Asiyaya açılan ədəbiyyat qapısı...

 

Səksən beş yaşlı Ədəbiyyat İnstitutu yaranmasından bu yana bir çox mərhələlərdən keçib, zəngin araşdırma kadrına və potensialına malik olub. Sektorla yola çıxan araşdırma qatarına ədəbiyyatın klassik və müasir dövrünü, nəzəri istiqaməti, ədəbi əlaqələri, türk xalqları ədəbiyyatı, mühacirət ədəbiyyatı kimi istiqamətlər də qoşulub. Zaman-zaman burada dünya ədəbiyyatı istiqaməti də öyrənilib, dünya bədii fikrinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı elmi əsərlər yazılıb, dissertasiyalar müdafiə edilib. Lakin uzun müddət dünya ədəbiyyatı çətiri altında Avropa, Amerika ədəbiyyatı öyrənilmiş və tədqiq edilmişdir. Nəticədə dünya ədəbiyyatının böyük bir hissəsi öyrənilməmiş, ali məktəblərdə belə dərsliklərə salınmamışdır. Halbuki dünya ədəbiyyatı içərisində Asiya xalqlarının ədəbiyyatı önəmli yerlərdən birini tutur. Həm tarixi keçmişinə, həm də sənətkarlıq baxımından Asiya xalqlarının ədəbiyyatı dünya bədii xəzinəsini mövzu, problematika, obrazlar, xarakterlər, bədii kompozisiya orijinallığı və s. cəhətdən zənginləşdirmiş və onu irəliyə aparmışdır. Təkcə onu demək lazımdır ki, hind şairi, dramaturq və nasiri Robindranat Taqor Asiya xalqları içərisində ilk Nobel mükafatı alanlardandır. Digər Asiya xalqları içərisində də bədii düşüncənin zirvəsini fəth edən şairlər, yazıçılar, dramaturqlar, filosoflat az olmayıb. Bütün bunlar Asiya xalqlarının ədəbiyyatının dünya bədii düşüncəsində mühüm yer tutduğunu göstərirdi. Lakin sovetlər zamanı bu ədəbiyyatla tanış olmaq imkanlarımız çox məhdud idi. Olsa-olsa bu xalqların yazarlarının mövcud rejimi tərənnüm edən şeirləri, ideologiyaya uyğun gələn bəzi yazıları tərcümə edilirdi. Lakin bu əsərlər Asiya xalqlarının gerçək ədəbiyyatını əks etdirmirdi. Bütün bunlar Asiya ədəbiyyatının araşdırmadan kənarda qalmasına şərait yaratmış, çox nadir hallarda bu ədəbiyyatların görkəmli nümayəndələrinin yaradıcılığı ilə bağlı məqalələr və tədqiqat əsərləri yazılmışdır.

