradıcılıq yolu"
portret-monoqrafiyası çapa təqdim olunub. Digər
aparıcı elmi işçi, fil.f.d.,
dos. Şahbaz Musayev "Əhməd
Ağaoğlunun həyat və yaradıcılıq yolu"
monoqrafiyası üzərində çalışır.
Həmin monoqrafiyanın görkəmli ədib və
mütəfəkkirin 2019-cu ildə qeyd ediləcək 150 illik
yubileyi münasibətilə çapı
planlaşdırılır. Yaxın illərdə
Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məhəmmədzadə,
Abay Dağlı barədə də bu tipli monoqrafiyaların
yazılması planlaşdırılır.
Bundan
başqa, həyatı və
yaradıcılığının böyük bir
dövrü mühacirətlə bağlı olan Əli bəy
Hüseynzadəyə həsr olunmuş "Böyük ədib
və mütəfəkkir" məqalələr toplusunun
hazırlanıb nəşr edilməsi də Azərbaycan
mühacirət ədəbiyyatı şöbəsinin həyata
keçirdiyi əhəmiyyətli layihələrdəndir.
Cari ildə
şöbədə Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16
may 2017-ci il və "2018-ci ilin Azərbaycan Respublikasında
"Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi
haqqında" 10 yanvar 2018-ci il tarixli və "1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında" 18 yanvar
2018-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar
olaraq, şöbədə bir sıra işlər (məqalə
çapı, beynəlxalq elmi konfransda məruzə, kitab təqdimatı
və s.) yerinə yetirilmişdir.
Çoxcildli
"Azərbaycan ədəbiyyatı tarixi"nin
VII cildi üçün "Azərbaycan mühacirət ədəbiyyatı"
fəslinin hazırlanması isə şöbənin təxirəsalınmaz
vəzifəsidir. Hazırda həmin fəslin icmal və
portret-oçerkləri üzərində intensiv iş gedir. Bununla belə, VII
cildin "Azərbaycan mühacirət ədəbiyyatı"
fəslinin yazılması bəzi obyektiv çətinliklərlə
müşayiət olunur. Bu, ilk növbədə,
sözügedən ədəbiyyatın indiyədək
dolğun elmi təsvirinin verilməməsi ilə
bağlıdır. Əgər çoxcildliyin əvvəlki
cildləri üçün icmal və portret-oçerk
yazanların sərəncamında onlarla monoqrafiya və
dissertasiya, yüzlərlə məqalə, zəngin arxiv
fondları, dəfələrlə çap olunmuş bədii
mətnlər varsa, "Azərbaycan mühacirət ədəbiyyatı"
fəslinin müəllifləri bu "cah-calal"dan məhrumdurlar.
Fəslin icmal oçerkləri
bütünlüklə, portret-oçerklərin isə
böyük əksəriyyəti həmin müəlliflərin
özlərinin apardıqları ilkin araşdırmalar əsasında
yazılır.
Digər tərəfdən, bir çox mühacir sənətkarlarımızın
şəxsi arxivlərinin ya ümumiyyətlə, ya da
lazımi səviyyədə mühafizə edilməməsi
onların həyat və yaradıcılıq yolunun dolğun
işıqlandırılmasında, qeyri-mətbu əsərlərinin
elmi dövriyyəyə gətirilməsində çətinlik
yaradır.
Bütün
bu və ya başqa çətinliklərə rəğmən,
"Azərbaycan ədəbiyyatı tarixi"nin
VII cildinin "Azərbaycan mühacirət ədəbiyyatı"
fəslinin mühacirətşünaslığımızın
ədəbiyyat tarixçiliyi yönünün
inkişafında əhəmiyyətli addım olacağı və
yaxın gələcəkdə nəşri nəzərdə
tutulan 10 cildlik "Azərbaycan ədəbiyyatı
tarixi"nin mühacirət ədəbiyyatına həsr
olunacaq xüsusi - IX cildi üçün etibarlı
bünövrə təşkil edəcəyi şəksizdir.
***
Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun 2015-ci ildə elan
edilmiş əsas qrant müsabiqəsinə şöbə əməkdaşlarının
təqdim etdikləri "Azərbaycan mühacirət ədəbiyyatı:
təşəkkülü, inkişaf mərhələləri
və problemləri" mövzusunda kompleks elmi tədqiqat
layihəsi 2016-cı ilin oktyabrında qalib elan olunmuş və
onun icrasına 2017-ci il aprelin 1-dən
başlanılmışdır. Layihə çərçivəsində
Azərbaycan mühacirət ədəbiyyatının müxtəlif
janrlarına (poeziya, nəsr, dramaturgiya, publisistika, ədəbiyyatşünaslıq)
və nəzəri problemlərinə dair araşdırmalar
aparılmaqdadır. Həmin
araşdırmaların nəticəsi kimi 20 məqalə
hazırlanmışdır. Həmin məqalələrdən
15-i artıq çapdan çıxmış, digərləri
isə nüfuzlu elmi jurnallarda çap ərəfəsindədir.
Layihənin
rəhbəri fil.e.d., dos. Nikpur Cabbarlı
2017-ci il oktyabrın 19-dan 28-dək Türkiyə
Respublikasının Ankara şəhərində, 2018-ci il
mayın 7-dən 16-dək isə İzmirdə elmi ezamiyyətdə
olmuş, Azərbaycan mühacirət ədəbiyyatının
bir sıra qeyri-mətbu örnəklərini, mühacir
yazarlarımızın həyat və fəaliyyətinə
dair bəzi sənədləri əldə edərək
Bakıya gətirmişdir. Layihənin
icraçısı fil.f.d. Abid Tahirlinin 2018-ci il aprelin 1-dən 7-dək İstanbula elmi ezamiyyəti
də mövzunun araşdırılması baxımından əhəmiyyətli
olmuşdur.
