Nizami adına Ədəbiyyat
İnstitutunun dünəni
və bu günü
Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İnstitutunun yaranmasından 85 il keçir. Bu tarixə nəzər
salanda gözümüzün önündə ədəbiyyatımızın
bir əsr boyunca keçdiyi inkişaf yolu canlanır və bu
gün Azərbaycan ədəbiyyatının, Azərbaycan ədəbi
dilinin öz varlığını qoruyub saxlamasında, sovet ideologiyasının
fırtınalarından zədəsiz, məhv olmadan
çıxa bilməsi üçün böyük fədakarlıqlar
göstərmiş şəxsiyyətlər xatırlanır:
Vəli Xuluflu, Bəkir Çobanzadə, Əli Nazim, Salman
Mümtaz, Heydər Hüseynov, Həmid Araslı, Mirzəağa
Quluzadə, Kamal Talıbzadə, Məmmədağa Şirəliyev,
Mir Cəlal, Cəfər Xəndan, Məmməd Cəfər,
Feyzulla Qasımzadə, Mirzə İbrahimov, Əziz Mirəhmədov,
Yaşar Qarayev, Mirəli Seyidov, Bəkir Nəbiyev... Daha kimlər,
kimlər... Bu insanlar ədəbiyyatşünaslığımızın
nəzəri bazasının yaranmasında, zənginləşməsində
böyük əmək sərf ediblər. Bu gün biz bu
müqtədir insanları minnətdar duyğularla
anırıq.
Ədəbiyyat
İnstitutu olduqca mürəkkəb bir dövrdə
yaranmışdı. Yeni yaranmış ictimai-siyasi formasiya
"köhnə dünya"dan imtina edib yeni dünyanı
qurmaqla məşğul idi. Ədəbiyyatın da
qarşısında mühüm vəzifələr dururdu,
hakim quruluş qələm sahiblərindən yeni
dövranı tərənnüm etməyi tələb edirdi.
Sosializm realizmi metoduna əsaslanan partiyalı ədəbiyyat
keçmişdən imtina edib gələcəyə üz
tutmalı idi. XX əsr ədəbiyyatının (sovet ədəbiyyatının)
yeni istiqamətini müəyyən edən ideologiyanın hədəfləri
tamamilə başqa idi. Bolşeviklərin ədəbi siyasətinin
kölgəsi altında yaranan direktiv ədəbiyyat onu bu hədəfə
çatdırmaqda aciz idi. Həmin dövrdə bizi
keçmişimizdən qopmağa qoymayan, dünənimizlə
milli-mənəvi bağların qırılmasına imkan verməyən
ocaqlardan biri də Nizami adına Ədəbiyyat İnstitutu
oldu. Ona qədər
böyük maarifçi-pedaqoq, ədəbiyyatşünas
alimimiz Firidun bəy Köçərli çoxəsrlik Azərbaycan
ədəbi irsini toplayıb ardıcıllıqla tədqiqat apararaq "Azərbaycan ədəbiyyatı"
ikicildliyini yazmışdı. Bu əsəri yazmaqla
Köçərli Azərbaycan ədəbiyyatı elminin əsasını
qoymuş, bununla da gələcək tədqiqatçılar
üçün geniş bir yol açmışdı.
Köçərlinin açdığı cığırla
irəliləyən ədəbiyyatşünaslıq elmi onun
ölümündən on iki il sonra
İnstituta çevrildi.
Azərbaycan
Milli Elmlər Akademiyasının rəsmi saytında (elm.az)
institutun yaranma tarixi haqqında "Nizami adına Ədəbiyyat
İnstitutu: davamlı ənənələr və müasirləşmə"
adlı yazıda oxuyuruq:
"XX əsr
boyu ədəbiyyatşünaslıq üzrə sistemli tədqiqatların
aparılması işi bir neçə mərhələdə
yerinə yetirilmişdir. İlk dəfə bu iş 1923-1929-cu
illərdə fəaliyyət göstərən Azərbaycanı
Tədqiq və Tətəbbö Cəmiyyətində təşkil
olunmuşdur. Azərbaycanda elmi tədqiqatçılıq
işinin formalaşması sahəsində mühüm rolu
olan Tədqiq və Tətəbbö Cəmiyyətində ədəbiyyatşünaslıq
üzrə araşdırmaların təşkilinə görkəmli
yazıçı Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik
etmişdir. Qısa vaxtda bu cəmiyyətin xətti ilə digər
elm sahələriylə yanaşı, ədəbiyyatşünaslıq
sahəsində, xüsusən də folklor
materiallarının toplanması, ədəbi abidələrin
çapa hazırlanması və nəşr edilməsi istiqamətində
mühüm işlər görülmüşdür.