Nizami Gəncəvu adına Ədəbiyyat İnstitutunun səksən beş illiyi ərəfəsində bu faktı deməyimin müəyyən səbəbləri var. Akademik İsa Həbibbəylinin gəlişindən sonra İnstitut yenidən formalaşmağa başlayanda Asiya xalqlarının ədəbiyyatını öyrənməyin vacibliyini tez-tez çıxışlarında səsləndirirdi. 2016-cı ildə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaranması ilə bu işlərin yeni müstəvidə davam etməsinə imkan yarandı. Şöbənin yaradılması ilə uzun illər unudulmuş Çin, yapon, hind, Koreya, əfqan, Pakistan, İndoneziya, Malay ədəbiyyatlarının araşdırılması üçün qapılar açıldı. İnstitutda Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması Asiya xalqlarının ədəbiyyatını öyrənmək baxımından milli ədəbiyyatşünaslığımızda yeni bir istiqamət açdı. Şöbənin yaranmasında əsas məqsəd təkcə bu xalqların ədəbiyyatını öyrənmək yox, həm də Azərbaycan ədəbiyyatını, mədəniyyətini ədəbi əlaqələr kontekstində təbliğ etmək dururdu. Doğrudur, bu xalqların ədəbiyyatını öyrənmək üçün müəyyən zaman lazımdır, lakin artıq bunun əsası qoyulmuş, milli ədəbiyyatşünaslığımızda yeni bir tədqiqat istiqaməti açılmışdır. Artıq şöbədə Çin, Pakistan, Vyetnam, yapon, monqol, İndoneziya, Koreya, əfqan, hind ədəbiyyatı üzrə araşdırmalar aparılır. Şöbənin tədqiqatına iki problem ("Asiya xalqları ədəbiyyatı və ədəbi əlaqələri", "Asiya xalqları ədəbiyyatı: mərhələləri, problemləri, şəxsiyyətləri") və iki mövzu ("Asiya xalqları ədəbiyyatının inkişaf meyilləri,  "Azərbaycan-Asiya ədəbi əlaqələri") daxildir və bu istiqamətlər üzrə aparılan elmi araşdırmalar öz bəhrəsini verməkdədir. Hind və benqal ədəbiyyatının görkəmli nümayəndəsi Robindranat Taqorun həyat və yaradıcılığı ilə bağlı monoqrafiya gələn il tamamlanacaq (prof. Bədirxan Əhmədov). "Robindranat taqor Azərbaycan ədəbi, elmi mühitində" adlı məruzə ilə bu ilin fevralında Hindistanın Quvahatı ştatında Quvahatı Universitetində təşkil olunmuş beynəlxalq konfransda ilə çıxış etmişdir. Yazıçı, şair, dramaturqun əsərləri haqqında bir neçə məqalə dərc olunub. Filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva Pakistan mütəfəkkiri Məhəmməd İqbalın həyat və yaradıcılığına həsr etdiyi monoqrafiyanı tamamlamaq üzrədir.  Tədqiqatçı "Məhəmməd İqbalın "Cavidnamə" əsərində türk, islam və Qərb görüşləri" adlı məruzə ilə Türkiyədə beynəlxalq konfransda çıxış etmişdir. "M.İqbal və türklər" məqaləsi isə  "Ədəbiyyat qəzeti"ndə (30 iyun, 2018-ci il) dərc edilib. Filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova əfqan, elmi işçilər Gülnar Yunusova yapon ədəbi, Leyla Həsənzadə Koreya, Lamiyə Nəsirova monqol, Nərgiz Kərimova Çin, Sübhan Məmmədov Malay, Sevda Məmmədova Vyetnam ədəbi əlaqələri ilə bağlı tədqiqatlar üzərində işləyirlər. Bu xalqların ədəbiyyatı haqqında ilk araşdırmalar elmi məcmuələrdə nəşr olunub. Şöbədə "Azərbaycan ədəbiyyatında Çin (şeirlər, hekayələr)" mövzusu ilə bağlı toplama işləri aparılır.

Artıq şöbədə Asiya xalqları ədəbiyyatının müxtəlif problemləri ilə bağlı dissertasiya mövzuları da işlənilir. Belə ki, filologiya üzrə fəlsəfə doktoru Şəhla Qurbanova "Azərbaycan-hind ədəbi əlaqələri" mövzusunda elmlər doktorluğu, Gülnar Yunusova "Haruki Murakaminin yaradıcılığında postmodernizm", Nərgiz Kərimova "Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar", doktorant Günay İbrahimova "Əfqan əsilli amerikan yazıçısı Xalid Hüseyninin yaradıcılığı" mövzuları üzrə fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyirlər.

Asiya xalqlarının ədəbiyyatı ilə bağlı müxtəlif ölkələrdə elmi məruzələr edilir. Prof.B.Əhmədov "Azərbaycan ədəbiyyatında Çin mövzusu" ilə bağlı Pekində, "Robindranat Taqor Azərbaycan ədəbi mühitində" mövzusunda Hindistanda, filologiya üzrə elmlər doktoru Bəsirə Əzizəliyeva "Məhəmməd İqbalın yaradıcılığı" mövzusunda Pakistanda beynəlxalq simpoziumlarda məruzələr etmişlər.