Layihə üzrə araşdırmaların yekunu kimi
kollektiv müəllifliklə monoqrafiyanın nəşri
planlaşdırılır.
***
Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi
sahəsində işlərin intensivliyinə mane olan
başlıca səbəblərdən biri, bəlkə də,
birincisi bu ədəbiyyatın mətnlərinin böyük əksəriyyətinin
biblioqrafik nadirəyə çevrilməsi, bir qisminin isə
avtoqraf və əlyazması halında, qeyri-mətbu statusda
diqqətdən kənarda qalmasıdır. Dünyanın
müxtəlif kitabxana və arxivlərində (o cümlədən
şəxsi) mühafizə edilən yüzlərlə kitab,
qəzet və dərginin səhifələrinə səpələnmiş
həmin mətnləri əldə etmək
araşdırmaçılar üçün heç də
asan deyildir. Bu problemi əhəmiyyətli dərəcədə
çözmək məqsədilə Azərbaycan MEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu "Azərbaycan
mühacirət ədəbiyyatı kitabxanası"
seriyasından silsilə kitabların nəşrinə
başlamışdır. Bu seriya institutun vəsatətinə
əsasən, Azərbaycan MEA Rəyasət Heyətinin 21 aprel
2010-cu il tarixli 10/16 ¹-li qərarı ilə təsis edilmiş,
nəşrin Beynəlxalq Redaksiya Heyəti təsdiq
olunmuşdur. Lakin bir sıra obyektiv və
subyektiv məqamlar uzun müddət sözügedən
seriyanın nəşri istiqamətində əməli
addımlar atılmasına imkan verməmişdir. Yalnız institutda Azərbaycan mühacirət ədəbiyyatı
şöbəsinin fəaliyyətə başlaması ilə
XX əsr ədəbiyyatımızın bu zəngin qolunun tədqiqi
və nəşrə hazırlanması yönündə
işlər geniş vüsət almışdır.
Azərbaycan
MEA Rəyasət Heyətinin 11 dekabr 2013-cü il tarixli 24/7
¹-li qərarı ilə "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasının nüfuzunun yüksəldilməsi,
akademik bazalarda təmsilçiliyi və beynəlxalq elmi
ictimaiyyətə tanıdılması məqsədilə, eləcə
də iki üzvünün vəfatı ilə əlaqədar
olaraq, nəşrin Redaksiya Heyəti yeni tərkibdə təsdiq
edilmişdir.
Seriyanın ilkin olaraq 25 cilddə nəşri
planlaşdırılır. Cildlərin əsasını
Azərbaycan, Türkiyə, Almaniya, Fransa və Polşanın
müxtəlif kitabxana və arxivlərindən, şəxsi
fondlardan toplanmış mətbu və qeyri-mətbu əsərlər
təşkil edəcəkdir. Bu əsərlərin
böyük əksəriyyəti ilə Azərbaycanın
geniş oxucu kütləsi ilk dəfə tanış
olacaqdır. Artıq həmin seriyadan 2 kitab - M.Ə.Rəsulzadə. "Mühacirət dövrü ədəbi elmi
irsindən seçmələr" və Ceyhun Hacıbəylinin
"Seçilmiş əsərləri" işıq
üzü görmüşdür. Sahə
mütəxəssisləri, mühacirət problemi ilə
maraqlananlar bu cildləri rəğbətlə
qarşılamışlar. Yaxın illərdə bu
seriyadan Mirzə Bala Məhəmmədzadə, Abay
Dağlı, Məhəmməd Sadıq Aran, Teymur Atəşli,
Alazan Baycan, Süleyman Təkinər və b. mühacir
yazarların ədəbi-elmi irsini əhatə edən növbəti
cildlərin çapı planlaşdırılır.
İnanırıq ki, sözügedən seriyada nəşr
ediləcək kitablar ədəbi-elmi ictimaiyyətin rəğbətini
qazanacaq, ölkəmizdə mühacirət irsinə
marağı artıracaq, milli mühacirətşünaslığın
inkişafında əhəmiyyətli rol oynayacaqdır.
Adətən, deyirlər ki, ədəbiyyat
insanşünaslıqdır. Təbii, bu,
doğrudan da, belədir. Azərbaycan
mühacirət ədəbiyyatı da insanın ən əsas
hüququnu - yaşamaq, özü də azad və müstəqil
dövlətin vətəndaşı olaraq yaşamaq
hüququnu təsbit edir. "İnsanlara
hürriyyət, millətlərə istiqlal" kəlamı
bu ədəbiyyatın ideya-siyasi yönünü müəyyən
edir. Bu gün şöbəmizin fəaliyyətə
başlamasının beş illiyini qeyd edərkən biz həmin
ədəbiyyatın yaradıcılarının əziz xatirəsini
bir daha anır, onların qərib ruhlarının şad
olmasını Aləmlərin Rəbbindən diləyir,
mühacirətşünas həmkarlarımıza və
bütün qələm dostlarımıza isə
cansağlığı, yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Bir kərə
yüksələn bayraq bir daha enməz!
Nikpur Cabbarlı
Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S.24-25.