Az sonra, yəni
9 oktyabr 1929-cu ildə Azərbaycan Dövlət Elmi Tədqiqat
İnstitutunun yaradılması ilə əlaqədar olaraq ədəbiyyatşünaslıq
üzrə tədqiqatları bu institutun nəzdində təsis
edilmiş Dil, Ədəbiyyat və İncəsənət
bölməsi həyata keçirmişdir. Tanınmış
ictimai xadim və publisist Həbib Cəbiyevin rəhbərlik
etdiyi Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda
Dil, Ədəbiyyat və İncəsənət Bölməsinə
əvvəlcə professor Bəkir Çobanzadə və
dosent Əli Nazim Mahmudzadə, daha sonra isə professor Vəli
Xuluflu başçılıq etmişlər. Cəmi
üç il müddətində fəaliyyət göstərən
bu institutda Folklor şöbəsi ilə yanaşı, Tənqid
və ədəbiyyatşünaslıq, Müasir ədəbiyyat
şöbələri - seksiyaları əsasında
bütövlükdə milli ədəbiyyatın geniş surətdə
tədqiqinə ciddi şəkildə diqqət
yetirilmişdir.
Bütün
bunlarla bərabər, Azərbaycanda elmi qurumların əsaslı
şəkildə yaradılması işinə 29 dekabr 1932-ci
ilin SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan
bölməsinin təşkilindən sonra
başlanılmışdır. Qeyd edilən tarixdən etibarən
Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun
bütün səlahiyyətləri yeni təşkil
olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər
Akademiyası Zaqafqaziya filialının Azərbaycan Bölməsində
əvvəlcə 13 fevral 1933-cü ildə Salman
Mümtazın rəhbərliyi ilə "Ədəbi
irs" seksiyası yaradılmış, 22 mart 1933-cü ildən
isə Ədəbiyyat sektorunun yaradılması haqqında qərar
qəbul olunmuşdur. Beləliklə, 22 mart 1933-cü ildə
tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin
rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya
filialı Azərbaycan Bölməsinin Ədəbiyyat sektoru
akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi
kimi hesab oluna bilər".
Yazıdan
geniş sitat gətirməkdə məqsədim Ədəbiyyat
İnstitutunun yaranması haqqında oxucuda dolğun təsəvvür
yaratmaqdır. Vətənin ərazisi olduğu kimi, ədəbiyyatın
da ərazisi var və bu böyük kişilər ədəbiyyatımızın
ərazilərini göz bəbəyi kimi qorumaq
üçün bir elm ocağı, ədəbiyyat qalası
yaradıblar. Göründüyü kimi, böyük ədibimiz
Əbdürrəhim bəy Haqverdiyev bu işin beşiyi
başında dayananlardan birincisi olub. Sonra Bəkir
Çobanzadə, Vəli Xuluflu, Əli Nazim bu ağır
yükün altına çiyin veriblər. Az sonra isə ədəbiyyatşünaslıq
elminin bazasını formalaşdıran bu azman alimlər
repressiyaya məruz qalıblar. Amma bu müqəddəs iş
yarımçıq qalmayıb...
Sonra yeni
nəsil ədəbiyyatşünaslar estafeti davam etdirdi.
Ədəbiyyat İnstitutu ədəbi-bədii
düşüncəmizin məhək daşına çevrildi,
çoxəsrlik tarixi keçmişi olan ədəbiyyatımız
milli-tarixi sərvət kimi bu elm ocağının sayəsində
mərhələli şəkildə tədqiq olundu, bu müqəddəs
məbəddə yeni ədəbiyyatşünas alimlər nəsli
yetişdi. Yuxarıda onlardan yalnız bir qisminin
adlarını çəkdik. Hamının adını
çəksək, bir yazıya sığmaz. Onların hər
biri bu elm ocağına bir kərpic qoyub onun
sütunlarını qaldırıblar.