Şöbənin yaradılmasında məqsəd təkcə araşdırma aparmaqdan ibarət deyil, həm də xalqlararası mədəni missiyanı həyata keçirməkdir. Bu istiqamətdə də şöbədə məyyən işlər görülür. Bu ölkələrin səfirlikləri ilə əlaqə saxlanılır, onların müxtəlif bayramlarında, tədbirlərində iştirak edilir. Hind mütəfəkkiri Robindranat Taqorun anadan olması ilə əlaqədar bu ölkənin səfirliyinin Bilik Fondu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil etdiyi tədbirdə məruzə ilə çıxış etmişəm. Hindistanın, Çinin, İndoneziyanın müstəqillik günlərində səfirliyin təşkil etdiyi tədbirlərdə şöbə əməkdaşları da iştirak edib. Bütün bunlar həmin ölkələrin ədəbiyyatını araşdırmaqla yanaşı, Azərbaycan ədəbiyyatını və mədəniyyətini yaymağı da imkan verir. Bu istiqamətdə müəyyən işlər görülmüş, ayrı-ayrı ölkələrin müxtəlif təşkilatları ilə İnstitut arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanmışdır. İnstitutun direktoru akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Çinin Konfutsi İnstitutu arasında elmi-ədəbi əlaqələrin inkişafı ilə bağlı birgə müqavilə imzalanmış və İnstitut daxilində Çin Mədəniyyət Mərkəzi yaradılmışdı. Mərkəzi yaratmaqda əsas məqsəd qədim İpək yolunda mədəniyyətin, ədəbiyyatın yenidən bərpası, qarşılıqlı tədqiqatların aparılması, birgə konfransların keçirilməsi olmuşdur. Mərkəzin daxilində Çin dili tədris olunur. Hazırda həmin mərkəzdə İnstitut əməkdaşlarından dörd nəfəri Çin dilini öyrənməklə məşğuldur. Bu yaxınlarda isə şöbənin nəzdində Çin tədqiqatları mərkəzi yaradılıb. Şöbənin doktorantı Nərgiz Kərimova üç ay yay məktəbində, bir dəfə isə altı ay  Anxoy vilayəti Xefey şəhərindəki Anxoy Universitetinin Beynəlxalq Təhsil Mərkəzində "Müasir Çin dili" adlı təqaüd proqramında təcrübə keçmişdir.

2017-ci ilin iyununda Çin İctimai Elmlər Akademiyası Etnik Ədəbiyyatlar İnstitutunun professoru Huanq Zhongxianq İnstitutumuzda bir həftəlik elmi ezamiyyətdə oldu. Bu müddətdə professor Huanq Zhongxianq Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində "Çində etnik ədəbiyyatların tədqiqi" mövzusunda məruzə oxudu. 2017-ci ilin oktyabrında Bakıda keçirilən Azərbaycan-Çin birgə konfransında "Qədim Azərbaycan ədəbiyyatında Çin motivləri" mövzusunda məruzə ilə çıxış etdim.

Pekində keçirilən "Dəyişən dünya kontekstində Çinin inkişafı" (Pekin, 17-18 noyabr 2017) Beynəlxalq konfransında akademik İsa Həbibbəyli və mən məruzə etdik. Çin İctimai Elmlər Akademiyasının təşkil etdiyi bu tədbir dünyanın müxtəlif ölkələrində Çin tədqiqatlar mərkəzinin yaradılması üçün müəyyən hazırlıq məqsədi daşıyırdı.

Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaradılması ilə əsası qoyulmuş bu ilişgilər artıq öz bəhrəsini verməkdədir. Çin İctimai Elmlər Akademiyasında da azərbaycanşünaslıq mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. 2017-ci ildə "Kitabi-Dədə Qorqud" dastanı Çin Minzu Dillər Universiteti tərəfindən çap edilib. Dastanın başqa xalqların dillərinə tərcüməsinə Çinin də qoşulması abidənin yeni bir arenada tanınması deməkdir. "Kitabi-Dədə Qorqud"un Çin nəşrini, sadəcə, tərcümə adlandırmaq çətindir; bu nəşri həm də dastanın elmi tənqidi mətni hesab etmək olar. Nədən ki, dastanın tərcüməsi zamanı həm də böyük və zəhmətli elmi tənqidi mətn işi görülmüşdür. Bu, kitabın nəşrinin əhəmiyyətini olduqca artırır. "Bir Kəmər, Bir Yol" və "Dəmir İpək Yolu" layihələri tarixi minilliklərlə ölçülən ədəbiyyatların və xalqların qədim İpək yolunun uğurla davam etdirilməsinə zəmin yaradacaqdır.

Əlbəttə, şöbə hələ yeni yaranıb, gəncdir, qüvvələr elmi potensialını bütünlüklə ortaya qoymayıb. Ancaq üfüqdə görünən elmi potensialın bu istiqaməti inkişaf etdirəcəyi, xalqlar arasında ədəbi-mədəni, kulturoloji, mənəvi yaxınlaşmanı təmin edəcəyi aydındır.

 

Bədirxan ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 noyabr.- S.26.