Bu məbədə
ilk dəfə yolum 90-cı illərin sonlarında
düşmüşdü. Unudulmaz xalq şairimiz Vaqif Səmədoğlu
ilə institutda görüş keçirilməliydi. Məni
də çalışdığım qəzetdən
yollamışdılar ki, görüşdən yazı
hazırlayım. İnstitutun dəhlizində ilk
gördüyüm adam rəhmətlik Arif Abdullazadə oldu.
Arif Abdullazadə geniş yaradıcılıq diapazonuna malik
bir qələm sahibi idi. Filologiya elmləri doktoru, professor,
Qasım bəy Zakir yaradıcılığının tədqiqatçısı
idi. Rəsul Rzanın yaradıcılığından bəhs
edən "Od nə çəkdi" monoqrafiyasının,
bir neçə poeziya kitabının, romanların müəllifi
idi. Arif müəllim dəhlizdə pəncərənin
önündə fikirli halda dayanıb siqaret tüstülədirdi,
əynində boz rəngli miləmil kostyum vardı. Bu mütəvazi
və son dərəcə istedadlı insan ən çox
dalğın görkəmilə yadımda qalıb. O vaxtdan
ara-sıra Ədəbiyyat İnstitutuna yolum düşür.
Həmişə İnstitutun dəhlizlərində ayaqlarımı yerə astaca
basıram, hansısa qapını çox ehtiyatla
tıqqıldadıram, burda çalışanların iş
ahənginin pozulacağından, onlara mane olacağımdan
çəkinirəm.
Azərbaycan
müstəqillik qazandıqdan sonra Nizami adına Ədəbiyyat
İnstitutu özünün yeni mərhələsinə qədəm
qoydu. Ədəbiyyatımızın 70 il ərzində
açılmamış, gizli qalan səhifələri öz
araşdırıcılarını gözləyirdi.
İnstitut bu sahədə ölçüyəgəlməz
işlər gördü. "Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı", "Azərbaycan mühacirət ədəbiyyatı",
Ədəbi tənqid" şöbələri,
nizamişünaslıq və füzulişünaslıq sektorları
yaradıldı.
Ədəbiyyat
İnstitutunun çap etdirdiyi, böyük demokrat
yazıçı Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin"
jurnalının səkkiz cilddə və Əli bəy
Hüseynzadənin "Füyuzat" jurnalının bir cilddə
transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi
hadisəyə çevrildi. Azərbaycançılıq
ideyasının formalaşması və inkişafında
Nizami adına Ədəbiyyat İnstitutunun da böyük xidmətləri
var. Bütün bu işlər akademik, millət vəkili
İsa Həbibbəylinin rəhbərliyi altında həyata
keçirilir. İki il öncə İsa müəllimin rəhbərliyi
ilə daha bir salnamə - Azərbaycan Respublikası Dövlət
Müstəqilliyinin 25 illiyinə həsr edilmiş
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
çap olundu. Kitabda müstəqillik illəri Azərbaycan ədəbiyyatının
təşəkkülü, onun 1990 və 2000-ci illər mərhələsinin
konseptual əsasları və yaradıcı bədii şəxsiyyətləri,
habelə, tənqid-ədəbiyyatşünaslığın
müstəqillik illərindəki elmi-nəzəri səviyyəsi
öz əksini tapıb. Nəşrin tərtibi prinsipləri
mövcud siyasi-ideoloji mənbə və qaynaqlar, ədəbi növ və janrlar,
mövzu və problematika, ədəbi cərəyan və
tendensiyalar, habelə, portret-oçerk və memuar-xatirə
yazılarına görə müəyyənləşdirilib.
Bu fundamental ikicildlik Azərbaycan ədəbiyyatşünaslıq
elminin mühüm nailiyyətidir.
85
yaşlı Nizami adına Ədəbiyyat İnstitutu - ədəbiyyatşünaslıq
elmimizin qalası özünün tarixi missiyasını davam
etdirir.
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.- 9
noyabr.- S.30.